Payız yağışı
- 13 Noyabr 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
“Düşüncələr” silsiləsindən
Mətanət Natiq
Zülmət
Bir gün bütün Bakı zülmətə büründü. Nəinki Bakı, bəzi rayonların da işıqları sönmüşdü. Bu, iki gün davam etdi. Mağazalarda şam qalmadı. Camaat daşıdı evinə. Bakı metrosu belə fasilələrlə işlədi. Bəzi böyük idarələrdə, xəstəxanalarda, dükanlarda elektrik yox idi.
Sonradan bəlli oldu ki, Mingəçevir stansiyasında qəza olub. Avadanlıqlar köhnə imiş. Baxın biz necə özümüzə arxayın xalqıq. Bu vaxta qədər heç ağlımıza gəlməyib avadanlıqları heç olmasa beş ildən bir dəyişək. Xəstəxanalara, metroya generator qoyaq.
İşıq olmayan yerdə xəstələrin, xüsusən əməliyyata götürülən xəstələrin, hamilə qadınların vəziyyətini təsəvvür etmək çətin deyil. Çox ağrılı haldır. Xarici ölkələrdə belə deyil. Demək, onlardan çox şey öyrənməliyik.
O zülmətdə Ayın necə gözəl və işıqlı olduğunu gördüm. Bütün şəhər onun ümidinə qalmışdı. Çünki biz qəflət yuxusundan oyanmamışıq. Çünki biz özümüzə çox arxayınıq.
Canlanma
Dərslər başlandı, hər yerdə canlanma var idi; nəqliyyatda, yollarda görmək olardı bu canlanmanı. Yol boyu yol polislərini görmək olardı. Marşrut avtobusları dolu gedirdi. Dərslərin başlanması gül-çiçək mağazalarında satıcıları da sevindirmişdi. Sən demə, həyatımızı canlandıran bu gül balalarmış.
Səhər avtobusda çoxlu məktəbli var idi. Məktəbə çatmağa az qalmış sürücü uca səslə: “Ay üç qardaş, gəlin qabağa yol pullarınızı verin” dedi. Həmin uşaqlar qabağa gəlib yol haqqını verdilər. Avtobus dayandı, bütün məktəblilər düşüb getdilər. Biri sual verdi: “Niyə məhz o qardaşları cağırdınız?” Sürücü dedi: “Bu qardaşlar hər gün yol haqqını vermədən düşüb gedirlər. Mən də hər gün plan verirəm, avtobus mənim deyil axı”. Sakitlik çökdü bir an. Sonra hərə bir söz dedi: gah sürücünü suçladılar, gah da uşaqların valideynlərini.
Günahkar kimdir? Yol haqqının artması insanları çaş-baş edib. Bir evdən üç uşaq məktəbə gedirsə, hər gün yol pulunu verə bilməyən valideynlərdədirmi günah, yoxsa bahalaşma qərarı çıxaran dövlət qurumunda? Çox düşündürücü haldır.
Şəki təəssüratları
Bir neçə xarici ölkədə, yurdumuzun da bəzi bölgələrində olmuşam. Məni ən çox valeh edən Şəki olub.
Gözəl və təmiz Şəki şəhəri. İnsanları sakit, gülərüz. Şəki Xan sarayı, Alban kilsəsi, Tacirlər məhəlləsiylə məşhurdur. Olduqca təmiz şəhərdir Şəki. Gəzdikcə yerdə heç zibil görmədim. Şəki Xan sarayında olduq. Burada sarayın həyətində iki xan çinar ağacı var idi. Gövdəsinin eni 7,3 metr, hündürlüyü 34 metr. Əsrlərə şahid olmuş bu ağaclar olduqca möhtəşəm idi. Nələrə şahid olub bu ağaclar… Ağaclar 1530-cu ildə əkilib və “Qırmızı kitab”a salınıb.
Çoxlu yerli və xarici turist var idi. Amma sarayın içərisinə girmək istəyənlər az idi. Turistlərin çoxu həyətdə milli paltarda şəkil çəkdirirdi. Çox üzüldüm ki, tarixlə maraqlanan azdır.
Məhəllə boyu halvaçı dükanları var idi. Şəki öz şirniyyatı ilə məşhurdur. Burada Əlövsətin şirniyyat dükanına girdik. Hər yer tər-təmiz idi. İşçilər qarşıladılar turistləri. Bacım da yanımda idi. İstədik bir az ətrafda gəzək. Dükanın müdiri Əlövsət qarşımızı kəsib: “Bacılarım, çay dəmləmişəm, bu çaydan mütləq içməlisiniz”. Çox qonaqpərvərdir şəkililər. Çox da şirin və sakit danışırlar.
Nahar etmək üçün “Çələbi” restoranında olduq. Gözəl həyəti var idi. Qızılgüllər adamı valeh edirdi. Həqiqətən də dadlı yeməkləri var. Şəkiyə gəlib, Şəki pitisi yeməmək olmaz. Şəkililərin çox sakit və səbirli olduqlarının şahidi oldum. Turistlərdən biri acıqla ofisiantdan yeməyi niyə gec gətirdiyini soruşdu. Gənc oğlan şirin Şəki ləhcəsiylə sakitcə “Ha siz 90 nəfər, biz 4 nəfərik”. Bu qədər turistə gənc oğlanların çevik qulluq etdiyini gördüm. Bu da bir bacarıqdır.
Sonra oradan çıxıb aşağı – turist avtobusuna tərəf getməyə başladıq. Yolun sol tərəfində şair Bəxtiyar Vahabzadə adına park var idi. Parkda cavan, qoca, uşaq çox idi. Çox təəccüb etdim, parkdan heç səs gəlmirdi. Mən deyərdim ki, uca dağların döşündə olan bu şəhər səssiz şəhərdir. Dağların döşündəki evlər elə bil dağların gözüdür. Mən Şəkidən gözəl təəssüratla ayrıldım.
Payız yağışı
Bayırda buludlar şaqqıldadı və sonra yağış yağmağa başladı. İlk payız yağışı. Yağış hər şeyi yuyub təmizlədi. Şəhərin tozlu küçələrini, ağacları, evlərin damını…
Yağış yağanda elə bil göylər ağlayır. Yağış göyün göz yaşlarıdır. Bu payız kimiyə sevinc, kimiyə kədər bəxş edir.
Dayanıb avtobus gözləyirdim. Uzaqdan bir qızın gəldiyini gördüm. Çətirsiz idi. Yavaş-yavaş dayanacağa tərəf gəlirdi. Düşündüm yəqin çətirini unudub. Ona tərəf dönüb: “Xanım, gəlin siz də çətirin altında durun” dedim. “Yox, sağ olun, narahat olmayın, – dedi. – Mən yağışı sevirəm. İslanmaqdan qorxmuram, ümumiyyətlə payızı sevirəm”.
Yağışı sevənlər az deyil. Bir də islanmısansa, doğrudan da daha yağışdan qorxun qalmır. Cəsarətli qızdır.
Adlar
“Sahil” metro stansiyasında bir yazı nəzərimi cəlb etdi. “Uşağa elə ad qoymaq lazımdır ki, həyatı boyu xəcalət çəkməsin”. Bunu Nəsrəddin Tusi deyib.
Çox doğrudur. Adlar insan şəxsiyyətini bəlli edir. İnsan öz adına layiq olmalıdır. Məsələn, Mübariz İbrahimov kimi, Mehdi Hüseynzadə kimi. Mehdi adı ”xilaskar” deməkdir. Ərəbcədə Mehdi sahibəzzaman kimidir. Yəni zamanın xilaskarı.
Bir də görürsən uşaqlara elə adlar qoyurlar ki… Hətta əşya adı qoyurlar. Bacımgilin qonşuluğunda bir qadın yaşayırdı. Adı Paket idi. Uşaqlar həmişə gülürdülər bu ada.
Bir sözlə, uşaqlarımıza gözəl adlar qoyaq. Öz adlarımız daha gözəldir.
Texnika
Hər gün texnologiyanın inkişaf etdiyini görürük. Gündən-günə sosial şəbəkələrin və istifadəçilərin artdığını eşidirik. Bu çox gözəldir. Amma… Tez-tez gənc qızların, hətta ailəli qadınların uşaqlarını belə atıb evdən getdiyini də eşidirik. Çox üzücü haldır… Ailəsini atıb sosial şəbəkədə tanış olduğu adamın yanına gedir.
Nə baş verir? Texnika bizə yaramırmı? Niyə bu insanlar yeni tanış olduqları, tanımadıqları adamlara qoşulub gedirlər? Yoxsa şüurdadır problem? Biz niyə yaxşını pisə dəyişirik?
Və yaxud da sosial şəbəkədə insanlar bir-birilərini təhqir edirlər. Axı biz çox geridə qalmış ölkə deyilik. Bəs günah nədədir? Texnikadamı, yoxsa insanlarda? Çox düşündüm, cavab tapa bilmədim.
Müəllifin başqa yazıları:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim
Atılmış
Göz yaşı və biganəlik
Örnək adamlar
Darıxıram, ana
Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar
İnsanı yoran nədir?
Nurlu insan
Qabarlı əllər, gözəl insan