Budaq Təhməz yaradıcılığında Vətən mövzusu
- 19 Noyabr 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Ələsgər Talıboğlu
Şair-publisist, Məmməd Araz
mükafatı laureatı
Respublikamızın ayrı-ayrı rayonlarında rayon qəzetlərinin nəzdində ədəbi dərnəklər fəaliyyət göstərdiyi kimi Şərur rayonunda çıxan “İşıqlı yol” qəzetinin nəzdində də “Şərur qönçələri” adlı ədəbi dərnək vardı. Hazırda o dərnək “Şərur” ədəbi birliyinə çevrilib.
Bu dərnəyin bətnindən yoğrulub çıxan ədəbiyyatşünas alim, akademik Muxtar Kazımoğlu, şair, yazıçı Sona Vəliyeva, şair Kəmaləddin Qədim, Vaqif Məmmədov, Rafiq Oday, İnqilab Orxan, Məmməd Tahir, Aləm Kəngərli və digərlərinin adlarını bu gün iftixarla çəkmək olar ki, onlar öz dəsti-xəttləri, imzaları ilə Azərbaycan ədəbiyyatında tanınan və sevilən qələm sahiblərindəndirlər.
“Şərur qönçələri” ədəbi dərnəyinin bətnində söz-söz yoğrulan, misra-misra bişən və şeir-şeir ucalan şairlərimizdən biri də vaxtı ilə bu dərnəyin rəhbərlərindən olmuş Azərbaycan Yazıçılar Birliyinin üzvü, Məmməd Araz mükafatı laureatı şair Budaq Təhməzdir.
Budaq müəllimlə tanışlığımın tarixçəsi desəm ki, çox uzundur, heç də yanılmaram. Mən onu orta məktəbdə oxuduğum illərdən tanımışam. İlk öncə rayon qəzetinin səhifələrindən – qiyabi olaraq, orta məktəbi bitirdikdən sonra “Şərur qönçələri” ədəbi dərnəyinə ayaq açdığım gündən isə əyani tanımışam. Şeirlərini necə sevmişəmsə, özünü də eləcə sevmişəm: gözəl şair və səmimi insan kimi…
Şairin ayrı-ayrı illərdə “Mən vətənin oğluyam”, “Şair ürəyi”, “Vətən dərdi”, “Çətin dövran əzə məni”, “Ötən günlərim”, “Gəmiqayaya salam”, “Qönçəbəyim” və s. kitabları çap olunub.
Budaq Təhməzin şeirlərində Vətən mövzusu daha qabarıq və dolğun şəkildə öz noetik əksini tapıb. Bu da səbəbsiz deyil. Çünki şair öz ilhamının mayasını yalnız və yalnız Vətən torpağının qayasından, daşından, bərəkətli zəmisindən, coşqun suyundan alıb. Doğulduğu kəndindən başlanan Vətən sevdasının sərhədləri onun üçün Borçalıdan, Göyçədən Dərbənddən, Təbrizdən, Zəncandan, Kərkükdən, adını saymadığım neçə-neçə müqəddəs qədim türk torpaqlarından keçir. Onun qəlbində Vətən sevdası gündən-günə alışıb yanan atəşin bir ocağa bənzəyir. O ocaq səksən ildir ki, onun qəlbində sönmək bilmir və inanıram ki, sönməyəcək…
Səfərdəyəm gecə-gündüz,
Hər obada bir cığır, iz.
Darıxıbdır dağlar mənsiz,
Qoy söykənim sinəsinə.
Nəğməm, şeirim, ana Vətən,
Qoymaz düşə saçıma dən.
Bir gün ölsəm yolunda mən,
Yarın, qoyun sinəsinə.
“Nəğməm, şeirim ana Vətən…” deyən şairin sözündə nə qədər də böyük həqiqət var. Əgər bu həqiqət olmasaydı, şairin aşağıdakı misraları da deməyə heç qüdrəti çatmazdı:
Zirvə cəsarətimdi,
Vətən el qeyrətimdi.
Vətənsizlər yetimdi,
Mən Vətənin oğluyam.
Və bu fikrini qüvvətləndirmək üçün şair Vətən sevdasına bağlı olduğunu aşağıdakı misraları ilə daha dolğun və poetik bir formada açıb göstərir:
Əgər çağlamasa ilham sinəmdə,
Alışar sinəm də, yanar sinəm də.
Məhəbbət olmasa elə sinəmdə,
Mən eldən, obadan necə yazaram.
Şairin hər kitabını oxuduqca orada Vətən torpağına olan məhəbbətinin, sevgisinin bariz ifadəsinin müxtəlif forma çalarlarına addımbaşı rast gəlirik. Buna isə sevinməyə bilmirik:
Sönməz günəşim, nurum,
Əyilməyən qürurum.
Şahdağıtək vüqarlı,
Qışı güllü, baharlı.
Günləri al səhərli,
Çölləri bol bəhərli.
Günəş nurlu məkanım,
Anam – Azərbaycanım! –
deyən şairin sevgisi necə də ülvi və əsrarəngizdir…
Bütün şairlərimiz kimi şair qardaşım Budaq Təhməzi də yağıların qarış-qarış işğal etdiyi – itirdiyimiz torpaların, o cümlədən Qarabağ torpağının yanğısı içini için-için yandırır və ruhunu hər zaman sızım-sızım sızladır.
Yaralarım dərin-dərin,
Başdan aşıb dərdi-sərim.
Haray çəkir Kəlbəcərim,
Ürəklərə çəkilib dağ,
Yaralıdır ana torpaq.
Şuşa yandı, Laçın yandı,
Yandı, için-için yandı.
Aman, Allah, içim yandı,
Ürəklərə çəkilib dağ,
Yaralıdır ana torpaq.
Dözəmmirəm belə dağa,
Qan qardaşım, qalx ayağa,
Yürüş edək Qarabağa.
Ürəklərə çəkilib dağ,
Yaralıdır ana torpaq! –
deyən şair dəlilər kimi hayqıraraq qəlbindəki ağrı-acıları acı bir dillə ifadə edə-edə Vətən oğullarını Qarabağı yağı pəncəsindən qurtarmağa səsləyir. Bu isə son dərəcə inandırıcı və təbiidir. Çünki Vətən sevdasıyla ürəyi köz-köz, söz-söz, sətir-sətir, bənd-bənd, şeir-şeir yanan bir şairdən bundan artıq nə gözləmək olar ki?!.
Odur ki, şair Araz dərdindən, Qarabağ nisgilindən qövr etməkdə olan yaralarımızdan yana-yana, həsrətlə yazdığı kimi, gördüyü gözəlliklərdən, sevinc doğuran duyğulardan da ilhamla söz açır:
Boğar məni heyrətim,
Haray salar qeyrətim.
Qalar vərəqlər yetim,
Mən şeir yazmayanda.
Bülbül susar çəməndə,
Düşər saçıma dən də.
Məni qınar Vətən də,
Mən şeir yazmayanda. –
deyən şair çap olunmağa o qədər də önəm verməsə də bu gün də yazıb yaratmaqdadır.
O, şair ürəyini narahat bir dənizə bənzədir. Onun dediyi kimi, “o dənizinsə öz aləmi vardır”.
Sevimli şairimiz təkcə Vətən mövzusuna qapılıb qalmır. Yaşadığı həyatın hər sahəsindən rəngarəng mövzular taparaq poetik biçimə sala bilir. Eyni zamanda, şeirimizin klassik mövzusu olan məhəbbət mövzusundan da yan keçmir. “Kəndimizə bir qız gəlib şəhərdən”, “Küs demə”, “Bu qız” şeirləri onun bu mövzudakı ən uğurlu şeirlərindəndir:
Dəymiş nardı, yanaqları allanıb,
Şaftalıtək dodaqları ballanıb.
Hörükləri gərdəninə sallanıb,
Ağlımı başımdan alıbdı bu qız,
Məni kəməndinə salıbdı bu qız.
Qaşlar qara, gözlər ceyran gözüdü,
Gözəllikdə gözəllərin gözüdü.
Bəlkə elə hüri-qılman özüdü,
Ağlımı başımdan alıbdı bu qız,
Məni kəməndinə salıbdı bu qız.
Budaq Təhməzin “Gəmiqayaya salam”, “Ötən günlərim”, “Aşıq Nabat”, “Qürbətdən gələn səs”, “Oxunmamış ürəyim”, “Qönçəbəyim” və “Dağlara sözüm” kimi poemaları, “Asnı və Qara” və bir də “Arpaçay əfsanəsi” kimi mənzum pyesləri var ki, bunlar da şairin çoxşaxəli yaradıcılıq dünyasından soraq verir.
Şair körpə balalarımızı belə unutmayıb. Onlar üçün də çoxlu gözəl şeirlər yaradıb. O, “ Budaq babanın nağılları” adlı uşaq şeirlərindən ibarət kitabını nəfis şəkildə çap etdirərək balalarımıza ərməğan edib.
Dəcəldi yaman
Balaca Totu.
Nənəsi deyir:
– Ay qız, düz otu!
Bəsdi aldatma
Körpə Salmanı.
Dişləyib vermə
Ona almanı.
Çox sevindirici haldır ki, Naxçıvan Dövlət Radiosu öz verilişlərinə Budaq Təhməzin “Bir gün Naxçıvanda sən qonaq olsan” şeirinin oxunuşu ilə başlayır.
Yurduna-yuvasına, elinə-obasına sıx tellərlə bağlı olan Budaq Təhməz şeirlərindən birində belə deyir:
Deməyin ki, bir ağacda budağam,
Ötən bülbül, dinən diləm, dodağam.
Bu dünyada bircə misram qalarsa,
Ölməmişəm, demək onda mən sağam.
Səksənin dizini böyük şövqlə, ilhamla qatlayan, ey şair, sənin ölməyə haqqın yoxdur. Çünki sənin yazan qələmin, yaratmaq eşqiylə çarpan ürəyin hələ ki, durmaq bilmir. Ona görə də sizə ilk öncə can sağlığı, sonra isə böyük yaradıcılıq uğurları arzulayırıq.
27.09.2018
Müəllifin başqa yazıları: