Cəhənnəmdən keçmiş mələk (99)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Qardaşlarıma qurban olum, üzdə anamla razılaşsalar da, girəvələyib daldada cibimə pul qoyurdular, uşağımın hər mövsümə uyğun əyin-başını, kitablarını, xoşladığı nə varsa hamısını alırdılar. Aqil səfərə getdiyi ölkələrdən Cavidə bahalı geyim-kecim, ayaqqabılar gətirirdi. Lovğalıq olmasın, kəndin bir bölük uşağı mənim balamın paltarlarıyla böyüyürdü, Cavidin ayaqqabılarını, çantalarını olmayanlara verib neçə ananı-uşağı sevindirirdik. Oğlum özü də bu səbəbdən paltarlarını səliqəylə geyinirdi, tez-tez mənə xəbərdarlıq eləyirdi:
– Bircə, yuyanda ehtiyatlı ol ha, bunları gələn il Emin, Anar da geyinəcək.
Kamil bu işdən məmnunluğunu gizlətmədən deyirdi:
– Hərdən Cavidin paltarlarını başqa uşaqların əynində görüb çaşıram.
Oğlumla bir sinifdə Emin adlı bir uşaq oxuyurdu, atası şəhid olmuşdu. Uşağın altdan-üstdən geyindiyi nə vardısa hamısı Cavidinkiydi. Hərdən oğlum atama körpə qəlbinin dibini göstərirdi:
– Baba, dərsdə Eminə baxa bilmirəm, deyirəm birdən uşaq utanar.
Eminin nənəsi hər məni görəndə qucaqlayıb öpürdü:
– Elə bilirəm Cavid Eminin atasıdı, – deyirdi.
Emin bizə gələndə atam əyilib Cavidin qulağına pıçıldayırdı:
– Ə, oğlun gəlib, dur gör nə istəyir.
Anamın təpinməsindən sonra qardaşlarım mənə pulu məxfi əməliyyat keçirən xəfiyyə kimi verirdilər:
– Bacı, sən Allah elə yerdə gizlət anamız görməsin.
Mən də verən əli geri qaytarıb deyirdim:
– Kənddə pul mənim nəyimə gərəkdi?
Qardaş sözümə məhəl qoymayıb əlindəki pulu cibimə dürtüb məndən aralanırdı. Vədə yetişib Bakıya qayıdanda yenə məni yanlayıb qulağıma pıçıldayırdı:
– Ver pullarını aparım Lalə saxlasın.
Beləcə, özləri verdiklərini bir yerə toplayıb geri qaytarırdılar. Lalə də o pulları göz bəbəyi kimi qoruyub biz gələnə saxlayırdı.
Qardaşlarımdan savayı əmim oğlanları da bizə pasiban olurdular, əllərindən qopan ərzaqla, qapılarının mer-meyvəsiylə daim adımızı anırdılar. Tarix müəllimi işləyən Məhər bazar günləri qəssablıq eləyirdi, kəsdiyi hər heyvanın ətindən azı üç kilosunu bizə göndərirdi. Anamın buna acığı tutduqca Məhər onu qucaqlayıb:
– Mənim elə pulum yoxdu Cavidə nəsə alam, gücüm buna çatır, – deyirdi, – sən dədənin goru qanımızı qaraltma. İstəmirsən, mən gedəndən sonra apar at itin qabağına.
Kəndin başında özünə binə qurmuş başqa bir əmim oğlu hər payız bizə iyirmi çolpa, bağından xeyli üzüm, qoz yığıb gətirirdi. Bir sözlə, biz korluq çəkməyək deyə doğmalarımın heç hansı əlindən gələni əsirgəmirdi. Hərçənd bizim yemək-içmək sarıdan bir çatışmazlığımız yoxuydu.
***
Musa əmimin sağ qolu, sağ ayağı işləmirdi, amma dili pərgarıydı. Ona çağa kimi baxan, onu balası kimi əzizləyən, ömrünün ahıl çağında ona gerçək ana şəfqəti göstərən Səkinə bibini hərdən ilan kimi çalırdı. Ta əmim ölənəcən bu cəfakeş qadın bizim evdən başqa bir qapını açmadı, əmimin görən gözü oldu, yeriyən ayağı oldu. Anam hərdən eltisini sancırdı:
– Onun nəyini əzizləyib zibilini yuyursan, – deyirdi, – cavanlıqda sənə bir gün vermədi, qazancının xasasını Gülbuta yedi.
Cavabında Səkinə bibi Musa əminin söykəndiyi çəliyi öpüb gözünün üstünə qoyurdu:
– Halal xoşu olsun, qırılıb Gülbutada qalmadı ha! Cavan gəliniydi, onun da bir çətən yetimi vardı.
Anamın işarə vurduğu vaxtlarda Gülbuta qarı ərini çox erkən itirib dörd yetimlə bir dam altında qalmış gözəl bir gəlin idi. Deyilənə görə, əmim Gülbutanı bərk sevirmiş; yəqin elə buna görəydi ki, çətin illərdə onun balalarını qoruyub qollamışdı, oxuyub işıqlıya çıxmalarına nə kömək lazımdısa eləmişdi. Nənəm də ölənəcən bu işin üstündə əmimin üzünə tüpürdü. İndi anam nə qədər qaxınc eləyirdisə əmimi Səkinə bibinin gözündən salammırdı.
Səkinə bibi Musa əminin üçüncü arvadıydı. Əmim əvvəlcə öz əmisi qızını almışdı, ancaq uşaqları olmadığına görə boşanmışdılar. Sonra Pəri adlı bir qızla evlənmişdi, bu izdivac da vur-tut altı ay sürmüşdü.
Demək, Pəri bibi hamilə vaxtı bir gün suatda paltar suya çəkirmiş. Kənd camaatının işdə-gücdə olan vaxtıymış. Anam da balaca qız, bunun yanındaymış. Gəlin sağa-sola baxınıb anama deyər:
– Mən istidən ölləm, sən yanımda dur, özümü vurum bu suya.
Sonra paltarını soyunub özünü verər qalın piranlığın arasıyla axan arxa. Kəndimizdə bir mərdimazar qoca vardı, bu kişi anamgili görər, gedib qoyar Musa əminin ovcuna. Axşam evə dönəndə əmim Pəri bibiyə deyər:
– Utanmırsan çağalara qoşulub arxda çimirsən?
Gəlin də özünü sudan quru çıxarmaq üçün:
– Mən deyildim, Mənzər idi çimən, – deyib anamın adını verər.
Əmim ayağından çıxardığı rezin çəkmənin bir tayını arvadına tolamazlayar. Çəkmə belini tutan Pəri bibi o gedən olar, bir də geri qayıtmaz. İkinci arvadı əmimin ilk oğlunu da elə öz ata ocağında doğub ömürlük o evdə qalmışdı.
Nənəm ölənəcən əmimin Pəri bibidən olan oğlu Salehi bizdən aralamadı. Nənəmin göstərişiylə Musa əmi böyük oğluna ev tikdirdi, onun toyunu elədi, mal-madar payını ayırıb verdi. Saleh bu gün də evlərimizin ən əziz qonağıdı.
Əmimdən ayrılandan sonra Pəri arvad ailə qurmadı, ölənəcən Musa əmigilə gəlib getdi, Səkinə bibinin daim hörmətini saxladı, onun körpə balalarını tez-tez aparıb öz yanında bəslədi. Telli mama Səkinə bibiylə Pəri bibini toyda-məclisdə qoşa oturan görəndə deyirdi:
– Allah, qardaşımın qoşa arvadlarına qurban olum!
Səməndər də tez bibimi qucaqlayıb qulağına pıçıldayırdı:
– Cəmi qardaşın arvadları sənə qurban olsunlar.
Səkinə bibinin əmimin hər nazını çəkib onu uşaq kimi yedirdiyini gördükcə atam anama deyirdi:
– İnanmıram mən yorğan-döşəyə düşsəm sən mənə belə baxasan.
Anamın rola girməklə qəti arası yoxuydu, heç danmırdı da:
– İştahına qoz halvası, mən heç kimin zibilini yuyan deyiləm.
Hamımız bilirdik ki, anam qəlbindən keçəni deyir, balalarının, özünə doğma saydıqlarının cəfasını çox çəkmişdisə də, Səkinə bibiyə verilmiş səbirdən, dözümdən ona az pay düşmüşdü.
Nənəmdən götürüb əmim də Səkinə bibinin atasına söyürdü. Yazıq arvad səbirsiz ərinin danışdığı latayırı səbirlə dinləyib:
– Söyüş aciz adamın peşəsidi, – deyirdi, – mənim dədəmin sümüyü çoxdan sürmə olub, sənin söyüşün kəpənəyin uçuşu kimi bir şeydi.
Səkinə bibinin atası insafən pis kişi deyildi. Nikolayın “dobrovolu” olmuşdu, Rusiyada ibtidai hərbi təhsil almışdı. Xəsislik dərəcəsində qənaətcil, səliqəli, təmizkar bir qocaydı. Rus dili dərsindən çətinə düşəndə onun yanına gedirdik, köməyini əsirgəmirdi. Di gəl, yazıq kişinin keçəlliyi onu söyüş yeri eləmişdi, nənəm də ölənəcən Səkinə bibiyə acığı tutanda Cəlilin keçəlinə söydü.
Belə qadına nəinki həyatda, heç oxuduğum kitablarda da rast gəlməmişəm. Səkinə bibi əmimə qətl sınan gün qoşulub qaçmışdı. Anam bunu eltisinə həmişə qaxınc eləyirdi:
– İmamlar qırılan günü qoşuldu gəldi, aşıq Temir də sazını dınqıldatdı bir gün. Neylirsən, doğduqları səfil-amanat yanındadı. Amma mən kəbinimə haram qatmadım, ildə bir uşağım öldü.
***
Payız gircək Səhəri qonşu kəndə gəlin köçürdük. Səhər səsli-küylü, deyib-gülən, anası kimi sözün düzünü danışan qoçaq, zəhmətkeş bir qızıydı. Mən azarlayanda iki evin ağırlığı onun çiyninə düşürdü. Bir kənd qohumun içində Cavid də Telli mamadan sonra ən çox Səhəri istəyirdi.
Əmiqızının gedişi məni neçə evin arasında sərgərdan qoydu. Evlərimiz də qəribə tərzdə tikilmişdi: yolun alt tərəfində Kamil Musa əmigillə, üst tərəfində əmoğlu Məhər bizlə qonşuydu. Cavid də hər gün bu dörd evin arasında fırlanıb dərs oxumaq zamanı gələndə yuvasına qayıdırdı.
Bir gün yenə Cavidlə qapımızda ev tapşırıqlarını hazırlayırdıq. Kamil məktəbdən bir para lövhə gətirib qoymuşdu çardağın altına. Mən oxusam Cavid də oxuyardı, mən kitab-dəftər üzü açmasam uşaq çantaya yaxın getməzdi.
Cavid arxası mənə lövhəyə nəsə yazırdı. Ağrıdan özümü qoymağa yer tapmırdım, canımı dişimə tutub uşağın yazdığı cümləni bitirməsini gözləyirdim. Bir də başımı qaldıranda Maralın gülə-gülə darvazadan bizə sarı gəldiyini gördüm. Elə bildim yenə məni qara basır, dinməzcə durub bu kadrın gözümdən itməyini gözlədim. Ona baxa-baxa donduğumu görən Maralın qıyyasından səksənən Cavid qəfil geri çevrildi:
– Totuuu!..
Maral da, uşaqları da onu belə çağırırdılar.
Cavid döyükə-döyükə bir az mənə baxıb qaldı, Maralın arxasınca düzülmüş uşaqları görəndə onlara sarı yox, ayrı səmtə üzünü tutub qışqırmağa başladı:
– Gəlməyin, istəmirəm sizi! Dayımdan xəbər göndərdim, gecələr yata bilmədim, gəlib məni aparmadınız.
Cavid həyətin ortasında dəli kimi sağa-sola qaça-qaça çığırır, ağlına-ağzına gələni danışır, heç kimə yaxın gəlmirdi. Mən yüyürüb Marala sarılanda uşaqlar bir ağızdan ağlaşmağa başladı. Cavidin burnundan qan şora verəndə Maral qorxdu:
– Boooyy, qıçım sınsın, bilsəydim gəlməzdim.
Səsə evdən çıxan anam şığıyıb Cavidi qamarladı, çardağın altına çöküb uşağı paçasının arasına basdı:
– Nə gözünü döyürsən, qaç su gətir!
Mən əyilib ehmalca onun qulağına pıçıldadım:
– Marala bir xoşgəldin elə, görmürsən quruyub qalıb?
Anamın tükü də tərpənmədi. Uşağın əl-üzünü yuyub burnunu sıxdıq, qan kəsməyə başlayanda arvad başını qaldırmadan dedi:
– Gərək heç gəlməyəydiniz.
Maral pərtliyini üzə vurmayıb irəli yeridi, anamı elə oturduğu yerdə basmarlayıb öpdü:
– Sən Allah ver bizə uşaq saxlayan, bizə uşaq böyüdən əllərindən öpüm.
Mən onları baş-başa qoyub yüyürdüm Kamilgilə:
– Maral uşaqlarıyla bizə gəlib, anam az qalır qapıdan qovsun.
Kamil həyəcanla yerindən sıçrayıb:
– Sən tərpən, – dedi, – mən də gəlirəm.
Mən qaranəfəs özümü evə çatdıranda Maral balaları başında hələ də ayaq üstəydi. Mənlə dabanqırma Kamil də özünü yetirdi, Maralgilə çatmamış qollarını açıb:
– Allah, Allah, gör bizə kimlər gəlib, – dedi, – uzaq-uzaq ellərdəki karvanımın sarvanları, qızıl yüklü qəflə-qatırım gəlib!
Kamil Maralın balalarını bircə-bircə boyu bərabəri qaldırıb bağrına basandan sonra anam bir az yumşaldı. Dayısı dönüb Cavidi anamın qucağında uzanıqlı görəndə uşağın üstünə şığıdı:
– Əəə, kişisən ey, Qurbanəli bəy (bu hekayəni Cavidə təzəcə oxumuşduq) qaçıb axura girən kimi nə girmisən nənənin qucağına? Qalx ayağa, dağdan ağır qonaqların gəlib. Qalx qardaşlarını qucaqla.
Bir anın içində Kamil elə bir ab-hava yaratdı, anam yerindən durub süfrə hazırlığına başladı. Qardaşımın qapıdan tüyüncək keçdiyini görən Səkinə bibi də onun ardınca özünü yetirmişdi. Süfrə başında gah danışdıq, gah ağlaşdıq, gah eltim Nərgizi qınadıq, gah fələyi yamanladıq. Dünyagörmüş Səkinə bibi:
– Ay bala, qadanız alım, bu tale-qismət işidi, – dedi, – heç bir bəndə Eminin ölümünə razı olmazdı. Emin doğulanda o minanı zavodda onun adına düzəldib fələk. Əzrayıla deyiblər qorxmursan bu qədər can alırsan? Əzrayıl da deyib ki, hərəni bir yolla tələyə salacam, heç kim də məni qanlı tutmayacaq. O kişinin yazısı o minanın üstünə yazılmışdı.
Dostum, Səkinə bibinin bu sözündən sonra uzun illər gözümün önündən bir mənzərə getmədi: iri, səsli dəzgahlar guruldayır, nağıllardakı küpəgirən arvadlara bənzər məxluqlar ağızlarındakı tək dişlərini göstərib hırıldaşa-hırıldaşa yastı qazanların (mən qazana oxşar minalar görmüşdüm) içinə nəsə yığırlar; yığdıqca gələcək qurbanların adlarını da o qazanların üstünə yazırlar. Minaya düşmüş tanıdığım adamları xatırladıqca o dəzgahlar, o arvadlar müdam gözümdə canlanırdı…
***
O gün Cavid əmisi oğlanlarına çox gec yovuşdu. Deməyəsən uşaq məndən xəbərsiz dalbadal məktublar yazıb Səməndərə verirmiş, Səməndər də o məktubların böyür-başını düzəldib qaynım Yunusa ötürürmüş. Hər məktubu yollayandan sonra Cavid gündə neçə yol darvazaya çıxıb əmisi uşaqlarının yoluna göz dikirmiş.
Ancaq söhbət açılanda məlum oldu ki, mənim görənək qaynım məktubların birini də balalarına göstərməyib. Bunu biləndən sonra Cavidin havası azca alındı. Maralın balaları çantalarını açıb çəkdikləri əyri-üyrü rəsmləri, bəzəkli açıqcaları, jurnallardan kəsdikləri (Cavidin çox xoşladığı) at şəkillərini onun qabağına tökdülər. Cavid nənəsinin çarpayısına səvərib başını soxmuşdu yastığın altına. Mən Maralla süfrə düzəldənə qədər Kamil də əmisi uşaqlarıyla Cavidin arasını düzəltdi, onu qucağına alıb süfrə qırağında oturtdu, uşaqları başına yığıb:
– Sən bir evin kişisisən, – dedi, – qardaşların sənin qapını açıblar. Yəqin əminin başı qarışıq olub, işi çox olub deyə məktubları çatdırmaq yadından çıxıb. Kaş mənim də qapıma belə qonaqlar gələydi. Sən boyda olanda əmim oğlanları məni döyürdülər, daş atıb başımı yarırdılar, kitablarımı cırırdılar. Səninkilər gör səni nə təhər istəyirlər! A kişi, sən həm də kirvəsən ey, kirvə. Kirvə kirvənin damının üstünə çıxmır ki, gözünə toz düşər.
Kamilin təhnizlərindən sonra Cavid qalxıb əmisi oğlanlarına sarılanda Bəhruzun bir kəlməsi aradakı buzu tamam əritdi. Uşaq pəltək diliylə:
– Yox ey, Kamil dayı, siz bilmirsiz, atam yaxşı adam deyil, – deyəndə hamını gülmək tutdu.
Səkinə bibi Bəhruzu bağrına basıb ağlamsındı:
– Bala, atan bəy Mahmudun törəməsidi, pis olmaz. Neyləyəsən, zəmanə, dövran pisdi, qısır fələyin dirəyi uçsun, atanda günah yoxdu.
Maral balasının sözünə söykək verdi:
– Ay Səkinə bibi, uşağın sözünü qəribliyə salma, oddan kül törəyər. Yunus baldırımıza badaq olub, ondan adam olmaz.
Maralın gəldiyini eşidən Musa əmi də çəliyinə söykənib bizə adladı. Hamılıqla süfrə başına yığıldıq. Özümü çox qısnadım ki, Zöhrə xalanı, Elgizi xəbər alım, bacarmadım. Maral həyətinin bar-bəhərindən, qurutduğu meyvələrdən bizə yaxşı pay tutmuşdu, Cavidə qaz tükündən iri bir yastıq da gətirmişdi.
Qonaqlar gedənə yaxın Kamil anamı mətbəxə çəkib dedi:
– Gəl sən də olanından Maralın uşaqlarına pay qoy.
Anam üzünü bozartdı:
– Nə qoymalıyam ki!
Kamil anamın əlindən tutub onu ərzaq anbarına doğru dartdı, Aqilin göndərdiyi şirniyyat dolu qutuları göstərib:
– O uşaqlar şirni sevəndilər, – dedi, – sən bunlardan bir ifçin pay düzəlt onlara, sabah mən qoyduğundan artığını alıb gətirəcəm sənə.
Anam olmaz deyib otağa qayıdanda Kamil yeşiklərdəki konfetdən, peçenyedən, vaflidən xışmalayıb bir torbaya doldurdu, aparıb maşınına qoydu. Anam Kamilin qırımından çəkinib daha dillənmədi, Maralla candərdi görüşüb evə girdi.
Cavid əmisi uşaqlarıyla bir-bir qucaqlaşıb deyirdi:
– Mən sizə məktub yazıb kəndimizin adını, məktəbimizin yerini deyirdim, qorxurdum axtarıb məni tapmazsız. İndi yerimi bildiniz, bundan sonra tez-tez gələrsiz.
Uşaqlar bir-birinə sarılıb görüşdüyü məqamda Maral da məni qucaqlayıb qulağıma pıçıldadı:
– Allah bir yandan alanda bir yandan verir. Şükür qardaşlarına, şükür balana! Anan təpəsindəki qardan bir toz da əritməyib. Möhkəm ol, səbirli ol, görək başımıza nə gəlir.
Maral mənim yağışdan çıxıb yağmura düşdüyümü bilirdi. İndi gəlib bildiyini öz gözüylə görmüşdü, görüb yaralanmışdı. Evinə də yarasından qan dama-dama gedirdi…
(Ardı var)