ZƏNGİLANSIZLIĞIN 25 ili
Əli Bəy Azəri
Günlər bir-birinə calandı, həftələr, aylar ötdü, daha bir il gəlib başa çatdı. Doğma yurdumuz Zəngilanı itirdiyimiz illərin üstünə bu il də əlavə oldu, cəmi 25 il elədi…
“25 il – BİR İGİDİN ÖMRÜ” deyə-deyə ah çəkir yurddaşlarım, özümü sındırmıram, təsəlli verirəm, “AHIN DAĞLARA, dağlara…” deyirəm.
Zəngilanın işğalı artıq nağıllara çevrilib. Bu 25 ildə nəvələrinə nağıl danışmalı olan yaşlı nəslin böyük əksəriyyəti dünyasını dəyişib. Nəvələr nənəsiz-babasız böyüyürlər. Nənəsiz-babasız böyüdükləri kimi də nağılsız qalıblar. Nağıla ehtiyacları var, elə doğma yurd Zəngilan haqqında da nağıla…
Bir nağıl dünyası itirmişəm mən,
Atlara inamım yaman azalıb…
İtlərə inamım yaman azalıb…
Bu şeiri Ziyad qocamın ölümündən sonra yazmışdım, onda 1977-ci il idi, hələ on bir yaşım vardı.
Ziyad qocam (anamın anası) bizə nağıllar danışardı. O danışdıqları arasında ermənilərin 1918-ci il qırğını da vardı, bizə nağıl kimi danışardı, biz də nağıl kimi qəbul edərdik. Necə də qəbul etməyəydik, Hənd kəndinin ermənisi gəlib eşşəklərimizə palan tikərdi, başqa bir erməni Meğrinin dükanlarını kəndlərimizə yönəldərdi, Qafana nə dalınca getsəydin, tapardın, tapmamış qayıtmazdın…
İndi Zəngilanlı günlərimizin nağıllarını uydurub nəvələrimizə danışmaqdan başqa çarəmiz qalmır. Heç olmasa doğma yurd böyüməkdə olan nəslin yaddaşlarına hopsun… yaddaşlarda yaşasın Zəngilan – nağıllara çevrilən Zəngilan…
Gileylənmirəm, haqq sözümü deyirəm, heç kimin də bostanına daş atmıram. Zəngilan məktəblərində “Çaylar” mövzusunda dərs keçirilir, Bəsitçayın, Oxçunun, Həkərinin, Bərgüşadın adı çəkilmir. “Dağlar” mövzusu öyrədilir, yaxşı ki, Murovdan bəhs olunur, Süsən, Əsgülüm, Xustub, Bürünc dağlarının adı belə tutulmur. Şairləri, yazıçıları ilə görüş keçirməkləri bir yana, məktəblərdə adlarını belə bilən yoxdu… Bu duyğusuzluq, bu laqeydlik haradan qaynaqlanır, görəsən?
Şair Ələsgər Talıboğlu dərdimi dinləyib yazır:
Hopdu ürəyimə o yurdun nuru,
Orada vuruldum aydın səhərə.
Sevdim dəlilərtək ana torpağı
Gedəcəm… sevgimin qaldığı yerə.
Ələsgər Talıboğlu Şərurdandır, Zəngilanı görməyib. Tələbəlik illərində Bakıdan Şərura gedəndə də, geri qayıdanda da qatar Zəngilan rayon ərazisindən gecə keçib, şair yuxuda olub, görə bilməyib. Amma o yerlər haqqında danışdıqlarımızdan heyran qalıb Zəngilana…
Zəngilan adının etimologiyası üzərində hələ də baş sındırırlar. Zəngli ilanlar məskəni, ilanlarla zəngin məkan, Gilandan gəlmiş (“sən gilanlı”) tayfanın burada məskunlaşması kimi elmi əsaslara söykənməyən fərziyyələr hələ də gündəmdədir. Mənsə, bunu artıq nağıllaşdırmışam – nəvələrimə danışıram. Xustub dağ silsiləsində Gəzbel dağı var. Orada canavar yuvası kimi dörd çıxışı olan mağara mövcuddur. Füzuli rayonundakı Azıx mağarasındakı (ilk insan məskəni olaraq dünya qəbul edib) kimi burada da ilk ibtidai insan yaşayıb. Azıx mağarasının tədqiqatı aparılsa da Gəzbel mağarasının tədqiqatına ermənilər imkan verməyiblər. Bu mağara yaşayan insanlar gündüzlər yem dalınca qıjhaqıjla axan Oxçu çayının sahillərinə düşüblər. Balıq tutublar, çayın qırağındakı pencərdən, göy-göyərtidən yeyiblər. Bəzən qaranlıq düşənə kimi yem axtarıblar və geriyə qayıda bilməyiblər. Beləcə çayın qırağında özlərinə məskən salıblar. ZƏNGİLAN – Yeni məskən deməkdi (Zən – yeni, gil – torpaq, yer, an – məkan, yurd). İndi də işlədirik, “ZƏNNim (ağlıma son gələn fikir) məni aldatmaz” deyirik. “ZƏNnimcə, (yeni düşüncəmlə) bu belə olmalıdı” kimi fikirləşirik. Məntiqə söykənməyənlər yazılı mənbə axtarırlar. O vaxt yazılı mənbəmi vardı? Bir çox məsələlər günümüzə nağıllar, əfsanələr, rəvayətlər, bir sözlə, şifahi xalq ədəbiyyatı ilə gəlib çatmayıbmı?
Ələsgər Talıboğluya görə, laqeydlik vətənpərvərlik hissini üstələyib, o ülvi hisslər elə o yurd yerlərində qalıb.
Qəlbimdən boy verən o həzin hisslər,
Könlümü hər axşam oxşayar, süslər.
İlahi qüvvəylə o yurda səslər,
Gedəcəm sevgimin qaldığı yerə.
Zəngilan əfsanəvi bir məkandı. Yazı düzü deyilən düzəngahı vardı. Ora Koroğlu daşı, Ağ oyuq da deyirdilər. İki hündür ağ daşı vardı. Bu daşlara o vaxt möcüzəli kimi baxırdılar, sanki meteorit qırığıydı, dastandakı Koroğlunun qılıncı hazırlanan daş parçasıydı, bəlkə də buna görə Koroğlu daşı adlandırırdılar. Daşların yuxarı hissəsi oyulmuşdu, oyuğa yağ, fitil qoyular, gecələr yandırılardı. Bu daşlar nə vaxtdan bura qoyulmuşdu, hardan gətirilmişdi, bəlli deyildi. Heç o da bilinmirdi ki, kim bura ocaqçı təyin edirdi, kim onun zəhmətini qiymətləndirirdi. Bütün bunlar nağıl kimi ağızdan-ağıza ötürülərək bizə gəlib çatmışdı. O daşlardan biri naməlum səbəblərdən ötən əsrin səksəninci illərində yoxa çıxmışdı. İkinci daşı da bir traktorçu qoşub qapısına sürüyüb aparmışdı. Rayon İcraiyyə Komitəsinin sədri Nazir Kərimov xəbər tutandan sonra elə həmin traktorçuya daşı yerinə qaytartdırdı. Ərazidə inzibati bina tikdirdi, DAŞ HEYKƏLLƏR Muzeyi yaradılmasına nail oldu. Həmin daşların oyuğuna doldurulmuş fitilli yağ gecə səhərə kimi yanar, Cənubi Azərbaycanın Qaradağ mahalından Şimali Azərbaycanın Qarabağ mahalına gələn karvanın yolunu istiqamətləndirərdi. Karvan Kəleybərdən Araz çayı boyunca Xudafərin körpüsünə kimi həmin alovlara görə istiqamətlənərdi. Bircə körpüdən keçdikdən sonra Həkəri çayı boyunca uzanan təpələrə çıxana kimi məşəli görməzdi. Elə ki təpələrin üstünə çıxdı, düz Şuşa şəhərinə girənə kimi məşələ görə gedərdi. Bax, Zəngilan uzun əsrlər boyu O TAYLI-BU TAYLI VƏTƏNİN məşəli olub. İndi hanı o yurd?
Görək, Ələsgər Talıboğlu nə yazıb…
O yurdda sevdim mən çayı, çaylağı,
Həm eli, obanı, yayı, yaylağı.
Gözümün yaşıtək ayna bulağı,
Gedəcəm sevgimin qaldığı yerə.
Zəngilanın Vejnəli kəndində qızıl yatağı vardı. Mənbələrdə bu yatağın ilk araşdırmaçıları alman geoloqu G.Abıx (1902) və rus geoloqu L.Konyuşevski (1911) olublar. 1959-cu ildən fasilələrlə iş aparılsa da yataq SSRİ dövründə işlədilmədi, sonralar bəzi geoloqlarımız guya qoruyub müstəqillik dövrünə saxladıqlarını vurğuladılar. İndi Arazboyu Naxçıvana gedib-gələnlərin dediyinə görə ermənilər dağları yarıb yatağı işlədirlər. Bu da bir AH!
Şəhri-Şərifanın sorağı birinci minillikdən gəlir. Babək zamanında bir müddət ölkənin mərkəzi şəhərinə çevrilib. Səkkizguşəli sərdabə abidə kompleksinin qalıqları vardı. Deyilənə görə, yeraltı yolu Həkəri çayının altından keçməklə qarşı tərəfdə yerləşən Məmmədbəyli kəndindəki Türbəyə çıxırdı. Tədqiqat aparılmayıb, sərdabənin yerində ilanların çoxluğu bəhanə gətirilirdi. (Yeri gəlmişkən, bunu qeyd etməyə bilmərəm. Sərdabə haqqında Babək Xürrəmidin dövründəki tarixçilər qeyd etsə də, bəziləri hələ də həmin sərdabənin XIII əsrdə tikildiyini yazırlar)
Statistik məlumatları sadalamağa ehtiyac duymadım, bəlkə də bu 25 ildə yüz dəfə xatırlanıb. Döyüş əməliyyatlarından da söhbət açmadım, gerçək məğlubiyyət şanlı hərb tariximizə yazıla bilməz.
Bu gün Zəngilanın işğalının 25 illik acısını necə çəkirik?
Şair Adil Həsənoğlu nikbin ruhdadır, tezliklə torpaqlarımızın işğaldan azad olunacağına başlayacağımızı güman edir.
Şair Ayaz İmranoğlu suallar ünvanlayır, “neynirsiniz bu anım tədbirlərini keçirib”, deyə soruşur…
Teyfur Çələbi, Bərxudar Hüseynov, Mehman Həkəri, Arif Dardanyuxarı və adını çəkmədiyim başqaları… bu ağır yükü tənhalıqda hərəsi bir cür çəkirlər, AH çəkdikləri kimi…
Rayon ictimaiyyətinin böyük əksəriyyəti “Bəsitçay” qoruğunun fəaliyyətindən bu yaxınlarda xəbər tutdular. İcra başçısının xeyir-duası ilə kürsünün babadan nəvəyə ötürülməsi münasibətilə təntənəli tədbirin sədası bütün rayona yayıldı. Bu necə vətəndaşlıqdır, bu necə zəngilançılıqdır? 25 il dinməzcə bir qurumun maaşını alasan, çörəyini yeyəsən, o qurumun adını divara da yazdımayasan… Heç vaxt və heç yerdə hallandırmayasan… Hansı ki, Zəngilan çinar meşəsi rəsmən dünyada ikinci hesab olunur. Son vaxtların araşdırmalarına görə isə, birincidir. Çünki Kanadadakı çinar meşəsi süni, Zəngilandakı çinar meşəsi isə təbii yolla artmışdır. Bəlkə ona görə səslərini çıxartmayıblar ki, ermənilər həmin qoruğu yerla-yeksan eləyiblər, biri 110 dollardan fars tacirlərinə satıblar? Məhz elə buna görə səs-küy salmağa dəyməzdimi? Dövlətin ayırdığı puldan 50 manat ödəyib konfrans keçirmək olmazdımı? Bu doğma yurda necə münasibətdi, necə laqeydlikdi?
Yaxşı ki, Oqtay Zəngilanlı ilə Alı Rəhimoğlu nəsə ciddi bir işlə məşğuldular. Müdrik yaşlarında başlarını aşağı salıb TOPONİMLƏRİ qələmə alırlar, rayonun coğrafi xəritəsini yenidən cızırlar…
Yaşı doxsanı keçmiş coğrafişünas alim Məhəmməd Cabbarov isə rəhmətlik Həmzə Vəlinin araşdırmalarını bir dostunun nəşrində öz adından yayımlamaqdadı…
Dönməz Abbasov bir ay əvvəl gözəl bir təşəbbüs irəli sürdü: “Xatirə kimi yadda qalsın deyə bir müsabiqə təşkil edək. Kim bacarır rəsm çəksin, kim bacarır şeir, hekayə, nağıl, məqalə, lap elə inşa yazsın. Yığışıb münsiflər seçək, mükafatlandıra bilməsək də qiymətləndirək onları…” Görün, necə gözəl təklif və təşəbbüsdü… Alınmadı. Söz adamları bir araya gələ bilmədi, quru təkəbbürlərini qırıb gələmmədilər. Bəli, zəngilanlılara məxsus quru təkəbbür!
Elə o üzdən də “Zəngilansız – 25 il” anım tədbirini tək keçirəsi oldum. Tək, yəni zəngilanlı olaraq tək! Abşeron Mərkəzi Kitabxanasında Məlahət Yusifqızının təşkilatçılığı ilə düzənlənən tədbir düz beş saat çəkdi. Tədbirə ölkənin müxtəlif bölgələrindən toplaşan qırxdan çox söz adamı “Hamımız ZƏNGİLANLIYIQ” deyib mənə qürur verdilər. Nə yaxşı ki, belə genişürəkli, vətənpərvər insanlar ətrafımızdan əskik deyil.
Şair Ələsgər Talıboğlu yazır:
Sarınıb yolların ağına bir gün,
Düşəcəm soluna, sağına bir gün.
Dibsiz dərəsinə, dağına bir gün,
Gedəcəm sevgimin qaldığı yerə.
Məcburi köçkünlər üçün Biləcəri qəsəbəsində məzarlıq yer ayrılıb. İndi orda ölü dəfn etməyə yer tapılmır, qəbiristanlıq dolub. Hərdən əzizlərimizin qəbirlərini ziyarət etsək də ruhlarının burada olduğuna inanmırıq. Onların ruhları işğal olunmuş Zəngilanın başı üzərində dolanır, nigaran-nigaran bizim o yurda – vətənə, ataya, anaya, doğmaya, yada, bir sözlə, hər şeyə və hamıya bəslənən ən ülvi insani hiss olan SEVGİMİZİN əbədi kökləndiyi yerə dönəcəyimiz günü, həm də səbirsizliklə gözləyirlər…