Xalid Ağalıyev
media hüquqçusu
2007-ci il iyulun 16-sı Avropa Məhkəməsinin ifadə azadlığı ilə bağlı təcrübəsinin Azərbaycanda tətbiqi baxımından tarixi gün idi. Yasamal Rayon Məhkəməsinin hakimi həmin tarixdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin həbsinin tələb olunduğu şikayəti rədd etdi. Qərarda Avropa Məhkəməsi qərarlarına istinadən yazılırdı: “İfadə azadlığı yalnız xeyirxahlıqla qəbul edilən məlumat və fikirləri deyil, eyni zamanda təhqir edən, şoka salan, narahat edən məlumatları da əhatə edir”. Bu qərarı əksər beynəlxalq qurum elə həmin gün alqışladı…
O qərarı verən hakim iki gün əvvəl bu dəfə Səbail Rayon Məhkəməsində ictimai müzakirələr çərçivəsində qələmə alınan 4-5 yazıya görə bir neçə saytın bloklanmasına qərar verdi. Bu yazıda həmin qərarlara bir az yerli, bir az da Avropa Məhkəməsinin ifadə azadlığı standartlarının işığında nəzər salırıq.
Mübahisə mövzusu olan yazılar
Hər şey ondan başladı ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Təhlükəsizlik Xidməti beş sayta xəbərdarlıq göndərdi. Xəbərdarlıqda bildirildi ki, 8 saat ərzində filan yazıları saytdan çıxarın, yoxsa məhkəməyə verəcəyik. Saytların əksəriyyəti yazıları çıxarmadı. Ancaq Xural.com saytı mübahisələndirilən yazıları resursdan xaric etdi. Nazirlik isə xəbərdarlıq etdiyi saytların hamısını (Xural daxil) məhkəməyə verdi, bloklanmasını istədi.
Məqalələrin yarıdan çoxu istinadla verilmişdi. Yəni məqalənin əsl müəllifi, şərti desək, “A” mediasıdır. Həm də əsl müəllifi “A” mediası olan məqaləni onlarla başqa medialar da yayıb. Nazirlik isə “A” mediasını yox, məhz məqaləni yayanlardan olan bir neçə “B” mediasını məhkəməyə verdi. Özü də hamısını yox, ancaq hökumətə yaxın olmayanları və müntəzəm tənqid edənləri.
Mübahisələndirilən yazıların hamısı ictimai məzmunda idi, toplumun həmin mövzularda bilgiyə tələbatı vardı. Mövzular bunlar idi: Gəncənin icra hakimiyyəti başçısına sui-qəsd edilməsi, xəstəxanaların durumu, məmur özbaşınalığı, prezidentin köməkçilərindən birinin fəaliyyəti… Mübahisələndirilən yazıların sərlövhəsini olduğu kimi, eləcə də bir qədər fərqli məzmunda “Google” sistemində axtarışa verdikdə tapılan, son 10 ili əhatə edən materialların sayı ümumilikdə 100 mindən çoxdur. Bu vacib nüansdır, çünki mövzunun ictimai əhəmiyyətli olduğunu, məqalələrin ictimai müzakirələr kontekstində bundan əvvəl də dəfələrlə qələmə alındığını isbat edir. Bu, mübahisələndirmə zamanı media üçün vacib silahdır. Çünki medianın vəzifəsi elə bu mövzularda yazmaqdır.
Nazirliyin xəbərdarlığı, məhkəməyə müraciəti
Nazirlik xəbərdarlıq, daha sonra məhkəməyə müraciət etdi.
Nazirliyin Elektron Təhlükəsizlik Xidmətinin beş sayta xəbərdarlıq göndərməsi qanuni görünmür. Adıçəkilən xidmətin fəaliyyəti onun əsasnaməsi ilə tənzimlənir. Əsasnamədə xidmətin fəaliyyət göstərməli olduğu istiqamətlər, vəzifələri və hüquqları əksini tapır. Xidmətin fəaliyyəti daha çox kibertəhlükəsizliyin təmin olunmasına, mövcud və yarana biləcək elektron təhlükələrin müəyyən edilməsinə yönəlikdir, yəni texniki məzmunludur. Həmin xidmətin əsasnaməsində onun mediaları yazılarına, yəni məzmuna görə bloklaması kimi bir fəaliyyət əksini tapmır. Xidmət monitorinqlər apara bilər, ancaq cinayət hüququ ilə tənzimlənən böhtan və ya təhqir məzmunlu yazıları müəyyənləşdirə bilməsi mümkün deyil.
Nazirliyin bloklama ilə bağlı məhkəməyə müraciət etməsi texniki baxımdan yanlış deyil.
“İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun internet resursunda yayılması qadağan edilən informasiyaların növlərini elan edib. Yayılması qadağan edilən informasiyaların həmin siyahısında böhtan və təhqir məzmunlu informasiyalar da sadalanıb. Qanun nazirliyin üzərinə qanunla qadağan olunan informasiyalar yayıldıqda bunu önləmək vəzifəsi qoyub.
Önləmək proseduru qanunla qadağan olunan informasiyanı yayana xəbərdarlıq etmək, xəbərdarlıq faydasız olduqda isə bütövlükdə resursun blok edilməsi üçün məhkəməyə müraciət etməkdən ibarətdir. Bu baxımdan nazirlik məhkəməyə müraciət etməklə qanunla üzərinə qoyulan vəzifələri icra edib. Vəzifə qoyan qanunun problemli olmasını isə hələ o qanun qəbul ediləndə çox ekspert dilə gətirib. Eyni zamanda müraciətin məzmununun yetərli olub-olmaması da mübahisə edilə bilr.
Məhkəmənin bloklama tələbi ilə bağlı görüşü
Nazirliyin müraciətinə məhkəmə 2-3 saat içində baxdı, 5 saytın bloklanmasına – ifadə azadlığına müdaxiləyə qərar verdi. Mübahisə olunan yazıları çıxaran saytlar da vardı, çıxarmayan da. Ancaq məhkəmə onların hamısına eyni rakursdan yanaşdı. Nazirliyin xəbərdarlığına əməl edəni də, əməl etməyəni də blokladı. Belə durumda hüquqdan danışmaq xeyli lazımsız görünəsə də, hər halda faydasız olmaz.
Bu hal İranda, Çində, Şimali Koreyada adi qarşılana bilər, amma Avropa məkanına daxil olan bir ölkədə 5 saytın bir anda blok edilməsi ifadə azadlığı hüququ baxımından olduqca ağır qərardır. Belə qərarlar onlarla milli və beynəlxalq testdən, presedentdən keçirilməklə qəbul edilməlidir. Bu qərarlar verilərkən məhkəmələrin əsas götürməli olduğu qanuni ölçülərə göz gəzdirək.
Milli qanunlarımız
Ölkə konstitusiyasının 47-ci və 50-ci maddələri, kütləvi informasiya vasitələri, informasiya əldə edilməsi haqqında qanunlar ifadə, media azadlığına təminat verir, onun məsuliyyətini, məsuliyyətdən azad edilməsi hallarını müəyyən edir.
Məsələn, “Kütləvi informasiya vasitələri haqqında” qanun digər media orqanlarında dərc olunmuş və təkzib olunmamış məqalələri yayan mediaları məsuliyyətdən azad edir. Bu, saytların bloklanması işində qırmızı xətt kimi keçir və onu görmək görməməkdən qat-qat asandır. Qanun açıq mətnlə deyir ki, “…həqiqətə uyğun olmayan məlumat… digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa …redaksiya, …jurnalist buna görə məsuliyyət daşımır”.
Avropa Məhkəməsinin təcrübəsi
Azərbaycan həm də Avropa İnsan Hüquqları Konvensiyasına qoşulub, həmin sənədin 10-cu maddəsi ifadə azadlığı hüququnu təminat altına alır. Həmin maddəyə görə, ifadə azadlığı hüququna yalnız qanunla nəzərdə tutulmuş hallarda, 10-cu maddədə göstərilmiş legitim məqsədlərə nail olmaq üçün və demokratik cəmiyyətdə zəruri olduqda və nəzərdə tutulmuş tədbir qarşıya qoyulmuş məqsədə mütənasib olduqda müdaxilə edilə bilər. Müdaxilə qanuna, habelə hakimiyyət orqanlarının qəbul etdiyi, ümumi tənzimləmə rolu oynayan hüquqi müəyyənlik prinsiplərinə cavab verən qaydalar toplusuna uyğun olmalıdır.
Avropa Konvensiyası ifadə azadlığına müdaxilənin legitim olmasını tələb edir. Legitimlik deyəndə o başa düşülür ki, müdaxilə Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilən əsaslardan birinin qorunmasına yönəlməlidir. Həmin əsaslar bunlardır: milli təhlükəsizlik, ərazi bütövlüyü, ictimai asayiş maraqları, iğtişaşın və ya cinayətin qarşısının alınması, sağlamlığın, mənəviyyatın mühafizəsi, şəxslərin nüfuz və hüquqlarının müdafiəsi… Sadalan bu əsaslardan mütləq azı biri olmalıdır ki, ifadə azadlığına müdaxilə mübahisə mövzusu olsun.
Qeyd edilənlər də yetmir, ifadə azadlığına müdaxilə o halda mümkün sayılır ki, o həm də demokratik cəmiyyətdə zəruri olur. Son bloklama qərarları demokratik cəmiyyətdə zərurilik prinsipinə də zidd görünür. Yazıların demək olar ki, hamısı ictimai müzakirə mövzusundadır. İcra hakimiyyətlərinin fəaliyyətindəki nöqsanlar, yazılarda adları çəkilən ayrı-ayrı məmurların vəzifələrinə uyğun olub-olmaması kimi məsələlər daim ölkədə ictimai müzakirə mövzusu olub. Mübahisə mövzusu olan yazılarla bağlı “Google” sistemində axtarış verdikdə minlərlə yazı tapmaq mümkündür. Həm də həmin yazılarda heç bir halda qadağan edilməli bir məlumata rast gəlinmir. Bu yazıların bir qismi qiymətləndirici mülahizələrdən, bir qismi isə faktlardan ibarətdir. Faktual əsası olan mülahizələrin doruluğunu isbat etməyi tələb etmək olmaz. Faktların isbatı isə elə yazıların özündədir – məsələn, vətəndaşların icra başçısının fəaliyyətindən prezidentə göndərdiyi şikayət məktubu. Qeyd etdiyimiz bir neçə cümlə belə bloklamanın təxirəsalınmaz sosial tələbatdan doğmadığını göstərir. Bir neçə medianın bloklanması nazirliyin mətni anlaşılmayan müraciəti əsasında həyata keçirilib. Bu, məhdudiyyətin demokratik cəmiyyətdə zəruriliyini əsaslandırmaq üçün yetmir. Loru dildə desək, təxirəsalınmaz sosial tələbat o zaman mövcud olardı ki, saytlar bloklanmasaydı, dünya da olmasa, harasa dağılacaqdı.
Bloklamaq üçün əsaslardan 3-ü…
Bloklamanın demokratik cəmiyyətdə zərurilik testindən keçməsi üçün onun 3 tələbə cavab verməsi lazımdır.
Birincisi, müdaxilə təxirəsalınmaz sosial tələbatdan doğmalıdır. Sadə dildə desək, ifadə azadlığının hər hansı məhsulunun yayılmasına o halda məhdudiyyət qoyulmalıdır ki, onun yayılması ictimai maraqları təhlükəyə salmış olsun. Başqa fərqli bir misal – kimsə cinayətdə şübhəlidir, onun evində axtarış aparılması cinayətin açılması üçün zəruri sayıla bilər.
İkincisi, müdaxilənin mütənasibliyi çək-çevir edilməlidir. Burda söhbət müdaxilənin üsulundan gedir. İfadə azadlığının hər hansı məhsuluna müxtəlif müdaxilə üsulları tətbiq edilə bilər. Xəbərdarlıq, təkzib, yazının yayımdan çıxarılması və s. Mütənasibliyin çək-çevir edilməsi zamanı daha yüngül üsulların seçilməsinə üstünlük verilməlidir. Böhtana görə ifadə azadlığına müdaxilə edilə bilər. Ancaq burda müdaxilə üsulu kimi həbsin seçilməsi və ya bir məqaləyə görə bir saytın blok edilməsi birmənalı qeyri-mütənasib müdaxilə sayılacaq. Bu həm də ən son əl atıla biləcək vasitə ola bilər.
Beş-altı yazıya görə beş-altı resursun bütövlükdə blok edilməsi istənilən halda qeyri-mütənasib hesab ediləcək. Nazirliyin böhtan məzmunlu olduğunu iddia etdiyi yazıların hamısı böhtan olsaydı, hətta başqa qanuni maraqlara da ziyan vurmuş olsaydı, saytların bütünlüklə blok edilməsi mütənasiblik testindən keçməyəcəkdi. Belə olan halda yalnız böhtan olduğu iddia olunan linklərin blok edilməsindən söhbət gedə bilər. Bu zaman müdaxilənin mütənasiblik testinə cavab verdiyini düşünmək olardı.
Üçüncüsü, ifadə azadlığına müdaxilə durumlarında ölkələrin qiymətləndirmə sərbəstliyi var. Ancaq bu o demək deyil ki, ölkələr ifadə azadlığına istədiyi üsullarla müdaxilə edə bilər. Qiymətləndirmə sərbəstliyi geniş və dar ola bilər. Əgər Avropa Şurası ölkələrinin əksəriyyəti böhtana görə müdaxilə üsulu kimi həbs cəzasını ləğv edibsə, Azərbaycanın da daxil olduğu məkanda ölkələrin əksəriyyəti bir məqaləyə görə bütün resursun blok edilməsi təcrübəsini rədd edirsə, burda Azərbaycanın qiymətləndirmə sərbəstliyi geniş yox, maksimum dar olacaq. Həm də qiymətləndirmə sərbəstliyi daha çox ictimai əxlaq məzmunu üçün xasdır.
Saytı yox, linki blok etməli!
Avropa Məhkəməsi bir neçə qərarında bloklama durumlarında örnək çıxış yollarını göstərib. “Çingiz və başqaları Türkiyəyə qarşı”, “Əhməd Yıldırım Türkiyəyə qarşı” qərarlarında məhkəmə vurğulayıb ki, saytların bütünlüklə blok edilməsi mütənasib tədbir hesab edilə bilməz. Bu təcrübə Avropa məkanında hakimdir. Bu baxımdan Azərbaycan məhkəmələrinin fərqli qiymətləndirmə imkanları da yoxdur. Odur ki, son bloklama qərarları Avropa Məhkəməsinin presedent hüququna da aşkar şəkildə ziddir.
Mübahisələndirilən bütün yazıların böhtan məzmununda olması ilə bağlı demək olar ki, böhtan şəxslərə qarşı işlənən bir cinayətdir. Böhtana yol verilib-verilmədiyini böhtana məruz qaldığını iddia edən şəxsin özü mübahisələndirə bilər. Baxmayaraq ki, qanun ona belə vəzifələr həvalə edib, son bloklamada Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birbaşa təşəbbüskar olması da doğru deyildi. Əgər şəxslər böhtana məruz qalmalarını məhkəmədə mübahisələndirib, bunu qərarla isbat etmiş olsaydılar, sonrakı mərhələdə nazirliyin saytın və ya məzmunun blok edilməsi üçün məhkəməyə müraciət etməsi dogru olardı. Ona görə hazırkı durumda məhkəmələrin nazirliyin “blokla” tələbini təmin etməsi qanuni deyil.
***
…Bloklama ilə bağlı milli məhkəmələrin qərarlarının yanlışlıqlarından uzun-uzadı bəhs etmək, arqumentlər sıralamaq olar. Ən doğrusu isə o olardı ki, həmin qərarlardan yuxarı məhkəmələrə verilmiş şikayətlər lazımi qaydada araşdırılsın, bir qismini sadaladığımız standartların işığında ifadə azadlığına layiq olduğu dəyəri verən yeni, fərqli qərarlar qəbul edilsin. Edilməsə, nəticə ondan ibarət olacaq ki, Avropa məkanında hüquqçular bundan sonra bloklama ilə bağlı Türkiyəyə qarşı yox, Azərbaycana qarşı çıxarılmış qərarları örnək götürəcəklər.
Müəllifin başqa yazıları:
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?
Bayramdan bayrama – mediamız