Cəhənnəmdən keçmiş mələk (97)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Bir gün bibim sevincək bizə gəlib qoynundan bir şəkil çıxardı. Pəncərədən anamı güdə-güdə şəkli mənə uzatdı. Şəkildən lopa bığlı bir aşıq boylanırdı – sazı sinəsində, papağı gözünün üstündə, çəkməsi dizindən. Şəklə baxan kimi məni dəli bir gülmək tutdu, üzümü bibimə çevirib dedim:
– Bu şəkil kimi oğlanı hardan tapmısan?
Aşığa baxıb uğunduqca Telli mama mənim təhər-töhürümü, qırımımı tuta bilmirdi. Yazıq arvad bir az məni mat-mat dinşəyib üstümə şığıdı, şəkli əlimdən alıb yenə qoynuna soxdu:
– Anan gəlir, məni qana salma! Aşığın bacısı bunu mənə yalvarıb verib, gör bəyənirsənsə elçi gəlsinlər.
Mən gülməyimi birtəhər saxlayıb dedim:
– Gəl elə qardaşınla danışım, səni verək bu aşığa, – sonra da onun tösmərək, dolu əndamına ilan kimi sarıldım.
Bu aşıq söhbətindən sonra uzun müddət bir-birimizə baxa-baxa uğunub gedirdik, anam bizi şübhəli-şübhəli süzəndə bibim onun qorxusundan əl atırdı böyrünə:
– Bircə, məni az güldür, savırqam batdı.
Ancaq məndə maraq doğurmuş kavaler lopabığ aşıq deyildi. İndi ondan danışım…
Bibimlə Səməndər mənim elçilərimdən birini manşırlayıb dil boğaza qoymurdular. Telli mama hər gün məni yanlayıb yalvarırdı:
– Ömür keçir, nə vaxtacan ananın qapazı altında qalacaqsan? Adamın hər şeyi var, deyir uşağına da öz balam kimi baxacam.
Tərs kimi də elçi düşənlərin hamısı məndən uşaq istəyirdi. Mənim heç ərə getmək ağlımdan keçmirdi, o da ola hansısa bir ayğırdan alabəzək uşaq doğmaq. Nə isə, bibimin, əmiqızı Şəfaqətin uzun sürən təkidlərindən sonra elçilərdən ən layiqlisi, ən imkanlısı, dediklərinə görə, həm də ən ağıllısıyla görüşməyi qərara aldım.
Adam Şəfaqətin ərinin əsgərlik yoldaşıydı. Rusiyada ayrı millətdən olan qadınla evlənib boşanmışdı. İndi gəlib özümüzünkülərdən halal süd əmmiş, qanıtəmiz birini alıb aparmaq istəyirdi.
Anamdan gizli Şəfaqətgildə bizə görüş təşkil elədilər. Yekəqarın, yekəbığ, barmağına yekə bir üzük taxmış kişini görəndə pıqqıldamaqdan özümü güclə saxladım – nə vaxtsa “Kirpi” jurnalında gördüyüm bir karikaturaya oxşayırdı. Kişi məni boyaboy süzüb başladı özündən danışmağa:
– Çoxlu dükanım, maşınlarım var. Rayonun yarısını aparıb orda çörək yiyəsi eləmişəm. İndi evlənib özüm üçün yaşamaq istəyirəm, mənə təmiz evdar xanım lazımdı.
Kavalerim ordan-burdan çox danışdı. Danışdıqca ağzının içinə, dodaqlarına qızıl dişlərinin işığı düşürdü, bahalı saatını, üzüyünü az qalırdı gözümə soxsun. Birdən qayıtdı ki:
– Mənim kabinetimdə bir külqabı var, qiyməti on iki min dollardı. O cür evə yiyələnmək çox qadının ürəyindən keçir.
Nəhayət, mən də dillənəsi oldum:
– Bəs o bahalı kabinetində bircə dənə də olsa kitabın varmı?
Qızıl dişləriylə gözümü qamaşdırdı:
– Mən heç kimin kitabını oxumuram, indi hamı mənim kitabımı oxumağa çalışır.
Mədəm bulum-bulum bulandı, qusmayım deyə əlimi ağzıma təpdim.
– Nədi, ətirimin iyi xoşuna gəlmədi, – dedi, – bunu Hollivudun kişiləri vurur ey.
Düzü, mənim burnuma ətir iyindən çox at tərinin qoxusu gəlirdi. Mən indi bu otaqdan necə çıxmaq, hara qaçmaq barədə düşünürdüm. Kavaler xırıltılı gər səsiylə soruşdu:
– Ərin neçə ildi ölüb?
– Yeddi ildi.
– İndi mən hardan bilim ki, bu yeddi ildə sənin həyatında kişi olmayıb?
Beynimin uğultusundan qulaqlarım tutuldu, məni bunla bir otağa dürtən əzizlərimin yeddi arxa dönənini söyüb-suvamağım gəldi. Oturduğum stulu geri itələyib ayağa qalxdım. Kişi nənəmin cin düymüş kələfinə oxşayan başını irəli uzatdı:
– Otur görüm ey. Düzünəqulu danışanda da bizimkilər cırnayırlar. Bax mən kişi xeylağıyam, arvadım məni atıb gedəndən sonra həyatımda filan qədər qadın olub. İndi baxıram sənə, gözəl-göyçək gəlinsən, hamı deyir anan səni evdən eşiyə buraxmayıb. İnana bilmirəm bu müddətdə heç kimlə görüşməmisən.
Bir addım da geri çəkilib şəstlə dedim:
– Sizə yanlış məlumat veriblər, mənim həyatımda xeyli kişi olub.
– Allah köməyin olsun, yaxşı vaxtında boynuna aldın. Mən baxan kimi bildim ki, səni tək qoymazlar.
Kişini içəridə qoyub özümü bayıra atdım. Həyəcanla gözünü mənə dikmiş Şəfaqətin üzünə baxıb bərkdən güldüm, pillələri cüt-cüt düşüb evimizə tərəf yol aldım.
Kəndin arasıyla yeyin-yeyin yeridikcə salam verdiyim adamlar üzümə təəccüblə baxırdılar. Xəcalətimdən gözümü onlardan yayındırırdım – elə bilirdim bu yanımcıl, zəhmətkeş kənd adamları üzümə yapışmış karikaturanı görüb mənə tüpürəcəklər; elə bilirdim qızıldişin danışdıqca məni vuran nəfəsi canımı kirlədib, hırıltısı saçlarıma hopub, xırıltılı səsi qulaqlarımdan sallanır, ona görə bu adamlar mənə belə mat-mat baxırlar.
Palçıq baddan hörülmüş uçuq məscidi ötüb döngəmizi burulanda kənd uşaqlarıyla oynayan Cavid tövşümüş özünü mənə yetirdi:
– Bircə, nolub sənə, hardan gəlirsən? Ayağındakılara bax, uşaqlar sənə gülürlər eey.
Qənşərimdə dayanıb altdan-yuxarı gözünü gözümə dikmiş balamı görəndə lap dolaşdım, ölüm mənə fərz oldu. Bilmədim uşağa nə deyim, gözümü bir az da endirib ayağıma baxanda gic gülməyim tutdu yenə: pilləkəni qaçaraq düşəndə bir ayağıma əmim qızının qaloşunun tayını, o biri ayağıma yeznənin rezin çəkməsinin boğazıkəsik sürütməsini geymişdim. Kənd adamı da buna görə mənə elə baxırmış.
Dostum, o gecə özümə dar ağacı qurdum, yaramaz başıma kəndir keçirib cəsədimi yorğanın altında dəfn elədim…
***
Fəsillər bir-birini yedəyinə alıb apardıqca Cavid böyüyüb ətə-qana dolurdu. Anamın zoxmaları, tənələri də fəsillər kimi aldəyişik olurdu. Cavid hələ də mənə isinişib yovuşmurdu, anam məni acılayıb ağlatdıqca nənəsinə bir az da çox mehir salırdı, ona sırmanıb mənim göz yaşlarımın mükafatı kimi anamı öz körpəcə öpüşlərinə qərq eləyirdi.
Düzünə qalanda anamı da qınamalı deyildi. Pis-yaxşı məni bu evdən köçürüb ev eləmişdi, ondan sonra mənim ata evindəki künc payımı özününkünə qatıb növrağını qurmuşdu. İndi mənim yanımda bir uşaqla yenidən bu evə qayıdıb onun bütün rahatlığını pozmağım, yerini dar eləməyim, bu yaşında ona boğaz ortağı olmağım doğru deyildi. Yer üzündə kim olsa da dul qadın evsiz olmasın. Dünyada bundan böyük bədbəxtlik yoxdu…
Cavid üçü bitirib dördüncü sinfə keçəndə Rüfət ordudan tərxis olunub evimizə qayıtdı. Onun gəlişi bizi ata yurdumuzda daha da pardaqlandırdı, arxalı-ürəkli elədi. Anam məni bir balaca acılayan kimi Rüfət onun üstünə cocuyurdu:
– Bəsdi də, nə istəyirsən bu qızdan, bu sənə hambal gəlib? Qalx evinin işini gör, yeməyini bişir. Bircə dədəsi evinə gəlib, xoşun gəlmir sən də çıx get öz dədənin evinə.
Belə vaxtlarda atam da mən tərəfə keçirdi:
– Rüfət düz deyir, bir dəfə küs get görək qala bilirsənmi?
Onda anam atamın yaralı yerinə əl atırdı:
– Həə, demək məni göndərirsən dədəm evinə? Nolar, indi mən də gedib qardaşın Musaya deyərəm Rəhman ölüb, ordan da gedərəm dədəm evinə.
Anamdan çox da beli bağlı olmayan atam tez sözünü dəyişirdi:
– Az, yalan deyirəm, mən özüm gedərəm dədəm evinə. Məni sənə cehiz veriblər, farağat otur yerində.
Atamın yumşaldığını görən Rüfət yanıb yaxılırdı:
– Yekə kişisən, dur bunun yanbızını ver çubuğa, biz də dincələk.
Atam təhər-töhürünü heç pozmadan anama baxıb:
– Yox, bala, – deyirdi, – məni ha itiləsən də kəsən deyiləm. Özün evlən, arvadını döy, mən də sənə baxım öyrənim…
Rüfət cəbhədən gəldiyi ilin, demək olar, bütün qışını xəstə yatdım. O da anamın ucbatından. Soyuq, yağışlı havada bir də görürdün dik qalxdı:
– Dur pəncərələri sil, tavanı da yu.
Qaz çoxdan kəsilmişdi, hamı evində odun sobası yandırırdı. Mən evlərdən qurtaran kimi anam gözünə alaqolay dəyən bir xalçanı sürüyüb atırdı qapıya. Qışın sazağında xalçanı yuyub düşürdüm yorğan-döşəyə.
Mən xəstələnəndə anam evdən qaçırdı – bir gün qardaşı evinə, bir gün bacısı evinə, bir gün də kəndimizdəki bacılığıgilə. Cavidə Rüfət baxırdı, Kamillə köməkləşib belimə banka qoyurdular, Səməndər həkim qonşusunu üstümə gətirirdi.
O yaz sağalıb ayağa qalxanda saçlarım yenə su kimi axıb getdi. Aqil məni anamın əlindən alıb Bakıya apardı, xeyli müalicə olunub yenidən evə qayıtdım.
Mən qayıdan kimi Cavid məktəbdə yıxılıb qolunu qırdı. Yaxşı ki, kəndimizdəki adlı-sanlı sınıqçı hələ sağıydı, Kamil Cavidi məktəbdən birbaşa gözü yaxşı seçməyən qoca sınıqçının evinə gətirmişdi. Mən xəbəri eşidib özümü o evə çatdıranda kənd adamının yarısını sınıqçının həyətində gördüm. İçimdən soyuq bir cərəyan keçdi, nə illah elədimsə yeriyəmmədim. Yaşlı-cavan hamı üzümə mərhəmətlə baxırdı. Kiminsə dilindən bir “yazıq” nidası da qopdu, bunu eşidəndə yıxıldım. Elə bil çılpaq canımı götürüb qaratikan kolunun üstünə atdılar. Handan-hana qulağıma bibimin səsi dəydi, kimsə məni qamarlayıb yerdən üzdü. Gözümü açanda gördüm Telli mama başına, sinəsinə döyüb fəryad qoparır:
– Allah, Allah, yenə yıxdın balamın komasını?!
Məni yıxıldığım sarı tikanın üstündən qaldıran Musa əmimin Rüfətlə yaşıd oğlu Ziyaydı. Mən sınmış qədəmlərimlə pilləkənə çatmamış Rüfət Cavid qucağında sınıqçının seyvanına çıxdı:
– Bircə, qorxma, bax Cavid sağ-salamatdı.
Uşağı diri görüb toxtadım. Telli mama səsini udub özünü Kamilin üstünə atdı. Sınıqçını yaxşı tanıyırdım, qardaşlarımın çox sınığını sarımışdı. Kişi uzun ipin bir ucunu toqqasına, bir ucunu da Cavidin biləyinə bağlayıb qolun qırıq sümüklərini sığadıqca uşağın bağırtısı ərşə qalxırdı. Sınıqçının gəlini ensiz ağ parçanın üstündə yumurtanın sarısını una qarışdırıb zamaq salırdı. Gəlin sarı kütləni ağın üzərinə yaydıqca sınıqçının nəvələri balaca barmaqlarını batırıb həlməşiyi yalayırdılar. Cavidin üzünü sinəsinə sıxıb sınıqçıya baxmağa qoymayan Rüfət mənə sarı çevrikib qışqırdı:
– Nə gözünü döyürsən, qoyma uşaqlar zamağı yedilər, bütün kəndi gəzib altı yumurtanı güclə tapmışam.
O yaz kəndə azar düşüb qapıların toyuq-cücəsini süpürüb aparmışdı. Bunu eşidən anam irəli durub bir zoxmayla uşaqların ikisini də bayıra atdı.
O gecə Cavid sümüklərinin sızıltısından danı diri tutdu, Telli mama da əlində bir iynə mənim canımdakı tikanları eşib çıxardı. Şükür ki, ağlıma gələn başıma gəlmədi, uşağın qolu tez bir zamanda bitişdi, sümüyündə əyrilik-filan qalmadı…
***
Aqilin qayğısı, diqqəti sayəsində hamiləliyini salamat keçirən Lalə yayın sonlarına yaxın yükünü yerə qoydu. Bacı-qardaş bir yerə yığışıb onun uşağını qucağına almasına şahidlik elədik. Körpənin qırxını tökəndən sonra bacımı Hakimin maşınına oturdub balasıyla birgə kəndə gətirdik. Az keçmiş bir oğlan Hakimin, bir oğlan da bacıların ortancılı Sevilin evində dünyaya gəldi. Atam üç qoç qurban kəsib kasıb qonum-qonşuya payladı.
Uşağı doğulan kimi Lalə yorğan-döşəyə düşdü. Hamilə vaxtı canına vurulmuş ağır iynələrdən, bu uşağa qədər keçirdiyi düşüklərdən, bir balası qucağında tələf olandan sonra canında mafar qalmamışdı. Bunlar azmış kimi boğazında da iri bir zob əmələ gəlmişdi. Bunu bilən qardaşlarım Laləni də götürüb düşdülər şəhərin canına – o xəstəxana sənin, bu xəstəxana mənim. Kirtik kimi çağanı üstümə atıb getdilər. Atam, Səməndər, Kamil mənə əllərindən gələn köməyi göstərirdilər ki, bu uşaq da ölməsin. Di gəl, anamla Cavid körpəyə göstərdiyim qayğını, ayırdığım vaxtı burnumdan tökürdülər. Cavid məni bələyə yamanca qısqanırdı.
Kamil atamla anamın çarpayılarının arasında çağaya yüyrük asıb yoğun çatıyla hər iki çarpayıya bənd eləmişdi. Bir gün uşağı yüyrüyüb yatızdırandan sonra axşam süfrəsi hazırlamaq üçün mətbəxə keçdim. Bunu görən Cavid xəlvətə salıb qundağı götürüb çıxar bayıra, aparıb qoyar çardağın altındakı, hərdən anamın da üstündə oturduğu qapanın üstünə.
Ara-sıra evi dinşəyib səs-səmir gəlmədiyini gördükcə ürəklənib əlimdəki işlərimi qovurdum. Bilmirəm aradan nə qədər keçdi, atamın səsinə evə girdim. Kişi böyümüş gözlərini yüyrükdən ayırıb mənə baxdı:
– Uşaq hanı?
Yüyrüyü boş görəndə gözümün qabağında halqalar oynaşdı. Mən də eyni həyəcanla atamdan soruşdum:
– Bəs Cavid hanı?
– Cavid içəridə yatıb.
Özümü arxa otaqlara atıb hər yanı bulğandım: çağa yoxuydu! Atam özünü zaldakı divana yıxıb güclə dilləndi:
– Beləmi saxladın xalxın amanatını, indi neyləyəcəyik?!
Yorğanı Cavidin üstündən atdım, dartıb onu yerə saldım:
– Hanı uşaq? Tez elə yerini de, yoxsa səni parçalayacam!
Cavid özünü yatmışlığa vurub:
– Nə bilim ey, – dedi, – gedin qapıya baxın, bəlkə durub oralara gedib.
Bundan irəli mənim çağaya çox diqqət göstərdiyimi görən Cavid bir dəfə mənə demişdi:
– Fürsət düşən kimi onu öldürəcəm. Sən də, qardaşların da o tüklü kuklanı çox istəyirsiz, məni yox.
İndi bu söz gəlib yadıma düşmüşdü deyə qulaqlarım həm uğuldayır, həm də saat kimi çıqqıldayırdı. Uşağın sağ olduğuna inana bilmirdim. Evimizin arxasında su quyusu vardı, mal-qaranı o quyunun suyuyla suvarırdıq. Cavid körpəni o quyuya atacağıyla hədələmişdi məni.
Uşağın qolunu buraxıb ayaqyalın evin dalına qaçdım, quyunun qapağını qaldırıb içinə dörd gözlə baxdım: suyun üzündə xəzəldən savayı heç zad yoxuydu. Quyunun dodağındakı ətli qurbağa qorxudan özünü şappıltıyla suya vuranda elə bildim əmgəyimə nəsə batdı. Qapıya yüyürdüm, Cavidin boynu xaralı xoruzu qapanın yanında nəyəsə baxıb şeşələnirdi. İrəli duranda gördüm ki, havada iki balaca əl oynayır. Eymənə-eymənə bir az da qabağa yeriyəndə xoruzla göz-gözə qalmış qundağı gördüm.
Bələyi bağrıma basıb özümü evə salanda Cavidin xain baxışlarıyla toqquşdum. Körpəni atamın qucağına atıb Cavidi xırxaladım, onun arıq-cələfsiz boğazını xışmalayanda uşaq çığırdı:
– Bircə, qulağın qanayıb!
Cavidi buraxıb sol əlimi qulağıma atdım: qulağımdan çiynim, sinəm aşağı qan axırdı. Elə bildim quyuya baxanda haramısa zədələmişəm. Atam payızın soyuğunda buza dönmüş bələyi sinəsinə sıxıb:
– Qaç Kamili çağır, – dedi, – sənin qulağından qan gəlir.
Burnumdan qan açılanda buz qoyurdular başıma, burnumun kökünü geriyə sığayırdılar. İndi heç özüm də bilmirdim özümə necə kömək eləyim.
Qulağımdan qan açılmağı doğmalarımı çox qorxutmuşdu. Atamla Kamil anamı necə almancladılarsa uzun zaman bacı-qardaş evini gəzməyinə ara verdi. Qundağa özbaşına yaxın durmaq Cavidə qadağan olundu. O gündən sonra Kamil cədvəl tutub atamı, anamı, hətta Cavidin özünü də günün müəyyən saatlarında yüyrüyün yanında oturtmağa başladı. Gecələrsə çox vaxt elə Kamil özü mənə kömək eləyirdi. Qardaşım böyüdükcə üzümüzə gülən Anara məlahətli səsiylə elə laylalar çalırdı, Cavid də dərslərini bir yana qoyub girirdi sevmədiyi xalası oğlunun yanına; Kamilin zümzüməsi onu da yatırırdı…
Anarın yaşı tamam olandan sonra Aqillə Hakim Lalənin zobunu kəsdirdilər, lazım olan bütün müalicələri elətdirib onu balasının yanına qaytardılar. Anamdan olsaydı uşağı Lalənin ətəyinə qoyub bacımı evinə göndərərdi. Hamımızın ata ocağına yığışmağımız anamın zəhləsini tökmüşdü. Ancaq Kamilin təkidi, töycüsüylə Anar üç yaşına kimi bizlə birgə ata evimizdə qaldı. Lalə tam sağalmayınca uşağı ona vermədik.
(Ardı var)
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92 93
94 95 96
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı
Varis Diriye, Opra Uinfri və bizim Bircə