Cəhənnəmdən keçmiş mələk (93)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Bakının o qışı sərt, qarlı-şaxtalı keçdi. Heç nədən korluq çəkmirdik, paytaxtda yaşayan iki qardaşım biz ana-balaya əlindən gələn qayğını göstərirdi. Bizi həmişə məclislərinin başında oturdur, gözlərinin üstündə saxlayırdılar. Mənə arvadlarının gözü qarşısında verdikləri puldan qat-qat artığını da gəlinlər görməsin deyə daldada çantama, cibimə basırdılar.
Qardaşlarımın verdiyini qənaətlə xərcləyirdim, xərclədiyimi də əsasən Cavidin istəklərinə yönəldirdim, özüm üçün, demək olar, heç nə almırdım. Qalan pulları qomlayıb Lalənin evində sığallaya-sığallaya, üfürə-üfürə saxlayırdım, xəyalımda o pullara təzə evimin əşyalarını alırdım.
Bir gün yenə Aqilgildə qalmışdıq. Axşam Cavid özünü verdi qardaşım oğlanları yatan otağa, nə illah elədimsə mənim yanıma gəlmədi. Aqil də o deyəni dedi:
– Dəymə, bacı, qoy uşaq uşaqlarla yatsın, sən də get öz otağında dincəl.
Cavid eynən əmisigildə elədiyi kimi döşəkləri yerdən saldırdı. Uşaqlar yatanacan yatağıma qor doldu, neçə yol gedib Cavidə baxıb qayıtdım. Sonra yuxu dəryası məni də içinə çəkdi.
Gecənin bir aləmi yuxu gördüm. Gördüm ər evindəyəm, yatışmışıq. Mahmud əmi qışqıra-qışqıra pilləkənləri çıxdı, başını evin içinə uzadıb:
– Bunlara bax ey, heyvan kimi yatıblar, uşaq da orda ölür, – dedi.
Bunu deyəndən sonra kişi acıqlı-acıqlı çevrilib getdi. O gedən kimi üzümə şilləyə oxşar nəsə bir şey dəydi. Oyanıb yerimin içində oturdum, qaranlıqda əl havasına Cavidi axtardım, tez də yadıma düşdü ki, uşaq Aqilin balalarıyla birgə yan otaqda yatıb. Qalxıb pişik kimi sinə-sinə yandakı otağa keçdim. Cavid həmişə üzüqoylu yatırdı – Səməndər buna görə müdam məni danlayırdı: “Yatan kimi uşağı arxası üstə çevir, belə yatmaq ona ziyandı”.
Otağın zəif işığında Cavidi qardaşım balalarından seçib ayırıb arxası üstə çevirəndə gördüm uşağın üzü, yastığı, döşəyi qan içindədi. Balamı qucağıma alıb qonaq otağına keçdim. Neylədimsə nə onu oyada bildim, nə də burnunun qanını dayandıra bildim.
O gecə Aqil də, mən də xəstəxana dəhlizində dik ayaq üstə qaldıq. Cavidə neçə iynə vurdular, şirə qoşdular, handan-hana uşaq özünə qayıtdı. Bu ötən aylarda ömrüm boyu görmədiyim, dadmadığım dincliyim, rahatlığım piltə-piltə burnumdan gəldi, düşündüm yəqin mənim mərəzim uşağıma da keçib.
Evə qayıdanda Aqil qəfil mənə sarı çönüb gözünü gözümə dirədi:
– Bəs sən nə yaxşı oyanıb uşağın halından halı ola bildin?
– Mahmud əmi yuxuma gəlmişdi, məni oyadıb deyinə-deyinə getdi.
Aqil əllərini göyə qaldırıb sükana çırpdı:
– Allah sənə rəhmət eləsin, ay gözəl kişi! Uşağın qanı axıb qurtaracaqdı, heç xəbərimiz də olmayacaqdı. Fələk bizi bir də beyman eləyəcəkdi.
Mahmud əmi məni oyadan məqamda üzümə şillə kimi dəyən də, sən demə, axşamlar oxuduğum, yuxu kirpiklərimdən sallaşanda əlimdən sürüşüb yorğanın üstünə düşən kitabmış.
***
Bundan sonra Cavid də mənim kimi fələyə qanborcu verməyə başladı. Bəzən ikimizin də burnundan eyni anda qan fışqırırdı. Özümü birtəhər yola verirdim, ancaq uşağım sarıdan çox nigarandım, onun müalicə olunmasını istəyirdim.
Bir şaxtalı fevral günü burnumdan fışqıran qanı neylədimsə dayandıra bilmədim. Hakimin həyətindəki su kranının yanında o qədər qaldım ki, axırı bərk soyuqladım. Göy öskürəyə bənzər qızdırmalı öskürək məni yorğan-döşəyə yıxdı. Sinəmin xışıltısı o biri otaqda eşidilirdi. Qarabasma, cin-şəyatinlə süpürləşmə üzgün canımı tamam haldan salmışdı.
Axırı Aqil təbibsiz-dərmansız keçinməyəcəyimizi görüb ana-bala ikimizi də adlı-sanlı bir həkimin yanına apardı. Məni yaxşıca yoxlayandan sonra həkimin qərarı belə oldu:
– Əvvəlcə öskürəyini kəsməliyik, sonra burnundakı kapilyarları yandırmaq lazım olacaq.
Cavidi başlı-başına buraxıb xəstəxanada yata bilməzdim. Bir kurs müalicə yazdırıb Hakimgilə qayıtdıq. Qardaşım qonşuluqdan bir tibb bacısı tutdu, gəlin həkimin təlimatına uyğun müalicəmə başladı.
Bu arada 8 Mart bayramı da yetişdi. Aqil bir şələ bəxşişlə Hakimgilə gəlib məni, gəlinimizi təbrik elədi.
Ancaq bədənimə onca iynə-dərman yeridilsə də öskürəyim azalmırdı ki artırdı. Bayram axşamı tibb bacısı canıyananlıqda lap zilə çıxdı:
– Gəl bu antibiotiki bölməyim, bütöv vurum, tez təsir eləsin.
Canımdan usanmışdım, kim ovcunda bir kinə, qaşığında bir damcı zəhər uzadırdısa tez udurdum ki, bəlkə ağrım kiriyə. Belə əzabın əlindən vallah adam canına da qıyardı. Bir sözlə, razılıq verdim, tibb bacısı iki öynəlik dərmanı bir dəfəyə vurub getdi.
Sabahı oturaqlı açdım. Səhər qadın gəlib ikinci bütöv dozanı da canıma yeridəndən sonra huşumu itirdim, daha gerisindən xəbərim olmadı…
***
Bir də on gündən sonra özümə gəldim. Bilmirdim hansı dünyada, hansı ilin hansı ayının hansı günündəyəm. Gözümü bir qarışıq yerdə açdım. Bir müddət elə bildim yenə məni qara basır, yenə xəyal aləmindəyəm. Sağımdakı çarpayıda gözüyumulu bir qadın, solumdakı çarpayıda yaşlı bir kişi yatmışdı. Dikəlib qalxmaq istəyəndə ortamdan bir kəmərlə çarpayıya bağlandığımı gördüm. Az keçmiş başıma xeyli ağxalatlı yığıldı, onda yavaş-yavaş anlamağa başladım ki, xəstəxanadayam. Onların danışığından belə başa düşülürdü ki, mən komadan ayılmışam.
Gümüşü saçlı ucaboy kişi çarpayımın üstünə yüngülcə əyilib dedi:
– Qorxma, qorxulu nə varsa keçmişdə qalıb. Düz on gün bizim xəstəxanada ölümlə savaşmısan. Bax bu qızlar (əliylə başıma yığılmış ağxalatlıları göstərdi) səni ölməyə qoymadılar. İndi dur otur, əlini-qolunu tərpət, yeriməyə çalış. Əgər məni eşidib anlayırsansa cavab ver.
Tibb bacılarından biri irəli durub gövdəmi çarpayıya sarıdıqları kəməri açdı, sonra da məni dikəldib yatağımda oturtdu. Əynimdə torba kimi göy köynək vardı. Əllərimin üstü, biləyimin büküşləri gömgöy göyərmişdi. Düşündüm yəqin yenə yıxılıb əzilmişəm. Əlimi güclə başıma çatdırıb saçlarımı yoxladım – yerindəydi. Saçımdan bir tağ ayırıb sinəm aşağı sürüşdürdüm – ovcum ölü birçəklə doldu.
Qonşu çarpayının üstündə bir cüt qıllı milə oxşar nəsə arabir tərpənirdi. Ha baxırdım nə olduğunu anışdıra bilmirdim. Üzümə zillənib danışanların da səsi çox uzaqdan, dünya adlı bu ekranın arxasından gəlirdi. Baş verənləri xatırlamağa çalışırdım, di gəl, bu həyat deyilən şəbəkəyə heç cür qoşula bilmirdim.
Gümüşsaç kişi qapıya sarı getdiyi yerdə birdən duruxdu, qayıdıb yenə mənlə göz-gözə durdu. Sonra iri pələş əlini qaldırıb üzümə bir şillə çəkdi. Şillənin səsi qulaqlarıma yayılan kimi oturduğum çarpayıdan dik atıldım. Kişini özümdən qırağa itələyib:
– Bəs mənim oğlum hanı, – dedim, – deyin görüm mən burda neylirəm?
Qışqırmaq, ağlamaq istəyirdimsə də bacarmırdım, eləcə əsirdim, ovcumdakı tükləri qoymağa yer gəzirdim. Gümüşsaç kişi o bir topa tükü əlimdən aldı, üzünə bir loğman təbəssümü çəkib:
– Hamı salamatdı, – dedi, – özünü ələ al, indi qonağın gələcək, qoy gəlib səni yaxşı görsün.
Ayaqlarım yerdə özümü yanpörtü çarpayıya yıxdım, ürəyimdə “bu dəkədə bir qonağım çatmırdı” deyib gözlərimi yumdum. Beynim qarışqa yuvası kimi qaynamağa başladı: bəlkə də qardaşlarım şəhərə dağılıb məni gəzirlər, burda olduğumu bilmirlər bəlkə; bəlkə də dayım indi onları qabağına qoyub mənim pozğun həyata qurşandığıma inandırmaq istəyir; bəlkə gəlinlər bu neçə gündə kölgəmi qılınclayıb qardaşlarımı mənə qarşı çeviriblər…
Bəs uşağım? Bəs Cavidim hardadı?!
Qışqırmağa, ağlamağa heyim-hərdəmim qalmamışdı. İlahi, bəs mən burdan necə çıxacam, çıxıb hara gedəcəm? Bu necə xəstəxanadı ki, kişilərlə qadınlar bir palatada yatır?
Üstümə sısqa gün işığı düşürdü, ölümdən ayıldığıma yanırdım. Kimsə adımı qulağıma pıçıldayırdı. Nənəm yenə uzaqlardan yaylığını yelləyirdi…
Üzümə toxunan ölüşgümüş hənirtiyə bir gözümün qapağını türmə darvazası kimi azacıq araladım, açan kimi tez də yumdum. Hakim ara vermədən bu dünyadan o dünyaya məni haraylayırdı:
– Bircə, mənəm ey, Bircə, Bircə, aç gözlərini, mənəm ey, gözünü aç, Bircə, – deyirdi.
Elə bilirdim gözümü açsam qardaşım dünyanı başıma uçuracaq, burda yatdığıma görə məni töhmət ağacından asacaq. Eləcə gözüyumulu bircə bunu deyə bildim:
– Vallah mənim günahım yoxdu. Məni bura kim gətirib, onu da bilmirəm.
– Ay dəli, sənin nə günahın olacaq! Sağalmısan ey, aç gözlərini. Xəbərin var neçə gündü pələsəng olmuşuq?!
Hakim anası tapılmış yetim uşaq kimi ağlayırdı, çarpayımın önündə dizüstə çöküb məni dikəltməyə çalışırdı.
– Bəs Cavid hanı?
– Cavid Lalənin yanındadı, narahat olma. Sən özünü ələ al, balan yazıqdı, neçə gündü mələyir.
O, tibb bacılarını öz adıyla çağırır, onlarla şirin zafatlaşırdı. Sonra bildim ki, mənim ölüm yuxusuna getdiyim o günlərdə Hakim ağxalatlıların hamısıyla dostlaşıbmış, gecələr gizli-gizli xəstəxanaya gəlib mənə baş çəkmək üçün onların hərəsini bir yolla ələ alıbmış…
Qardaşım məni çətinliklə ayağa durğuzdu, qolumu boynuna salıb palatada yeritməyə başladı. Elə bilirdim saçlarımdan daş asılıb. Hakim qızlardan birinə səslənib:
– Hanı mənim sevgilim, – dedi, – hanı o xallı gözəl, tez onu bura çağırın.
Yanağındakı xalı xaldan çox ləkəyə oxşayan ucaboy, qəşəng bir qız gəldi.
– Burdayam, nə lazımdı?
– Tez elə o üzünə-gözünə sürtdüyün çernildən, quaşdan, ətirdən mənim bacıma da vur, gedirəm onun oğlunu gətirəm. Məni bəyənmirsən, amma bacımın oğlunu görən kimi vurulacaqsan. Hələ qabaqca darağını mənə ver, özüm darayacam bacımın saçlarını.
Qız qaçaraq gedib əlində bir torbayla qayıtdı. Hakim onun darağını alıb dolaşmış saçlarımı daradı. Tellərim topa-topa darağın dişində gəldi. Hakim yaxşı bilirdi ki, saçım mənim yaralı yerimdi:
– Qorxma, həm neçə gündü daranmayıb, həm də qanın zəhərlənmişdi deyə bədəninə çoxlu dərman yeridiblər. Bunlar hamısı saçının kökünü zədələyib. Düzələcək, darıxma.
Hakim darağın ağzında gəlmiş tükləri yığıb bir torbaya atdı, torbanı büküb cibinə qoymağı tibb bacısının gözündən yayınmadı:
– A kişi, onu hara aparırsan, ver atım zibil qabına.
Qardaşım yenə zarafatından qalmadı:
– Nə atmaq, mən bundan ötrü neçə gündü burda boynumu bükmüşəm. Aparıb yarısını başımın keçəl yerinə, yarısını da bığlarımın ucuna yapışdıracam, bəlkə sən məni bəyənəsən. Neçə gündü keçəlsən deyib dad döymürsən?
Qızlar onun zarafatına doyunca güldülər.
***
Günortadan sonra Hakim Cavidlə Laləni götürüb geri qayıtdı. Əzgin, halsız, yarımcan olsam da bir yerim ağrımırdı. Cavidin balaca əlində gül dəstəsi görəndə məni ağlamaq tutdu. Bacımınsa üzünə heç baxa bilmirdim: sevincimi çiyninə şəlləyib körpəsinin məhvinə bais olandan sonra xəcalətli gözlərimi onun gözünə tuşudammırdım; bu azmış kimi üstəlik körpəmi onun yedəyinə verib özümü yıxmışdım xəstəxanaya.
Cavid gülü üstümə atıb sevincək dedi:
– Bircə, sən ölsən mən xalamın yanında qala bilərəm ey!
Uşağın bu müjdəsi içimə bir qab sərin su atdı, dibindən bulanmış dünyamı durultdu. Çox şükür, demək, Cavid bu zalım fələyin altında mənsiz də baş girləyə bilərmiş!
Hakim onu qucağına alıb üzündən öpdü:
– Boy, ay vicdansız, neçə gündü ana deyib ağlayan sən deyildin?
Cavid onun qucağından düşüb Laləyə qısıldı:
– Xala, mən heç ağladım?
Lalə onu qucaqlayıb kövrəldi:
– Mən ağlayırdım da ikimizin yerinə.
Bacım mən iki dünya arasında olanda başıma gələnləri, qardaşlarımın çəkdiklərini danışdıqca xəcalətimdən yer axtarırdım girməyə. Evimiz, ailəmiz bir yana, ölkə də silkələnmişdi mən yuxuda olanda – xüsusi təyinatlı polis qiyama qalxmışdı, mən ayılanacan qiyam da yatırılmışdı, qiyamçı da öldürülmüşdü. Əlbəttə, bunları mən bir az sonra biləcəkdim…
O gecə yanımdakı xəstələrdən ikisi – bir qadın, bir kişi öldü. Qadın 8 Mart günü gəliniylə sözləşmişdi, oğlu da arvadının tərəfini saxlayıb anasına cavab qaytarmışdı. Buna dözməyən ana özünü zəhərləmişdi. Həkimlər nə qədər çalışdılarsa qadını bu dünyaya qaytara bilmədilər. Ərinin onun meydinin üstünə sərilib ağlamağı heç yadımdan çıxmaz – kişi ezamiyyətdə olduğundan arvad özünə qıyanda evdə deyilmiş:
– Ay insafsız, niyə belə elədin, – deyirdi yazıq, – nolardı məni gözləyəydin.
Kişi qadının saçlarıyla gözünün yaşını siləndə içimdən bir sızıltı axdı: görən Emin sağ olsaydı o da məni belə ağlayardımı?..
Səhəri məni reanimasiyadan ikinəfərlik palataya köçürdülər. Otaq yoldaşım o vaxtlar çox dinlənən bir radionun gənc aparıcısıydı, ata-anası onu sevdiyi oğlana vermədiyinə görə xlor içib özünü zəhərləmişdi.
Bakı yəhudisi olan müalicə həkimim həm də xəstəxananın baş həkimiydi. Parkinson xəstəsi olan anasını kabinetinin qonşuluğundakı təkadamlıq palataya yerləşdirib orda qarıya hər şərait yaratmışdı. Baş həkimin dediyinə görə, anası beş ildən bəri bu otaqda yaşayırdı.
Bir axşam o mənə:
– Gedək səni anamla tanış eləyim, – dedi.
Tərtəmiz çarpayıda uzanmış ağ saçlı qadının gəlişimə sevinmədiyini dərhal hiss elədim. Qarı heç oğluna da məhəl qoymadı. Bundan yüngülcə pərt olan həkimim otaqdakı atmosferi yumşaltmaq üçün birbaş mətləbə keçdi:
– Onu burda saxladığıma görə mənə düşmən kəsilib. Anamı inandıra bilmirəm ki, bundan yaxşı variantım yoxdu. Arvadım, uşaqlarım köçüblər Moskvaya. Mən də anamı qoyub gedə bilmirəm. Burda yalnız ona görə qalmışam.
Otaqda elə gözəl ab-hava vardı ki, buranın xəstəxana olduğuna inana bilmirdim. İkinci görüşdən sonra bu kübar, nurlu xanımla dostlaşdım. Bəzi gecələr onun dırnaqlarına lak çəkirdim, saçlarını darayırdım, tumbasının üstündəki kitabları vərəqləyirdim. Mənə gətirilən yeməklərdən ona da pay verirdim – oğlu qarıya ancaq pəhriz yeməkləri yedirirdi. Həkimdən gizlin onu kababa da qonaq eləmişdim. Qarı da əvəzində mənə dadlı şokoladlar verirdi – tərs kimi mənə də şirniyyat yemək qadağan olunmuşdu. Altdan-altdan şokoladdan doyunca yeyəndən sonra dərim qızılcalı uşaq dərisi kimi çitəmə səpirdi, həkimlər də bunun səbəbi üstündə baş sındırırdılar.
Bir on gün də yatandan sonra indən belə antibiotik qəbul eləməmək şərtiylə məni evə buraxdılar. Dərim göyərib ilan kimi qabıq verdi – qabığı soyulduqca əvvəlki rənginə, görkəminə qayıdırdı.
Üstündən ay ötməmiş burnumdan da müalicə olundum. Burnumun içində üç dəfə əməliyyat aparıb xırda damarları qurutdular. Ondan sonra burnum bir də qanamadı.
(Ardı var)
Romanın birinci bölümü:
1 2 3 4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23
İkinci bölüm:
24 25 26 27 28
29 30 31 32 33
34 35 36 37 38
39 40 41 42 43
44 45 46 47 48
49 50 51 52 53
54 55 56 57 58
59 60 61 62 63
64 65 66 67 68
69 70 71 72 73
74 75 76 77 78
79 80 81 82 83
84 85 86 87 88
Üçüncü bölüm:
89 90 91 92
Romanın müəllifi Bircənin müsahibəsi
Bütün Mələklərin harayı
“Cəhənnəmdən keçmiş mələk”: kitab çıxdı
Varis Diriye, Opra Uinfri və bizim Bircə