ABŞ söz, mətbuat azadlığı sahəsində hegemonluğunu itirirmi?
Seymur Kazımov
Noyabrın 6-da ABŞ-da Senat və Nümayəndələr Palatasına keçirilmiş aralıq seçkilərdən sonra Ağ evdəki mətbuat konfransında prezident Donald Trampın CNN-in müxbiri Cim Akosta ilə mübahisə etməsi Azərbaycanda sosial şəbəkələrdə müəyyən qədər narahatlığa səbəb olub. Trampın jurnalistlərə olan neqativ münasibəti “demokratiyanın beşiyi” sayılan ölkədə söz azadlığına təhlükənin yaranması və ali dəyərlərdən birinin sarsılması kimi xarakterizə olunub.
ABŞ mediası söz azadlığı, media müstəqilliyi prizmasından yanaşıldıqda Azərbaycan üçün bir örnəkdir. Etiraf edək ki, söz azadlığından danışarkən ən çox istinad etdiyimiz mənbə və nümunə də məhz Amerikanın jurnalistika standartlarıdır. Buna görə də ölkəmizdəki həmin narahatlığı başa düşmək olar.
ABŞ elə bir dövlətdir ki, onun media siyasətini hansısa şəxsin müvəqqəti hakimiyyəti dəyişmək iqtidarında deyil. ABŞ tarixində baş vermiş üç mühüm hadisə medianın daha geniş güc kimi təşkilatlanmasını sürətləndirib.
1776-1778-ci illərdə Amerikada İngiltərə koloniyaçılarına qarşı azadlıq mübarizəsi baş verib. İlk Amerika inqilabını həmin illərdə bilavasitə qəzetlər hazırlayıb. 1791-ci ildə ABŞ Konstitusiyasına edilmiş ilk düzəliş bu ölkənin media siyasətini birdəfəlik, ömürlük müəyyən edib: “Konqres söz və mətbuat azadlığını məhdudlaşdıracaq hansısa qanunu qəbul edə bilməz”.
1861-1865-ci illərdə ABŞ tarixində ikinci inqilab baş verib. Nəticədə reportyor qəzet dünyasında mərkəzi fiqura, jurnalistika peşəsi isə daha təhlükəli və cəsarət tələb edən sahəyə çevrilib.
1995-ci ildə ABŞ mediası ciddi maliyyə böhranı ilə üzləşib. Çap kağızının qiyməti qalxıb, yüzillik tarixi olan bəzi mətbu nəşrlər fəaliyyətini dayandırıb. Media bu iqtisadi böhran zamanı sarsılsa da, yenidən özündə güc taparaq ayağa qalxıb və 1996-cı ildə ölkədə konseptual jurnalistikanın əsası qoyulub. Bundan bir qədər əvvəl – 1980-ci illərdə isə televiziya stansiyalarının fəaliyyətini məhdudlaşdıran xeyli qanun ləğv edilib.
Göründüyü kimi, ABŞ mediası tarixi ənənələrə əsaslanır, bunun da əsasını qanunun aliliyi, medianın müstəqilliyi və azadlığı təşkil edir. 200 ildən artıqdır mövcud olan bu dəyərlərin sarsıdılması qeyri-mümkündür. Qanunun aliliyi ABŞ vətəndaşları üçün “Amerika arzusu”nun bazisidir.
Yuxarıda daha çox “first amendement” kimi tanınan dəyişikliyi, yəni “birinci düzəliş”i xatırlatdıq. ABŞ-da KİV haqqında ayrıca qanun yoxdur. Burada media ilə əlaqəli məhkəmə çəkişmələrində “birinci düzəliş” əsas götürülür və əksər halda media qalib tərəf kimi ayrılır.
Azərbaycanda qanunvericilik media məsələsində bu qədər dəqiq və sərrast deyil. Bu gün Azərbaycan Konstitusiyası bəzi qanunların müddəaları ilə ziddiyyət təşkil edir. Məsələn, ana qanunun 50-ci maddəsi deyir ki, “hər kəsin qanuni yolla istədiyi məlumatı axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı var”. Sonra davam edir: “KİV-də dövlət senzurası qadağandır”. Vəziyyəti qəlizləşdirən məqamlar buradan başlanır. Belə ki, “İnformasiya əldə etmək”, “Kommersiya sirri” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri” haqqında qanunlar kommersiya qurumlarının təsisçiləri, qeydiyyatı ilə bağlı informasiyaların əldə olunmasını qanunla qadağan edir. Konstitusiyanın 50-ci maddəsi senzuranı yasaqlayır, üstəlik, “KİV haqqında” qanunda senzuranın yolverilməzliyi ayrıca qeyd olunur. Amma hərbi vəziyyətlərdə dövlət senzurasının tətbiqinə icazə verilir.
Digər qanunları da analiz etsək bir-birinə tərs maddələrlə rastlaşa bilərik.
Qanun konkret, dəqiq və qəti olmalıdır. Trampın jurnalistlərə neqativ münasibəti kimlərəsə fürsət və pretendent ola bilər, amma bir məsələ də var ki, Amerika cəmiyyəti hər zaman medianın yanında olacaq. Azərbaycanda isə jurnalistə hücum, onun təzyiq və təqiblərə məruz qalması cəmiyyətin diqqət ayıracağı sonuncu məsələlərdən biridir.
Media cəmiyyətə xidmət edir, yoxsa sahibkarlara? Bu sualın cavabını tapmaq çətin olmasa da, hazırda düşdüyümüz vəziyyət çox qəlizdir. Medianın sahibinə xidmət etməsi onun daha çox siyasiləşməsinə və obyektivliyini itirməsinə səbəb olub. Bu gün Azərbaycandakı media qurumları sahiblərinə gəlir gətirmir, məqsəd media resurslarından istifadə etməklə siyasi proseslərə təsir etməkdir. Bu halda cəmiyyətin gözləntiləri qarşılanmır, irəli sahibkarın maraqları çıxır. Problem medianın biznes vasitəsi olmasında yox, onun siyasi alət olmasındadır. Cəmiyyətdə bu tip medianın yaratdığı inamsızlıq peşəkarların da işini kölgədə qoyur və jurnalistin təzyiqə məruz qalması əsasən adi hal kimi qarşılanır.
İnformasiya hərəkət üçün vasitədir, kütləvi kommunikasiya isə cəmiyyət və media arasında dialoqdur. Azərbaycanda vasitə, kommunikasiya var, amma dialoq yoxdur. Yerli media cəmiyyət üçün brend yox, elə TV, qəzet və sayt səviyyəsindədir. Media cəmiyyət üçün məhsul verməyəndə onun brendə çevrilmək lüksü də yoxdur. Beləliklə, media-cəmiyyət körpüsü də qurulmur. Cəmiyyət ideya sevir, bizim media isə auditoriyaya ideya vermir, ümumiyyətlə yaxşı nəsə vermir. Auditoriya da onun gözləntisini qarşılamayan medianı sevmir və müdafiə etmir. Azərbaycan mediası ictimai rəyi formalaşdırmadığı kimi, cəmiyyətin də yerli jurnalistlərdən gözləntiləri yoxdur.
Müstəqil media olmayan ölkədə informasiya ikiqütblü olur: informasiya onu yönləndirənlərə ya böyük uğur gətirir, ya da bunun əksi baş verir. Sovet İttifaqında qəzet oxunması üçün ciddi təbliğat aparılırdı. Sovet əhalisi çox oxuyurdu, amma məlumatlı deyildi. Ötən əsrin 80-ci illərində müstəqillik dalğasının genişlənməsi “dəmir pərdə”nin aradan qalxmasına səbəb oldu, çünki orta statistik insanlar sosializm adı altında əzildiklərini dərk etdilər.
Medianın azadlığı və müstəqilliyi probleminə ötən yazılarımızda toxunduğumuz üçün üzərində dayanmağa ehtiyac yoxdur, amma texnika, texnologiya, internet, alternativ informasiya mənbələrinin geniş vüsət aldığı XXI əsrdə Azərbaycan cəmiyyətinin böyük hissəsi peşəkar media axtarışına həvəsli deyil.
ABŞ-da prezidentin media və jurnalistlərə neqativ münasibətinə görə qətiyyən narahat olmağa dəyməz.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Məsuliyyətsiz jurnalistika
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri
Natamam jurnalistika, məlumatlı əhali
İnformasiya təminatı effektiv kommunikasiyanın əsas şərtidir
Mətbuat konfransını işıqlandırmaq qaydaları: nələrə diqqət etmək lazımdır?
Jurnalistə hücum: demokratiyaya, vətəndaşa, dövlətə vurulan zərbə