Korolenkonun Nəcib Məhfuza cavabı
Və ya Həlim niyə Darnu kimi olmağı bacarmadı…
Mətləb Ağa
Ömrümüz boyu hər birimiz hökmən bircə dəfə də olsa özümüzə xitabən təəssüflə “hər şey ayrı cür ola bilərdi” demişik və yaxud bu nisgilimizi sual şəklində gizli və ya aşkar təkrarlamışıq.
Bu, mütləq baş verib…
Vladimir Korolenkonun müdrik xeyirxah qocalar – Ulayya, Purana, Darnu və gənc dostları Kassapadan bəhs edən “Zərurət” adlı bir Şərq (hind) nağılı var.
Korolenko əhvalatın nəqlinə oradan başlayır ki, əzəmətli hind racəsi Liçavinin oğlu Kassapa, adlarını çəkdiyimiz müdrik üçlük karvansaranın həyətində oturduqları vaxt onlara yanaşır, Kassapanın əhval-ruhiyyəsindən belə məlum olur ki, o, nədənsə dərin məyusluq içindədir, qəflətən bu dördlüyün gözləri qarşısından keçən hadisələr zənciri nəhayət ki, Kassapanın dilini açır və oğlanın qəm-qüssəsinin səbəbi bilinir…
(Bu arada, qocalar mərhəmətli Kassapanın diqqətini, racənin eşik ağasının dünən Liçavinin qullarından Çevakanı möhkəm döyməsinə yönəltmək və yəqin ki, qəddar eşik ağasının cəzalandırılmasına nail olmaq istəyirlər.)
Lakin əvəzində Kassapa qocalardan soruşur ki, indicə gördükləri hadisələr silsiləsinə münasibətləri necədir;
Purananın ayaqlarının dibinə gözləri önündə ağacdan bir yarpaq qopub düşdü, günəşdən qızmış qayadan bir daş parçalanıb böyük bir kərtənkələnin özünü günə verdiyi yerə diyirləndi və kərtənkələ qaçmağa macal tapmamış daşın altında qalıb qanlı ət torbasına döndü…
Bax, sualı budur ki, o yarpaq ağacdan qopmaq istəyirdimi, yaxud daş qayadan öz istəyiləmi ayrıldı və ya kərtənkələ o daşın altında xurd-xəşil olmağı arzulayırdımı? Bunların baş verməsi mütləqdimi, yoxsa indi qocalar deyəcəklər ki, hər şey başqa cür də vaqe ola bilərdi?
Müdriklərin “ola bilməzdi” təsdiqinə Kassapa bildirir ki, deməli, qul Çevakanın belindəki, eşik ağasının yetirdiyi yaralar barədə də zərurət kitabında əvvəlcədən yazılıb, əgər qəbul etsək ki, olanlar hökmən olmalıdır, onda Çevakanın faciəsi də istisnasız baş verməliydi, fərqli heç nə baş verə bilməzdi, qocalar nahaq qula acıyıb Kassapadan mərhəmət gözləyirlər, çünki elə özləri də bu dəqiqə təsdiq etdilər ki, Kassapanı da götürüb aparan həyat seliylə mübarizə onun – racə oğlu olmasına baxmayaraq, sıradan birinin imkanı və gücü xaricindədir.
Kassapanın hay-küylü ritorikasına Ulayyanın cavabı bu olur ki, indi, uzun illər əvvəl Puranayla Darnunun başına gəlmiş, Kassapanın da qulaq asmalı olduğu bir əhvalat danışacaq.
Əhvalatda deyilir ki, əvvəlcə müdriklərdən Darnu səyahətə çıxıb iki il sərgərdan yolçuluğun ardından uca bir dağ gədiyindəki xaraba bir məbədə yetişir. Çəmənlikdə qoyun otaran çobanlardan öyrənir ki, bu məbəd nə zamansa Zərurət adlı allahın şərəfinə tikilib. Çobanlar məbədin yolunu Darnuya göstərir, sonra onu yaddan çıxarırlar; hərə öz işiylə məşğul olmağa yollanır. Darnu təzədən bir də o vaxt yadlarına düşür ki, çox keçməmiş, bu dəfə Purana məbədin yolunu çobanlardan soruşur.
Bəs məbəddə Darnuya nələr üz vermişdi?
Məbəddə Zərurət Darnuya isbatlamağa çalışırdı ki, o, insanların hər bir hərəkətinin hakimidir, bütün canlı və cansızlar müti və gücsüzdür, onlar allah Zərurətin hökmüylə öz həyatlarının sonuna – ölümə sürüklənirlər. Zərurət israr edir ki, Darnu özü ömrü boyu nəsə etməyib, nə yaxşı, nə də pis, baş verəcəkləri qabaqcadan Zərurət müəyyənləşdirir. Zərurər bir seldir, insanlar, o cümlədən Darnu bu axının içindəki yarpaqdır, kimsə özünü azad saya bilməz, çünki bütün hərəkətlərimizə Zərurət hökm verir…
Və Darnu Zərurətlə razılaşmayıb mübarizə aparacağını deyir, yemir, içmir, çünki qidalanmaq zərurətdir, əgər o, yeyib-içsə, bununla Zərurət daxili azadlığını məhv edəcək, o isə əsla öz müstəqilliyini Zərurətə uduzmayacaq.
Beləcə, Darnu Zərurətə müqavimət göstərir, bu proses vaxtı zaman-məkan anlayışını itirib gecə və gündüzü dəyişik salır, lakin özünə fasiləsiz təsəlli verir ki, o, azaddır.
Darnu cəmi bircə dəfə azacıq özünə gəlib heyrətlənir, çünki artıq Purana da oradaydı…
Purana məbəddə, Darnudan tam fərqli olaraq, Zərurətə tabe olub hər şeyi onun ixtiyarına buraxır.
Vaxt keçir, lakin nədənsə eyni nəticəylə qarşılaşırıq – Darnunun başına gələnlər eynən Purananın da qismətidir; məbəddə mübariz Darnuyla müti Purananı fərqləndirmək imkansızdır, müdriklər – biri Zərurəti inkar, o birisə tabeçilik xoşbəxtliyində – həyatdan tam təcriddirlər…
Darnunun dirənişini Zərurət öz xeyrinə yozub deyir ki, yüz min nökərindən biri Darnutək höcət, digərisə Purana kimi tənbəllik xəstəliyinə tutulur…
Yenə də vaxt keçir, bir çoban oğlan və qız Zərurətin məbədində görüşür, oğlan qızın itkin qoyunlarını axtarmağa getdiyi müddətdə qız məbəddə əylənir, Zərurətin xoşagəlməz təbəssümünü gizlətməkdən ötrü ağzını ağac budağıyla örtüb qəhqəhəylə onu ələ salır, Zərurətsə bu təhqirə heç bir reaksiya vermir…
Yavaş-yavaş Darnunun fikirləri aydınlaşır:
“Müdrik Darnu ürəyində dedi: Purana və mən ölsək, bu zəruri olacaq, ancaq səfeh işdir. Mən özümü və yoldaşımı ölümün əlindən qurtara bilsəm, bu zəruri, həm də ağıllı tədbir olacaq. Deməli, özümüzü qoruyacağıq. Bunun üçün güc və iradə lazımdır”.
Və “…o, özündə hələ sönməmiş kiçik bir iradə qığılcımı tapdı. Bu qığılcımın sayəsində ağırlaşmış göz qapaqlarını qaldıra bildi”.
Sonra Darnu Puranaya məsləhət verdi:
“Zərurət sahib deyil, hərəkətlərimizin cansız hesabdarıdır. Hesabdar ancaq olmuşları qeyd eləyir. Olacaq iş isə yalnız bizim iradəmizlə olasıdır… deməli, Zərurətə imkan verək, o, bildiyi kimi öz hesabı ilə məşğul olsun. Biz özümüz isə elə bir yol seçək ki, o, bizi qardaşlarımızın yaşadığı yerə aparıb çıxarsın”.
Ulayya bu əhvalatı danışdığı zaman keçidində Puranayla Darnu yalnız gülümsəyib nəql olunanların doğrudan da olub-olmamasını nə təsdiq, nə də inkar edirlər. Kassapa hekayəti dinləyib fikirli-fikirli öz atasının evinə dönür, artıq əminliklə demək mümkündü ki, indi onun haqq-hesablarına qul Çevakanı amansızcasına döymüş yaramaz eşik ağasını cəzalandırmaq da daxildi.
Fikrimcə, Korolenkonun bu nağılı “sonuncu romalı” ləqəbli, (o, barbarların Romanı işğalından 20 il əvvəl ölmüşdü) xristianlıqda “müqəddəs” elan edilmiş Roma neoplatonçu filosofu Boesiusun “Consolatio Philosophiae” (Fəlsəfənin təsəllisi) əsərindəki fikirlərlə oxşar notlardan qaynaqlanır.
Boesius həmin kitabında yazır ki, həqiqi xoşbəxtlik Tanrıda və ya yaxşılıqda mövcuddur ki, bunlar da əslində hər ikisi eyni məna daşıyır. Lakin Boesiusu daha çox məşğul edən ayrı sualdır: Tanrı hər şeyi əvvəlcədən bilirmi? Bu dəqiqə mən bir qərar qəbul etmək üzrəysəm, sözsüz ki, bir çox seçimim var, istəsəm bu yazını yazmağa davam edə, yaxud televizora baxa, kitab oxuya və ya durub tamam ayrı bir işlə məşğul ola bilərəm. Heç kim məni məcbur etmir ki, konkret bu və ya o qərarı qəbul edim. Əgər düşünsək ki, Tanrı nə baş verəcəyini qabaqcadan görür və bilir, yəni mənim bir azdan hansı qərar üzərində dayanacağım ona indidən agahdır, onda bu, necə baş verir, yəni Tanrı gələcəkdə nə olacağını əvvəlcədən bilirsə, necə olur ki, mən indi istədiyim kimi seçim edə bilirəm? Buradan belə çıxmırmı ki, mən əslində heç bir azad iradəyə malik deyiləm, bir oyuncaq və ya robotam? Əgər Tanrı gələcəyi bilirsə, olacaqlar ona indidən agahdırsa, həyatım ən kiçik detalına qədər Onun tərəfindən planlaşdırılıbsa, onda əməllərim üçün cəzalandırılmam və ya mükafatlandırılmam, öləndə cənnətə və ya cəhənnəmə göndərilməyim nə qədər ədalətlidir? Birinin mənim gələcək seçimlərim haqqında qabaqcadan məlumatlı olması və mənim də bu vəziyyətdə hələ də azad iradəyə malik ola bilib neyləyəcəyimə özüm qərar verə bilməyim – bu iki fikir bir-birinə tamamilə zidd görünür.
Boesiusun kitabında özünün edam qabağı dərdləşdiyi qadın cildindəki obrazın – Fəlsəfənin bu tapmacaya çözümü nədir? Cavab bundan ibarətdir ki, bizim azad iradəyə malik olmağımız və Tanrının da öncədən bizim nə edəcəyimizdən xəbərdar olması əslində bir-birini tamamlayır. Yəni Tanrı hər şeyi bir anda qavrayır, keçmişi, indini və gələcəyi bir olaraq, bir arada görür. Biz insanlar hadisələri əvvəldən axıra, bir-birinə bağlı şəkildə, sanki bir film lenti kimi görürüksə, Tanrı bunu belə görmür, o, hər şeyi müəyyən bir zamanda deyil, bir anda, bir növ zamansız olaraq görür ki, bu da bizim həm azad iradə sahibi olub öz əməllərimizə görə məsuliyyət daşımağımızı şərtləndirir, həm də Tanrının bu əməllərə görə bizi qiymətləndirməsinə vəsilə olur.
Dövrümüzə qayıdıb başqa bir əsərdən danışaq:
Nəcib Məhfuzun “Zulmәt gecәdәn işıqlı sabaha” povestinin qəhrəmanı (baxmayaraq ki, ona münasibətdə qəhrəman sözü heç yerinə düşmür) Həlimin, necə deyərlər, həlim xasiyyəti həyatını qaranlığa çevirir:
(“Hәyatımın әn gozәl cağları bir göz qırpımında gәlib kecdi… Kohnә gunlәrin xatirәlәri mәnә gun verir, aman vermir. Hәtta deyәrdim, zibilxanadakı hәşәratlar da ozlәrini mәndәn daha cox xoşbәxt hiss elәyirlәr, cunki onlarda yaddaş deyilәn şey yoxdur vә “xatirәlәr” kәlmәsi bu canlı varlıqlara yaddır”).
Hər halda, ömrünün çox şey əldə edə biləcəyi gənclik dövrü Həlimin xaraktersizliyinə (ya bəlkə çarəsizliyinə?) qurban gedir, onun qocalıqda nəyəsə nail olacağısa şəxsən mənə inandırıcı gəlmir. Amma əsərin son cümlələrindən görünür ki, Məhfuz bəlkə də əksini düşünür…
Təhsil Nazirliyində müfəttiş vəzifəsində çalışmış, atasının qəfil ölümünün ardından anası və özündən yaşca böyük, ərə getməmiş bacılarının himayəçisinə çevrilmiş, uzun illər mələk xasiyyətli Mələklə adları tezliklə evlənəcək cütlük kimi hallanmış Həlim, yalnız təqaüdə çıxdıqdan, ana və bacıları öldükdən sonra bir şirkətdə işə düzəlib, nəhayət ki, Mələklə evlənmək fikrinə düşür…
Bu qərarsa yenə də öz ağıl və iradəsinin məhsulu deyil, onunla birlikdə “Uğur” kafesində qocalıq günlərini sayan Hәmada әt-Tartuşinin (“Qocalıq vә tәnhalıq onunla tanışlığımızın әsas sәbәbkarları olmuşdu”) təkidiylə axır ki, özündə təpər tapıb, iki yetkin oğul anası Mələyə gəncliyində deyilməli sözləri indi ünvanlayıb evlənmək təklifi edir:
(“Doğrudanmı, әvvәlki Mәlәk daha geri qayıtmayacaq?…Doğrudanmı, qorxaqlığım omrumun axırına kimi mәnә peşmanlıq cәkdirәcәk?”)
Povest demək olar ki, elə Həlimin bu gecikmiş təklifiylə bitir, Həlimin sözlərinin biabırçılıq olduğunu deyən (“Yox, mәn bu rüsvayçılığa әsla yol vermәrәm, – (Mələk) hәyәcanla dillәndi”), illərin ana və nənə statusu qazandırdığı Mələyin əsl reaksiyasısa oxucuya dəqiq çatmır, Həlimin növbəti eşq elanına Mələyin sərt cavabı adi qadın şıltaqlığıdı, yoxsa ölmüş ərinin xatirəsinə, oğlanlarına xətir-hörməti, bunu da anlamaq çətindir…
Yekunda Mələyin eyvandan Həlimə əl yelləməsinin əsl motivini də bilmirik:
(“Uğur” kafesinә gedәrkәn onun evyanına nәzәr saldım. Gordum ki, orda dayanıb vә deyәsәn, mәn tәrәfә baxır… Birdәn onun mәnә әl elәdiyini gordum. Donub qaldım… İndi bu, nә mәna verirdi?”).
Həlim Mələyin eyvandan ona əl eləməsinin mənasını oxucudan soruşur, deməli, yenə də qəti qərar vermək yerinə özgə məsləhətinə sığınır.
Ancaq mən Həlimə bir insan kimi haqq qazandırıram…
O, özünü qoca anasına, kimsəsiz, xəstə və yazıq bacılarına qurban vermiş, üç nəfərdən (anası və iki bacısı) ötrü ürəyinin ən dərin və ən şirin arzusunu (Mələyi) fəda etmişdi…
Onu bağışlamağısa Mələyin öhdəsinə buraxaq, çünki bu, əvvəl-axır Mələyin səlahiyyətinə aid olan məsələdi…
Nəcib Məhfuz da yəqin ki, əsərini o səbəbdən belə – qeyri-müəyyən (və nikbin) notlarla nöqtələyir ki, ola bilsin, misirli Nobel mükafatçısının özünə də Mələklə Həlimin evliliyinin mümkünlüyü real görünmür, sadəcə, qanadsız mələyin yorğun qocanı bağışlamasını ürəkdən, lap ürəkdən arzulayır…