Cəhənnəmdən keçmiş mələk (100)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Əmisi uşaqlarını görəndən sonra Cavid xeyli sakitləşmişdi – dərslərinə diqqət yetirməyə başlamışdı, məni çox da incitmirdi. Gündəliyinə yazılmış “beş”ləri az qala gözümüzə soxurdu, hər “beş”ə görə atamdan, Rüfətdən, Səməndərdən nəsə qoparmağa çalışırdı.
O ilin Novruzunda Cavid yıxılıb yenə qolunu (bu səfər iki yerdən) qırdı. Erməni kəndimizə od yağdırsa da camaatımız dədə-baba adətinin böyründən keçmirdi – hamı evini-eşiyini təmizləyib ipək üzlü yorğan-döşəyini günə verirdi, səməni cücərdirdi, şirin, duzlu qovurğa qovururdu, yumurta boyayırdı. Axır çərşənbəylə bayram arası günlərdə Cavid də dərsdən gəlib yeməyini yeyəndən, atamla, anamla yumurta döyüşdürüb yumurtaların ən bərkini seçəndən sonra çıxırdı kəndin ortalığına.
Bayrama iki gün qalmış səhər-səhər Kamil həmişəki kimi Cavidi də götürüb məktəbə getdi. Atam onları gözüylə darvazadan çölə ötürüb mənə dedi:
– Bircə, Allah xeyir eləsin, bu gecə uşağı yuxuda pis görmüşəm.
Anam tez kişinin ağzından vurdu:
– Sən niyə yuxunda yetiklərini, teylənmişlərini görmürsən, gərək elə bu tifili görəydin?
Qorxumdan atamın nə gördüyünü soruşmadım. Ayrı vaxt yuxuya-zada inanmazdım, indi ortalıqda oğlumun adı vardı deyə içim uçunurdu.
Uşaq dərsdən gələnəcən qulağım dik qaldı. Gələndən sonra yeyib-içib dərslərini hazırladı. Kəndin üstünə pilə-pilə qar yağırdı – sazaqsız, şaxtasız. Cavid qapıya çıxan kimi atam da qalın kürkünə büründü, balaca kətili götürüb gedib oturdu həyətdəki iri ot tayasının dibində. Onu belə görəndə məni gülmək tutdu:
– A kişi, bu soyuqda hamı ocaq qırağına qaçır, sən niyə gedib orda oturdun?
Atam əliylə Cavidi göstərib dedi:
– Toyuqlar çıxıb tayada yumurtlayır, görək bizim bu oğlan neyləmək istəyir. Yumurtadan ötrü dırmaşacaq tayaya. Qoy günü salamat batıraq, yuxum çəkilib getsin.
Yuxudan da, toyuqların sirrindən də xəbərsiz Cavid atamdan əl çəkmədi:
– Baba, mənə bərk yumurta tap, gedim döyüşdürüm.
Atam qalxıb küpə yığdığımız yumurtadan bir neçəsini sınaqdan keçirdi, axıra qalanını uşağa verib onu eşiyə yola saldı, özü də qayıdıb evə girdi. Cavid doqqazdan çıxmamış onu hayladım:
– Ləngimə ha, dərslərinin yarısı durur.
– Uzağı yarım saata evdəyəm.
Cavidin getdiyini görən Rüfət də onun dalınca çıxdı. Anam yenə dil boğaza qoymadı:
– Dədən bu gecə pis yuxu görüb. Hər tərəf əsgərdi, top-tüfəngdi, uşağı niyə buraxdın?
***
Anamın deyinməsi məni üşürgələndirdi. Əlimdəki paltarları ütüləyə-ütüləyə gözüm divardakı saatda qalmışdı. Artıq Cavid dediyi vaxtdan azacıq ötürdü. Hövsələmi basammadım, qalın jaketimi əynimə taxıb doqqazdan yel kimi çıxdım. Bizdən üç ev qabaqda iri kənd artezianı, ondan da bir az irəli camaatın ortalıq adlandırdığı yer gəlirdi.
Ortalığa doğru beş-altı addım atandan sonra baxdım Rüfət uzun qollarını yelləyə-yelləyə gəlir. Onun qaraltısını seçən kimi xəbər aldım:
– Cavidi görmədin?
Rüfət yerdəki tozanqı qara baxa-baxa dedi:
– Sən belə elə, qayıt evə, on yumurta, bir metr də ağ parça götür gəl.
Başılovlu onun üstünə yüyürdüm:
– Cavidin qolu qırılıb, hə?!
Gizlənqaç oynayan uşaqlar kimi yolun ortasında bir-birimizə tutduruq vermirdik – mən Rüfəti, o da məni tutmaq istəyirdi. Handan-hana qardaşım iri əlləriylə məni qamarladı, mən dartınıb onun qollarının arasından çıxanda jaketim sıyrılıb Rüfətin əlində qaldı. Ordan birbaş götürüldüm sınıqçının qapısına.
Çatdım ki, Cavid Musa əminin ortancıl oğlu Məsimin qucağında tir-tir əsir. Sınıqçının həyəti yenə kəndimizin cavan-coluğuyla, oğlumun sinif yoldaşlarıyla doluydu. Bu evdə də bayrama hazırlıq görülürdü – gəlin təndirə şirin fətir yapmışdı, əlində qovurğa qovururdu.
Cavidin qolu dirsəkdən qırılıb dərisi burulmuşdu, əli biləyindən oynayıb tərs dayanmışdı. Uşağı sinəmə nə qədər sıxdımsa titrətməsi kəsmədi. Sınıqçı arabir başını qaldırıb qapısına yığılmış adamlara deyirdi:
– Görün hardan mənə bir çeşmək tapa bilirsiz, mənim çeşməyimi nəvələrim qırıb.
Kişi belə deyəndə dönəlgəm döndü. Məsim Cavidi qucağıma basıb qapıdakı dolu zibil vedrəsini yerə boşaltdı, divarına yağlı fətirlər yapılmış təndirin qapağını qırağa itələyib vedrəni qorla doldurub qoydu Cavidin ayaq ucuna, sonra da harasa götürüldü. Qonşumuz Məleykə xala arada dizinə vurub vaysınırdı:
– Ay balam, vallah bu, göz işidi, bu uşağa göz dəyir.
Cavidi qora yaxın tutub onun buruxsumuş qoluna baxmamağa çalışırdım, hərdən də qulağına pıçıldayıb:
– Bayramın günü niyə özünü bu günə qoydun, – deyirdim.
Həmin gün o qapıda oğlumun dilindən ilk dəfə “ana” sözü eşitdim:
– Ana, vallah sürüşüb yıxıldım, cibimdə yumurta qırılmadı, qolum qırıldı.
Bundan sonra hər ağrını-acını unutdum, qucağımda sızıldayan balamın qırıqlanmış qolu da yadımdan çıxdı. Mən havalı kimi gülməyə başlayanda əlində bir qom enli qamqalaq, bir dənə də iri şüşəli eynək özünü yetirən Məsim əlindəkiləri yerə tullayıb uşağı qucağımdan aldı. Arvadına sarı çönüb:
– Ay qız, Bircəni burdan aralaşdır, – dedi.
Rüfət məhlələri yarıb kəsə yolla özünü hadisə yerinə çatdırdı, yumurtaları, ağı sınıqçının gəlininə verib Cavidin üstünə əyildi. Məsim onun qulağına nə pıçıldadısa Rüfət qırğı kimi üstümü alıb məni daldaya çəkdi:
– Möhkəm ol, İsa dayının gözü görməsə də əli peyğəmbər əli kimidi, – deyib mənə toxtaqlıq verməyə çalışdı.
Mən yenə gülməyə başlayanda Rüfət saçımı yavaşca dartıb üzümə ehmal bir şillə vurdu, ağzını qulağıma söykəyib pıçıldadı:
– Özünü ələ al, bəlkə səni evə aparım?
Rüfət məni havalanmış sanırdı. Mən qardaşımı arxayın salmaq üçün elə gülə-gülə onu müjdələdim:
– Narahat olma, yaxşıyam. Cavid mənə ana dedi, ona gülürəm.
Rüfət sevincək məni qucaqladı:
– Şeyi qalıb məngənə arasında, sənə də ana deməyib kimə deyəsidi?
Atam-anam haya gələndə sınıqçı İsa dayı Cavidin qolunu bitki yağıyla sığayıb sümükləri yan-yana düzürdü. Anam yanını yerə qoymamış məni gözüylə yaraladı:
– Qara gəlsin sənin atanın yuxusu, gördünmü dəmini bada vermədi.
Sınıqçının gəlini yenə yumurtaların sarısından zamaq düzəltdi; zamağı tərtəmiz ağ parçanın üstünə yaxdılar, yaş qarğıları uzununa yarıb masanın üstünə düzdülər. Kişi ağın böyründən çıxardığı ensiz sıyrımın bir ucunu Cavidin sallanan biləyinə, bir ucunu da toqqasının törpüsünə bağlayanda mən çölə qaçdım.
Bağın harasında daldalandımsa yenə uşağımın fəryadı üstümə ildırım kimi çaxdı. Yer lehmə, kürəklərimin arası, göydən lopa-lopa qar töksə də, cılxa təriydi.
Çılpaq ağacların arasıyla ilanquyruğu süzülən su bir çalada göllənmişdi. Özümü yaş kötüyün üstünə yıxıb corablarımı soyundum, ayaqlarımı buzlu suya saldım. Cavidin bağırtısı lüt-üryan bağ-bağçanı başına götürmüşdü. Ayaqlarım çabalayan lillənmiş suya, üstümə düşən kimi əriyən qara, hüznlü ağaclara baxıb düşünürdüm: övladımın atası ölməsəydi, görən indi biz haralarda olardıq? Bu sualla atam evinə qayıdandan bəri bir dəfə də üz çevirmədiyim ağzı qaytanlı göyə baxdım…
…Çox umudlu, çox da umsuq baxırdım göyünə, Dostum. İndi ordan Sənin bir cüt gözün boylanmalıydı, bir cüt əlin mənə sarı uzanmalıydı. Axı mən tək övladıma Səni ata bilmişdim, onu Sənin balan, amanatın kimi bəsləmişdim, Sənin yanında üzüm ağ olsun deyə onun yolunda hər cəfaya dözmüşdüm. İndi mənə bir qabda göndərilmiş sevincimlə kədərimi açıb Sənə də göstərmək istəyirdim, başımı dizinə qoyub həm sevincdən, həm də dərddən ağlamaq istəyirdim. Ağappaq qar çiynimə Sənin ağ əlin kimi qonurdu, ancaq mən o əldən yapışmağa macal tapmamış canımın odu Sənin barmaq izlərini üstümdən silirdi…
***
Yenə səhəri dirigözlü açdıq. Məni qızdırmadan qara basdı, Cavidi qırıq sümükləri göynədib ərşini-kürşünü yandırdı. Sabah ertədən Səməndər mahalla bir adı olan sınıqçının elədiklərinə qail olmayıb Cavidi rentgenə apardı. Həkim uşağın sümüklərinin muncuq kimi düzüldüyünü deyib sarığı azca boşaltdı, bir-iki də ağrıkəsici yazıb bizi arxayın yola saldı.
Evimiz yenə qohum-əqrəbayla dolmuşdu. Anam əlini qanlayıb yapışmışdı atamın yaxasından, guya kişi o yuxunu görməsəydi başımıza belə iş də gəlməyəcəkdi…
Bayram axşamı atam balaca tonqal qalayıb Cavidi üstündən tullandırdı. Sonra əvvəlcədən hazırlayıb nöyütdə saxladığı lopanı götürüb uşaqla birgə keçdi evimizin arxasındakı boş talaya. Atam lopanı yandırıb verirdi, Cavid salamat qoluyla məşəli göyə atıb ürəkdən gülürdü. Anam bundan xəbər tutub başılovlu özünü onlara yetirdi:
– Ay yekə, ay ağsaqqal, erməni indicə lopanın işığına güllə atıb, sən cəhənnəmə, uşağı beyman eləyəcək…
Bayram sovulmağa yaxın Cavidin qolunun qırıldığını eşidib baldızım Bəstiylə kiçik qaynım Elgiz bizə gəldilər. Cavidin sinif rəhbəri orta məktəbi mənlə bir oxumuşdu, anası qaynatamın uzaq qohumuydu, o kənddə qardaşı, bacısı yaşayırdı. Uşağın başına gələni də baldızımgillərə müəllimənin anası çatdırmışdı.
Cavidi yedirəndən sonra ona kitab oxuyurdum. Eşikdən anamın qəzəbli səsi gəldi. Başımı çölə çıxaranda gördüm baldızım əlində iri bir zənbil çardağımızın altında dayanıb. Əllərini belinə vurub Bəstiylə dimdik-dimdiyə durmuş anam onu söz atəşinə tutmuşdu:
– Nəyə gəlmisən? O tayın-tuşun səy Fərmanın qızını niyə gətirməmisən?
Elgiz bir az aralı dayanıb yazıq-yazıq anamın üzünə baxırdı. Bəsti zənbili yerə qoyub anama sarı bir-iki addım da atdı:
– Olan oldu, keçən keçdi, Allah sizi də, bizi də yandırdı. Deyirlər Cavidin qolu qırılıb, vur məni öldür, amma qoy qapıdan da olsa uşağı görüm qayıdım.
Anam baldızımın üstünə bir də cocudu:
– Dedim axı olmaz!
Evə qayıdıb Cavidi yerindən durğuzub pəncərənin qabağına apardım, uşağı orda qoyub özüm yenidən bayıra çıxdım. Qaçıb Elgizi qucaqladım, hər iki yanağından öpüb qulağına dedim:
– Anama fikir vermə, irəli dur, Cavid pəncərədən baxır, yaxınlaş görüş.
Anam Bəstiylə deyişdiyi müddətdə Elgiz qaçıb Cavidə sarıldı. Baldızım artıq anama cavab qaytarmağa, hədə-qorxu gəlməyə başlamışdı:
– İndi sən istəyirsən biz bu qapıya polislə gələk?
Anamın yanından ötüb baldızımı arxadan qucaqladım, üzündən öpüb dedim:
– Bəsti, xoş gəlmisən, anamla dilləşmə, keç uşaqla görüş get.
Anam sinəmə bir zoxma vurub məni ondan araladı:
– Keç o yana yaltağın biri yaltaq! Qoy görüm bu hansı polisi mənim üstümə gətirir.
Ha dartdımsa anamı evə sala bilmədim. Bizim süpürləşdiyimizi görən baldızım Cavidə sarı getmək istəyəndə anam lap hədəqədən çıxdı:
– Qulağının dibini görəndə o uşağı görərsən! Evini əlindən aldınız, atasının paltarlarını qardaşın geyindi, qızımın bilərziyini qolundan açdın, axırda da oğru damğası vurub küçəyə atdınız – indi hansı üzlə qapıma gəlmisən? Gör neçə ildi ordan çıxıblar, indimi yadına düşdü qardaşın balası?
Anamın üzünün tamam döndüyünü görən Elgiz Cavidə bir də sarılıb doqqazdan çıxdı. Baldızım anama güc gələ bilməyəcəyini anlayanda gətirdiyi zənbili çardağın altındakı masanın üstünə qoyub Cavidə tərəf boylandı. Anam uşağa acıqlı-acıqlı baxıb:
– Get gir yerinə, – dedi, – bura gəlmə.
Baldızımın dönüb getdiyini görəndə anam zənbili qamarlayıb onun dalınca yüyürdü:
– Al bunu da götür get! Anana denən əyninə gəlinlik geyindirib Bircəni ərə verəcəm, uşağını da atalıq yanında böyüdəcəm. Qardaşın arvadı Marala da çatdır: bir də heç birinizin ayağı bu qapıya dəyməsin!
Baldızım həyətdən çıxan kimi anam dəmir doqqazı onun dalınca şaqqıltıyla örtüb cəftələdi. Geri qayıdanda yenə ləyəni aşsüzənə, qazanı vedrəyə vurub qapıda danqıltı-gurultu saldı.
***
Axşam atamla Kamil anamın ətini diddilər. Qardaşım siftə məni suçladı:
– Niyə gəlib mənə xəbər vermədin?
Sonra anama sarı çöndü:
– Ayıb deyil Cavidin qonağını qapıdan qovursan? Emin kimi oğlanın bacısını qovursan qapıdan?
Kamil nə qədər doğrayıb tökdüsə anam dediyindən dönmədi, həkətinə haqq qazandırdı:
– Yaxşı elədim! Görmədin ey o qonaq dediyin qanıq qancıq kimi təpəmə necə atılırdı. Onların birinin də ayağı bu qapıya dəyməyəcək! Bəlkə heç atası, qardaşları yoxuydu, iki yetimi bir-birinə qoşub küçələrə atacaqdılar? Gilas kimi gəlinlər uşağına bir parça çörək tapmaqdan ötrü görmədilər hansı yollara düşdülər? İstəyirdilər bunlar da qapıları gəzib ac-ləlöyün olsunlar? Uşaq hamısını çoxdan unudub, indi gəlib yetimlə çilik-ağac oynayırlar.
Baldızımın qarasına ürəyini boşaldandan sonra anam üzünü mənə çevirdi:
– Onlardan heç kimin ayağı bu qapıya dəyməyəcək, eşitdin?! Nədi, gərək sənin o qəcələ baldızın yol sala bizə? Yetimə can-can deyən çox olar. Xəbər göndərdim, qansa heç Maral da gəlməz.
Kamil çox çalışdı, anam yumşalmadı, dediyim dedik deyib durdu…
Cavidin qolu sağalmamış anam qonşu kənddəki bir yasda qaynanamla rastlaşar. Zöhrə xala onu qucaqlamaq istəyəndə anam:
– İtil başımdan, – deyib var gücüylə arvadı sinəsindən itələyib özünü verər camaatın gurrahına.
Səntirləyən Zöhrə xalanı Səkinə bibi tutar, arvada su içirib onu yanında oturdar, taxtı tarac olmuş əlacsız ananın başını sinəsinə sıxıb:
– Zöhrə bacı, sən Allah Mənzərdən incimə, onu qınama, – deyər, sonra da bir bayatı çağırar:
Bizə fələk elədi,
Oxun lələk elədi.
Girdi güllü bağımıza,
Ələk-vələk elədi.
Beləcə, Səkinə bibi Zöhrə xalanı sakitləşdirib pərtliyi aradan götürməyə çalışar. Məclisin zəhmindən, anamın tənəsindən hul qalan, dili batan qaynanam qalxıb gedəndə əmim arvadının üzündən öpüb deyər:
– Ay Səkinə, günah o göydəkindədi, balamı aparıb məni sağır qoydu, dillərə söz, ayaqlara toz elədi…
Səbirli, sakit atam bu qəziyyəni eşidəndə cin atına mindi. Lobyaların dibinə basdırdığı künallardan birini sıyırıb anama tüyüdü:
– Az, sənin ağbirçək arvadla nə işin var! Allah onun çırağını qaraltdı, balasının balasına da ləlik qaldı, – deyib çubuğu yüngülcə anamın yanına çəkdi.
Özümü araya atıb atamın qollarından asıldım. Anam kişinin qırımını görüb özünü mətbəxə verdi.
Ağlım kəsəndən atamın anama əl qaldırdığını görməmişdim. Deyildiyinə görə, kişi arvadını iki dəfə döymüşdü, ikisində də içməyi ucbatından. İkinci dəfəsində atam anama necə bir şillə vurarsa anamın sırğasının bir tayı açılıb qulağından düşər. Səhəri anam atamın gözünün içinə baxa-baxa qulağındakı o bir tay sırğanı da çıxarıb yanan ocağa atar.
Musa əmi məsələdən duyuq düşüb hamıdan gizlənən, xəcalətindən nənəmin üzünə çıxa bilməyən atama elə qapının dalındanca:
– O it sidiyinə bir də dil bulasan, qiblə haqqı, təpəmə bir güllə vuracam, – deyib gedər.
Atam bir xeyli müddət nənəmdən, əmimdən gizlənər, ancaq odu-budu bir də dilinə içki vurmaz…
Atamın anama cocuduğunu görən Rüfət gülə-gülə:
– Boooy, ay dədə, təbrik eləyirəm, – dedi, – axır ki, sən də kəsə bildin.
Sonra pələş əlləriylə məni qamarlayıb atamdan araladı:
– Bir geri dur görək gün hayandan çıxıb. Qoy bu arvadın yanbızını versin çubuğa, görək halovuşu alınırmı. Xanlığın ala kələsi kimi minib ey hamımızı.
Atamı da, məni də gülmək tutdu. Pəncərədən baxıb güldüyümüzü görən anam uşaq kimi öcəşdi:
– Mənim sözüm sözdü, Zöhrə ölməmiş Bircəni ərə verəcəm.
Rüfət məni yanına çəkib atamı anama sarı itələdi:
– Heç olmasa indi dart çubuğu onun yanına.
Atam əlindəki künalı yerə tullayıb öz-özünə danışırmış kimi dedi:
– Onun çubuq çəkməli yanı var ki?
Kişinin uzaqlaşdığını, təhlükənin sovuşduğunu görən anam qoşamıza bir yağlı aley göndərdi:
– Nənəsi süysün, Telli yorsun köpək uşağı!
Bacı-qardaş qucaqlaşıb anamın qapıdakı tozarağına uzun müddət tamaşa elədik.
(Ardı var)
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92 93
94 95 96 97 98
99
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı
Varis Diriye, Opra Uinfri və bizim Bircə