Bayramdan bayrama – mediamız
Xalid Ağalıyev
media hüquqçusu
Heç olmasa 22 iyul kimi əlamətdar gündə də olsa, medianın durumu ictimaiyyətin gündəm mövzusuna çevrilə bilir. İllərdir bu tendensiya davam edir. Çoxdan hökumətin nəzarətinə daxil olanlar öz durumlarına haqq qazandırır, sərbəst tribunası, mediası olmayan alternativ rəy daşıyıcılarından ibarət kiçik dairədəki jurnalistlərsə əks mövqelərini ifadə edirlər. Bu yazı da həmin müzakirələr müstəvisindədir və media hüququ müstəvisindəki gəlişmələri əhatə edir.
Ötən ilin media bayramından – 22 iyulundan bu yana vəziyyətə nəzər salanda, təəssüf ki, media hüququ müstəvisində pozitiv işartı görmək olmur. Əlbəttə, media, internet müəyyən düzənləmələrə tabe olmaq zorundadır, ancaq bu düzənləmələr ifadə azadlığının təməl prinsipləri nəzərə alınmaqla inşa edilməlidir. Son bir ildəki (“media ili” nəzərdə tutulur) düzənləmələr belə məzmunda deyil, həmin düzənləmələrin nəzərə çarpan ifadələri “bağlamaq”, “qapatmaq”, “cərimələmək”dir.
İnternet mediasının düzənlənməsi, yoxsa cilovlanması?
Son bir ilin başlanğıcında media hüququ müstəvisində ən çox yadda qalan internet mediasının tənzimlənməsi ilə bağlı hüquqi mexanizmlərin yaradılıb işə salınması oldu. Məhz ötən ilin ortalarından xəbər saytlarının başı üzərini daha bir qorxu – “belə yazsam, bunu yazsam qapadarlar” qorxusu aldı.
Hər şey ötən ilin yazından başlandı. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna əlavə edilən bütöv bir fəsil dərhal alternativ düşüncələrin ifadəçisi olan, çoxsəsliliyə yeganə töhfə hesab olunan medialara tətbiq edildi. “Azadlıq” radiosunun, “Azadlıq” qəzetinin, “MeydanTV”nin, “TuranTV”nin və “Azərbaycan saatı” televiziya proqramının saytlarına anlaşılmaz əsaslandırmalarla blok qoyuldu. O vaxtdan bu resurslara köməkçi texniki vasitələrsiz giriş mümkün deyil. Həmin medialar bu üzdən minlərlə izləyicisini, oxucusunu itirdi.
Adıçəkilən qanuna edilən dəyişikliklərin məzmunu Avropa Məhkəməsi təcrübəsi işığında qüsurludur. Bu dəyişikliklər hökumətə hər hansı bir saytı anındaca bloklamaq imkanı verir. Əlbəttə, ifadə azadlığı mütləq hüquq deyil, məhdudiyyətlərə məruz qala bilər. Ancaq bu dəyişiklik necə gəldi, tam bir internet resursuna girişi yasaqlamaq imkanı verir. Konkret bir məzmuna, məqaləyə görə bütövlükdə saytın blok edilməsi anlaşılmazdır, o, ifadə azadlığı haqqından istifadədən çəkindirmək qoxusu verir. Gələcəkdə Avropa Məhkəməsinin bu işlərlə bağlı verəcəyi qərarlar dəyişikliklərin mürtəce mahiyyətini onsuz da təkrar ortaya qoyacaq…
Bloklanan medialar adları yuxarıda sadalananlarla yekunlaşmır. Ötən ilin ortalarından bu yana girişi blok edilən xəbər saytlarının bəlli olan sayı 30-dan artıqdır. Həm də bu resurslar məhkəmə qərarı-filan olmadan bloklanıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən soruşursan, “xəbərimiz yoxdur, biz bloklamamışıq” deyirlər, başqa əlaqəli qurumlardan da eyni məzmunlu cavablar verilir. Məhkəməyə üz tutursan, gərəkli araşdırma aparılmadan müraciətlər rədd edilir.
Məsələn, ötən il böhtan ittihamı ilə həbs olunmuş jurnalist İkram Rafiqoğlunun sahibi olduğu Realliq.info saytı noyabrda blok edildi. O quruma müraciət, bu quruma sorğu – blokun mənbəyini tapmaq mümkün olmadı. Jurnalist Realliq.az saytını yaratdı, dekabrda onu da blokladılar. 2018-ci ilin yanvarında Realliqinfo.com saytı yaradıldı, 4 gün keçmədi bloklandı. Realliqinfo.az saytı da əvvəlki saytların aqibəti ilə üzləşdi. Yaradılandan bir gün sonra bu saytı da bloka saldılar. Realliqinfo.org saytı yaradıldı, yenə aqibəti blok oldu…
Məhdudiyyət məzmunlu dəyişikliklər
Ötən ilin sonu həm də qanunda jurnalistləri cəzalandıran müddəaların çevrəsinin genişləndirilməsi ilə yadda qaldı. Bu dəfə internet jurnalistlərini yada salan İnzibati Xətalar Məcəlləsi oldu. Qanunvericilər həmin məcəlləyə internet informasiya ehtiyatında “yayılması qadağan edilən informasiya”nın yerləşdirilməsinə, informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyət nəzərdə tutan müddəa əlavə etdilər. Həmin müddəanın tələblərinə əməl etməyən vəzifəli şəxslər 1500-2000, hüquqi şəxslərsə 2000-2500 manatadək cərimə ediləcəklər. Məcəlləyə provayder və operatorların inzibati qaydada cərimələnməsi qaydası da gətirildi.
Dəyişikliklər media qanunlarını bu il də rahat buraxmadı. Bunlar əsasən Azərbaycan Avropa Şurasına qəbul olunarkən media qanunlarına edilmiş mütərəqqi dəyişikliklərdən geri çəkilmə, ifadə azadlığından istifadədən çəkindirmə məzmunundadır.
Dəyişikliklərdən biri “Kütləvi informasiya vasitələri haqqında” qanunun senzura ilə bağlı maddəasına edilib. Dəyişdirilmiş maddə “Senzuranın yolverilməzliyi” adlanır. Bu maddədə mediaya, jurnalistlərə hansı hallarda senzura tətbiq edilməli olduğunun əsasları yer alır. Dəyişiklik nəticəsində KİV-də senzuranın əsaslarının dairəsi genişləndirilib. Maddənin köhnə mətnində KİV üzərində dövlət senzurası qadağan edilir, ancaq 2 hal istisna təşkil edirdi: fövqəladə vəziyyət durumunda, dini ekstremizm əleyhinə əməliyyatlar zamanı informasiyaların verilməsinə məhdudiyyətlər qanuni sayılırdı. Dəyişiklik bu çərçivəni bir qədər də genişləndirib: bundan sonra hərbi vəziyyət dövründə KİV-in məlumat və materialları da hərbi senzuradan keçirilə biləcək. Hətta hərbi vəziyyət tətbiq edilən ərazilərdə KİV-ə xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər. “Televiziya və radio yayımı haqqında” və “Telekommunikasiya haqqında” qanunlara da eyni məzmunlu dəyişikliklər edilib.
Qanunvericilərimiz qeyd olunan dəyişikliklərə söykənərək İnzibati Xətalar Məcəlləsinə də əlavələr ediblər. Həmin əlavələr hərbi vəziyyət zamanı qaydaları pozan jurnalistlərin cəzalandırılması ilə bağlıdır. Hərbi vəziyyət rejiminin tələblərini pozan jurnalistlər 100 manatdan 150 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 1500 manatadək cəzalandırılacaqlar.
Maliyyə bilgiləri üzərində xüsusi rejim
Bayramdan bayrama ən son dəyişikliyə məruz qalan media qanunu “İnformasiya əldə edilməsi haqqında” qanun oldu. 2010-2017-ci illərdə 32 dəfə dəyişdirilən bu qanunun 30-cu maddəsinə əlavə edildi.
Qanunun 29-cu maddəsində informasiya sahiblərinin özlərinin internet saytında açıqlamalı olduğu informasiyaların sıralaması verilir. Qanunun 30-cu maddəsində isə bilgilərin açıqlanması üsulları əksini tapıb. Həmin maddəyə görə, qanunun 29-cu maddəsində sadalanan ictimai informasiyalar internet informasiya ehtiyatlarında açıqlanmalıdır. Eyni zamanda, qeyd edilir ki, bilgilər KİV-də, rəsmi nəşrlərdə, kitabxanalarda, ictimai informasiya mərkəzlərində, kütləvi istifadənin mümkün olduğu digər yerlərdə sənədlərlə tanış olmaq üçün şərait yaradılması yolu ilə də açıqlana bilər.
Bu maddəyə aşağıdakı ikinci cümlə əlavə edilib: “Büdcə təşkilatlarının, dövlət adından yaradılan publik hüquqi şəxslərin, büdcədənkənar dövlət fondlarının, səhmlərinin (paylarının) 30 faizi və ya daha artıq hissəsi dövlətə məxsus olan təsərrüfat cəmiyyətlərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlarının, o cümlədən dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyanın internet informasiya ehtiyatlarında açıqlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir”.
Dəyişikliyə əsasən, informasiya sahiblərinin illik maliyyə fəaliyyəti haqqında məlumatlar, dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid olan informasiyaların internet informasiya ehtiyatlarında açıqlanması xüsusi qayda ilə tənzimlənəcək. Həmin qaydanı da müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum (Nazirlər Kabineti) təsdiq edəcək. Açıqlaması bundan ibarətdir ki, maliyyə ilə bağlı informasiyalara çatım bundan sonra daha çətin olacaq.
Jurnalisti qoruyan qanuni mexanizmlərin havadan asılı qalması
Milli qanunvericiliyin jurnalistləri qoruyan, peşə fəaliyyətinin toxunulmazlığının keşiyində dayanmalı olan, informasiya əldə olunmasını təmin edən maddələrinin işləkliyinə gəlincə, bu sahədə əvvəlki illərdən hakim olan tendensiya dəyişmir. Həmin müddəalar havadan asılı qalıb.
Cinayət qanunvericiliyi jurnalistin peşə fəaliyyətinə maneə törədilməsi (zorla müşayiət olunan) hallarına görə məsuliyyət nəzərdə tutur. Rəsmi statistik bilgilərdə bu müddəanın indiyədək tətbiq edildiyi barədə məlumat yoxdur. Son bir ildə də bu müddəa işləmədi. Baxmayaraq ki, jurnalistlərin peşə fəaliyyətinə zorakılıqla müşayiət olunan müdaxilələr baş vermişdi. Məsələn, Unikal.org xəbər saytının səhiyyə nazirinin fotosunu çəkən əməkdaşı zorakılığa məruz qalmışdı. Jurnalistin qanuni peşə fəaliyyətinə zorakı maneənin aşkar əlamətləri vardı, ancaq toplum əlaqəli qurumların gərəkli addımlar atması barədə bilgiləndirilmədi.
Milli qanunvericiliyin jurnalistlərin bilgilərə rahat çatımına yardımçı ola biləcək normalarının işləməsində durum o qədər fərqli deyil. “İnformasiya əldə edilməsi” qanunu çox ciddi dəyişikliklərə məruz qalsa da, jurnalistlərin bilgilərə çatımına imkan yaradır. Ancaq bu qanundakı mütərəqqi müddəaların tətbiqi problemlidir. Məsələn, ötən il “Turan” agentliyi bir neçə dövlət qurumuna informasiya sorğusu vermiş, qanunla informasiya sahibinin sayta qoymalı olduğu bilgiləri istəmişdi. Bilgilər verilmədi, bilgilərin əldə olunması üçün məhkəməyə müraciət edildi, məhkəmə davası 1 ildən artıq çəkdi…
İctimai bilgiləri qapalı saxlamaq olmaz, inzibati qanunvericilik buna görə blgi sahiblərini cəzalandırmağı nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinə görə, informasiya əldə edilməsi qanunvericiliyini pozanlar – fiziki şəxslər 100-150, vəzifəli şəxslər 500-700, hüquqi şəxslərsə 1500-2500 manatadək cərimə edilməlidir. Əvvəlki illərdə olduğu kimi, bu ilin 22 iyulunda başa vurdğumuz son media ilində də jurnalistlərin dostu sayılan bu müddəalar işləmədi. Məsələn, ictimai bilgiləri ala bilməyən “Turan” agentliyi məhkəmədən bilgini qapalı saxlayanların cəzalandırılmasını istəmişdi, ancaq…
Böhtan və təhqir
Böhtan və təhqirə görə məsuliyyət məsələsini hələ də Azərbaycanın cinayət qanunvericiliyi düzənləyir. Hökumətin sonuncu dəfə bununla bağlı mövqeyi “cəmiyyət böhtan və təhqirə görə cinayət məsuliyyətinin ləğvinə hazır deyil” məzmununda olub. Bu üzdən, bu əməllərin dekriminallaşdırılmasının yaxın dövrlərdə hökumətin gündəmində olacağını gözləmək mümkün deyil. Görünən budur ki, gələcəkdə də jurnalistlərə, ifadə azadlığına qarşı bu alət vasitəsilə davranılacaq. Həm də son bir ildə, elə ondan əvvəlki yarım ildə də mediaya, jurnalistlərə qarşı böhtan, təhqirlə bağlı iddia və xüsusi ittiham qaydasında şikayətlərin sayında ciddi artım nəzərə çarpır.
Məsələn, 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar ayında xəbər saytlarına qarşı böhtana görə azı 50 iddia məhkəmə baxışında olub. Təkcə “AAAF İnşaat” şirkəti eyni məzmunlu məqaləyə görə 21 xəbər saytını məhkəməyə verib. Ancaq qeyd olunmalıdır ki, həmin mülki iddiaların yarıdan çoxu rədd edilib.
Böhtan və təhqir əsası ilə həbs edilənlər də olub. “Gündəm-xəbər” qəzetinin müxbiri Məhbub Zülfüqarov 2017-ci ilin elə bu günlərində Azərbaycan Standartlaşdırma İnstitutunun iddiası əsasında 5 aylığa azadlıqdan məhrum edilib. Jurnalist cəzasını axıracan çəkib, dekabrda azadlığa çıxıb.
Tanınmış bloqçu Mehman Hüseynov isə böhtana görə hələ də cəza çəkir. Bakıdakı polis rəislərindən birinin iddiası ilə 2 illiyə həbs edilən jurnalistin cəza müddəti gələn ilin yazında başa çatacaq.
6 sayta cinayət araşdırması
Media sferasında nəzərə çarpan ən son gəlişmə də, təəssüf ki, neqativ məzmundadır.
2018-ci ilin iyulunda Gəncədə baş vermiş olaylarla bağlı yaydıqları informasiyalara görə 6 internet resursuna cinayət işi açılıb. Rəsmi məlumatlara görə, Criminalaz.com, Bastainfo.com, Topxeber.az, Fia.az, Gununsesi.info və Teref.info saytları iyulun 3-6-da “ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq” məqsədilə bilə-bilə yalan məlumatlar yayıb. Buna görə saytların vəzifəli şəxslərinə Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi) maddəsi ilə cinayət işi başlanıb, hazırda istintaq gedir (jurnalisti, sayt rəhbərini vəzifə saxtakarlığında ittiham etmək məsələsinə ayrıca yazıda toxunacağıq).
Prezidentin təyin etdiyi məmurların tənqidi – olarmı, olmazmı?