“Qanun” Nəşrlər Evi bir sıra yeni kitabları nəşr edib.
“Xırda şeyləri dərd etməyin” kitabının müəllifi Riçard Karlsondur.
Həmişə qəzəbli olduğumuz anlarda “xırda şeylər”i beynimizdə canlandırıb, həqiqətən də “böyük məsələ” həddinə çatdırırıq. Guya haqlı çıxmağımız xoşbəxtliyimizdən daha əhəmiyyətlidir. Lakin heç də belə deyil. Əgər daha sakit həyat keçirmək istəyirsinizsə, haqlı sayılmağın özünüzü xoşbəxt etməkdən daha vacib olmadığını başa düşməlisiniz.
Xoşbəxtliyə gedən yol – mühakimələri bir kənara atıb, sevgi əlini uzatmaqdan keçir. Qoyun başqaları haqlı çıxsın. Bu sizin haqsız olduğunuz mənasına gəlmir. Hər şey yoluna düşəcək. Siz işin ucunu buraxmaqla rahatlıq və haqlı olmaq növbəsini başqalarına ötürməklə sevinc hissi yaşayacaqsınız. Əlinizi uzadıb haqlılığı başqalarına verdikdə onlar da sizə qarşı daha az mühafizəkar davranıb, mehriban olacaqlar. Çox vaxt onlar da sizə əl uzadacaqlar.
Amma əgər bu ehtimal özünü təsdiqləməsə də, qətiyyən ürəyinizə salmayın. Daha çox sevgi dolu bir dünya yaratmaq üçün öhdənizə düşəni etməklə qazandığınız daxili sakitlik sizə bəs edər.
“Xırda şeyləri dərd etməyin” kitabını Zinyət Əmirova tərcümə edib.
“Azərbaycanca-fransızca danışıq kitabçası” Fransaya və digər fransızdilli ölkələrə müxtəlif məqsədlərlə səyahət edənlər, habelə ali və orta ixtisas təhsili məktəblərində fransız dilini öyrənənlər üçün nəzərdə tutulub.
Bu baxımdan danışıq kitabçasına əsas danışıq mövzuları üzrə (salamlaşmaq, tanışlıq, sərhəddə, şəhərdə, mehmanxanada, muzeydə, əczaxanada, restoranda, kinoda, dəmiryol vağzalında və s.) müxtəlif danışıq aktları daxil edilib, onların fransız dilində tərcüməsi və Azərbaycan dilində tələffüzü verilib.
Kitabı J.E.Vəkilova hazırlayıb.
Jorji Amadunun “Su Kinkasın qeyri-adi ölümü” əsərini bəzi yazıçılar XX əsrin ən yaxşı əsəri kimi qiymətləndirib.
Kitabda söhbət Joakin Soares da Kunya adlı şəxsdən gedir.
Bir zamanlar nümunəvi ata, ştatın vergi kontorunun nümunəvi məmuru, hamının hörmət etdiyi Joakin Soares da Kunya artıq illərdir qazandığı hörməti itirmişdi. Övladlarını hər yerdə rüsvay etdiyi üçün uşaqlar ona nifrət edirdi. Onu artıq avara Su Kinkas adlandırırdılar. Ölüm xəbərini eşidən hər kəs sevinir, belə bir qara ləkədən canlarının qurtulduğuna görə Allaha şükür edirdi.
Əsəri Fərman Eyvazlı tərcümə edib.
Frans Kafkanın “Qəsr” romanı XX əsrin başlıca kitablarından biri hesab olunur.
Qəsrə gedən yolun təsviri ilə başlanan romanın süjet xətti həm sadə, həm də xeyli dərəcədə mürəkkəbdir.
Bu, bir-birinə bağlı müxtəlif hekayətlərin dolaşıq əlaqəsindən yaranır.
Oxucunu bu çətin labirintlə Qəsrə doğru aparan Kafka totalitar cəmiyyətin bütün mahiyyətini ortaya qoyur.
Əsərin tərcüməçisi Çərkəz Qurbanlıdır.
“Taras Bulba”nı dahi rus yazıçısı Qoqol 1835-ci ildə qələmə alıb.
Romanda XV əsrdə Ukrayna kazaklarının müharibələrindən və zəfərlərindən söz açılır.
Əsərdə Taras Bulbanın Andrey və Ostap adında iki oğlu var. Bu oğlanlar Ortodoks məktəbindən qayıdıb, bütün kazaklarda olduğu kimi onların da tam yetişməsi üçün kazakların əsas ər meydanı olan Zaporojyeyə gedirlər.
Əsər bundan sonra onların başlarına gələn əhvalatlarla davam edir.
Əsərin tərcüməçisi Sabit Rəhmandır.
Uilyam Folknerin ən çox sevilən və oxunan romanlarından olan “Avqust işığı” böyük Amerika yazarının yaradıcılığının ən güclü dövrünün məhsuludur.
Lena Qruvun hələ doğulmayan uşağına qətiyyətlə ata axtarmağı, bu zəngin və insanın içini ümidlə dolduran hekayədə ölümlə necə əzmlə üz-üzə dayanmağın mümkün olduğunu bizə göstərir.
Əsərdə biz həmçinin Folknerin ən unudulmaz qəhrəmanları ilə tanış oluruq: Qeyl Haytauer və Co Kristmas.
“Avqust işığı”nda bu qəhrəmanların hekayələrini çox güclü formada etdiyi girişlərlə Folkner Şimal haqqındakı təsəvvürlərini əks etdirib və bununla da öz heyranedici möhtəşəmliyi ilə ədəbiyyatın ən gözəl nümunələrindən birini yaradıb.
C.E Morqanın yazdığı yeni ön söz ilə bu nəşr 1985-ci ildə Folkner yaradıcılığı üzrə ekspert Noel Polk tərəfindən korrektə olunaraq yenidən çap olunub.
Əsərin tərcüməçisi Tehran Vəliyevdir.