Cəhənnəmdən keçmiş mələk (96)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Cavid dərsdən gəlib yazılarını yazandan, dincələndən sonra ana-bala atamı evdə qoyub keçirdik Musa əmigilə. Mənim ilk düşmənim Zümrüd çoxdan qonşu kəndə ərə getmişdi, üç oğlu vardı. Əmimin oğlanları hamısı evlənib yurd-yuva yiyəsi olmuşdu, kiçik qızı Səhər hələ evdəydi. Əmiqızının varlığı mənə böyük təpər verirdi, Səhər mənim sirdaşım, arxam-dayağım, güvənc yerimiydi. Ona elçi gəldikcə ürəyim üzülürdü, Allaha yalvarırdım razı olmasın; elə bilirdim o başqa evə köçsə mən bu evlərin arasında avara-sərgərdan qalacam.
Havalar soyuyanda anam kəndə qayıtdı. Arvad üstünün yol pasağını tökməmiş atamın iri mis qazana yığdığı yumurtadan, təknəmizin günəş kimi üzə gülən çörəyindən, Aqilin alıb göndərdiyi yeşik-yeşik konfetdən sanballı bir pay tutub özünü verdi evimizin arxasındakı səngərə, külfətin neçə günlük ehtiyatını əsgərlərə payladı. Atam dillənmək istəyəndə ağzından vurdu:
– O əsgərlərin hesabına evində xorhaxor yatırsan ey, – dedi. – Bir də ki, sizə nə var, mən öz payımı verirəm onlara.
Anama qarşı həmişə çox səbirli, sayğılı davranan atam bu səfər susmadı:
– Hansı evin arvadı bir dəfəyə yüz yumurta, bir qazan çörək yeyir? Günə üç yumurta, bir çörək payını kimə istəyirsən ver, bu evin bin-bərəkətini qaçırtma.
Atam bilirdi anamın verən əlini kəsəmməyəcək – gerçəkdən anam qonum-qonşuya, yada, tamarzıya çox əlaçığıydı. Bəzən əyninin paltarını da ehtiyacı olana verərdi. Qurbanlıq əti öz qazanımıza salmazdı, kənddəki qoca-qoltuğa, şikəstlərə, ağzıdadsız gəlinlərə paylayardı. Di gəl, bunca səxavətli, qeyrətinin, namusunun dəlisi olan anamın hərdən elə xasiyyəti üzə çıxırdı ki, matım-qutum quruyurdu.
Kənddə yaşayan iki eltisinin ikisi də anamdan böyük idi. Amma anam onların yanında özünü kiçik kimi aparmazdı. Musa əminin arvadı Səkinə bu gün də anamla ehtiyatla davranır, anamın ona qarşı kobudluğuna, onu sancmasına məhəl qoymur. Bizim nənə kimi istədiyimiz bu əmimiz arvadının nə vaxtsa yol verdiyi bir səhvi anam daim övladlarına xatırladıb Səkinə bibimizi gözümüzdən salmağa çalışır. Bu səhv də nəymiş, deyim bil…
Anam on dörd yaşında atama qoşulub qaçır. Onu qucağına alıb kəndin içindən axan su arxını adlamaq istəyəndə atam yıxılır, su anamı aparır. Atam qaçıb irəlidəki suatda onu tutub sudan çıxarır. O gecə Səkinə bibi anamı Musa əminin kürkünə büküb paltarlarını qurudur. Çiy kərpicdən tikilmiş təkgözlü evi gərdəklə yarıya bölüb bir yerdə yaşamağa başlayırlar.
Anamın gəlişi əmim arvadının yükünü bir az da ağırlaşdırır. Olandan-olmazdan yeyib yuxudan istədiyi vaxt duran anam atamın yırtıq-söküyünə yamaq vurmağı da bacarmırmış. Bir gün evin kişiləri yenə hərəsi bir işin dalınca gedəndən sonra sac asıb yuxa yayan əliçağalı bibim hələ də yatan anamın gərdəyinin ətəyini yığıb yuxarı atır:
– Qalx mənə kömək elə, – deyir, – gün günortadı.
Gərdəyinin atılması anama o qədər yoxuş gedir, yerindən duran kimi qaçır anasının yanına. Axşam əmim onun dalınca gedib anamı geri qaytarır. O gün-bu gün, anam dörd uşağına hadıxlıq eləmiş, zahı vaxtı qulluğunda durmuş, ona bir dəfə də pisliyi keçməmiş əmim arvadının gərdəyi atmasını unutmur ki unutmur…
Səbirli, müdrik, dünyagörmüş Səkinə bibi doğduğu on uşağın onunun da göbəyini özü kəsib. Anamsa gəncliyində təcrübəsizliyindən dörd uşağını ölümə təslim eləyib. Uşaqlarının öz əlində tələf olması anamın eltisinə kin-küdurətini bir az da artırmışdı. Mən atam evinə qayıdandan sonra tez-tez bizə gəlib mənə həyan duran, öyüd verən əmim arvadını anam yerli-yersiz acılayırdı. Zərrə qədər cığal-cırnaq olmayan bibim onun atdığı güllələrə məhəl qoymadan mənə ürək-dirək verməyindən qalmırdı:
– Bircə, möhkəm dur, heç nəyə bənd olma, uşağın böyüyəcək, əzrayılın yamanlığı özünə qalacaq, – deyirdi.
İpə-sapa yatmayan, yeddi dərənin suyunu bir yerə qatan Cavidə hərdən əl qaldıranda Səkinə bibi:
– Xarabada yüz şam yandırsan ordan pir olmaz, – deyirdi, – uşağını döymə, onun Mahmud kimi babası olub, bir az böyüsün, qan özünü göstərəcək.
Onun bir sözü də mənə yamanca əsər elədi, qulağımda sırğa oldu. Cavidi vurduğumu görüb:
– Uşağını döysən elə biləcəklər ər davalayırsan, – dedi, – kiməsə acıqlanıb hirsini-hikkəni balanın üstünə tökmə.
O sözdən sonra havam alındı. Ona qədər anam məni acılayan kimi uşağımı döyürdüm, gücüm gücsüz, arxasız balama çatırdı.
***
Anamın acı sözləri, qeyzi-qəzəbi, ağzımla quş tutsam da məndən razı qalmamağı olmasaydı, deyərdim ki, xoşbəxt idim.
Hər gecə ermənilər kəndimizi atəşə tuturdular. Atam Cavidin çarpayısını lap arxa otağa, qalın divarların güllə tutmayan yerinə qoymuşdu. Amma Cavid ora uyuşmurdu, nənəsi-babası yatan otaqda, onların arasındakı boş yerdə yatırdı. Kəndimiz səhərəcən top-tüfəng səsindən, ağır hərbi texnikanın gurultusundan lərzəyə gəlirdi, itlərin ulartısı, heyvanların böyürtüsü bir-birinə qarışırdı. Onda mən atamın üstünə qaçıb Cavidi bağrıma basırdım, atam xorultusunu kəsib gülən yuxulu gözləriylə mənə toxtaqlıq verirdi:
– Get yat, qorxma, atan bizimkilərdi, – deyib o biri üzü üstə çevrilirdi.
Səhərə yaxın kəndə tüstülü sükut çökürdü. Bayıra çıxıb öləziyən ulduzlara baxırdım, üzümü Maralgil yaşayan səmtə tutub dərindən nəfəs alırdım, o tərəfdən əsən yeli qoynuma doldurub evə girirdim, yastığımı ağzıma basıb gizli-gizli ağlayırdım. Atışma ara verməyən günlərdə Səməndər gəlib Cavidlə məni evinə aparırdı. Bir neçə gün oralarda daldalanıb qayıdanda anam lap əzazil olurdu, dolabına yığdığım paltarlarımı çıxarıb çarpayıların üstünə atırdı:
– Gen yerimi dar eləmisən, dincliyimi əlimdən almısan, – deyirdi, – götür paltarlarını hara istəyirsən qoy, mənim paltarlarıma qatma.
Cavidin əlindən tutub qaçırdım Kamilin üstünə, qardaşım üzümə baxan kimi dərdimi oxuyurdu:
– Bacı, anamı bu yaşdan sonra dəyişmək olmaz, – deyirdi, – sən özünü dəyişməlisən, nə çalsa ona oynamalısan. Uşağının xətrinə səbr elə görək başımıza nə gəlir.
Kamil belə-belə danışıb məni toxtadırdı, Cavidin ciblərini şirniylə doldururdu, mənim də qoltuğuma bir kitab verib yola salırdı:
– Get gecələr bunu oxu, – deyirdi, – tələsən təntik olar, zaman hər şeyi yoluna qoyacaq. Sən də o Kişinin, – əlini göyə tuşudurdu, – yaratdığı bəndəsən, əlbət bir gün sənin də ocağını yandırar.
Evə qayıdanda anam bir dəri-bir sümük biləklərini qupquru belinə qoyub qarşılayırdı bizi:
– Həəə, getmişdin məndən qeybət eləməyə? Onsuz da kimə nə danışsan hamısını ovcuma qoyacaqlar. Qara daşdan bülöv olanda səndən də züryət olacaq.
Dilimi dişlərimin arasında sıxırdım, gözümdən sel açılırdı. Elə bir dərdə düşmüşdüm nə ortaya çıxarılası, nə də gizlədiləsiydi. Bax elə buna görə mən Emindən sonra o evdə iki il it zülmü çəkmişdim. İndi yerlə göyün qovuşanında güclü olmağa nə qədər çalışsam da ağ gün üçün gözümün kökü saralırdı. Mən bu sayaq güclü olmaq, əzələləri daim gərilmiş, tikanları müdam qabarmış şəkildə yaşamaq istəmirdim, qadın kimi zəif olmaq istəyirdim. Ancaq aramsız zərbələr qalxanımı başımdan endirməyə imkan vermirdi…
…Ər evindən çıxandan başımı qaldırıb göyə də baxmamışdım. Sənin səmtini-ünvanını qovağın altında itirmişdim, Dostum, Sənə yazılmamış məktublarım bir əsgərin qara kağızı kimi əlimdə qalmışdı…
***
Məktəb tətilə bağlananda qardaşlarımın məsləhətiylə mən yığışıb Bakıya, doğuş ərəfəsində olan Lalənin yanına getməliydim. Ancaq biz gedənəcən Laləni təcili xəstəxanaya götürdülər, doğduğu qız uşağı dünyaya gələr-gəlməz tələf oldu. Səməndərlə Kamil xəbəri eşitcək Bakıya çıxdılar, çıraq kimi sönmüş bacımızı götürüb kəndə gətirdilər. Hamilə vaxtı vurulan ağır iynələrdən yanları yarılıb yarğan olmuş, həsrətlə yolunu gözlədiyi övladı qucağında keçinmiş zahı qızını görəndə anam sevinmək əvəzinə qardaşlarımı almancladı:
– Həkimin-dərmanın içindən bunu bu güllənin ağzına niyə gətirdiniz?
Ötkəm, sərt Kamil ona cocuyub:
– Axı sən nə vaxt ana olacaqsan, – dedi, – nə vaxt özünü əmgəndirib balalarının qulluğunda duracaqsan? Anasan da, gətirdim ki, uşağını görəsən, gətirdim ki, yanımızda ürəkli olsun.
Kamilin əsəbi bağırtısına, böyümüş gözlərinə baxıb anam hikkəsini uddu. Bacımın gəlişiylə səssiz-küysüz evimiz qohum-əqrəbayla dolub daşdı. Bütün yayı qardaşlarım, atam, bibim Lalənin qulluğunda durub onu ayağa qaldırdılar. Musa əminin qonşuluqda yaşayan oğlanları həyətlərinin əncirini, üzümünü, xar tutunu bizə daşıyıb Lalənin boğazından az da olsa nəsə ötürməyə çalışırdılar. O yay necə gəldi, necə keçdi – heç xəbərim olmadı. Dərs ili başlananda Hakim kəndə gəlib Laləni şəhərə qaytardı. Evimiz yenə suyu soğulmuş dəyirmana döndü.
***
Cavid dərslərinə başdansovdu yanaşdıqca əlim yerdən-göydən üzülürdü. Kitab-dəftər üstünə uşağı güc-bəlayla gətirirdim. Əlimdən çıxan kimi özünü verirdi kənd uşaqlarının oyun yerlərinə. Mən onu oxutmaq üçün qısnadıqca anam rişxənd eləyirdi:
– Hıhh, oxuyub kim olacaq ki, əmiləri kimi avaranın biri olacaq daa…
Anam bu atmacanı hər atanda ürəyimin dərinliyində cücərtdiyim arzuların üstünə qar yağırdı. Gəncliyimin, qadınlığımın çiçəklənən çağında olsam da özümü qat-qat yaşlı, qocalıb-qaxacımış kimi hiss eləyirdim, yaşımın gözəlliyini, həyəcanını, qıjovunu yaşamırdım. Uşaqlıqdan, yeniyetməlikdən birbaş ahıllığa adlamışdım, gənclik deyilən halqanı dartıb mənim ömür bağımdan qoparmışdılar. Gəncliyimi heç nəylə yedirib-yemləyib canındakı ağudan-zəhərdən arındıra bilmirdim. Qaynana yanında olanda içim bundan şenlikli, bundan şad-şalayın idi. Oralarda heç olmasa xəyal uçura bilirdim, güzgüyə baxa bilirdim.
Mən çəkdiklərimi Telli mama çoxdan çəkib sovmuşdu. Bizə hər gəlişində bibim mənə bərk-bərk tapşırırdı:
– Bircə, qadan alım, bax özünü buraxma ha! Əlində tifilin var, xəstəlik taparsan. Çörək dərdi çəkmirsən, paltar dərdi çəkmirsən, özünü zirdəst eləmə. Qoy sənə arsız desinlər, amma yazıq deməsinlər. Gözünü dörd aç, bu gələn elçiləri vərəvurd elə, bəlkə içindən bir yaxşısı çıxar, səni də, balanı da bağrına basar, canını bu tüpüdən, bu ütüdən qurtarar.
Otuz yaşım tamam olandan sonra elçilər qapımızda dəf-daraq qurmuşdular. Hər dəfə məndən ötrü kimsə qapımızı döyəndə ölüb yerə girirdim, atamın, Cavidin üzünə günlərlə baxa bilmirdim. Yaxşı ki, hələ evdən eşiyə çıxmırdım, harasa getmirdim, yoxsa anamın dilindən dünyasında qurtarammazdım.
Elçilərin hamısını anam özü qarşılayırdı, əvvəlcə onları bizə tuşudanın adını öyrənir, sonra gələnlərin kıtılını vurub yola salırdı:
– Atam oxuyan Quran haqqı mənim qızım heç öz doğduğuyla yola getmir, o gəlib sizə yetim saxlayan deyil. Odey, kəndimizdə nə qədər yaşı ötmüş, subay-salıq qızlar var, gedin onlardan birini bəlgələyin.
Elçilər qapıdan çıxan kimi anam qazanı ləyənə, ləyəni sərnicə vurub elə səslər çıxarırdı, az qalırdı erməni topundan dağılmayan evimiz pilə-pilə olub yerə tökülsün. Əlindəki qıyığı yorğana elə saplayırdı, elə bilirdim qıyığı yorğana yox, mənə elçi düşənlərin ürəyinə sancır. Kəndidən buğdanı xışmalayıb toyuq-cücəni düdüləyib başına yığırdı, dənə daraşan cücələri əlindəki selbəylə vurub qol-qanadını qırırdı, üzünü göyə tutub Allahı-bəndəni söyüşə-qarğışa bələyirdi, sonra da özünü salırdı Musa əminin bizlə qonşu üçüncü oğlu Məhərin evinə.
Anam onlara keçən kimi mən onun qıçını-qanadını qırdığı çolpaların başını üzüb təmizləyirdim. Əlindəki kitabdan gözünü yayındırmayan atam gülə-gülə deyirdi:
– Çalış anan sənin cücə kəsdiyini görməsin, yoxsa o da bizim nəslimizi kəsəcək.
Anam elə bilirdi məni gözündən qoysa nəslin adını batıraram, pis yola düşərəm, pozğun olaram. Niyə belə düşünürdü – səbəbini bu gün də bilmirəm. Kənddəki toy-nişanın birinə də məni buraxmazdı, yasa da atama qoşulub gedirdim.
Rəhman əminin kənddə yaşayan qızı arabir oğlu, ya əriylə birgə bizim dalımızca gəlib Cavidlə məni evinə aparırdı. Əmiqızı Şəfaqətin əri Kamilin sinif yoldaşı olmuşdu, çox tərbiyəli, səmimi bir insanıydı, ailəmizdə hamı onu doğması kimi istəyirdi. Onlardan kimsə gələn kimi atam mənə göz basırdı:
– Uşağını da geyindir get. Gedəcəksən ki, səni orda bir adam gözləyir…
Atamın bu sözünə görə əmiqızıgilə ilk gedişimdə xeyli tərəddüd eləmişdim, ürkə-ürkə getmişdim. Şəfaqətin evində Telli mamanın nurlu üzünü görəndə sevincimdən arvadın üstünə atılıb onu divana yıxmışdım. Qollarımın arasında tıncıxan bibim:
– Aaz, qadan alım, məni burax, – demişdi, – dədənin şoqqar inəyi kimi məni əvədəyə salacaqsan bu divanın üstündə.
Şəfaqət də mənim kimi əziz-xələf bibimizin dəlisiydi, ondan doymurdu. Hərdən gecə məclislərimizə Səməndəri də qoşurduq. Cavid Şəfaqətin uşaqlarıyla oynayırdı, biz də əmiqızının bol süfrəsindən yeyib doyunca gaplaşırdıq. Çay süfrəmiz ondan da maraqlı olurdu. Şəfaqət ərini pətəkdən şan balı kəsməyə göndərəndə biz qaynar samovardan çay süzüb dişimizi gələn bala qıcayırdıq. Mənə bibim qədər can yandıran əmiqızı hər dəfə yalvarırdı:
– Bircə, nolar ailə qur, qoy yenə züryətin olsun, hayıfsan, cavansan, gözəlsən, ömrünü bada vermə…
Evə qayıdanda anam məni acıqlı-şübhəli süzüb deyirdi:
– Həə, əzizlərinə qoşulub yenə qeybətimi qırdınız, eləmi?
Sakitcə onun üzünə baxıb:
– Heç sənin adını da çəkən olmadı, – deyirdim.
Doğmalarımın təkidləri məni ürəkləndirdi. Bir dəfə mənə elçi düşən birinə nə təhər tərif vurdularsa ürəyimdə gizli maraq qımıldandı. İlk dəfəydi mənlə evlənmək istəyən kiməsə maraq göstərməyə başlamışdım…
(Ardı var)