Aqil Abbas
Orta məktəb vaxtı Ağa Laçınlının “Səmimiyyət” adlı bir şeirini oxumuşdum. Çox xoşuma gəlmişdi. Dil də o qədər şiriniydi ki, ikicə dəfə oxumaqla əzbərləmişdim. Atam da hərdən qonaq-qara olanda o şeiri mənə dedirdirdi. Və atam da elə bilirdi doğrudan da səmimiyyət qəlbin məhək daşıdır.
Sonra universitetə daxil olanda (onda universitet bir dənəydi) Ağa müəllimi gördüm, tanıdım, müəllimimiz oldu. Və gördüm ki, Ağa əmi (mənə çox doğmadır, ona görə əmi deyirəm) özü elə səmimiyyətin məhək daşıdır. Təkcə səmimiyyətin yox, insanlığın da, paklığın da, müəllimliyin də məhək daşıdır.
Filologiya fakültəsinin qiyabi şöbəsinin dekan müavini, dekanı oldu. O illər filologiyanın qiyməti 5-10 min manat arasındaydı. Amma Ağa əmi heç 5-10 qəpiyin də yiyəsi olmadı, haram nədir bilmədi. Dünyanın o başı olan Əhmədlidə “kasıb bir daxmada” ruhu uçub getdi Laçına.
Övladlarına da heç bir var-dövlət qoyub getmədi. Paklıq, səmimiyyət, mərdlik, insanlıq və cəsarət qoyub getdi. Çox böyük bir mirasdır. Hər ata övladlarına belə qiymətli miras qoyub gedə bilmir. Elə bir miras qoyub getdi ki, övladları yüz il də xərcləsələr, dost-tanışa pay versələr də, tükənən deyil. Və bir də bu dağlar oğlu istedadını əmanət elədi övladlarına.
Son zamanlar dünyanı da, insanları da belə gördükcə, Ağa əminin bu şeirini tez-tez xatırlayıram.
Eh, Ağa əmi, səmimiyyət, yaxşı kişilər yaxşı at minib getdiyi kimi, sizin kimi yaxşı kişilərlə də çıxıb getdi. İndi səmimiyyət lağ yeri olub. İndi nə qədər səmimisənsə, insanlar sənə bir o qədər yuxarıdan aşağı baxır. Səmimisənsə, belinə çıxmaq istəyirlər. Heç kəs sənin kasıb daxmanı bağrına basmaq istəmir. Heç kəs sənin komanı imarət bilmir, yavan loxmanı bəyənmir. Və səmimiyyət duzu, çörəyi dada gətirmir.
Eh, Ağa əmi, kaş sənin bu şeirini bütün Azərbaycan xalqı əzbər biləydi. Və təkcə əzbər bilməyəydi ey, həm də yazdığın kimi səmimi olaydı. Onda sənin doğma yurda həsrət nəşini oğlanlarınla birgə mən də çiynimə götürüb Laçına apara bilərdim.
Ərk ilə evinə gəlmişəm, ay dost;
Görürəm, açıqdır qaşın-qabağın.
Komanı imarət bilmişəm, ay dost,
Nə gərək utanıb tər axıtmağın.
Səndən dünya malı ummayıram mən,
Sanma bəyənmirəm yavan loxmanı.
Doyursan qəlbimi səmimiyyətdən,
Bağrıma basaram kasıb daxmanı.
Sən danış səmimi, kiri səmimi,
Səmimiyyət qəlbin məhək daşıdır.
Söhbət olacaqsa qeyri-səmimi,
Dinib-danışmamaq daha yaxşıdır.
Dostum, doğrultmasa əməl niyyəti,
İnsan necə qalxar, necə ucalar?
Bir ölçü götürsək səmimiyyəti,
Alim var, çobandan geridə qalar.
Bir acı baxışdan sınmış ürəyi
Sağaldan o hansı şirin nemətdir?..
Dada gətirən də duzu, çörəyi,
Elə səmimiyyət, səmimiyyətdir.
Mənbə: Adalet.az