Cəhənnəmdən keçmiş mələk (94)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Mayın əvvəlləri Aqil mənim ev məsələmin üstünə möhkəm düşdü. Səməndər sənədlərimizin rayonla bağlı qismini alıb toplayıb bizə göndərdi. Hakim bir neçə yerdə sərfəli qiymətə ev tapdı. Variantları seçib ələyib birinin üstündə durmaq məqamı gələndə dayım bir at mindi, birini də yedəyinə aldı:
– Nə ev-ev salmısız, cavan gəlini əlində bir uşaqla aparıb atacaqsız bina evinə? Eşidən-bilən bığımıza, papağımıza söyəcək!
Çox çək-çevirdən sonra dayımla qardaşlarım ortaq qərara gəldilər: məsləhət belə oldu ki, bizə evi almaqdansa tikdirsələr yaxşıdı. Ata evimizdən bir az aralı dayım, Hakim, bir də xalamın böyük oğlu yanaşı evlər tikdirmişdilər. O evlərin yanında kimsə balaca bir torpaq sahəsi satırdı, həmin torpağı bizə aldılar. Səməndər təklif elədi ki, Eminin kənddə ev tikdirmək niyyətiylə alıb Maralgilin zirzəmisinə yığdığı materialları gətirsinlər, evimiz o materiallarla tikilsin.
Bu plan Hakimin də, Lalənin də ürəyincə deyildi. Bacım elə hey deyinirdi:
– Sən onların gözünün qabağında olsan günün göy əsgiyə düyüləcək.
Nənəmin bir sözü vardı: “Analı qızın özü böyüyər, anasız qızın sözü böyüyər”. İndi mən hər tökülən töycüyə razıydım ki, təki başımı soxmağa bir yuvam olsun, qaxac yeyim, amma qaxınc yeməyim. Uşağımı öz evimdən məktəbə yola salım, sonrasını zaman özü gətirər. Onsuz da mənim fikrimi soruşan yoxuydu, bütün mübahisələr, müzakirələr məndən qıraqda aparılırdı. Hələ də özümü toplayıb ayaq üstə şax dayana bilmirdim.
Bir gün Aqil işdən çıxandan sonra məni görmək üçün Laləgilə gəldi. Boynumu qucaqlayıb:
– Sən heç nəyin fikrini çəkmə, – dedi, – bilirsən ki, dayımız tərs oğlu tərsdi. Hələlik o torpaqda ev tikdirib sizi içinə yığacam, ancaq bu, müvəqqəti olacaq. Qoymaram həmişəlik orda qalasan, aralıq yat-yut olan kimi sənə bina evi alacam. Bura da səninki olar, ora da.
– Qardaş, mənim səndən heç bir tələbim yoxdu, – dedim. – İndiyəcən elədiklərinə görə ömrüm boyu sənə borcluyam, indən belə də nə versən alıb öpüb gözümün üstünə qoyacam.
Beləcə, bacı-qardaş danışıb razılaşdıq ki, mən bir az özümə gələn kimi rayona qayıdıb hazır materialları gətirirəm, sentyabra evimiz tikilib hazır olur…
***
Mən komaya düşəndə kəndimizə ölüm xəbərim gedibmiş. Şəhərdə yaşayan yaxın-uzaq qohumlar o dünyadan sağ-salamat qayıtmağım münasibətilə ara-sıra yanıma gəlirdilər. Həmin günlərdə iki sinif yoldaşım – bibimin mənlə yaşıd oğlu Nazimlə Əlinin qardaşı da başıma gələni eşidib məni görmək üçün Hakimgilə getmişdilər. Qardaşım da onları götürüb mənim yanıma – Laləgilə gətirmişdi. Özü də bacımgildə bir müddət ləngiyəndən sonra durub evinə getdi.
Hakim gedən kimi uşaqlar Laləni dilə tutub məni şəhərə çıxardılar. Dəniz qırağında bir az gəzəndən sonra evə qayıtmaq istədim. Geri dönəndə bibim oğlu maşını tünlük bir yerdə saxlayıb su almağa düşdü. Həmin dəqiqə kimsə özünü maşına təpib arxa oturacaqdakı boş yerə yıxdı. Başımı yana çevirib Əliylə göz-gözə gələndə irəlidə oturmuş qardaşına çəmkirdim:
– Məni bundan ötrü gətirmişdiniz?
Əlinin qardaşı mənə sarı çönmədən maşından düşdü. Əli sırtıq-sırtıq irişdi:
– Nolub, dedilər yenə xəstələnmisən. Mən bilirəm də, sənin dərmanın mənəm.
Ona tərəf baxmadan:
– Elə bu dəqiqə düş rədd ol burdan, – dedim, – sən mənim üçün çoxdan ölmüsən, paltarlarımı ayaq altına atdığın, evimi dağıtdığın o gecədən.
– Nəyə deyirsən and içim, sənin o evdə yaşadığını bilməmişəm. Biləndən sonra da geri çəkiləmməzdim, rəisim duyuq düşsə işim fırıq olardı.
Yanımı azca da qapıya sarı sürüşdürdüm, bir zaman bu məxluqun yoluna göz dikdiyimə görə cəmdəyimə tüpürmək istədim. O isə mənim davranışımı naz-qəmzəyə yozdu:
– Nədi, nə özünü dağ başına qoymusan! Mənim dərdimdən ölən sən deyildin? Sənə görə ailəmi dağıtdım, balalarımın üzünə həsrət qaldım, indi neyləmək istəyirsən?
– Çox nahaq dağıtmısan ailəni, bəyəm mən sənə sifariş vermişdim? İndən belə yoluma çıxıb məni dilə-dişə salma. Hər tükündən bir qızıl asılsa da yenə mənim gözümdə bir quruşluq dəyərin yoxdu.
– Qızıla bükülü sən yaşamısan (bərəkətli evdə böyüdüyümə işarə vururdu), bizdə qızıl nə gəzir?
Gördüm bir az da ləngisəm bunun dilinə dolanıb qalacam, tezcə qapını açıb özümü küçəyə atdım. Aralıdan məni görən bibim oğlu özünü yetirdi. Gədəni aldım, nə aldım:
– Heç utanırsan, məni buna görə evdən çıxartmışdınız?!
Telli mamanın Nazim oğlu pörtmüş-allanmış sükan arxasına keçəndə Əli maşından düşdü. Mamoğlu iki qardaşı küçədə qoyub məni quş qanadında Laləgilə qaytardı. Mənim evə poralmış girdiyimi görən bacım üzümə maraqla baxıb soruşdu:
– Balam, səfəriniz nə gödək oldu, nə tez qayıtdın?
Olanları Laləyə danışdım, bacım məni səbirlə dinləyib dedi:
– Bunları heç kimə söyləmə haaa! Özünü dilə-dişə salarsan, sonra bizimkiləri heç cür inandıra bilməzsən.
***
Ordan da kəndə yollanmaq üçün iki gündən sonra yığışıb Hakimgilə getdim. Hakimin arvadı orta məktəbdə bacım Sevillə bir sinifdə oxumuşdu. Gəlinimiz Sevincin atası bibimin mərhum ərinin əmisi oğluydu. Uşaqlıqdan bir yerdə böyümüşdük. Onun müəllimi olmuş Kamil həmişə biz bacılarına deyirdi: “Sevinc yaxşı qızdı, ona gəlin kimi baxmayın. O biri gəlinlərə sirr verməsəniz də, Sevincə güvənə bilərsiz…”
Gəlin məni görcək müjdələdi:
– Telli mamanın oğlu Nazimlə Əlinin qardaşı səni axtarırdı.
Mən də Kamilin sözünə arxalanıb, Lalənin saç yolub sovruq atmağına məhəl qoymadan hər şeyi buna danışdım.
Axşam süfrəsinə oturanda Hakim yataq otağından əlində bir topa əzik-üzük şəkillə çıxıb Sevincin üstünə şığıdı:
– Bura kim girmişdi, bu şəkilləri kim bu günə salıb?!
Dayısının Cavidi hər gəzintiyə aparanda çəkdirdiyi bir yığın şəkil əzilib cırılıb xıncımlanmışdı. Gəlin bircə kəlmə:
– Bayaqdan dayın oğlu Hüsən orda qurdalanırdı, – dedi.
Hakimin darvazadan çıxmağıyla Hüsənin bağırmağı bir oldu. Mən özümü yetirəndə qardaşım cılız uşağı mal kimi budayırdı. Hakimi itələyib Hüsəni əlindən aldım. Qardaşımın haytasına bələd olan dayımla arvadı yaxına gələ bilmirdilər. Hakim şəkilləri onların gözünə soxa-soxa bağırırdı:
– Ay qansızlar, onsuz Allah əzdi də bu uşağın şəklini, Əzrayıl kimi atasını öldürüb qapılara saldı. Barı siz əl çəkin!
Hakim qəzəbindən, hikkəsindən özünü qapının qumuna bələyib hönkürürdü. Onun bu halına dözmədim, dayım oğlunu buraxıb qardaşımı qucaqladım:
– Elə bil sən də uşaqsan, – dedim, – dur ayağa, görürsən ki, qanmır.
Hakim qollarımın arasından çıxıb yenə üzünü dayıma tutdu:
– Qanmır, o biri şəkilləri də əzəydi. Niyə albomun içindən seçib Cavidin şəkillərini cırıb?
Dayımla arvadı başlarını aşağı salıb dillənmədilər…
***
Səhəri Cavidi də götürüb Hakimin maşınıyla kəndə yola düşdük. Mənzil başına çataçatda Hakim mənə Rəhman əmimizin öldüyünü, Musa əmimizi də vurğun, yəni paraliç vurduğunu dedi. Bunlar hamısı mənim xəstəxanada huşsuz qaldığım günlərdə baş vermişdi.
Kəndimiz mənə soluxmuş, it ağzından alınmış didik dəri kimi göründü. Evlərimizin divarları deşik-deşik olmuşdu, pəncərələrimizdə şüşə əvəzinə sellofanlar yellənirdi. Kamil vəziyyətlə bağlı öz evinə yox, atamgilə yığışmışdı.
Doğrusu, dağılan evlər, xaraba yurdlar məndə dərin ağrı-acı oyatmırdı, özümü burda bir neçə günlük qonaq sayırdım. Üç gündən sonra Aqil Rəhman əminin qırxına gələcəkdi, qırxdan sonra bizim tikilməmiş evimizin materiallarını Zöhrə xalanın icazəsiylə bir maşına yükləyib Cavidlə məni şəhərə qaytaracaqdı…
Yası yola verib öz evimizdə axşam yeməyinə yığılmışdıq. Mən süfrədən aralananda Aqil Kamilə nə dedisə anam bərkdən içini çəkdi. Elə bildim Musa əmi də öldü, kimsə elə süfrə başındaca bu xəbəri qardaşlarıma çatdırdı. Çay istəkanıyla dolu sini əlimdə yeyin-yeyin onlara yaxınlaşanda Kamil ovcuyla anamın ağzını qapayıb mənə sarı qayıtdı:
– Bircə, çıx darvazaya gör Cavid hardadı?
Anamın baxışından anladım ki, işlər fırıqdı. Kamilin sözündən çıxmadım, ayağımı darvazaya tərəf sürüdüm, Cavidi qonşu Yetərin oğluyla oynayan görüb geri qayıtdım. Bu dəm anam özünü tüyüncək mənə çatdırdı:
– Sənin xəstəliyin-zadın da yalanmış! Utanmırsan Naqqal Əhmədin oğluyla görüşürsən?!
Anamı o sifətdə, o qırımda heç vədə görməmişdim. Qarşısında quruyubca qalmışdım. Arvad durduğu yerdə durmayıb bir-iki addım da üstümə yeridi:
– Heç utanıb ölürsən?! Xalxın evini dağıdırsan, qardaşların baxa-baxa onun maşınına minirsən!
Gözümü anamın gözündən yayındırıb:
– Onu hansı mərdimazar sizə xəbərləyibsə inanmayın, – dedim, – yalandı, mən heç vaxt onun maşınına minməmişəm.
Anam mənim sözümə qulaq verməyib töyəciyə-töyəciyə özünü atamın, qardaşlarımın altında oturduğu ağacın dibinə atdı. Bircə bunu eşitdim:
– Deyir yalandı, boynuna almır.
Əlim havada qalmışdı, tutmağa bir saman çöpü də tapmırdım. Bir azca Kamilə arxayın idim, çünki biz kəndə gəldiyimiz gün o məni yanlayıb bir-iki söz soruşmuşdu. Onda bilmişdim ki, deməyəsən mən Bakıya gedəndən sonra Əlinin anası, əmisi, bacısı iki dəfə Kamilin üstünə elçiliyə gəliblər. Qardaşım da hər şeyi mənim boynuma atıb, söz verib ki, rəyimi öyrənib onlara deyəcək. Kamil bu söhbəti mənə utana-utana açmışdı:
– O vaxt mən də narazı oldum. Əgər indi ürəyində nəsə qalıbsa utanma de, mən sənə kömək eləyəcəm, hamını susduracam.
Cavabında mən evimizdəki axtarışdan tutmuş bibimiz oğlu Nazimin məni Əliylə görüşdürməsinəcən nə vardısa hamısını Kamilə danışmışdım. Bacı-qardaş ortaq məxrəcə gəlib bu söhbətə birlikdə nöqtə qoymuşduq.
Kamil bunları Aqilə danışanda o özüylə Bakıdan üzübəri gətirdiyi xəbərdən çox pərişan, çox da peşman olmuşdu. İndi Kamil öyrənmək istəyirdi ki, Aqili belə kim doldurub kəndə göndərib. Elə bu məqsədlə də o, dəqiqəbaşı dizlərini döyən anamı süfrədən uzaqlaşdırıb məni yanına çağırdı:
– De görüm uşaqların səni Əlinin yanına apardığını kimə demisən?
Xəcalətdən başımı qaldırıb qardaşlarımın üzünə baxa bilmirdim. Özümə güc verib bircə kəlmə:
– Laləyə, – deyə bildim.
– Ayrı kimə?
– Ayrı heç kimə.
Kamil yaxamı buraxmadı:
– Yaxşı fikirləş.
– Bir də Hakimin arvadına danışmışam.
Onda Kamil üzünü Aqilə çevirdi:
– Həə, sən də o felmanların sözüylə gəlib kirpiyiylə od götürmüş, canı da taleyi kimi puç olmuş bacını incidirsən? Ərə getmək pis şeydisə niyə sənin baldızın üç dəfə ərə gedib?
O gecə Kamil tək özünün yox, elə Səməndərin də özündən uca tutduğu, ailəmizin başbiləni, ağsaqqalı saydığı Aqilin üzünə ömründə birinci-sonuncu kərə ağ oldu:
– İndi sən bunun şələ-küləsini yığıb aparırsan ki, ev tikib evli eləyəsən, yanından bir erkək milçək uçanda da elədiklərini burnundan tökəsən? Arvadın, baldızın, bir də bizim kiçik gəlin birləşib qıza şər yaxırlar, üstünə idim qoyurlar, sən də onların sözünə inanırsan. Adam bacımızla evlənmək istəyir, onu pis yola çağırmır ki…
Aqil bir gün də artıq qaldı, ha dirəşdisə Kamillə Səməndər məni buraxmadılar, onu Bakıya mənsiz yola saldılar. Məlum oldu ki, Sevinc məndən eşitdiklərini dayım arvadına, dayım arvadı özünə sərf eləyən kimi bəzəyib bacısına, bacısı da ərinə, yəni Aqilə danışıbmış. Bu məsələdə hamı məni, bir də Sevinci qınadı. Dayım arvadının xisləti hər kəsə bəlliydi, amma Sevincdən o davranışı ailədə heç kim gözləmirdi – Səməndərlə Kamil gəlinimizə dərs demişdilər, üstəlik, o, Əlinin üstündə başıma gələnlərin canlı şahidi olmuşdu.
O gündən sonra hamımız Sevincdən uzaq durmağa çalışırdıq.
(Ardı var)