“Qanun” Nəşrlər Evi kitabsevərlərə yeni nəşrlərini təqdim edir:
Oldos Haksli “Yeni cəsur dünya”
Hakslinin “Yeni cəsur dünya” əsəri utopik gələcəyə satirik baxış nümunəsidir.
Satirik əsər hesab oluna biləcək bu romanda insanlar genetik çoxalma ilə nəsil artırır.
Burda kastalara ayrılma doğumdan əvvəl baş verir. İnsanların yetişdirilməsi ilə inkubatoriya məşğul olur.
Təhsil prosesində insanlara öz kastalarına məhəbbət, yüksək kastalara hörmət, aşağı kastalara isə laqeydlik aşılanır.
Əsəri Rəfiqə Məmmədova tərcümə edib.
David İqlmen “İncognito: beyinin gizli həyatı”
Tanınmış nevroloq David İqlmenin 20-dən çox dilə tərcümə edilən və indidən klassik əsərə çevrilən bu kitabı beynin sirli dünyasına təcrübələr, elmi biliklər və tarixi faktlar işığında səyahət edir. Kitab tibbi mövzuda olsa da, müəllif yazarlıq məharətini və zəngin biliyini birləşdirərək elmi faktları sadə və müqayisəli dillə oxucularına təqdim edir.
Müəllif əsər boyu sədaqət geni, qumarbazlara çevrilən parkinson xəstələri, gen-mühit əlaqəsi, “yaxşı” və “pis” gen, şüuraltı və qərarvermə mexanizmi, məsuliyyət anlayışı, beynin insan həyatında rolu kimi bir çox mövzulara toxunur.
Alim bu mövzuların beyinlə əlaqəsini izah etməklə kifayətlənmir, beyinlə bağlı müxtəlif formullar və modellər irəli sürür. İnsan psixologiyası və davranışlarına neyron və gen prizmasından baxmağı öyrədir.
Elmi-populyar dildə yazılmış bu kitab xüsusən müəllimlər, psixoloqlar, valideynlər, həkimlər üçün mühüm bilikləri ehtiva edir.
Əsəri İmanyar Quliyev tərcümə edib.
Atası və babası kimi, bir vaxtlar İspaniya krallığı üçün böyük sərvətlər qazandıran Kino artıq özünün, Yuananın və körpə oğlunun gündəlik dolanışığını təmin etmək məqsədilə körfəz sahillərində mirvari toplayan yoxsul bir dalğıcdır.
Bir gün Kino dənizdən yumurta boyda, “Ay kimi mükəmməl” bir mirvari tapdı. Bu mirvari ona ümid, rahatlıq və təhlükəsizlik vəd edirdi…
Meksika xalq nağılına əsaslanan klassik və sadə bir hekayə – “Mirvari” insan təbiətinin sirlərini, şərin ən qaranlıq dərinliklərini və məhəbbətin işıqlı yollarını araşdırır.
Əsəri Manaf Süleymanov tərcümə edib.
Antonio Tabukki “Yuxuların yuxusu”
Antonio Tabukkinin “Yuxuların yuxusu” əsəri öz quruluşuna və təhkiyəsinə görə müəllifin fərqli yaradıcılıq uğurudur.
Əsər yazıçıya dünya şöhrəti gətirmiş “Pereyra iddia edir. Şahid ifadələri”, həmçinin “Damaşeno Monteyronun itmiş başı”, “Porto Pimdən olan qadın”, “Hind noktürnü”, “Fernandu Pesoanın son üç günü”, nəhayət, “İzabel üçün. Bir mandala” və digər yazıları ilə bir sırada özünəməxsus layiqli yer tutur.
“Yuxuların yuxusu” orijinal süjetlərdən, təhlükəli olaylardan, ehtimal və fərziyyələrdən bəhs edən maraqlı sənət təcrübəsi, müasir bir yazıçının yaxın və uzaq keçmişdəki iyirmi böyük şəxsiyyətə olan ehtiraslı sayğılarının təzahürüdür.
Əsəri italyan dilindən Cəmşid Cəmşidov tərcümə edib.
Altmış iki illik əbədi fəaliyyəti müddətində Sofokl, rəvayətə görə, 123 əsər yazıb.
Bunlardan bizə ancaq yeddi tamamlanmış faciə gəlib çıxıb: “Tiran Edip”, “Edip Kolonda”, “Antiqona”, “Elektra”, “Filoktet”, “Ayaks”, “Traxiniya qadınları”.
“Tiran Edip” faciəsinin əsas obrazı Yunan qəhrəmanlarının ən tragik personajı Kadma nəslindən olan Edipdir. Əsər atasını öldürərək anasıyla evlənən Edip adlı gəncin hekayəsindən bəhs edir.
Əsəri Əvəz Sadıq trcümə edib.