Cəhənnəmdən keçmiş mələk (95)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Aqil gedəndən sonra qaldım şəhərlə kənd arası bir körpünün üstündə. Ovcumdakı taleyimlə üstünə əsindiyim arzularımı vurub küllüyə salmışdılar. Üzdə rəhman, astarda ilan olan doğmalarımın şərinə düşmüşdüm. Anam heç mənə yaxın da gəlmirdi, arada məni qanlı-qanlı süzüb:
– Balalarımın qazancı burnundan gəlsin, – deyirdi, – niyə onların dilini gödək eləyirsən? Üzünə məhşər qarası çəkilmişin biri beləmi keçilməz olub? Bir dürək gədənin ayağına verirsən gözünün yağını sənə yedirdən balalarımı. Ərik ağacından saz olmaz ey, ay bala, olsa-olsa paz olar.
Gücüm gözümün yaşına çatırdı, özümü təmizə çıxarmaq üçün söz tapmırdım.
Telli mama məsələdən xəbər tutanda sağında Səməndər, solunda Kamil atamın üstünə sürhaya gəldi:
– Qardaş, sən dünya görmüş adamsan, neçə yetim böyütmüsən, – dedi, – məni dilinlə əmizdirmisən, Cahangirə ağzının loxmasını çeynəyib uddurmusan. Sənin sayəndə mən dörd yetim böyütmüşəm. İndi uşağını buraxacaqsan o mağmınların içinə, hərə başına bir çirtik vurub qanını tökəcək, dalına vedrə bağlayıb çırtıq vurub oynayacaqlar? Bircənin də, balasının da yeri elə sənin evindi.
Bibim qardaşdan çox ata bildiyi atamın yanında ərklə ürəyini boşaltdı. Səməndərlə Kamil də mənim kənddə qalmağıma tərəfdarıydılar. Kamil:
– Heç yerə getmə, bacı, – deyirdi, – qal yanımızda. Özün görürsən, camaat hardan-hara balasını gətirib bizim sinfimizə qoyur ki, uşağına biz dərs deyək. Qoy balan gözümüzün qabağında olsun, onu istədiyimiz kimi böyüdək, oxudaq, tərbiyə verək. Ailə qurmaq istəsən yenə sənə arxa durarıq. Bax, qaynının bir oğlu Bakıda necə böyüdü – adam bıçaqladı, türməyə düşdü, hər şeyləri əllərindən çıxdı. Sən o əjdaha şəhərdə təkbaşına yaxşı uşaq yetişdirə bilməyəcəksən. Gördün, doğmaca dayımızın bir əlcə oğlu sənin balanın şəkillərini cırdı, bu da bizə bir dərd oldu. Kənd sənə görə, bizə görə Cavidi qoruyacaq, amma şəhərdə səni kim tanıyır, kim uşağına deyəcək ki, Cavidə toxunma, o, kəllədə bir gözdü?..
Çox çəkişmədən, cəhlidən, məşvərətdən sonra hamımız razılığa gəldik ki, biz ana-bala kənddə qalsaq yaxşıdı. Ancaq mən bir şeydən çox ehtiyatlandığımı Kamildən gizlətmədim:
– Qorxuram anamız bizi yola verməyə.
Kamil məni arxayın saldı:
– O mənim boynuma. Anam səni yola verməz, çıxar gedər öz atası evinə, bir az da o, qardaşı arvadlarının əlindən zəqqum yeyər, sənin nə çəkdiyini başa düşər. Bir həftəyə mən də ailəmi götürüb öz evimə yığışacam, Rüfət də (evimizin sonbeşiyini deyirdi) cəbhədə, bu boyda ev qalacaq xaraba-xapan. Otur burda, əl-ələ verək uşağını böyüdək.
Dostum, daha uzun-uzadı çək-çevir eləyib dərdə-mərəzə bələnməyin yeri deyildi, qardaşlarım mənə ən rahat, ən doğru, ən sərfəli yolu göstərmişdilər. Nənəm deyərdi: “Sürüdən aralanan quzunu qurd yeyər”.
Həftə tamam olmamış Kamil qürbətdə yaşayan Cahangir əmimizin Musa əmigilin qonşuluğundakı həyətində – illərdən bəri yiyəsiz qalmış, ot-alaf basmış məhlədə yenicə tikdirdiyi evə yığışdı. Meydan kimi həyətimiz, ora-burasını erməni top-tüfəngi dağıtmış, atamın əl gəzdirib sahmana saldığı böyük, işıqlı evimiz qaldı Cavidlə mənim umuduma. Anam da daşı ətəyindən töksəydi deyərdim ki, əsil cənnətə düşmüşdük.
Qonşumuz keçəl Suğranın tək balası – ağıllı, zəhmətkeş oğlu 25 yaşında qəfil ötgündən ölüb bütün kəndi dağlayandan sonra Suğra evini kəndimizdən kasıb bir ailəyə satıb özü didərgin düşmüşdü. Cavid bütün günü təzə qonşumuz pəltək Yetərin dörd uşağıyla oynayırdı, onlarla dalaşanda qaçıb girirdi Musa əminin ikinci oğlu Məhərin həyətinə, yetdiyinə yetirdi, yetmədiyinə bir daş atırdı. Uşağın da əl-qolu açılıb sərhədi genəldikcə canına rahatlıq gəlirdi.
***
Səməndər kənddə qalmaq qərarımızı telefonla Aqilə bildirəndə Aqil yenidən Hakimi kəndə, bizi aparmağa göndərmişdi. Hakim məni dilə tutub şəhərə qaytarmaq istəyəndə Kamil işə qarışdı:
– Aparırsan ki, arvadlarınız sizin qazancınızı yeyər deyə bu qıza hər damğanı vurub dəli eləyib çöllərə salsınlar?
Hakim Sevincin çuğulluğundan xəbərsiz idi. Kamilə nə qədər göz-qaş elədimsə məhəl qoymadı, olanları Hakimə danışdı. İki gündən sonra paltarlarımızı, sənədlərimizi götürüb geri qayıtmaq şərtiylə Səməndər məni Hakimə qoşub Bakıya göndərdi. Yolboyu Hakim az qalırdı ağlaya:
– Bax mən buna görə sənə yalvarırdım, buna görə deyirdim heç kimə bel bağlama, sirrini vermə. Görürsən, qoymadılar sənə bir yuva quraq, oturub uşağını böyüdəsən.
Yolboyu Hakim məni fikrimdən döndərməyə çalışırdı, istəmirdi Cavidi kənddə böyüdüm. Rayondakı qardaşlarım kənddə qalmağımı, Bakıdakılar şəhərə köçməyimi doğru sayırdılar. Uzun yolu Hakim bir ləhzə susmadı, söydü, söyləndi, di gəl, məni fikrimdən daşındıra bilmədi:
– Ürəyin partlayırdı mənə danışaydın, bacına danışaydın, niyə sirrini mənim arvadıma verirdin?
Mən Kamilin Sevinc haqqında rəyinə aldandığımı dedim. Şəhərə çatanacan yalvarıb onu bütün müqəddəslərə and verdim ki, gəlinlə işi olmasın. Bilirdim Sevincin dərsini verəcək, aylarla üzünə baxmayacaq.
– Sən gəlinə heç nə demə, mən paltarlarımızı götürməyə gələndə özüm onu danlayıb-dansıyacam.
Nənəm deyərdi tuvalğayla (nar ağacının budaqlarından düzəldilmiş çalğuya belə deyirlər) vurulan heyvan bala salar. Mən də Hakimi inandırmaq üçün nənəmizdən sitat gətirib dedim:
– Onların tuvalğası ağırdı – mənim canım o zərbəyə davam gətirməz. Onlarla gəşt eləyə bilmərəm, başıma bir iş gələr, balam qalar əllərdə. Qoy hələlik dədəmizin evində oturum.
Biz yola çıxanda Kamil mənə bərk-bərk tapşırmışdı:
– Birbaş Laləgilə gedərsən, qardaşlarının evinə getsən bura qayıtma!
Onun hökmündən çıxmağa Hakim də cəhd göstərmədi, məni bacımgilə düşürüb getdi. Lalə başımı görər-görməz:
– Hııı, – dedi, – ANTANTA yıxdımı səni? Sənə demədimmi bunu kimsəyə danışma?..
O bir həftəni Cavidlə birgə Laləgildə qaldıq. Aqil sürücüsündən mənə xeyli pul göndərdi, ancaq o pulun qəpiyini də xərcləmədim. Əvvəl verdiklərindən uşağıma, özümə lazım olanları aldım, yeni göndərdiyini Laləyə verdim:
– Nə vaxt görsən özünə qaytararsan.
Mən də incikliyimi bu yolla bildirirdim.
***
Kəndə qayıtmağımıza bir gün qala bacımla birgə Hakimgilə getdik. Cer-cehizimin çoxu, paltarlarımız dayımın üzü Hakimin həyətinə baxan birotaqlı evinə yığılmışdı. Sevinclə soyuq görüşüb dayımgilə keçəndə gəlin havalı kimi arxamızca gəldi:
– Niyə evə girmirsiz, yeməyim hazırdı, nolub sizə?
Biz həmişə onunla bacılıq kimi, bacı kimi sirdaş olmuşduq. İndi gəlin ikimizin də üzümüzü boz görüb üşürgələnmişdi. Nənəm kimi dikbaş, acı danışıqlı Lalə Sevincin başından bir qablama soyuq su aşırdı:
– Xəbərçilik elədin əlinə nə gəldi? Barı xəbəri də insaflı çatdıraydın.
Gəlin çaş-baş qalmışdı:
– Nə xəbər, nə xəbərçilik?
Lalə yenə köntöylüyünü buraxmadı:
– Sevinc, sən Allahın düzünü de, Bircə Əliylə görüşə getmişdi? Onun maşınında gəzmişdi, onunla dostluq eləmişdi? Biz şələ-küləmizi yığıb gedirik, sənə yazığım gəlir. Bircəni dişinizin altına salıb qoz kimi sındırdınız, indi də sən düşəcəksən ağızlara. Özünü qoru ki, çeynəyib çürüyə çıxartmasınlar.
Sevinc quruyub qalmışdı, uçunurdu. İnsafən gəlin pis yerin qızı deyildi, ziyalı ata-anasından, xanım-xatın nənəsindən tərbiyə almışdı. Nənəsi ipək kələfiydi; uşaqlıqda tez-tez bibimgilin çəpərindən onların bağına keçərdik, arvad az qalardı gözünün yağını bizə yedirtsin.
Nəvəsi Hakimə nişanlananda nənə qanadlanıb uçurdu. Toya az qalmış gəlininə – Sevincin anasına deyər ki:
– Get bazara mənə yaxşı parçadan donluq al, nəvəmin toyunda təzə geyinib əllərimə xına yaxacam.
Gəlini bazara göndərib özü evdə tək qalar, odun sobasını qalayanda paltarı od alar. Özünə harayçılıq eləyə bilməz, alışıb yanan ətəyini söndürmək istəyəndə əlləri də yanar. Qapının iti bunu görəndə hürüb hay salar, özünü yoldan ötən qonşuya çırpıb yenidən evə girər. İtin həyəcanını anlayan qonşu özünü yetirib yanan arvadı söndürər.
Bizi görəndə nənə yazıq az qalırdı xəcalətindən yerə girsin:
– Sevincək olub sizi işə saldım, – deyirdi, – elə də çox yanmamışam, toyu saxlamayın.
Ancaq ağappaq dələmə kimi arvad aldığı yaralara dözmədi, üç günün içində haqqa qovuşdu…
İndi Sevinc udquna-udquna üzümüzə baxıb and-aman eləyirdi:
– Nənəmin qəbri haqqı bilsəydim belə şəbih çıxaracaqlar dilimi farağat qoyardım.
Sonra irəli durub yalvarış dolu gözlərini gözümə dikdi:
– Bircə, sən Allah məni bağışla, Hakim bilsə dərimə saman təpəcək.
Lalə məni qabaqladı:
– Hakim çoxdan bilir, üzünə vurmursa sevin. Di dincəlin, bu Bakı, bu da siz, bir-birinizə zəhər içirdə-içirdə yaşayın. Əllərinizə xına yaxın, Bircə daha yerinizi dar eləməyəcək…
***
Kamil Cavidin sənədlərini özü işlədiyi məktəbə vermişdi. Dərslərin başlanmağına üç gün qalmış Aqil mənim aldıqlarıma qail olmayıb Laləni ağır bir bazarlıqla kəndə göndərdi. Səməndər, Kamil, Lalə üçü bir yerdə Cavidi məktəbə apardılar. Mən də getmək istəyirdim, nədənsə qoymadılar. Cavid ilk dərs günündən sonra məktəbdən evə gələndə atam ayağının altında qoç qurban kəsdi, Telli mama halva çalıb ayaqyalın yeddi qapıya payladı. Ertəsi gün Lalə anamı da götürüb Bakıya döndü.
Bundan sonra həyat öz yatağına qayıtdı, damla-damla axıb ömür quyusuna dolmağa başladı. Yerim rahat, qulağım dinc, atamın qurulu xanimanı əlimdə, qohum-əqrəbam yanımda, Telli mama dizimin dibində, Səməndərlə Kamil ovcumun içində, Cavid də məktəb yollarında…
Getdikcə bir az da çox inanırdım ki, böyük qardaşlarım lap ağıllı iş görüblər – mən od-alov uşağımı ayrı yerdə böyüdə bilməzmişəm. Cavid hələ də mənə ana demirdi, eləcə adımı çağırırdı. Kənd-kəsəyin uşağına qan uddururdu, neçəsinin başını yarmışdı, neçəsinin üzünü cırmışdı. Kənd adamının bəzisi atama, qardaşlarıma, bəzisi də mənim fələyin güdazına getmiş taleyimə görə Cavidin işləklərinə məhəl qoymurdu, öz uşaqlarını dinməzcə daldaya çəkib yarasını sarıyırdılar.
Camaatımız son dərəcə zəhmətkeş, bir-birinin hovuna-harayına çatan, mərdimazar işlərdən uzaq, çörəyini halallıqla qazanan camaat idi. Qonşu kəndlərdən fərqli olaraq bizim kəndin nə türmədə yatanı, nə boşananı, nə də narkomanı vardı. Kişilərimizin əyləncə, yığıncaq yeri çayxana, qız-gəlinlərimizin toplanış məntəqəsi kitabxanaydı.
Kənd camaatı hələ də orduyla iç-içə yaşayırdı. Kiçik qardaşım Rüfət cəbhənin ən qaynar yerində düşmənlə üz-üzəydi. Mal-qaramızı Musa əminin kolxoz dağılanda özəlləşdirdiyi fermada əmim oğlanları öz mallarına qatıb bəsləyirdilər. Xəstəlik əmimi əldən-ayaqdan salmışdı. Özü balaca, zəhmi dağ yaran kişi çəliyə söykənə-söykənə işığı öləzimiş gözlərini yola dikib gündə neçə kərə gileylənirdi:
– Bəs bu qansız Rəhman eşitmədi ki, mən azarlamışam, niyə bir başını bu qapıdan içəri salmır?
Atam ona qardaşının öldüyünü deməmişdi. Qapı hər tıqqıldayanda, üstünə bir kölgə əyiləndə əmim diksinirdi, elə bilirdi gələn qardaşıdı. Musa əmimlə Rəhman əmim nənəmin ilk əri Qasım babadan olmuş doğma qardaşlarıydı. Qasım babayla nənəm bir dam altında dördcə il yaşamışdılar. Əmilərim lap uşaqkən atalarını qəfil ölüm yaxalamışdı.
Üstündən üç il ötəndən sonra nənəm qardaşının qaçaq yoldaşı, ara-sıra kəndimizdə gizlənən cavan, subay, yaraşıqlı Kərim babamla evlənir. Kərim baba əmilərimə öz balaları kimi qayğı göstərir. Çox keçmir nənəm Kərim babadan üçüncü oğlunu – atamı dünyaya gətirir.
Atamın öz atasından bir cüt dumanlı xatirəsi qalıb. Biri budu ki, yaşıdları çarığa həsrət olduğu vaxt atası atama dəri çəkmə tikdiribmiş. Atam gündə bir dəfə o çəkməni geyinib özünə baxar, sonra soyunub ayaqyalın kənd uşaqlarına qarışarmış, təptəzə çəkməsini palçığa-zığa bulamağa qıymazmış.
İkincisi çox ağır, ağrılı xatirədi. Babam qaçaq dostlarıyla əlbir olub hökumət anbarından oğurladığı şəkər kisələrini kəndimizin yulğunluğunda gizlədib üstünü çır-çırpıyla basdırıbmış ki, səhər açılanda camaata pay-püş eləsin. Gecə kəndin arxı daşır yulğunluğa, su kisələrin altında göllənir. Dolu şəkər kisələri əriyib sirin sulu bir göllək yaradır. Atam deyir ki, o göllək quruyanacan kənd uşağı dizlərini yerə qoyub bulanıq, şirəli sudan sümürdükcə sümürdü.
Az keçmiş Laləni qaçıran oğlanın babası NKVD-yə babamdan çuğulluq eləyir, Kərim babamı tutub aparıb Qala türməsində güllələyirlər. Sonradan babamın qardaşları atama görə kəndimizə illərlə təpik döyürlər, nənəmə minnətçi düşürlər, amma nənəm atamı əmilərinə göstərmir. Bir dəfəsində də bir bölük adamla gəlirlər. Nənəm qazanda nə çörək varsa aparıb tökür itin qabağına, atamı da itdən bir az aralı ağac dibində gizlədir, özünə də bərk-bərk tapşırır:
– Bax mən gəlməyincə burdan tərpənmə, səni nə qədər çağırsalar hay vermə, yoxsa əmilərin səni məndən alıb uzaqlara aparacaqlar.
Atam qorxudan səsini çıxarmır, əmiləri damı-divarı axtarıb atamı tapmayanda nənəm yalandan Qurana əl basır ki, dayıları Rəhimi dağa aparıblar. Gələnlər kor-peşman geri dönürlər (Yeri gəlmişkən, nənəm Qurana bir dəfə də yalandan and içmişdi, zamanında onun da tarixçəsini danışacam).
Anası üçüncü ərə gedənəcən əmiləri atamın var-dövlət payını qoruyub saxlayırlar, ondan sonra atama çatası əmlakı öz aralarında bölüşdürüb qardaşlarının tək balasını bir daha axtarmırlar…
Atamın yeddi illik təhsili vardı, dolanışıq ucbatından bundan artıq oxuya bilməmişdi. Di gəl, oxumaq yanğısı ürəyindən bu gün də silinməyib. Lap cavanlığından bədii əsərlərə, elmi-kütləvi ədəbiyyata böyük maraq göstərən atam qardaşlarımın kitabxanasını zənginləşdirməyə həmişə dəstək olardı, yeni kitabları özü də onlarla birgə həvəslə oxuyardı. Saxlayıb kökəldib satdığı qoyunlardan birinin pulunu hər mövsüm Səməndərə verib deyərdi:
– Bax bu pulun hamısına kitab alarsan, burdan bir qəpik ayrı şeyə xərcləsən sənə bir də pul qulağı göstərməyəcəm.
Elə həmin gün Səməndərlə Kamil alacaqları kitabların siyahısını tutub sevinə-sevinə özlərini verərdilər kitab dükanlarına. Axşama neçə torba kitabla geri qayıdardılar. Kamil kitabları bir-bir torbadan çıxarıb iyləyib Səməndərə verərdi, Səməndər də aldığı kitabın qoxusunu içinə çəkəndən sonra rəflərə düzərdi. Atamla qardaşlarım o kitabları oxuduqca müzakirəyə çıxarardılar, biz də onlara maraqla qulaq asardıq. Böyüdükcə biz də bir-bir o söhbətlərə qoşulardıq. Atamın kitab sevgisi Musa əminin ürəyincə deyildi, üzünə deməsə də daldada narazılıq eləyərdi, təsərrüfat bir az axsayan kimi:
– Hə də, – deyib ağız büzərdi, – Rəhim də qoşulub cavanlara kitabı əlindən qoymur, qışda kitab yeyərik inşallah.
Atam əmimə nə üzdə, nə daldada cavab qaytarmazdı, bir-birilərinə narazılıqlarını anaları vasitəsiylə bildirərdilər. İndi atam bəndi-bərəni bərkidib doğma qardaşının ölümünü Musa əmiyə bildirmirdi, onu da itirməkdən qorxurdu.
(Ardı var)