Cəhənnəmdən keçmiş mələk (92)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Laləgilin qonşuluğundakı binada bir kimsəsiz qarı yaşayırdı. Aman-zaman bir oğlu dənizdə batandan sonra arvad özünü dörd divar arasında dustaq eləmişdi, bacımın ərindən savayı heç kimi yaxına buraxmırdı. Bu da səbəbsiz deyildi – bizim yeznə qadının oğluyla bir yerdə işləmişdi, zavallı ana bəlkə də ona oğlundan qalma bir xatirə kimi mehir salmışdı. Yasəf balasının ölümündən ötən iyirmi ilə yaxın müddətdə qadının qulluğunda durmuşdu, bazarlığını eləmişdi, evinin xırda qırıq-söküyünü düzəltmişdi. Əpriyib yumaq boyda qalmış bu qarının çox qəliz xasiyyəti vardı – evini silib süpürəndən, pal-paltarını yuyub təmizləyəndən sonra bacımı evə yola salar, xırdaca qazanlarda bişirdiyi dadlı yeməkləri yeznəmə yedizdirərdi.
Şəhərə ilk qar yağan kimi Asya nənə qripə yoluxub yatağa düşdü. İynə-dərmanın köməyi olmadı, dərdli qarının dilinin altından su da keçmədi; arada-bərədə ayaqyoluna getmək üçün yerindən qalxırdı, həftənin tamamında onu da bacarmadı. Yeznəm Asya nənənin uzaq rayonlardan birində yaşayan bacısı qızına teleqram vurub arvadın son saatlarını yaşadığını yazdı. İki gündən sonra bacıqızıdan cavab gəldi ki, mənim elə qohumum yoxdu. Yasəf teleqramı arvada oxuyanda qarının işığı çoxdan öləzimiş gözlərində qığılcım parladı, yeznəmi bağrına basıb dedi:
– Lap yaxşı oldu, elə bilirdim mən öləndən sonra gəlib evimə yiyələnəcək, mənim də kəlləmə söyəcək.
Asya nənə qaxaca dönmüş qollarını göyə açıb yatağında oynayırdı; gah kimisə söyürdü, gah ağlayırdı, gah da öz-özünə gumuldanırdı.
Həmin günün axşamı arvadın dili batdı, ayaqları tutuldu. Yasəflə mən ona qulluq elədikcə, altını-üstünü təmizlədikcə Lalə dəliyə dönürdü, ağlayıb sıtqayıb deyirdi:
– Arvad sabah-birigün öləcək. Onu kim yuyacaq, kim basdıracaq, basdırmağa yeri hardan tapacaqsız, bu qədər qarğaşanı kim çəkəcək?..
Əslində Lalə haqlıydı. Yeznəm səhər işə gedəndə mənə yalvar-yaxar eləyirdi ki, qarını tək qoymayım, birdən qəfil ölər. Cavidi Laləyə tapşırıb üç gün üç gecə Asya nənəyə qarovul çəkdim. Dördüncü günü səhər tezdən arvad canını tapşırdı. Tədbirli qadınmış – kəfənini, çənə yaylığını, ayaq bağını, meyidini yumaq üçün bir qəlib sabunu alıb bir torbaya boxçalamışdı.
Asya nənə gözlərini biryolluq yuman kimi yeznəm məni meyitlə baş-başa qoyub qaçdı. Dalınca nə qədər çağırdımsa:
– Qadan alım, mənlik deyil, mən qorxuram, get özün neylirsən elə, – dedi.
Yenə məni gic gülmək tutdu. Yeznəm haraya gəlməyəndən sonra qaçdım Lalənin üstünə, o da Cavidi bağrına basıb yorğanı başına çəkdi:
– Bacı, mənlik deyil, mən sizə belə şeylərin olacağını əzəl başdan demişdim.
Naçar qalıb yeznəmə tapşırdım:
– İşə getməmiş qaç Hakimi tap gətir bura.
Qayıtdım arvadın evinə.
***
O günəcən meyidə iki dəfə toxunmuşdum – bir nənəm, bir də qaynatam öləndə. Yaddaşımı çözələyib Mahmud əminin keçindiyi günü xatırlamağa, o gün Misir əminin elədiklərini yamsılamağa çalışdım. Ortalığı yığışdırdım, meyidi qucağıma alıb divana qoydum, evdəki madar döşəyi çarpayıdan düşürüb yerə sərdim, üzünə təmiz mələfə çəkib Asya nənənin cansız bədənini döşəyin üstünə uzatdım. Qarının bu gün üçün hazırladığı çənə dəsmalını götürdüm, ağzındakı protez dişləri çıxardım, çənəsini çəkib dəsmalı başında düyünlədim. Qatlayıb qarnının altına yığdığı dizlərinin üstünə güc salıb ayaqlarını da birtəhər cütlədim, baş barmaqlarını bir-birinə çataqladım. Bütün bu işləri gördükcə o zaman dəbdə olan bir türk mahnısını zümzümə eləyirdim. Mənə elə gəlirdi yenə evcik qururam, əlimdəkinin insan cəsədi olduğunu ağlımın ucundan keçirmirdim.
Meyidi yerbəyer eləyib üzünə bir ağ parça sərdim, çəkilib kənardan baxdım: nəsə çatmırdı. Bir az da sağ-soluna keçəndən sonra yadıma düşdü ki, sinəsinə güzgü qoymalıyam. Birotaqlı evi ha bulğandımsa güzgü tapa bilmədim, güzgüdən ötrü Lalənin üstünə gedəsi oldum. Bacım mənə vahiməli, murdar bir şeyə baxırmış kimi baxıb çimçəşdi:
– Oyy, qadan alım, evə girmə, əlini heç yerə vurma, – deyib yalvardı.
Ona baxası, onu dinləyəsi halda deyildim:
– Tez elə mənə bir balaca güzgü ver.
– Güzgünü neylirsən, bəyəm Asya nənə ölməyib?
– Sən güzgü ver, meyitlə bir yerdə güzgülənəcəyik.
Lalənin zarafatlıq halı yoxuydu, hamamdan bir para güzgü tapıb verib məni qapıdan çölə itələdi. Yenə oxuya-oxuya özümü verdim yenicə tapdığım oyuncağımın yanına. Neylədimsə güzgünü arvadın sinəsində dik saxlaya bilmədim, elə hey aşıb düşürdü qarnının üstünə. Mətbəxdən bir god istəkan gətirdim, arvadın sinəsinə qoyub güzgünü söykədim ona. Çəkilib bir də qıraqdan baxdım, öz aləmimdə bir qiblə təyin eləyib meyidi üzü qibləyə çevirdim. Boş evin ortasına uzatdığım ölüyə baxıb yenə nəyinsə çatmadığını anladım.
Quran oxunmalıydı. Nənəm deyərdi ölünün qulağına yuyucunun barmaqları girənə qədər o hər şeyi eşidir. Fatihə surəsini uşaqlıqdan əzbərləmişdim. Atamın Tahir adlı xalası oğlu vardı, çox savadlı, deyən-gülən, yeyib-içməyi xoşlayan bir kişiydi. Maraqlı adamıydı, həm içirdi, həm də Quranın neçə-neçə surəsini əzbər bilirdi. Fatihəni vərəqlərə yazıb paylamışdı biz uşaqlara, demişdi əzbərləməyən cəzalanacaq. Hamımız kişinin hüzurunda cərgəyə düzülüb imtahan vermişdik. Kim sözləri düzgün, dolaşmadan demişdisə Tahir əmi onu mükafatlandırmışdı – böyüklərə kitab, pioner nişanı, balacalara mer-meyvə, konfet vermişdi.
İndi bu məqamda o kişinin dərsi karıma gəldi. Meyidin baş tərəfində dizlərimi yerə qoyub Fatihə surəsini dönə-dönə təkrarladım, xəlvətə salıb bir dəfə də avazla oxudum. Sonra aramsız çıqqıldayan divar saatına baxdım – saat onu göstərirdi. Telefonun dəstəyini götürüb Xuraman müəlliməgilin nömrəsini yığdım, onun mehriban, yumşaq səsini eşidən kimi üstümə gün doğdu. Ordan-burdan danışdıq, yenə dediyini deyib dururdu:
– Niyə yatmısan fil qulağında, vaxtını havaya sovurma. Sənədlərini hazırla verək ali məktəblərin birinə. Uşağın da böyüyüb, bu il məktəbə gedəcək. Demirəm əyani oxu, qoy lap qiyabi, ya axşam şöbəsi olsun, axır ki, təhsilin olsun.
Onu səbirlə dinləyib dedim:
– Bu şəhərdə ölən adamı harda yuyub kəfənləyirlər?
Hiss elədim ki, qadın xəttin o başında quruyub qalıb:
– Bircə, sən indi hardasan? Necəsən, xəstələnib eləməmisən ki?
– Yox, xəstələnməmişəm, elə-belə soruşuram. Bax birdən burda qəfil yıxılıb ölsəm məni harda yuyacaqlar? Evlər dar-darısqal, hamamın eni-boyu bir qarış, onun da yarısını kirli vanna tutub.
Xuraman müəllimə bir xeyli susub dedi:
– Bu gün evdəyəm, dur Cavidi də götür gəl bizə, oturaq söhbətləşək. Sənin nə yaşın var ki, öləsən, indi ölməyə zərrəcə haqqın yoxdu, hələ uşağını böyütməlisən.
Onu gələcəyimə arxayın salıb dəstəyi asdım.
***
Mətbəxə keçib Asya nənənin hisli-paslı çaydanını sürtdüm, doldurub ocağın üstünə qoydum. Qabı-qazanı axtarıb bir az un tapdım, yağa töküb qovurmağa başladım – adətə görə, ölünün evində halva çalınmalıydı, bu qoxu onun burnuna getməliydi. Adını bildiyim, mənasını bu gün də bilmədiyim “ağız acılığı” halvası çalırdım.
Halvanın şirəsini tökəndə Hakim Yasəflə birgə özünü yetirdi. Qardaşım otağa girib meyidə baxandan sonra arxamca mətbəxə gəldi:
– Halvanın iyi az qalır metroya çatsın, – dedi. – Bəs sən bunu kimlə köməkləşib rahatladın?
– Heç kimlə, özüm təkbaşına elədim.
Hakim üzümə həyəcanla baxdı:
– Ay qız, sən dəlisən, nəsən? Meyidi təkbaşına necə düşürə bildin, qorxub eləmədin ki?
Onun həyəcanına su səpmək üçün güldüm:
– Yazıq arvad əriyib çöpə dönmüşdü, qorxulası nəyi qalmışdı? Yadındadı nənəm nə deyirdi – can ağızdan çıxdımı, adam olur taxta parçası, ondan qorxub-çəkinmək lazım deyil.
Hakim nə qədər dirəşdisə Yasəf içəri girib arvadı üzü qibləyə çevirməyə kömək eləmədi. O boyda kişinin üstünü örtdüyüm meyidə sarı baxmağa da ürəyi gəlmədi. Hakim məndən qalan əyər-əskiyi düzəldib istəkanı meyidin sinəsinin üstündən götürdü, güzgünü mənə uzadıb:
– Vallah sən canavarsan, – dedi, – bu şeyləri hardan öyrənmisən?
Sonra da qorxudan mətbəxdə domuşmuş yeznəmizə istehzayla baxa-baxa məndən soruşdu:
– Düzünü de, qorxmusan? Bax birdən xəstələnərsən ha, aman günüdü! Gəl səni aparım Lalənin yanına, bir az yat dincəl.
Hakimi arxayın salıb dedim:
– Vallah heç nəyim yoxdu. Bəs siz neyləyəcəksiz, qışın gödək günüdü, təcili qəbir qazdırmaq lazımdı.
Hakim meyidi, qarının kasıb komasını maraqla süzüb:
– Narahat olma, – dedi, – Aqil bir tanışıyla danışıb, yaxın kəndlərin birindən qəbir yeri alıb, gedirik qazdırmağa. Biz qayıdana meyit yuyulmalıdı ki, qaranlığa düşməyək, aparıb dəfn eləyək.
Yasəf dil boğaza qoymurdu:
– Dayım oğlunu göndərmişəm, anasını gətirəcək, yuyub kəfənə bükəcək.
Hakim Yasəfə arxayın olub onunla birgə qəbir qazdırmağa getdi.
***
Onlar çıxandan az sonra yeznənin dayısı oğlu kor-peşman geri qayıtdı:
– Bircə, müdürü anamı buraxmadı.
Qaldım naçar. Pəncərədən boylandım, həyətdə bir dəstə yaşlı arvad oturub gaplaşırdı. Oğlanı evdə qoyub aşağı düşdüm. Arvadlara yaxınlaşıb salam verdim:
– Sizdən bir söz soruşmaq istəyirəm. Buralarda ölünü harda yuyub kəfənləyirlər?
Arvadlar mənə heyrətlə baxdılar, məni boyaboy süzüb başlarını buladılar, çox güman, məni dəli, başdanxarab sandılar. Aralarından bir diribaşı sözümü qəribliyə salmadı:
– A qızım, mənim qaynanam öləndə sürüyüb saldım hamama, elə ordaca təpəsindən su axıdıb bükdüm ağa. Hardaydı məndə pul, maşın ki, onu məscidə aparım yuduzdurum. Elə qaynanaya hələ bu da çoxuydu. Canı ağzından çıxanacan davada itgin düşmüş dədəmin olmayan qəbrinə söydü…
Arvadın sözünün gerisinə qulaq asmadım. Pillələri cüt-cüt dırmanıb evə qalxdım. Əsgi götürüb hamamın döşəməsini təmizlədim. Meyidin üzünü açıb yeznəmin dayısı oğlu, iki uşaq atası Mehdini çağırdım:
– Kömək elə bunu hamama aparaq.
Adam bir mənə, bir də cəsədə baxıb çimçəşə-çimçəşə soruşdu:
– Sən neyləmək istəyirsən? O, qadındı axı, mənim ona əl vurmağım düzgün deyil.
Yenə gic gülmək silkələdi məni:
– Ta denən Yasəf kimi mən də meyitdən qorxuram da.
Danmadı:
– Vallah düz bilmisən.
Divardakı saata, çöldəki soyuğa baxıb Mehdiyə üzümü bozartdım:
– Kişiləri arxayın yola saldın, anan da gəlmədi. İndi neyləyək, qoyaq bu gecə bu yazıq qalıb evdə iylənsin? Kömək elə, onlar gəlincə bunu ağa bükək.
Qohum tənələrimdən utanıb irəli durdu, meyidi yerdən götürüb hamama apardıq. Nə illah elədimsə arvadın ayaqlarını içəri sala bilmədim, hamam çox balacaydı. Qarının əynindəki köynəyi cırıb çıxardım, yumaq istəyəndə gördüm bu xarabada duş da yoxmuş. Vannanı durulayıb soyuq suyla doldurdum, kəfənliyinin arasındakı xam sabunla başladım meyidi yumağa.
Birinci saçlarından başladım. Üstündə bir çimdik əti olmayan cəsəd quru kösövə oxşayırdı. Bir əlimlə suyunu tökür, o biri əlimlə yuyurdum. Meyidi üzü üstə çevirmək lazım gələndə Mehdini harayladım. Qohum özünü göstərmədən bağırdı:
– Bircə, balana qurban olum, məni çağırma, mən ora gəlsəm ürəyim partlayacaq.
Dediyimdən dönmürdüm; nənəmdən eşitmişdim ki, meyidi yuyan adam onu yaxşıca təmizləməsə, bu işi candan-könüldən eləməsə, ölənin bütün günahı, babalı qalar onu yuyanın boynunda. Bunu düşündükcə lap xoflanırdım, Mehdidən əl çəkmirdim:
– Mən bunu birtəhər çevirmişəm, köməyə gəlməsən səni hamının yanında tüncar eləyəcəm.
Mehdi mənim zəhmimə tab gətirməyib qorxa-qorxa başını içəri uzatdı:
– Sən dolçanı mənə ver, bir də suyun səmtini göstər, gözümü yumub tökəcəm.
Mehdi dolçanı əlimdən qapıb vannadakı sudan gözüyumulu hara gəldi səpələməyə başladı. Əyilib meyidi sabunladıqca suyun çoxu təpəmə, belimə tökülürdü. Buz kimi su canıma çırpıldıqca dişlərim şaqqıldayırdı. Cəsədin dizdən yuxarı hissəsini təmizə çıxarıb, qapının ağzına sərdiyim adyalın üstünə uzatdım, sonra da ayaqlarını içəri salıb yuyub qüsulladım. Meyidi qurulayıb döşəyin üstünə uzadanda Mehdi gözlərini açdı, qarının cəsədini görcək qapıdan güllə kimi çıxdı:
– Bircə, məni bir də buralarda görməzsən.
***
Onun ardınca qapını bağladım, hamama girib suyu süzülən paltarları əynimdən sıyırıb bərk-bərk sıxıb yenidən geyindim, qayıdıb arvadın aldığı kəfənlik parçanı götürdüm. Parça çox uzun, çox da ensiz idi, uzununa tutub nə illah elədimsə meyidi bükə bilmədim. Cumub mətbəxdən iynə-sap götürdüm, istədim parçanı kəsib yan-yana calayam. Saplı iynə əlimdə nənəmin sözləri qulağımda cingildədi: “Kəfənə iynə-sap vurulmaz, parçanın şıvrımıyla kəfən deşilib gözənər”.
Əlim-qolum yanıma düşdü, çalışırdım Hakim gələnə bu işi tamamlayım. Yenə dəstəyi qapıb Xuraman müəlliməni yığdım, istədim deyəm dur bir taksiyə otur, özünü mənə yetir. Di gəl, o başdan onun səsini eşidən kimi hənirim batdı, bir az duruxub dəstəyi yuvasına qoydum.
Bu yerdə dərziliyim karıma gəldi: ustamız deyərdi parçanız en verməyəndə uzunundan istifadə eləyə bilərsiz. Meyidin ayaq tərəfindən başlayıb kəfəni cansız bədənə dolaya-dolaya başa çıxdım. Qarını elə bələdim ki, bir yeri çöldə qalmadı. Qalan parçanın qırağından şıvrımlar çəkib həm ayaq, həm də baş tərəfini möhkəm boğdum. Axırda da qarının qara kəlayağısını meyidinin üzünə atıb götürüldüm Lalənin yanına.
Bu binadan o binaya adlayınca əynimdəki nəm paltarlar sazaqdan lap buzladı. Bacım şaqqıldayan dişlərimə, cumculuq bədənimə baxıb dilə gəldi:
– Deyirəm nə səndə, nə Hakimdə bir qırıq ağıl yoxdu. Sizə nə düşüb axı? Mənim ərim o arvada söz verib, and içib ki, səni oğlun kimi dəfn eləyəcəm, indi qoyun eləsin də. Siz niyə əl-ayağa düşmüsüz?
Laləyə məhəl qoymadan hamama keçdim, əynimdəkiləri sıyırıb özümü atdım qaynar suyun altına. Dönə-dönə sabunlanıb burnumun deşiklərinə, qulaqlarımacan qüsullandım, di gəl, əllərimi, boğazımı meyitdən qalan qəribə qoxudan uzun zaman arındıra bilmədim. Nənəm deyərdi meyidə toxunan adam bütün əzalarına qüsul verməlidi, verməsə ölənin ruhu onun dalınca sürünüb sərgərdan qalar.
Əynimi qalın geyinib geri qayıtdım, bələyib qoyduğum meyidə baxanda yenə məni arsız gülmək tutdu. İçimdə bir duyğu belə qımıldanmırdı – nə qorxurdum, nə kədərlənirdim, nə üşənirdim. Heç üşümürdüm də. Sadəcə kimsəsiz bir qarının öz evindən son mənzilə adət-ənənəyə uyğun, urvatlı yola salınması üçün əlimdən gələni eləməyi özümə borc bilirdim.
Hakimgil qəbri qazdırıb geri qayıdanda Xuraman müəlliməni meyidin başı üstündə Quran oxuyan gördülər. Asya nənə elimizin adətinə uyğun dəfn olundu. Yasəf ona ehsan verdi, qəbrinin üstünü götürdüb başdaşı qoydurdu. Mənsə bərk azarlayıb yorğan-döşəyə düşdüm, bir həftə huşum başımda olmadı. Xuraman müəllimə məni bir din adamının yanına apardı, elədiklərimi ona yerli-yataqlı danışıb əməlimdə günah olub-olmadığını, boynumda babal qalıb-qalmadığını dönə-dönə soruşdu, mollanın müsbət cavabından sonra arxayınlaşıb sakitləşdi. Mehdi meyidin bədənini ayrı, ayaqlarını ayrı yumağımı uzun illər orda-burda danışıb məni məsxərəyə qoydu.
(Ardı var)