Aynur MƏSİMOVA (TƏMKİN)
O, arvadının yenidən hamilə olduğunu eşidəndən Allaha dua eləmədiyi gün olmamışdı. Gecəni dua ilə yatmış, sabahı dua ilə açmışdı. Hər an, hər saat oğlu olması üçün yalvarmışdı.
Küsmüşdü Tanrısından. Üçüncüdə qız olduğunu eşidəndən yalnız gecədən-gecəyə evə gəlmiş, səhər erkəndən bir kimsəyə görünmədən çıxıb getmişdi. Bilirdi ömür-gün yoldaşı ondan küsüb inciyib. Axı qız doğulması onun təqsiri deyildi. O bunu bilirdi. Amma neyləyəsən ki, qədəriylə barışmaq istəmirdi. Onun oğul atası olmaq sevdası dəryalara qərq olmuş, ümmanda əriyib getmişdi. Kişilərin əksəri kimi o da oğul balası atəşiylə yanıb qovrulmuşdu. Küçədə oğlunun əlindən tutub yeriyən ataları gördükcə göz yaşlarını içinə axıtmışdı. Onun xislətində paxıllıq yoxdu. Lakin indi qibtə və həsədlə onlara baxırdı. Acı-acı evinin, ocağının yurdçusuz qaldığını düşünür və bu hiss onun içini dağlayırdı.
Əyyub böyük sexlərin birində usta işləməklə ailəsini pis-yaxşı dolandırırdı. Bütün çətinliklərə baxmayaraq əliaçıq və yardımsevər adam idi. Aylıq gəliri az olsa da özünü oda-közə vurur, üstünə diləyə gələn bir kimsəni əliboş geri qaytarmırdı.
Fikirli-fikirli işə tələsirdi ki, qarşısına uzaq qohumları çıxdı. Salam verib ötüb-keçmək istəyirdi, qohumu bir dəstə pulu ona uzatdı.
– Bu nədir? – Əyyub müsahibini süzdü. Səsi o qədər zəhmli çıxdı ki, adam duruxdu.
– Mənim sənə borcumdur. Hər şeyə görə çox sağ ol. Bağışla ki, imkan edib borcumu vaxtında qaytara bilmədim. Allah sənə özü kömək dursun. Bütün dualarım sənin üçündür. Allah balana da şəfa versin.
Əyyubu sanki cərəyan vurdu. Güclə udqunaraq qarşısındakına baxdı: “Bu nə deyir belə? “Balana şəfa versin” nə deməkdir? Məni yəqin kiminləsə qarışdırır. Amma yox. Bir öyrənim görək nə məsələdir”.
– Xəstə kimdir? – Qaşlarının birini adəti üzrə göyə qaldırıb sınayıcı nəzərlərlə kişiyə baxdı. – Sənə kim dedi?
– Deməyə anam dedi. Amma bunu bilməyən yoxdur ki? Yaxşı, az fikir elə. İnşallah, dərdi verən Allah dərmanını da verər.
Daha qulaqları heç nə duymadı. Qəlbi dəhşətli bir həyəcanla inlədi. “Sağ ol” deyib sürətlə uzaqlaşdı. Gözləri dolmuşdu. Bu yaşda, otuz dörd illik həyatında bu qədər sarsıldığı heç olmamışdı. Özünü sakit bir yerə verdi. Hönkür-hönkür ağladı. Günah qarışıq bir qəzəb içinə dolub onu sıxdıqca sıxdı. Özünəmi hirsləndi, arvadınamı acığı tutdu, yoxsa ona bu qisməti yazan qədərinəmi qəzəbləndi… Daxilində baş qaldıran fırtınanı güclə yatırtdı. “Özünü ələ al. Yekə kişisən. Kişi ağlamaz” deyə-deyə özünü birtəhər sakitləşdirdi.
Həyətə girəndə küskün-küskün ona baxan arvadıyla göz-gözə gəldi. Adilənin qarşısında durub:
– Nə vaxta kimi qızının xəstə olduğunu gizlədəcəkdin? – deyib arvadını qınaqla süzdü.
Övlad dərdinin altında əzildiyi bir zamanda ərindən dəstək əvəzinə acı söz eşidən Adilə özünü saxalaya bilmədi. Əliylə üzünü qapayıb pilləkənə çökdü.
Əsmər arvad oğlunun dediklərini eşidib əsəbi halda özünü çölə atdı:
– Sən uşağın olandan bir kərə evinə gəlib soruşdun ki, balam necədir, arvadım nətəhərdir? Yox, soruşmadın! İndi də yazıq qızı sorğu-suala tutursan. Allahından qorx, oğul, Allahından! Adam var ki, bir parça övlad üçün illərlə doktor yolunda qalır. Nə istəyirsən sən? Nə?! İnsan bir balasıyla maraqlanar, sənin kimi əl boyda çağaya düşmən kəsilməz.
Qapını zərblə çırpıb getdi. Qulaqlarında Adilənin səsi, qəlbində vicdan ağrısı. Anası haqlı idi. Arvadının xəstəxanada yatdığı neçə gündə bir kərə də olsa nə ömür-gün yoldaşıyla maraqlanmışdı, nə yenicə doğulan körpəsiylə.
Yorğun idi. Ruhu yorğun, bənizi solğun gəzirdi gecəni. Hər şeyə – həyata, yaşamağa həvəsi ölmüşdü. O, bu qızını sevməyəcəkdi. Çünki qəlbində ona zərrə qədər sevgi, mərhəmət yox idi. Əyyub iki qızına verdiyi o böyük sevginin heç bir damlasını bu qızına verəcək gücdə deyildi.
Evə dönəndə gecə çoxdan düşmüşdü. Evləri zülmətə qərq olmuşdu. Kədərlə gülümsədi. “Hələ mən ölməmişəm, evim viranəyə dönüb. Mən olmayandan sonra kim yandıracaq, kim sahib duracaq bu yurda, bu evə? Qızlarım, yoxa özgə oğlanları olan yeznələrim?!”
Açarı burub aynabəndə girdi. Hər kəs çoxdan yatmışdı. Zümrüdlə Rəşidə nənəsiylə bir otaqda yatırdılar. Neçə gündü onları belə görmədiyindən qəribsəmişdi. Barmaqlarının ucunda içəri keçdi. Anasını diqqətlə süzüb kövrəldi. İllər Əsmər arvadın gözəl simasına dərin kölgəsini salmışdı. Zümrüdə baxdı. Çiyinləri açıqda olduğundan geçənin sərinliyində üşüyüb büzüşmüşdü. Ehmalca örtdü. Kiçik qızı yuxusunun təsiriylə qaşlarını düyünləmişdi. Onun toppuş yanaqlarını oxşayıb, gülümsədi.
Divanda xeyli oturdu. Siqareti siqaretə caladı. Qulağına səs gəldi. Önəm vermədi. Səs getdikcə güclənməyə başladı. Bu onun sonbeşiyinin səsi idi deyəsən. Əvvəl nə edəcəyinə qərar verə bilmədi. Sonra ürəyi dözmədi. Qapıdan içəri boylandı. Arvadı paltarını belə soyunmadan daş kimi düşüb qalmışdı. Zəifliyi, yorğunluğu, məzlumluğu simasından oxunurdu.
Uşaq getdikcə qızışır, dayanmadan ağlayırdı. Lakin Adilə heç cür ayıla bilmir, mışıl-mışıl yatırdı. Qadının çiyinlərinə toxunub onu oyatmağa çalışdı:
– Adilə, dur, qız ağlayır.
Nə qədər çalışsa da kişi qadını oyada bilmədi. Əyyub arvadından əlini üzüb çarəsiz halda körpəyə yaxınlaşdı. Körpə içini döyə-döyə ağlayırdı. Ehtiyatla uşaq arabasının üzərinə əyildi. Sanki möcüzə baş verdi. Coşa-coşa ağlayan çağa onun ətrini hiss edib səsini kəsdi. Əyyub əlini uzadıb onun pambıq yanaqlarını oxşadı. Körpə balaca əlləriylə atasının barmaqlarından yapışdı. Günahsız körpə gözəl mavi gözlərini atasına zilləyib gülümsədi. Həqiqətənmi gülümsədi? Yoxsa ona elə gəldi. Əyyub qarşılaşdığı mənzərədən duyğulandı. Ata qəlbi dözmədi. Qızcığazın inadla onun barmaqlarını tutmağa çalışdığını gördükdə hönkürdü. Qızının dünyaya göz açdığı bu neçə gündə ondan əsirgədiyi sevgisinə görə özündən utandı. Öz cılızlığına, acizliyinə, zəifliyinə ağladı. Mavi dənizi xatırladan məsum gözlər onun bütün varlığını silkələdi. İçini bürüyən xəcalət hiss onu odsuz-ocaqsız yandırdı. Ata körpəni qucağına alıb sinəsinə sıxdı. Onun süd qoxulu üzünü elə hey qoxlayıb ətrini içinə çəkdi. On günlük körpə atanın daşlaşmış qəlbini yumşaldıb əvvəlki halına qaytardı. Ata kiçik varlığının gözlərinin içinə baxıb:
– Bağışla məni, balacam, bağışla, – dedi. – Sənin mənə ehtiyacın ola-ola mən səndən üz çevirdim. Səni atasız buraxdım. Sənsə mənə dərs verdin. Sənə söz verirəm, qızım. Söz verirəm, son nəfəsiməcən səni sağaltmaq üçün əlimdən gələni edəcəm. Son dəqiqəmə qədər səni hər kəsdən qoruyacam!
Əyyub yenidən kövrəldi. İsti nəfəsinin balasında yaratdığı rahatlığı hiss edib yenə ağladı. Hönkürməmək üçün qalın dodaqlarını çeynədi. O, ağladıqca yuxudan ayılan Adilə də ərinə baxıb göz yaşı tökdü. Yorğanı dodaqlarına möhkəmcə sıxıb için-için göynədi.
Leyla. Mavi gözlü, sarı saçlı, doğulmasıyla ailəyə ruzi-bərəkət gətirən Leyla. Əyyub səhvini anlayıb, qızına sahib durduğu andan Tanrı onun yolunu işıqlandırdı. Leyla böyüdükcə Əyyubun imkanları artdı. Deyirlər Allah öz bəndəsinə can verdiyi gündən tale yazısını onun alnına yazır. Leylanın alın yazısı da yaşamaq, var olmaqdı. Ata-ana, hər kəs pərvanə tək qızın başına dolanır, onun nazını çəkirdilər. Ata ciyərparasını sağaltmaq üçün əlindən gələni edirdi. Artıq Leyla ayağını çəkə-çəkə də olsa yeriyirdi. Hətta danışmağa başlamışdı, məktəbə hazırlaşırdı. Əyyub üç qızını sevməkdən usanmırdı. Bir oğlunun olması sevdasını belə sanki unutmuşdu. Onun ay üzlü, dəniz gözlü üç qızı vardı. Və bu onun həyatda ən böyük var-dövləti, xəzinəsi idi. Bəzən Əyyub etdiyi səhvləri xatırlayıb kövrəlirdi. Ağlamaq, hər şeydən xəbərsiz məsum üzlü balasından üzr istəmək istəyirdi. Bəzən yaratdığı cah-cəlalına baxıb düşünürdü: “Tanrım, sənin qarşında körpə balasına haqsızlıq edən mən günahkar bəndəyə nə deyib bu qədər güc, var verdin?! Kaş sənin də, qızımın da qarşısında günahlarımı yuya biləydim. Bəlkə o zaman hər şeyi unudub bu əzabdan, bu acıdan qurtula bilərdim”.
Zümrüdlə Rəşidə də böyüyüb gözəl qız olmuşdular. Əyyub kişi böyük qızlarına baxdıqca göz bəbəyi kimi qoruduğu Leylasının da bir gün belə qız olacağını düşünür və düşündükcə həm sevinir, həm də üzülürdü. Axı nə olursa olsun Leyla həm bacılarından, həm də yaşıdlarından azca fərqli bir uşaq idi. Sinif yoldaşları qaçıb-oynayıb əyləndikcə Leyla onları dəniz gözləri ilə süzür, məsum-məsum gülümsəyirdi.
Leyla böyüyürdü. O böyüdükcə ata-ananın qayğısı, narahatlığı daha da çoxalırdı. Ata bir gün qızının sevdalanacağını düşünəndə dərdi daha da dərinə kök ataraq sinəsini yandırırdı. Görəsən Leylanı olduğu kimi qəbul edib, onun təmiz duyğularını anlaya biləcəkdilərmi? Axı bütün qızların ən munis arzularından biri ağ gəlinlik geyinib ata evindən uçmaq idi. Leyla da həmin gün gəlib çatdıqda bu arzularla xəyal qursa neçə olacaqdı? Onun gözəl simasını sevib qəbul edən biri xəstəliyini üzünə vurub qızını üzməyəcəkdimi? Ata-ana bunu düşündükcə dərdə-qəmə batır, qüssədən boğulurdular. Üzdə deyib-gülsələr də içlərində əzab çəkirdilər.
İl üstünə il gəlir, zaman axıb gedirdi. Leyla tələbə olmuşdu. Bu zaman Əyyub kişi misli görünməmiş ziyafət təşkil edib, qızını sevindirmişdi. Leyla hər şeyə rəğmən güclü iradə nümayiş etdirərək təhsilini başa çatdırmışdı. Qız ona yazıq kimi baxan, hətta onun xəstəliyini üzünə vurub sındırmaq istəyən hər kəsə möhkəm əzmini nümayış etdirib atasını sevindirmişdi.
Əyyub üzdə etiraf etməsə də qəlbində gələcəklərinə daha çox ümüd bəslədiyi qızlarını ər evinə yola salmışdı. Bir gün böyük qızının ana olacağını eşitdikdə səxavət kisəsinin ağzını açıb sidq ürəklə yetim-yesirə yardım etmişdi. Lakin bu sevinci də uzun çəkməmişdi. Rəşidənin heç vaxt ana ola bilməyəcəyini eşidib Adilə də, o da dərindən sarsılmışdılar. Kişi heç kimə inanmayıb qızının yolunda ətək-ətək pul tökmüş, həkimlərə, hətta ara bilicilərinə üz tutmuşdu. Lakin faydasız. Ata bu acı həqiqəti qəbul etdiyi gün hıçqıra-hıçqıra ağlamışdı. Həyatdan, insanlardan, taleyindən küsmüşdü. Leylanın adına gələn elçiləri belə geri qaytarmış, “Daha mənim köçürəsi qızım yoxdur” deyib elçiləri yola vermişdi. Amma heç kəs bilməmişdi atanın içində nə çəkdiyini. Qəlbinə dolan qara-qorxu fikirləri hər kəsdən gizləmişdi. Ata bütün olanlarda yalnız özünü günahkar tuturdu. O, bütün bunları Tanrının cəzası hesab edirdi. Üçüncü qızı olduqda Tanrıya etdiyi üsyana görə özünü qınayırdı: “Ay Allahın aciz qulu! Tanrının sənə bəxş etdiyi nur üzlü balaya qarşı çıxdın. Oğlan dedin, oğlan eşitdin. Dəniz gözlüm xəstə doğuldu. Sağlam balam züryətsiz qaldı. Sənə üsyan edən mən qulunu bağışla, Tanrım. Qız-oğlan demərəm, balamın ocağını söndürmə, ya Rəbbim”.
İki damla göz yaşı qırış salmış yanaqlarından sürüşüb cığır açdı. Hər gün səcdəyə durdu. Bir zamanlar min bir əziyyətli iş görmüş, hələ də qabarı getməmiş əllərini göylərə tutdu. Ata Tanrıya dua etdi. Lakin nisgili nisgil olaraq qaldı. İkinci qız ana olmaq səadətindən məhrum oldu. Ata bu qorxuyla Leylanı bir kimsəyə vermək istəmədi. Anasına, arvadına “Qorxuram, – dedi, – qızımı üzərlər, acı söz deyərlər, gözəl üzünü sevib, qəlbindəki mərhəməti görməyib, xəstələyini üzünə vurarlar. Sağlam balamın çəkdiyi əziyyəti Leylam da çəkər birdən. Buna dözə bilmərəm”.
Əsmər arvad “Tanrıya qarşı çıxmazlar, oğul. Bununla barışıb, ömrünə davam eləməlisən” deyib söyləndi.
Dəniz gözlü, qıvrım sarı saçlı Leyla qaragöz Malikin sevdasına tutuşub yandıqda Əyyub artıq inad edə bilmədi. Ağ gəlinlikdə xoşbəxtlikdən göylərdə uçan qızına xeyir-dua verib ər ocağına yola saldı. O gün Leyla həyatında yeni bir səhifə açanda atanın dilindən dua əskik olmadı. Ananın əlləri göylərdən çəkilmədi.
Həyatdır bu. Sənə nə zaman nə hazırlayır, bilməzsən. Əyyub ailə qurub ata ocağını tərk edən gündən evinin, ailəsinin hər yükünü çiynində daşıyan qızının ana olacağı müjdəsini alanda bilmədi ağlasın, ya gülsün. Yenə içinə müdhiş duyğular doldu. Gah fərəhindən coşdu, gah ağladı. Birdən uşaq xəstə doğulsa, ya Leylanın sağlamlığına yenə zərər gəlsə?.. Bəlkələr, bəlkələr, bəlkələr. Nagüman xəyallar. Atayla ana qızın doqquz ay çəkdiyi əziyyətin şahidi oldular. Allahın qızlarına verdiyi gücə, əzmə baxdıqca qürurlandılar. Rəşidə Leylanın körpəsini ilk dəfə babanın qucağına verdikdə sanki dünyanı Əyyuba bağışladılar. Hər kəs bu uşağın dünyaya gəlişi ilə sakitlik tapdı. Hətta Rəşidə də ağrı-acısını unudub özünü bu uşağa həsr etdi. Leyla ikinci oğlan uşağını da dünyaya gətirəndən Əyyub kişi tam rahat nəfəs aldı. Leyla bütün çətinliklərə baxmayaraq gözəl ana oldu. Qadın öz mübariz ruhuyla əsl fədakar ana timsalına çevrildi. Sanki doğuşdan sonra gənc ana daha da gözəlləşib, daha da möhkəmləndi.
Leylanın girdə siması payız günündə boz buludlar arasından süzülüb axan parlaq günəşə bənzəyirdi. O, həyata gətirdiyi körpələrini dişiylə-dırnağıyla qoruyub əzizləyirdi. Gün axşamacan dayanmadan ev qayğılarıyla maraqlanıb, gecə səhərəcən ağrıyan canını bilmirdi necə sakitləşdirsin. Bununla belə Leyla bir kimsəyə şikayətlənib ah-vay etmirdi. Onun lüğətində yorulmaq, usanmaq kimi sözlər yox idi. Qismətinə xəstə doğulmaq yazılsa da Tanrı onu ən gözəl, ən mükəmməl hisslərlə mükafatlandırmışdı. O, bir övlad, bir qadın və ən nəhayət, bir ana idi. Zamanla sevimli Malikin dəyişən münasibəti içini dağlasa da, canını incitsə də, qadın özünü səfərbər edərək gücünü-qüvvəsini itirməməyə, möhkəm olmağa çalışırdı. Qəlbi göynəsə də, gözləri bulaq kimi qaynasa da, qadınlıq qüruru alt-üst olsa da, dərdini yalnız özü bilir, özü çəkirdi.
Aylar dolanır, il yerini ilə təhvil verirdi. Əyyub kişi artıq yaşlanmışdı. Saçları qar kimi ağarmış, gözlərinin ziyası zəifləmişdi. Kövrək, həssas olmuşdu. Yenə gözlərini dişiylə-dırnağıyla yaratdığı malikanəsinə dikdi. Yenə gözləri sulandı. Göz yaşları qırışmış yanaqları boyunca süzülüb boyun-boğazını yandırdı. Bir zamanlar bu malikanənin yerində kiçik bir ev vardı. O burada doğulmuşdu, ailə qurmuşdu, qızları da bu evdə dünyaya göz açmışdı. O zaman kasıb olsa da, o kiçik ev daha isti, daha rahat idi. İki il öncə dünyasını dəyişən anasını, gənc yaşda itirdiyi atasını xatırladı. Kasıb vaxtlarını andı. Dərindən ah çəkdi. Titrək əlləriylə yanağından süzülən göz yaşını qurutdu. Yenə çoxdandır qəlbinin bir küncündə dustaq etdiyi oğul arzusu qövr elədi. Düşündü ki, oğlu olsaydı bu gün onun evinin işıqları qonşularında olduğu kimi daha gur yanar, hər yan çıraqban olar, həyətindən uşaq qəhqəhələri eşidilərdi.
Kişi öz ağır düşüncələrində boğulduğu bir zamanda Adilə arvad yazıq-yazıq ərini süzür, sanki nədəsə bir qəbahəti varmış kimi özünü günahkar tuturdu. Adilə ərinin əslində nə fikirləşdiyini yaxşı bilirdi. Sanki oğlunun olmaması onun günahı, təqsiriymiş kimi özünü ittiham edirdi. Kişinin həmişə dik tutduğu beli də Adilənin gözünə əyilmiş kimi görünürdü.
Yorğun-yorğun gəlib ərinin yanındakı stula çökdü. Nə özü dindi, nə kişi dilləndi. Beləcə səssiz gecədə iki qoca səssiz-səmirsiz xəyallarında axıb getdilər.
Əyyub sabah erkəndən durub evdən çıxdı. Nə sürücünü rahatsız etdi, nə özü sükan arxasına keçdi. Asta-asta şəhərin küçələrini dolaşdı. Fikirləri ilə baş-başa qalmaq, hər kəsdən uzaq olmaq istədi. Binaların yanından keçəndə gözləri zibil qablarını eşən qadına ilişib qaldı. Ona doğru bir-iki addım atmışdı ki, qadın üstündə kənar nəzərləri hiss edib uzaqlaşmaq istədi. Lakin tələsdiyindən ayağındakı qaloşu daşa ilişdi. Qadın zərblə yerə çırpılacaqdı, Əyyub əlini uzadıb onu tutdu. Birtəhər qadını qaldırıb yaxındakı skamyada oturtdu:
– Bacı, əzilmədin ki?
Qadın utana-utana kişini süzüb nəmli gözlərini yerə dikdi. Əyyub yaxınlıqdan keçən gənci səsləyib ona pul uzatdı:
– Bala, zəhmət olmasa mənə kolbasa-çörək al ver. Qalanı səndə qalsın.
Gənc oğlan iki dəqiqə sonra əlindəkiləri kişiyə uzadıb pulun qalan hissəsini ona verdi.
– Sağ ol, dayı. Amma mənə ayıb olar. Xalaya Allah kömək olsun, – deyib sürətlə uzaqlaşdı.
Əyyub qadının utana-utana, lakin hərisliklə yediyini görüb kövrəldi. Üzünü kənara çevirdi ki, arvad rahat yesin. Qadın son loğmasını da udub:
– Sağ ol, qardaş, – dedi. – Allah nə muradın var, ona çatdırsın. Allah balalarını qorusun. Mən daha gedim.
– Bacı, bir söz soruşum, acığın tutmasın. Sənin evin, eşiyin, uşağın yoxdur?
Qadın yenidən qayıdıb skamyada əyləşdi. Əzabla, xəcalət çəkə-çəkə dedi:
– Vardı, qardaş. Evim də vardı, pulum da, işim də. Biqeyrət övlad banka qoydu. Evim əlimdən çıxdı. Müəllimə idim. “Yaşın çatıb, işləyə bilməzsən” deyib işdən çıxartdılar. Pensiya kartımı da oğlum əlimdən aldı. Uzun sözün qısası, qardaş, üç oğuldan heç biri mənə sahib çıxmadı. İki oğlum dedi get evini, kartını kimə vermisən, o da sənə baxsın. Halbuki onlara da evi kişiylə mən tikmişdim. Ah, qardaş, Allah övlad verəndə də xeyirlisini versin. Mənə bax. İllərlə balalarım üçün özümü fəda elədim. İndi üç oğuldan birinin evində mənə yer yoxdur.
Əyyub kişi qadının halından bərk təsirlənmişdi. Ayağa durub sürücüsünə zəng vurdu. O gələn kimi arvadı maşına əyləşdirib evinə yolladı. Özü də Adiləylə danışıb qarını ona tapşırdı. Axşamacan qadının ağlar sifəti gözlərinin önündən getmədi. Ara-sıra Adilədən qonağının halını-əhvalını soruşdu.
İşdən gec çıxdı. Yenə payi-piyada yola başladı. İçindəki məniylə baş-başa qaldı. “Oğlan dedin, oğlan eşitdin. Qızlarını sevdin, amma oğlan qədər dəyərləndirmədin. Allah o qadını özü sənin qarşına çıxartdı. Dedi bəlkə gözlərini açasan. Üç oğlun olsun, biri də maraqlanmasın ki, anam neyləyir. İllərin müəlliməsi zibil qabında çörək, yemək axtarır. Övlad ata ocağının işığını yandırandır deyirik. Amma söndürənlər nə qədərdir. O işığı söndürüb ata yurdunu viran qoyanlar da nə qədərdir. Bax, Əyyub, gör həyatda necə övladlar var. Dizini qatlayıb, əllərini göyə açıb torpağa diz çökdün. Amma nə olsun. Tanrı qəlbini oxudu. Gül kimi qızın bir körpəyə sahib olmaq üçün ovuc-ovuc dərman yedi. Amma arzusu arzu olaraq qaldı. İçindəki yarası qövr elədi. Ana olmaq nəsibi olmadı. Bu da sənə yetmədi. Ah, Əyyub, ah”.
Gəzə-gəzə gəlib böyük qızıgilə çatdı. Bir xeyli onlarla oturub qalxdı. Qapıda qızını qucaqlayıb salamatlaşdı. Oradan Rəşidənin evinə üz tutdu. Böyük-böyük otaqlar, körpə gülüşünə həsrət divarlar, qızının gizləməyə çalışdığı kədərli gözləri… Baxıb-baxıb kövrəldi. Qızının qarşısında özünü möhkəm tutmağa çalışaraq çayını belə axıra çatdırmadan süfrədən qalxdı. Dalğın və məzlum baxışlarıyla boynunu büküb ona baxan Rəşidəni möhkəm-möhkəm qucaqladı. Dörd mərtəbəni neçə endi bilmədi. Sonuncu pilləkəndə oturub uşaq kimi hönkürdü. Bu vəziyyətdə nə qədər qaldığını bilmədi. Kiminsə gəlib görəcəyindən çəkinib qalxdı. Son mənzil Leylanın evi idi. Qapı açıq idi. Səslənə-səslənə evə tərəf getdi. Leyla da, nəvələri də onu görüb sevincək üstünə yüyürdülər. Kişi indi gedirəm deyə-deyə bir xeyli oturdu. Gecdən-gec evə gələn Malik qaynatasına xoş gəldin edib divanda əyləşdi. Əli ayağına dolaşa-dolaşa süfrə hazırlayan Leylaya baxıb:
– Yavaş, ay qız, – dedi. – Elə gəzirsən elə bil sağlam ayaqların var. Bir az yavaş. Başına bir iş gələr, yükün mənim çiynimdə qalar.
Əyyub kişi bərk tutuldu. Əlindəki armudu stəkanı onun başına çırpmaq istədi. Lakin qızının ailə həyatına müdaxilə edib vəziyyəti bir az da qəlizləşdirməkdən özünü saxladı. “Lənət şeytana” deyib yeznəsini qəzəblə süzdü. Murad kişinin qırımını pis görüb özünü yığışdırdı.
Kişi çiynində yük varmış kimi ağır-ağır addımlayır, elə hey yeznəsinin qarasına deyinirdi. “Bax, günahlarının hesabını neçə ödəyirsən. Allahdan sağlam övlad istəmədin. Əli-ayağı düz övlad diləmədin. Sən qədərinə qarşı çıxmasaydın bu gün balan sağlam olub, onun-bunun masqarasına qalmazdı”.
Gecənin sakitliyində, yarpaqların xışıltısı altında xəyallarıyla vuruşa-vuruşa addımlayırdı. Evlərinə çatmağa az qalmış qonşu Mirbala kişinin qapısı ağzında toplaşanları görüb diqqət kəsildi. Adamları yara-yara özünü irəli atdı. Ondan-bundan nə olduğunu soruşanda Gülbahar arvad əllərini əsdirə-əsdirə:
– Day nə olacaq, – dedi. – Yazıq Mais, gül kimi qeyrətli, ailəcanlı oğlana gör qəh… neylədi də! Xəstə balanı qoyub, özünə lotu tapıb, balalarını qoca qaynananın üstünə atıb, qoşulub qaçıb. Allah bəlasını versin elə ananın!
Əyyub kişi sarsıldı. Anasız qalan körpələri fikirləşib üzüldü. Yenə Leylası yadına düşdü. Xəstə halıyla bütün həyatını balalarına sərf edən qızı gözündə bir az da ucaldı. Görəsən bir gün ərzində yaşadıqlarını Tanrı ona dərs olsunmu deyə qarşısına çıxartmışdı? Tanrı onun nə qədər yanlış düşüncəyə sahib olduğunu xatırlamasını istəmişdi yəqin. Rastlaşdığı hadisələrdən yorulmuşdu. Vicdanının ağrısıyla savaşmaqdan usanmışdı. Bütün vücudu sızlayırdı. Özünü ittiham edə-edə vəziyyətini daha da gərginləşdirirdi. Tanrı ona xəyalına belə gətirmədiyi var-dövlət vermişdi. Var-dövlətdən də artıq bir xəzinə bəxş etmişdi – qızları. Xəstə, ya sağlam, fərq etməz. Əsas onların varlıqları idi ki, bunu hələ indi ata ağlı və ruhu ilə qəbul edirdi.
Adilə yatmamışdı. Əyyub kişi illərin fədakar ömür-gün yoldqaşına baxdı. Adilə də qocalmışdı. Gözəl saçları çoxdan parıltısını itirmişdi. Gözləri də zəifləmişdi. Lakin qızların tələbinə yox deyib, evinə qulluqçu istəməmişdi. “Bir kişi, bir də özüməm. Siz gəlib həftədə iki dəfə əl gəzdirəndə mənə bəs edir. Yeməyə gəlincə, mən kişinin onun-bunun əlindən nəsə yeməyini istəmirəm. Şəkər adamdır. Özgələr onun halına çətin yanar. Yox, ay bala, mən evimin işini birtəhər özüm həll edərəm” deyə inad etmişdi. İndi də tələsik durub yeməyin altını yandırmaq istədi. Lakin Əyyub arvadın qolundan tutub aşağı çəkdi:
– Gəl otur, ay arvad. Leylagildə yemişəm.
– Sən onlara getmişdin?
– Tək Leylagildə deyil, üç qızımın üçünün də evində olmuşam. Allah bütün balaları qorusun, ay arvad! Könlümə yamanca düşmüşdülər. Mən də yolumu onlardan saldım. Rahatlandım… Bəs Səlimə bacı necə oldu?
– Narahat olma, çimib yatıb. Paltar da verdim. Arvad yazıq o ki var sənə dua elədi. Allah könlünə görə versin, ay kişi. Savab iş görmüsən, vallah. Yazıq illərlə müəllimə işləyib, camaatın uşağına elm öyrədib. İndi bax gör nankor övladları yazığa neyləyiblər. Nəsə. Dur get yerinə.Yəqin çox yorulmusan.
– Yox, əşi. Arvad, gəl söhbət eləyək. Yatmaq həmişə var.
O gecə bir xeyli söhbətləşdilər. Həmin gecə Əyyub kişi nə qədər şad və bəxtəvər idi!
Səhəri dəhşətli ağrılarla açdı. O yan-bu yana boylandı. Adilə adəti üzrə tezdən qalxmışdı, ortalarda görünmürdü. Bir-iki ağız səsləndi. Sonra səsi də batdı. Fikirləri-xəyalları qarışdı. Və bir də gözlərini açanda özünü xəstəxana otağında gördü. Hər yanı yarıymulu gözləriylə süzdü. Harada olduğunu anlaya bilmədi. Ancaq otağa girib-çıxan ağxalatlıları görəndə xəstəxanada olduğunu anladı. Onun ayıldığını görən tibb bacısı “Çox şükür, Əyyub dayı, bunu da adlatdınız” deyib sevinclə həkimi səslədi.
Əyyub kişi yenidən yuxuya daldı. Ayılanda arvadının, qızlarının gözüyaşlı ona baxdıqlarını gördü.
– Qorxmayın, üzüm bərkdir. Görəsi çox işim var. Hələ hara ölürəm… – deyib əlini Adilə arvadın əlinin üstünə qoydu.
Düz iki həftə yataqdan qalxa bilmədi. Təhlükə sovuşsa da həkim onun durmasına icazə vermədi. Bu müddət ərzində doğmaları başına pərvanə tək fırlandılar, yaxın-uzaq tanışları görüşünə gəldilər. Bu zaman kəsiyində Əyyub kişi çox şeyin şahidi oldu, çox hadisəylə rastlaşdı. Neçə-neçə ağır, sanballı kişilərin həssas vaxtlarında çölə atıldığını, övladlarının onlara yiyə durmadığını gördü. Bu da Əyyub kişiyə çox ağır təsir edirdi. Əyyub kişi onunla yan-yana yatan Abdulhəmid kişini lap çoxdan, ta gənclik illərindən tanıyırdı. Beş övlad atası olan Abdulhəmid dövrünün ən vurub-yıxan oğlanlarından olmuşdu. İndi dağ boyda kişi əriyib solmuş, arvadı öldükdən sonra övladlarının ondan əsirgədikləri sevgiyə möhtac qalmışdı. Kişinin göz yaşları dinmək bilmirdi. Beş övladdan yalnız ikisi – kiçik qızıyla böyük oğlu ara-sıara atalarının ziyarətinə gəlib sonra yoxa çıxırdılar. Əyyub bir zamanlar Abdulhəmidə üç oğul atası olduğuna görə paxıllıq etdiyini xatırladı.
– Eh, fani dünya, – deyə köksünü ötürdü. – Bir zamanlar hər kəsin tük saldığı kişinin halına bax. Mənsə bir vaxtlar ona qibtə edirdim. Oğullara bax. Birinin mərifəti çatmır ki, atasına sahib çıxsın. Evləri var, maşınları var, təhsilləri var, amma insanlıqları yoxdur bunların.
Günorta böyük qızla yeznəsi onu yoluxmağa gəldiyi zaman “Mənim sağalmağımı istəyirsinizsə məni buradan tez çıxarın” deyə israr etdi. Dolabında olanları Abdulhəmidin dolabına yığdı. Kişinin zəifləmiş biləyindən tutub sıxdı:
– Buradan çıxan kimi gəlirsən mənim yanıma. Özünü sıxma, hər şey yaxşı olacaq.
Artıq qaş qaralıb, axşam düşmüşdü. Dərindən nəfəs alıb maşına oturdu. Uşaq kimi sevinirdi. Nəhayət, uzun sürən ayrılıqdan sonra evlərinə dönürdü. Həyətə girdi. Hər yan çıraqban üzünə gülürdü. Qızları onu görən kimi üstünə yüyürüb boynuna sarıldılar. Növbə ilə nəvələr babalarına sığınıb onu öpdülər. Ətrafa göz gəzdirdi. Adilə heç yerdə gözünə dəymədi. Həyəcan və qorxuyla, kimsədən nəsə soruşmağa cəsarət etmədən evə girdi. Ömür yoldaşı ziyası getmiş gözləriylə, titrək əlləriylə onun çox sevdiyi zəfəranlı, qaralı plov süzmüş, süfrə bəzəmişdi. Gözləri doldu. Bir kimsədən utanmadan, çəkinmədən arvadını köksünə sıxıb qar kimi ağarmış saçlarından öpdü. Şərbət dolu qədəhi əlinə alıb ayağa qalxdı. Yeznələrini, nəvələrini bir-bir süzüb, sözə başladı:
– Bu sözümü nəsihət kimi, yoxsa vəsiyyət kimi qəbul edəcəksiniz, bilmirəm. Məni diqqətlə dinləyin. Adilə, mənim vəfalı ömür-gün yoldaşım, sənə yaşatdığım hər acı söz, acı kəlmə üçün səndən üzr istəyirəm. Qızlarım, sizdən də üzr istəyirəm… – Gözləri doldu, qəhərindən dili söz tutmadı.
Onun gərginləşdiyini görən qadın ehmalca ərinin əlini çəkdi:
– Ay kişi, nəyin üzrünü istəyirsən sən? Niyə həyəcanlanırsan? Bax yenə narahat olacaqsan. Sən Allah, belə deyib məni də ağlatma. Danışma. Otur çörəyimizi yeyək.
– Yox, arvad, yox. İllərdir mən bu yükü ürəyimdə gəzdirirəm. Hər qızım doğulanda soyuqluğum illərlə səni çox incitdi, çox əzdi. Leyla doğulanda o kiçik əlləriylə əlimdən tutduğu ana qədər nə sənin, nə qızımın üzünə baxdım. Bilmirəm, arvad, bəlkə də sən məni bağışladın. Amma mən heç vaxt özümü bağışlaya bilmədim. Əslində boynuma alım ki, rastlaşdığım son hadisələrdən sonra mən gec də olsa səhvimi anlamışam. Övladlarım, – üzünü onlara tutdu, – oğlan, ya qız, fərq etməməlidir. Allah öz bəndəsinə verdiyi payın yalnız xeyirlisini nəsib eləsin deyirəm.
Xəstə, ya sağlam, fərq eləməz, – yeznəsinə baxıb bunu böyük vurğuyla söylədi, – əsas namusu, qeyrəti, duyğuları yerində olsun. Bir neçə gün qabaq müəllimənin bir parça çörək üçün zibil qabını axtardığını görəndə çox sarsıldım. Üç oğuldan biri anaya sahib çıxıb evinə aparmamışdı. Bir loğma çörəyi onları doğub böyüdən anaya çox görürlər. Mənim qızlarım o cür oğullardan yüz min kərə artıqdır mənə. Leylam kimi qeyrətli qızım xəstə balasını, ərini bir şərəfsiz üçün buraxıb, ona qoşulub qaçan sağlam qızdan min dəfə üstündür mənim. Sağlamlığı onu nə qədər incitsə də yenə bir kimsəyə nəsə bildirmədən, kimdənsə nəsə ummadan iki gül bala böyüdüb.
Mənim Rəşidəm, – yenə kişinin səsi əsdi. – Mənim ürəyi nisgilli Rəşidəm ana ola bilməsə də neçə-neçə qadına ana olmaq xoşbəxtliyini yaşatdı. Cismani olmasa da ruhuyla neçə körpənin mənəvi anası oldu. Balasını dünyaya gətirib yola, xəstəxanaya tullayan qadınlardan min kərə üstündür mənim Rəşidəm, mənim Zümrüdüm.
Mənim sadiq həyat yoldaşım bütün çətinliklərə baxmayaraq məni yarıda buraxmadı. Mən səhv etdikcə o mənim yanlışlıqlarımı düzəltdi. O, əsl həyat yoldaşı, əsl qadın, əsl anadır.
Əzizlərim, dediyim odur ki, Allahın verdiyi hər gözəl günə, hər övlada görə şükür edək. Əlimizdə olanın dəyərini bilək. Oğul-qız arasında ayrı-seçkilik salıb onları incitməyək. Bəlkə də gənc vaxtlarında heç kimin heç kəsə ehtiyacı olmur. Hər kəs dünyanı öz ayaqları altında zənn edir. Qocaları unutmayın, diqqətinizi əsirgəməyin. Bir gün siz də qocalacaqsınız. Ailənizdən ikiəlli yapışın, onu qoruyun. Bütün güclü insanların arxasında mükəmməl ailə durur.
Müəllifin başqa yazıları:
“Eşq və xəyanət” povesti: 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 40
İtirilmiş səadət (Hekayə)
Gecikmiş etiraf (Hekayə)
Bir ana, bir qadın (Hekayə)