Cəhənnəmdən keçmiş mələk (98)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Üzünü görmədiyim bir hərbçi xeyli vaxt idi arada-bərədə mənə məktub göndərirdi. O məktubları əmim qızı Səhərlə oxuyub gah gülürdük, gah ələ salırdıq, gah da bu talesiz zabitə yazığımız gəlirdi. Zabitin yazdığına görə, o körpə olanda atası qəzaya düşüb ölmüşdü, sonradan anası da xərçəngə yaxalanıb dünyadan köçmüşdü. Bir dam altında yiyəsiz qalan iki uşağı – zabitlə qardaşını qohumları uşaq evinə vermişdilər.
Bu yazılanların doğru-yalan olduğunu bilmirdik, amma onun məktublarını oxuyurduq. Günün birində marağımın zarafat həddini keçdiyindən duyuq düşüb o məktubların hamısını yandırdım. O gecə səhərəcən üzümə tüpürdüm, özümə kəfən biçdim, kəfənimi əynimə geyinib özümü qəbrimə qoydum, üstümü torpaqladım. Ancaq iş bununla bitmədi…
Dostum, qadın üçün öz gözündən düşməkdən dəhşətli şey yoxdu həyatda. Axı mən kişi deyilən, ər deyilən bir məxluqdan nə vaxt yarımışdım ki, yenidən ər hayına düşmüşdüm? Nənəmin bir sözü vardı, deyərdi bəxtin yatdısa sən də yat.
Gizlətmirəm, ürəyimdə arzum vardı, xilasımı mənə elçi düşən insanlarda axtarırdım. Elə bilirdim ailə qursam bu cəhənnəm odundan canımı qurtararam. Düşdüyüm dibsiz quyuya sallanan hər kəndirdən yapışmaq istəyirdim. Di gəl, yapışdığım kəndirin o biri ucundan tutmuş insan karikaturalarını görəndən sonra ömürlük elə bu quyuda qalmağı diləyirdim. Mənim ev-eşik arzumun hansısa bir pəzəvəngin ovcunda olduğunu gördükcə o arzunun özünü də basdırdım getdi.
Rüfət məni umudsuz, sönük görəndə qucaqlayıb deyirdi:
– Ay qız, sən dəlisən, gör nəyin dərdini çəkirsən! Bu evi sonbeşik olduğuma görə mənə veriblər, mən də Cavidə bağışlayacam. Gedib özümə başqa yerdən ev tikəcəm, ev alacam. Oğlunu ən gözəl məktəblərdə oxudacam. Özünü puç eləmə.
Əlinin anası, bacısı hələ də fürsət düşən kimi Kamilin yanına, Musa əminin üstünə adam göndərirdilər. Umudlarını üzmürdülər, mənim etirazımı qadağaları, el qınağını aşıb keçə bilməməyə yozurdular.
Bir dəfə anam məni yenə acılayıb dindən-dondan çıxaranda onun üzünə bozarıb dedim:
– Məni bezdirmə, yoxsa uşağımı da götürüb Əliyə qoşulub gedəcəm bu evdən.
Anam yerindən ilan çalmış kimi sıçradı:
– Cəhənnəmə get! Qoy onun oğlanları sənin uşağını öldürsünlər, sən də bas onu bağrına yaşa. Dövrü-qədimdən belə olub ey, ay qoyun! Haram olsun oxuduğun kitablar sənə! Qardaşlarının danışdıqlarını da eşitməmisən?
Səməndərlə Kamilin tarixi söhbətlərini anam sakitcə dinşəyib sonra yeri gəldikcə mənə qaytarırdı. Onun dedikləri başıma batırdı, bəxtim mənlə həmişə gizlənqaç oynamışdı. Anamın çəkdiyi mənzərəni xəyalımda canlandırdıqca əlimi qulağıma atırdım, qorxurdum yenə qulağımdan qan açıla.
Şəfaqətin evindəki görüşdən xeyli keçmiş bir gün atam girəvələyib məni yanladı:
– Adam xoşuna gəlmir gəlməsin, ta özünə niyə böhtan atırsan?
Qızarıb bozardım, atama heç nə deyə bilmədim…
***
Erməniylə burun-buruna, orduyla iç-içə yaşasaq da atam heç kimin sözünə məhəl qoymadı, bir dəstə usta töküb evimizi təmir elətdi, qapımızdakı uzun çardağın güllədən şadaraya dönmüş şiferlərini sökdürüb yerinə parlaq dəmir vurdurdu. Nənəmin öz əlləriylə əkdiyi alma, armud ağaclarının qol-budağı dəyən qəlpələrdən çürüyüb töküldü, salamat qalanları da kökündən qurudu.
Kəndimizin camaatı gecələr əkin əkirdi, becərdiyini ay işığında zillətlə yığırdı. Bizdən xeyli arxadakı kəndlərin adamları gəlib bizim kənddən bazarlıq eləyirdilər, taxıl, toyuq-cücə, ağartı alırdılar. Bizim camaatı ordu da çox sinsidirdi, həyət-bacanın mer-meyvəsini, təndirə yapılan çörəyi əsgərlər də bizlə şərik yeyirdilər.
Cəbhə xəttinə yaxın olduğuna görə bizim kənddə toy çox erkən başlayıb hava qaralmamış bitirdi. Camaatın gurrahına dönə-dönə güllə, mərmi atmışdılar. Kəndçimiz Həsən dayı oğlunun toyunda yekə bir inək kəsmişdi. Əsgərlər tökülüşüb toy qazanlarının dibinə çıxmışdılar. Əlacsız qalan Həsən dayı qapısındakı biryaşar kəlçəni xəlvətdə kəsib toya gələn qonaqların ac getmək xəcalətindən özünü qurtarmışdı.
Kəndin belə-belə xəbərlərini bizə Rüfət gətirirdi. Bir dəfə də gecə darvazaya çıxan qardaşım iki əsgərdən birinin belində nəsə apardığını görüb irəli durmuşdu – sabun istəməyə getdikləri evin motalını götürüb aparırmışlar. Rüfət motalı əsgərlərdən alıb yiyəsinə qaytarmışdı. Motalın yiyəsi də bir oğlu Kəlbəcərdə itkin düşmüş, bir oğlu şəhid olmuş Camal dayıymış. Əsgərlər kişidən sabun alıb geri dönəndə damın ağzındakı tanağın üstünə qoyulmuş motalı da qənimət kimi götürübmüşlər.
Rüfət Cavidi nə qədər qorğandısa faydası olmadı, günün birində uşaq əsgərlərdən həm qotura yoluxdu, həm də evimizə bit gətirdi. Cavid belə olandan sonra Rüfət anamın gününü göy əsgiyə düydü, çünki atamın gözündən yayınan kimi anam evin ərzağını Caviddən əsgərlərə göndərirdi. Qoturu da uşaq elə o get-gəllərdə tutmuşdu. Anam atamın kəsdiyi heyvanın ətindən bibimə bir gimrik tikə verməyə qıymırdı, ancaq yemək bişirdiyim dolu qazanları yoldan ötənə elə ürəklə paylayırdı ki, gözüm kəlləmə çıxırdı.
***
Payıza çönəndə atamgil Səhərin “hə”sini verdilər. Əmiqızının “hə”si mənim “yox”um kimi bir şey oldu. Bir yandan sevinirdim, çünki xətrini həm bacım, həm balam kimi istədiyim əmim qızı sevib-seçdiyi oğlanla ailə qururdu; bir yandan da içim qurum bağlayıb gözlərim pas atırdı, çünki Səhər mənim bu kənddə son pənahım, dərd, sirr ortağım idi.
Səhərin toyuna yaxın mənə yenə “yağlı” yerdən elçi gəldi. Budəfəki elçilərim əmim oğlu Məhərin arvad qohumlarından idi. Dediklərinə görə, çox imkanlı adamıydı, Rusiyada, Bakıda xeyli obyekti, dükanı vardı. Öz xalası qızına evlənmişdisə də illərdən bəri uşaqları olmamışdı. İndi geri qayıdıb sınaqlı, yəni mənim kimi yanıbalalı birini almaq istəyirdi. Məhərin arvadı namizədi o qədər tərifləmişdi, bu işə hətta anam da razıydı. Deyildiyinə görə, evlənəndən sonra Bakıya yerləşib işinə burda davam eləmək istəyirmiş.
Gələcək kürəkən o qədər bəyənilmişdi, heç mənim fikrimə qulaq asmaq da istəmirdilər. Onda da mən üzümə saldım:
– O adamı görməmiş, onunla danışmamış heç kəs mənim yerimə qərar verə bilməz, – dedim.
Bu dəfə mənə Səhər yoldaşlıq elədi. Bunun da boynu-boğazı bizim Basar itimiz kimi zəncirliydi, bircə fərqi vardı ki, bunun zənciri qızıldanıydı. Şalvarını dartıb, yalan olmasın, ürəyinin başında kəmərləmişdi. Səhər adamı görən kimi qaş-qabağını sallayıb tərs-tərs mənə baxdı. Adam üzümüzə gülə-gülə masanın üstünə bir torba atdı:
– Şokoladdı, bir dənə də ətirdi, aranızda bölərsiz.
Özündən razı halda stula çöküb qıllı əllərini bir-birinə çataqlayanda uzun dırnaqlarının arasındakı qara kirdən ürəyim qalxıb xirtdəyimə dirəndi. Allaha yalvarırdım ağzını açmaya. Dostum, o vədələr məndə bir qəribə həyasızlıq yaranmışdı: mənə elçi düşən adamların heç birindən utanıb eləmirdim, gözümü zilləyib onların bütün nişanələrini diqqətlə gözdən keçirirdim. Namizədin iri burnunun altındakı lopa bığı dodaqlarını tamam örtmüşdü, elə biləsən ağzına bir çəngə nənəmin örkən toxumaq üçün daradığı keçi qəzili almışdı. Danışdıqca o bir çəngə qəzil dodağının üstündə atılıb düşürdü. Bir az da diqqətlə baxanda burnunun üstündən sallanan üç dənə uzun tük mənim iştahımı lap açdı.
Adam çox şeydən danışdı, çox sual verdi. Oğlumu gözü üstündə saxlayacağına, hətta istəsəm ona ayrıca ev alacağına, məni atam evinə az-az göndərəcəyinə söz verdi. Səxavətdə, comərdlikdə özünü lap Hatəmə tay tutdu. Kəlməbaşı qənaətcil qadınları sevdiyini vurğuladı. Deməyəsən keçmiş arvadı onun varını səxavətlə qohumlarına paylayırmış, cibindən pul oğurlayırmış. Bunun evinə bir qoftayla gəlsə də, dədəsi evinə bir maşın paltar, iki şuba, bir ətək qızılla qayıdıb.
Mən onu səbirlə dinlədikcə Səhərin gözü kəlləsinə çıxırdı, ətli balaca əllərini ağzına basıb him-cimlə məni durmağa tələsdirirdi. Kavaler mənlə ən çox da oğlum olduğuna görə evlənmək istəyirdi, biz evlənən kimi buna da oğlan doğmalıydım. Şərtini ortaya qoyandan sonra mənə ağıllı bir məsləhət də verdi:
– İstəyirsən uşağını qoy hələ kənddə qalsın, məktəbindən ayırma, mən hər ay ondan ötrü atangilə xeyli pul göndərərəm.
Danışıb başını dala-qabağa əydikcə köynəyinin boynunda görünən sadır, qartmaq bir başqa aləmiydi. Bundan sonra nəsə dediyini bığlarının tərpənişindən bilirdim, amma heç nə eşitmirdim. Burnunun altındakı pırpızaq tərpənməz olanda elçimin sözünü bitirdiyini anladım. Ən son arzusunu bildirməklə lap gül vurdu: məni aparıb qonşu rayondakı məşhur ocaqda Qurana əl basdıracaqdı, toydan əvvəl ona and içməliydim ki, ərim öləndən sonra əlimə kişi əli dəyməyib.
O danışdıqca ürəyimdə Allaha yalvarırdım, deyirdim nola yumruğunu açmaya; onun uzun dırnaqlarına suvanmış qara çirk qonşumuz lal Kərimin eşşəyinin belində açılmış yaradan süzülən irinə oxşayırdı. Mənim ona diqqətlə qulaq asmağım Səhəri əməlli-başlı havalandırmışdı, kavalerinsə bu diqqət özünə güvəncini getdikcə artırırdı. Mən ona qulaq asmağa məhkumuydum, onun dediklərini dənçiyimə yığmalıydım. Ki, evə qayıdanda anamın qarşısına qoymağa tutalğam olsun, özümü bu qətran quyusundan da qurtara bilim.
Kürəkənliyə namizəd tüklü əlini uzadıb istəkandakı soyumuş çayı hortultuyla başına çəkdi, ardınca da şaqqıltıyla gəyirəndə mən ayağa durdum. Kişiyə hayandan baxırdımsa gözüm burnunun üstündən sallanan üç qocaman tükdən asılıb qalırdı. Elə o tükləri gözlərimlə ütə-ütə dedim:
– Allah yolunuzu açıq eləsin, amma mən sizə and içə bilmərəm.
Kavaler qara caynaqlı əlini uzadıb qənşərimə qoyduğu torbanı çalağan kimi qapdı:
– Niyə axı? Onda özünə arxayın deyilsən dəə.
Səhərin əlindən tutub evimizə tərəf götürüldüm. Əmim qızı yol boyu gah ağladı, gah güldü, gah kimlərisə söydü, gah asi düşdü. Qapımıza çatanda əmoğlu Məhərlə qarşılaşdıq. Səhər qardaşının əlindəki kərəntiyə baxıb şaqqanaq çəkdi:
– Onun dırnaqlarını bu kərəntiylə nə kəsərdim!
***
Bu elçini də azdırandan sonra anam mənlə açıq döyüşə girdi. Ayağının birini irəli, birini geri qoyub lombasıyla üzümə tüpürdü:
– Tfu sənin kimi züryətin üzünə! Dolama çıxmış dilini nə vaxt dinc qoyacaqsan? Səni elə taykeş qalasan, ərə yox, gora gedəsən! Getmirsən cəhənnəmə get, qardaşlarının papağını niyə yerə soxursan? Ağıllı keçəl qız ərə gedər, ağılsız gözəl gora gedər. Ay Telli yorsun, sənin yanında hansı kişi olub axı? Kişi də yox eyy, kişilər! Arzunu ürəyində qoyacam, sən elə iyli dolaq kimi ayağımıza dolanıb bu kənddə də öləcəksən. Subay qızların adını tutan yoxdu, oğlanlarıma görə sənin kimi yanıqoduqlunu seçib saytallayırlar, sən də özünü aş üstə qırqovul sayırsan. Tək atanın, qardaşlarının yox ey, bu qədər əmin oğlanlarının, xalan oğlanlarının, dayılarının da papağını yerə soxmusan. Səni bu kənddə zəncirləyib ağzına da çilik vurduracam, baxarsan! Nə vaxtacan mənim balalarım qazancını sənə, oğluna yedizdirəcək? Arvadlarıyla üz-göz olurlar, onlardan oğurlayıb sənə, uşağına baxırlar. Çıx get yalvaranın birinə, qoy onlar da rahat nəfəs alsınlar.
Rüfət məni anamın əlindən almasaydı, kim bilir, daha haraları qurdalayacaqdı:
– Az, nə istəyirsən uşaqdan, – sonbeşik qardaşım coşdu, nə coşdu, – get sıpa irtməyi qopardan qardaşın qızlarını ərə ver! Mağıl oturub uşağını saxlayır, gərək gedib hansısa zağarqarının birinə qulluq eləyə?..
Bir müddət sonra qardaşlarım hamılıqca ata evinə yığılanda anam onların topasına nota verdi:
– Bu gündən baxmırsız buna! Qoyun ehtiyac içində qalsın, bəlkə onda ağlı başına gələ.
Onun belə dirəşməyi Rüfətin də tərs damarını dingildətdi:
– Verməyin, bu gündən heç biriniz bu iki yetimə bir qəpik də verməyin! Nəyiniz var verin ananıza, aparıb qardaş-bacısına paylasın. Hamınız çəkilib oturmusuz evinizdə, xəbəriniz var ananız bu qızın başına nə oyun açır? Xeyirə buraxmır, qohum evinə buraxmır, bir sinif yoldaşıyla görüşməyə qoymur. Telli mamanın da yanına buraxmır. Onun istədiyi budu ki, Bircəni pullu-qıllı bir ayıya verib bu evdən kürüsün.
Rüfət ağzının odunu evdəkilərin üstünə yağdırıb dörd böyük qardaşına məhəl qoymadan uzun qollarını yellədə-yellədə qımçırlayıb darvazadan çıxanda qardaşlarım anamı qucaqlayıb bağın dərininə apardılar…
(Ardı var)