Novator.az saytı Firuzə Davudqızının “Reportyorlar” romanının dərcinə başlayır. Firuzə Davudqızı Novator.az-ın oxucularına “Həsrətindəyəm” romanından, “Qürur qaynağımız” və “Ehsan” yazılarından tanışdır.
Firuzə Davudqızı
Reportyorlar
(Roman)
1-ci hissə
Bakı, 1987-ci il
Onlar üç dost idilər.
Operator – Azər, videomontaj üzrə rejissor – Ceyhun və müxbirlərdən Vüqar.
Uşaqlıq illəri bir yerdə keçmişdi. Sonradan televiziya sahəsində yolları kəsişən dostları indi bir amal birləşdirirdi.
Altı ilə yaxın Moskva Dövlət Televiziyasında telereportyor kimi fəaliyyət göstərdikdən sonra Azər bir neçə ay olardı ki, yenidən vətənə dönmüşdü.
Peşəsi ilə bağlı arzuları, ideyaları vardı. Çox arzusunda idi ki, gələcəkdə müstəqil bir studiya yaratsın. Senzurasız, azad.
Amma həyat hər zaman istədiyini verməz insana. Hardan bilə bilərdi ki, acı tale və amansız müharibə bütün arzu-niyyətlərinə balta çalacaq, xəyallarını puça çıxaracaq. Hardan bilərdi?
Cins geyimli, hündürboy, enlikürək, qaraqaş, qaragöz, dolu sifətli yaraşıqlı bu gənc öz geyim tərzi, görkəmi ilə hər zaman hər kəsdən fərqləndiyi kimi, çılğınlığı, qorxu bilməzliyi, fəallığı, eyni zamanda təbiətən inadkar bir insan olması və qeyri-adi ideyaları ilə də dostları və həmkarları arasında seçilirdi.
Bəstəboy, arıq bir oğlan olan Vüqar isə deyib-gülən, zarafatı və əyləncəni sevən, əhli-kef bir xarakterə sahib idi.
Ceyhun təbiət etibarı ilə Vüqarın tamam əksi, zarafatla və çox danışmaqla arası olmayan son dərəcə ciddi bir adam idi.
Bununla belə onların arasında həmkarlıqdan, dostluqdan daha irəlidə gələn güclü bir bağlılıq vardı.
Hər birinin şəxsi həyatı, ailə qayğıları, problemləri vardısa da bu onların münasibətinə heç bir əngəl törətmirdi. Şad günlərdə olduğu kimi bütün çətinliklərdə və ağır günlərdə də bir-birinə dəstək idilər. Və bu dostluq günü-gündən daha da möhkəmlənirdi.
…Həftə sonu idi. Səhər Mərdəkana getməyi planlaşdıran Azər teleoperator kimi çalışdığı Dövlət Teleradio Komitəsinin həyətində həmkarları ilə söhbətə dalmışdı.
Söhbət əsnasında qərara gəldilər ki, bu axşam Azərgildə yığılsınlar.
Belə kiçik məclislər vaxtaşırı olurdu deyə bu fikir hamının ürəyincə idi. Bir yerdə gələcək planlar və iş barədə ətraflı müzakirə aparmaq imkanı tapırdılar.
Valideynləri Mərdəkana köçdükdən sonra Azər şəhərdəki evdə tək yaşayırdı. Həmkarları arasında ona daha yaxın olan Vüqar və Ceyhun da bəzən onunla birlikdə bu evdə qalır, işə birlikdə yollanırdılar.
…Azər dostlarından ayrılıb maşına doğru gedərkən geri çevrilib bir də xatırlatdı:
– Uşaqlar, gözləyəcəm. Rəşidə də xəbər verin.
Onların arasında təkcə Rəşid evli idi. Və o da imkan tapdıqca dostlarına qoşulurdu.
Vüqar addımlarını yeyinlədib, ona çatdı. Marağını boğa bilməyib soruşdu:
– Gedəsi yerin var deyəsən. Soruşmaq eyib olmasın, səhər hara belə, atam?
– Mərdəkana, necə bəyəm?
Vüqar dərhal dilləndi:
– Həri? Onda yubanma, get. Amma əliboş geri qayıtma. Bu dəfə bir qərara gəl artıq.
– Əliboş deyəndə…
– Ay dilbilməz! – Vüqar narazılıqla başını buladı. – Bilirəm də, getdin evə, anam bir yığın fotoşəkil düzəcək önünə. Çox nəm-nüm eləməginən də. Vaxt ötür, yaş keçir. Bilmək olmaz, sənin toyunda bəlkə mən də öz qismətimə rast gəldim.
– Ala, bu öz qeydinə qalırmış ki… – Azər Ceyhuna baxıb güldü.
– Bəs nə bilmişdin, elə xəyal etdin sənə canıyananlıq edir?
Azər maşına əyləşdi. Sükan arxasında yerini rahatlayıb, Vüqara baxaraq qaşlarını çatdı:
– Deməli, sənin bəxtin açılsın deyə mən kimi desələr onunla evlənməliyəm də. Sözündən belə çıxır.
Vüqar qımışdı, amma son dərəcə ciddi səs tonu ilə:
– Böyük qardaş evlənməyincə kiçiyə yol yoxdur da. Nə etməli? Mən də ki, hər ikinizdən kiçiyəm.
– Ceyhunu deyə bilmərəm, mən hələ on il evlənmək barədə düşünmürəm, atam, məndən əlini üz.
– Bilirdim axırda belə olacaq! – Vüqar tərs-tərs onu süzdü. – Sizin kimi quldurlara görə mən nakam gedəcəm bu dünyadan. Ala, tərpənin də bir!
Onlar öz aralarında bir-birilərinə zarafatla “Quldur” deyir, belə xitab edirdilər.
Azər üzündəki güləş ifadə ilə açarı burdu. Maşın hərəkətə keçib tezliklə oradan uzaqlaşdı.
…Bir neçə saat sonra dostlar artıq bir yerdə idilər. Qapı zənginə gedən Azər ehtimalını dilə gətirdi:
– Vüqardır. Heç vədə vaxtında gəlib çıxmaz. Bu onun qaydalarına ziddir.
Gələn doğurdan da Vüqar idi. O, Azərin üzündəki ifadəni görəndə həmişəki kimi qabaqdangəlmişlik edib səs-küyə saldı:
– Ala, heç bilirsən nə olub?
Azər onun gecikməsinə yenə bir bəhanə uyduracağını göydə tutub, sözünü ağzında qoydu:
– Bilmək istəmirəm, keç görüm.
Vüqar özünü sındırmadı, ayaqqabılarını soyuna-soyuna:
– Nə deyirəm ki, sən deyən olsun, – dedi.
Vüqar salona keçən kimi bir anda canlanma yarandı. İradla dostlarına:
– Ala, quldurlar, mənsiz yığılmısız? Hamı burda imiş ki! – dedi.
Azər ona irad tutdu:
– Atam, biz səninlə necə dil tapaq? Bir dəfə də işinə məsuliyyət duy da. Olmadı ki… – Narazılıqla onu süzdü.
Ceyhun Azərə:
– Sən ona fikir verməginən. Gəl otur, söhbətini elə. Düzələn deyil o, a kişi! – Vüqara baxa-baxa narazılıqla başını buladı.
Azər stullardan birini götürərək əks istiqamətdə çevirdi, tən ortada, dostları ilə üzbəüz əyləşdi. Hər birini diqqətlə süzərək sözü uzatmadan birbaşa mətləbə keçib məqsədini açıqladı:
– Bir ideyam var. Təklif edirəm azad fəaliyyət göstərən bir studiya yaradaq. Bizim ayrıca studiyamız olsa, çəkdiyimiz materialları, hazırladığımız reportajları bu studiyadan verə bilərik. Qol-qanadını sındırıb təhrif olunmuş şəkildə deyil, dəqiq və qərəzsiz! Süni və həm də çox sönük müsahibələrin, reportajların yerinə bir qədər canlı, daha operativ reportajlar hazırlayaq. Beləcə, tamaşaçı bizim nə demək istədiyimizi daha aydın bir şəkildə qavrayıb qəbul edəcək. Həqiqətə daha yaxın olacaq. Nə deyirsiniz?
Azərin təklifi hamını düşünməyə vadar etdi. Heç kəsin səsi çıxmadığı halda Vüqar öz fikrini bildirdi:
– Məsləhət görürəm bir az reallıqla yaşayasan. Biz rəhbərliyin nəzarəti altında işləməyə öyrənmişik, brat, çərçivədən kənara çıxmamaq prinsipi ilə işləyirik. Başa düşürəm səni, azadlığı, sərbəstliyi sevirsən. Azad işləməyə vərdiş eləmisən. Sənə elə gəlir ki, nəyi necə istəsən çəkib efirə verə bilərsən. Amma bir özün fikirləş də, buna şərait var? Özün də çox gözəl bilirsən ki, xeyr!
Vüqar hazırda televiziyada mövcud olan senzuranı, qoyulan yasaqları nəzərdə tuturdu. Ona görə Azərlə razılaşmadı. Aralarında fikir ayrılığı yarandı. Lakin Azər geri çəkilmək istəmədi. Buna rəğmən fikrinin izahına davam etdi. Və Vüqarı da düz yolda olduğuna inandırmağa çalışdı:
– Çətini təşəbbüs göstərib addım atmaq, işə başlamaqdır.
– Xeyr, çətini başladığın işi davam etdirə bilməkdir. Hər şey göründüyü qədər asan deyil, həqiqət carçısı yoldaş Əhmədov.
– Mübarizə aparıb bir amala qulluq etsək, məqsədimizə çatmaq çətin olmayacaq. İnanın mənə.
Ceyhun düşüncəli halda dilləndi:
– Məncə ağıllı fikirdir. Mənim ağlıma batdı. Hamılıqla səy göstərsək, çalışsaq, alınar.
Azər razılıqla əlini Ceyhunun əlinə vurdu:
– Rəhbərliyə müraciət edib icazə alaq, siz bir yerə yığılın, qalanı mənim boynuma da, brat. Əmr verilsin, işə başlayaq da. Yusif də bizə kömək edəcək.
Yusif Azərin Moskvadan tanıdığı həmkarı idi.
Diqqətlə Azəri dinləyən Ceyhun, Təbriz, Rəşid və hətta Vüqar da sonda onunla razılığa gəldilər. Bu barədə dostlar arasında gedən söhbət hələ bir neçə müddət davam etdi.
Mərdəkan
Azərin Mərdəkana gələcəyini duyan Dilbərin uçmağa qanadı yox idi. Əl-qolunu çırmayıb, hər zaman olduğu kimi hazırlıq görməyə başlamışdı. Oğlunun sevdiyi yeməkləri bişirtdirir, rahatlığı üçün hər cür şərait yaradılmasına nəzarət edir, “Heç deyilsə, bir-iki gün rahat olsun balam. Yumşaq yataqda yatıb, ev xörəyi yesin” deyə ev işlərində xidmət edən Rənaya tapşırıqlar verirdi. Rəna da müti şəkildə “Baş üstə, xanım” deyib, dərhal ona buyrulan işin dalınca gedirdi.
İllərdir üzünü görmədiyi oğlu vətənə cəmi bir neçə ay əvvəl dönmüşdü. Həmin ərəfələr Azərin bu qərara gəlməsi Dilbərə bir dünya sevinc bəxş eləmişdi. Uzaq ellərdə məsafələrin ondan ayrı saldığı gözünün ağı-qarası yeganə balasının üzünə həsrət qalmaqdan ürəyi qubar bağlayan ana indi bir qədər rahat olmuşdu.
…Hər istirahət günləri olduğu kimi Ənvərin dostları bu gün bu evdə yenə onun başına yığılmışdılar. Onlar – baş müstəntiq Səməndər Məcidov və cinayət-axtarış şöbəsinin rəisi Qurban Kazımov idi.
Qızılgül kolları ilə əhatə olunmuş çarhovuzun yanında açılmış masanın arxasında əyləşmişdilər.
Onların dostluğu illər əvvələ dayanırdı.
Ənvər uzun illər hüquq mühafizə orqanlarında prokuror vəzifəsində xidmət etmişdi. On il əvvəl ağır yol qəzası keçirməsi səbəbilə iş qabiliyyətini itirmiş, işinə geri dönməyə səhhəti bir daha imkan verməmişdi. Elə o vaxtdan Ənvər birdəfəlik bura, Mərdəkandakı bu evə köçmüşdü.
…Qonaqlar üçün çay tədarükü görən Rəna eyvana çıxaraq əri Vüsətə işarə etdi. Vüsət dərhal irəli yeridi. Çay süfrəsi üçün hazır olan dolu məcməyini arvadından alıb masaya yaxınlaşdı.
Vüsətlə Rəna iyirmi ilə yaxın idi bu evdə xidmət edirdilər. Demək olar ki, gənclikləri bu ailənin yanında keçmişdi. Qəza keçirib işindən uzaqlaşandan sonra Ənvərin onları işdən azad etməsinə baxmayaraq nə Vüsət, nə də Rəna həmin vaxtlar çətin günlər yaşayan bu ailəni tərk edib getməyə razı olmamışdılar. Beləcə, hər mənada sadiq olduqları bu ailəyə o qədər bağlanıb isinişmişdilər ki, artıq onlara heç kəs xidmətçi gözü ilə baxmırdı. Ailənin bir üzvü sayırdı.
Söhbət əsnasında söz Azərdən düşəndə Kazımov Səməndərə işarə edərək üzünü Ənvərə tutdu:
– Hə, indi keçək əsas məsələyə. Sən mənə de görüm bizim bu qardaşoğlu nə vaxt tərpənir? Nə vaxt gedirik çayımızı şirin etməyə? Vaxt ötür axı. Nədir, nəvə oynatmaq fikrin yoxdur sənin? – Kazımovun baxışları yenə Məcidovla toqquşdu, dostların üzündə təbəssüm yarandı.
– Rəhmətliyin oğlu, söz tapmırsan danışmağa? Qardaşın oğlunun üzünü görə bilirik bəyəm? Bir yerdə qərar tutsa, mən sizinlə dünəndən razı. Cəmi bir gün gəlir, o da ki, güclə saxlayırıq, “Çəkiliş var” deyib, qaçır. Bu fikrin sahibini mən necə yola gətirim?
– Sən biz deyənə qulaq as, bu işi yubatma. Bax gör necə bağlanır evə. Bəsdir bekar gəzdiyi. Bu dəfə gələn kimi oturt qarşında, söhbətini elə, fikrini açıq söylə.
– Görək də, inşallah.
Kazımov düşüncələrini gizlətmədi:
– Hələ də bunu təəssüflə qeyd edirəm ki, mən Azərin gələcəyini yüksək rütbəli vəzifə sahibi kimi görürdüm.
– Səninlə həmfikirəm. Mənim cızdığım yolla getmədi. Hamılıqla şahidsiniz ki, onu tutduğu yoldan daşındırmaq üçün çox çabaladım, çox vuruşdum, mövqeyindən dönmədi. Özünü hansı sahədə görürdüsə, ora can atdı. Nə deyim, təki Allah axırını xeyir eləsin!
– Elədir. – Dostlar bir ağızdan dedilər. Sözün bu yerində Kazımov zarafatyana bir əda ilə gözünü qıyıb:
– Mövqeyindən dönməməkdə kimə çəkib görəsən? – deyə Ənvərə baxdı. – Ot kökü üstə bitər! Eynilə özünsən.
Ənvərin dodağı qaçdı.
Söhbət bu axarla davam elədi. Çox keçmədən Azər də gəlib çıxdı. Məclis bir anda canlandı.
Axşamtərəfi getmək qərarına gələn qonaqlar masadan qalxdılar. Darvazanın önünə kimi söhbət edə-edə maşına doğru addımladılar. Onlar xudahafizləşib maşına əyləşdikdən sonra Ənvər dostlarını yola salıb həyətə geri dönmək istəyirdi ki, bu an küçənin qarşı tərəfində ağaclardan birinin altında oturmuş səfil görünüşlü, saç-saqqallı, əlində əsa olan bir qoca diqqətini cəlb elədi. Onu birinci dəfə idi görürdü. Lakin qocanın nabələd olmayan bir baxışlarla ona diqqət kəsilməsi Ənvərin nəzərindən yayınmadı. Soyuqqanlığını qoruyub, büruzə vermək istəmədi. Çevrilib həyətə girdi.
Oğlunu yanına çağıraraq keçib skamyada əyləşdi.
– Gəl, danış görüm işlər necə gedir? İşinin öhdəsindən gələ bilirsən?
Azər keçib atasının yanında əyləşdi:
– Çalışıram. – Qısa sükutdan sonra sözünə aydınlıq gətirdi. – Müharibə təsəvvürə gələ bilməyəcək qədər dəhşətdir, ata. Ağlına gətirmədiyin dəhşətləri, çirkinlikləri görmək imkanın var orada. Biz – ekstremal vəziyyətlərdə olan operatorlar soyuqqanlı olmalıyıq. Amma insanların faciəsinə baxmaq çox ağrılıdır. Həqiqətən belədir. Onların düşdüyü vəziyyəti görürsən, amma heç bir kömək edə bilmirsən. Bununla belə, sən həm də işini görməlisən. Həm öz təhlükəsizliyini təmin etməli, həm də lazımi çəkilişlər edib vəziyyətdən sağ-salamat çıxmağı bacarmalısan. Bu təhlükənin özü belə təkrarolunmaz bir hissdir. Çünki rastına çıxan bir şans ikinci dəfə təkrarlanmır. Yaxaladığın hər kadr sənin son çəkilişin də ola bilər.
Oğlunu diqqətlə dinləyən Ənvər nəsihətindən də qalmadı. Bir xeyli söhbət etdikdən sonra hərə öz otağına çəkildi.
…Gecədən ötürdü, amma Ənvər heç cür yata bilmirdi. Yerində çevrikib dururdu. Həmin qoca və Ənvərə zillənmiş o baxışları hafizəsindən silinib getmirdi. Gecə boyunca evdə bəlli etməsə də bərk gərgin idi. Və bu gərginlik onu küçədə gördüyü qoca ilə göz-gözə gəldiyi dəqiqədən təqib edir, rahat buraxmırdı. Azı yüz dəfə həmin qocanın surətini gözlərinin önünə gətirib qara-qara düşünmüş, bir neçə cavabsız sual qurd kimi zehnini gəmirmişdi. Kimdir bu qoca? Kimdir? Qəfildən haradan peyda oldu, haraya qeyb oldu?
İyirmi beş il bundan əvvəl sona çatmış bir məhkəmə prosesində cinayətkar dəstənin başçısı, “Feliks” ləqəbi ilə tanınan Firdovsi adlı müttəhim ona iş kəsiləndən sonra qollarına qandal vurulub təcridxanaya aparılan zaman Ənvərə açıq hədə ilə demişdi: “…Çox çətin kola girdin, Əhmədov! Məni hələ yaxşı tanımırsan! Bu gözlərə, bu sifətə diqqətlə bax! Hər cizgisini yaxşı yadında saxla! Bir gün nə vaxtsa qarşılaşsan, unutmayasan! Bu həyat yolu sənin üçün hamar olmayacaq, prokuror, bunu unutma! Ayağına dəyən hər daşda məni xatırla! İntiqamım pis olacaq! Ciyərinə od vuracam! Yaraların qan damlayacaq!..”
İndi bu sözlər dərin bir quyunun dibindən gələn əks-səda kimi Ənvərin qulaqlarında səslənirdi.
– Bu nədir, mən çaşıram? – Ürəyində öz sadəlövhlüyünə, mülahizələrinə güldü. – Belə-belə işlər, Əhmədov. Boynuna al, artıq yaş öz işini görür, qocalırsan. İllərin fiziki və zehni yorğunluğu, işlərin çoxluğu, yuxusuzluq səni o qədər yorub ki, beynin, şüurun da kütləşib. Heç elə şey olar? Öz gözlərinlə gördün o əclafın cəhənnəmə vasil olduğunu. İllər sonra xortlayıb çıxmadı ki, ortaya. Qarabasmalara inansaq, onda yelə vermişik ki, bu ömrü, boş yaşamışıq.
Ənvərin bu qənaətdə olması səbəbsiz deyildi. Çünki həmin il Feliks ciddi rejimli cəzaçəkmə müəssisəsinə ötürülərkən ona bayırdan göstərilən dəstək sayəsində qaçmağa nail olsa da, mənzil başına çata bilməmişdi. Ona qaçmağa şərait yaradanların göndərdikləri maşına əyləşib yola düzəldikdən sonra milis Feliksin izinə düşüb bir xeyli təqib etmişdi. Uzun məsafə qət etdikdən sonra onu müşayiət edən sürücü ani bir dalğınlıqla idarə etməni itirmiş, onlar maşınla birlikdə dərəyə yuvarlanıb yerlərindəcə keçinmişdilər.
…Ertəsi gün səhər erkəndən həyətə enən Ənvər hələ də qarmaqarışıq fikirlər içində boğulurdu. Təxminini doğrulamaq, şübhəsinə son qoymaq üçün ayaqları onu darvazaya tərəf apardı. Tərəddüdsüz, qərarlı bir şəkildə küçəyə çıxdı.
Sübh tezdən idi və məhəllədə hələ heç kəs gözə dəymirdi. Baxışları ixtiyarsız olaraq dünən gördüyü qocanın dayandığı ağaca tərəf yayındı. Dərin-dərin düşünüb, dünənki məqamı təkrar xatırlamağa çalışdı. Bu düşüncələr içində ikən addım səslərinə geri çevrildi.
Vüsət yaxasının sonuncu düyməsini ona çatmağa az qalmış tez-tələsik bağlamağa çalışdığı bir məqamda Ənvərin ona yönələn baxışlarına tuş gəlib bir az da sıxıldı. Bəlli idi ki, yuxudan indi oyanmışdı və darvazanı açıq görüb, özünü həyəcanla bayıra atmışdı.
Yeyin addımlarla özünü ev sahibinə çatdırıb dili dolaşa-dolaşa dərhal Ənvərlə maraqlandı:
– Nə buyururdunuz?
Ənvər əli ilə çənəsini ovuşdura-ovuşdura düşüncəli halda ona baxsa da dillənmədi. Vüsətin yalnız üçüncü dəfə ona səslənişindən sonra fikirdən ayrıldı.
– Nə dedin?
Vüsət neçə illərdi bu evdə çalışırdı, amma uzun zamandan bəri Ənvəri belə qəribə əhvalda görməmişdi. Bir də təkrar etdi:
– Nə lazım idi, soruşurdum.
Ənvərin ifadəsi dəyişdi. Dərhal özünü toplayıb tamam ciddi halda:
– Heç bir şey. Sən işində ol, – dedi.
Vüsət daha bir söz demədi. Ənvərin yanından ayrıldı.
Keçmiş prokurorun baxışları yenidən həmin ağaca yönəldi. Keçmişdən ona boylanan kin-küdurət yağan o gözləri qarış-qarış aradı.
(Ardı var)