Cəhənnəmdən keçmiş mələk (91)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Payız yarılanmamış atam anamı, Kamilin arvad-uşağını götürüb kəndə qayıtdı. Xəbər gəlmişdi ki, kəndimizdə vəziyyət bir az düzəlib, ordu evlərdən çıxıb kəndin qırağındakı istehkamlara yığışıb. Dərbədər olmuş kənd camaatı yavaş-yavaş yurd-yuvasına dönürdü.
Bu arada Hakimin bir oğlu olmuşdu. Doğulandan az sonra uşaqda epilepsiya yaranmışdı, gəlinin günü mənim kimi xəstəxanalarda keçirdi. Hərdən ev işlərində onun qoluna əl atırdım, qalan vaxtım Cavidi girələməklə keçirdi. Dayımın oğlumdan iki yaş böyük oğlu Cavidə göz verib işıq vermirdi – əlinə girəvə düşən kimi uşağı vururdu, paltarına tüpürürdü, oyuncaqlarını qırırdı. Caviddən çox buna mən cırnayırdım, balamın gözüqıpıq olunmasını sinirə bilmirdim. Dayıma, arvadına oğlanlarından gileylənəndə:
– Sənin uşağın kənd uşağıdı, vəhşi kimi böyütmüsüz, – deyirdilər, – bizim uşaq elə iş görməz.
Şənbə-bazar Hakim marığa yatırdı, Cavidə ilişdiyini görəndə dayımın oğlunu mal kimi budayırdı. Sonra ikisini də maşına mindirib zooparka, yelləncəyə aparırdı. Balama görə pisikməyim Hakimin də qəlbini dağlayırdı, qardaşım tez-tez mənim könlümü almağa çalışırdı:
– Qadan alım, səbirli ol, uşağına neyləsələr də dillənmə, mən özüm hər şeyi yoluna qoyacam.
Qaynımın uşaqları biz ana-balanı pis öyrətmişdilər, Cavid onların üzünü cıranda, daş atıb başlarını yaranda belə ona dillənmirdilər. Çünki Maral balalarına belə öyüd verirdi:
– Uşaqlar, Cavid kəllədə bir gözdü, hamımız onu qorumalıyıq. Onun başına bir iş gəlsə bir nəsil kəsiləcək, amma siz dörd qardaşsız, birinizə bir şey olsa geridə üçünüz qalacaqsız.
Əslində Maral bu yanaşmasıyla bizi bir az qudurtmuşdu. İndi kiminsə uşağı Cavidi itələyəndə az qalırdım onun evinə od vuram.
***
Şəhərə yığışmağımız Xuraman müəllimənin də çiçəyini çırtlatmışdı. Tək olanda tək, əri səfərdən qayıdanda əriylə həftədə bir yol bizə gəlir, Cavidlə məni Hakimdən alıb aparırdı. Gah Xəzər sahilindəki qumlu bağlarında, gah da şəhərin gözündəki xudmani evlərində qulluğumuzda dururdu. Yenə məni dilə tutub yola gətirməyə çalışırdı:
– Bəlkə sənədlərini hazırlayaq ali məktəbə girəsən? Lap qiyabi oxuyarsan. Uşağına mən baxaram, elə birinci kursdan sənə iş taparam.
Onun nur kündəsi üzünə utana-utana baxıb deyirdim:
– Atam, qardaşlarım mənlə şərt kəsiblər ki, Cavid orta məktəbi bitirənə qədər iş adı tutmayım.
Xuraman müəllimə məni sinəsinə sıxıb ağzını qulağıma dirəyirdi:
– Axx, sənin atana, qardaşlarına Allah insaf versin, – deyib için-için ağlayırdı, danışırdı, söylənirdi, göynəyirdi. – Axı qarşıda hələ uzun illər var, bəs sən kimin əlinə baxacaqsan? Yenədəmi kölə kimi onun-bunun qapısında işləyəcəksən?
Onun belə naçar-naçar deyindiyi vaxtlarda günün çoxunu mətbəxdə oturub kitab oxuyan yoğun gövdəli, gur saçlı əri:
– Elə haqq olur sənə, – deyirdi, – bir az da sən oynadın uşağın taleyiylə. O vaxt bizim İsmayılla evlənməyə qoysaydın indi həyatı başqa cür olardı.
Hələ Eminlə nişanlanmamış kişi məni qardaşı oğluna almaq istəyirdi. Xuraman müəllimə onun niyyətindən xəbər tutanda dünyanı dağıtmışdı:
– Sənlə evlənib hansı günü gördüm ki, indi də uşağın başına ip salım? Bütün ömrüm yol gözləməklə keçdi.
Müəllimimin əri xaricə üzən böyük gəmilərdən birinin kapitanıydı. Evə ildə bir dəfə iki aylığına gələrdi. Quruda xanımına hər şərait, rahatlıq yaratsa da bu lopabığ kişi onu bir ömür intizarda saxlamışdı. Mənə də belə ömür yaşatmağa qıymayan Xuraman müəllimə ərinin elə öz əmisinin yanındaca kapitan köməkçisi işləyən qardaşı oğluyla mənim evlənməyimə qəti razılıq verməmişdi.
Çox çəkmədi dayım bu sevinci də burnumuzdan gətirdi. Səhər bizi evdən götürüb parkları, muzeyləri gəzdirən, yorulanda kafedə, restoranda yedirib içirən, Cavidə hər istədiyini alıb qucağını dolduran Xuraman müəllimə bir axşam bizi geri qaytaranda elə qapının ağzındaca dayımla üz-üzə gəldi. Dayım bu kübar qadına yaman pis üz göstərdi. Müəllimim kor-peşman evinə qayıdandan sonra dayım Aqili də çağırıb süfrə başında mənə məhkəmə qurdu. O hamını inandırmağa çalışırdı ki, bu qadının nəsə gizli bir planı var:
– Gedin yoxlayın, bəlkə də heç düz-əməlli adam deyil. Gözəl-göyçək gəlindi, kənddən dünən gəlib, pis yola salacaq, aparıb başqasına satacaq.
Dünya başıma dar oldu, düşdüm yüz arşınlıq quyunun dibinə. İllərdi şəhərdə yaşayıb başında eşşək qanqalları bəsləyən dayımın büllur kimi qadına yaxdığı qara şərin sürtülmüş üzü qarşısında aciz qaldım.
Hakimlə dayımın arasında bir ayrı münasibət vardı, qardaşım ərk eləyib ona hər sözü deyə bilirdi. Həmin axşam Hakim məni ayağa vermədi, dayımla dimdik-dimdiyə durub deyişib onu haqsız çıxardı, sonda məni hədəfdən yayındırmaq üçün:
– Əşi, sən öz bacılarının dərdini çək, – dedi, – odey, səni saxlayıb böyütmüş bacını (xalamı deyirdi) əri hər axşam dükana araq dalınca göndərir. Bir gün qaranlıq döngələrin birində itlər paralayacaq, get onun gününə ağla.
Hərə öz evinə dağılandan sonra Hakimlə üz-üzə qaldıq. Qardaşım gödərək boyuyla dar həyət-bacada fır-fır fırlanır, vəl döyən xırman kəli kimi löhrəm vururdu:
– İndən sonra günümüz-saatımız bax belə olacaq. Bunlar qoymayacaqlar ki, bu yetimi böyüdək, sənə bir işıq yandıraq, ocaq qalayaq.
Sonra birdən dayanıb yalvaran gözləriylə üzümə baxdı:
– Nolar bunların dilinə düşmə. Mən səni özündən yaxşı tanıyıram, sənə özümdən çox inanıram. Nə onun, nə də mənim arvadımın yanında heç nə danışma, ürəyini onlara açma, təkbaşına qapıdan çölə çıxma. Nə istəsən, hara getmək istəsən mənə de, qoy görək başımıza nə gəlir. Yoxsa hər addımını böyüdüb səni gözdən salacaqlar, Aqilin fikrini dəyişib sənə qarşı qoyacaqlar.
Aqillə kiçik dayım həm də bacanağıydılar. Qazancını yediyim, evinə yiyələndiyim qardaşlarım yalan olmuşdu, gəlinlər gerçək. Mənə günübacı kimi baxırdılar, əlacları olsaydı hərəsi öz ərinin cibindən bir qıfıl asardı. Rayonda yaşadığımız vaxtlarda mənə qarşı sayğıyla davranan, hörmətimi saxlayan bu üç gəlin indi sanki mənə qarşı ittifaq qurmuşdu. Bu səbəbdən gün boyu uşağımın başına hərlənir, Cavid yuxuya gedən kimi əlimə kitab alıb çəkilirdim bir küncə. Gəlinlərin söz-söhbətinə qoşulmurdum, qorxurdum ağzımdan artıq-əskik nəsə çıxa, düşəm bunların dilinə.
Bir gün yenə xırda-para işlərdə Hakimin arvadına əl yetirəndən sonra oxuduğum kitabı açıb qoydum qarşıma. Hara getsə evinə qayıdanda yolunu bizdən salan dayım arvadı kitabımı qanlı-qanlı süzüb dedi:
– Hııı, Gülümsərov kimi oxuyursan yenə, yaxşı ağ günə çıxdın eeeyy. Deyirəm orda qalmış olsaydın, Allah bilir, indi pəyə-zad kürüyürdün. Şəhər yaxşıdı, eləmi?
Söz qulağıma dəyən kimi yaş gözümdə gölləndi. Əlimin arxasıyla gözlərimi quruladım, Hakimin qulaqlarımdan asdığı öyüdləri salxımlayıb yerə atdım. Hər fürsətdə məni zəhərləyən, dəqiqəbaşı “Birdən üzüyanıq bu küçəyə gələr, mənim balalarımı yetim qoyarsan ha” deyib məni qaramsayan bu qadını susdurmağın dəmi gəlmişdi.
Kitabı qatlayıb baxışlarımı altdan-yuxarı ona tuşladım:
– Mənim səndən bir fərqim var: o dediyin pəyədən sən bir on il məndən qabaq çıxmısan. O bəyənmədiyin pəyənin ağartısından ötrü can verirdin bir vaxtlar. Qaldı ağ günə çıxmağıma, qaynanam, eltim sizdən min qat yaxşıydılar mənə. Mən o evdə istədiyim kimi yaşayırdım, amma sizin yanınızda gülməyə də qorxuram. O dəqiqə deyirsiz ki, əri ölüb, işıqlığa çıxıb. Get kirli paltarlarını yu, qartmaq bağlamış qazanlarını islağa qoy, evinin zibilini kürü, ərinə, uşaqlarına bir qazan as. Sənə nə düşüb bütün günü məni güdürsən, sən kimsən məni ələ salırsan?..
Sözüm bitməmiş burnumdan qan fışqırdı. Gəlin bunu görcək qapını çırpıb qaçdı. Həyətdəki kranın suyundan ovuclayıb üzümə vurduqca vurdum, di gəl, qan dayanmaq yerinə yenə şora verirdi.
Yağışdan çıxıb yağmura düşmüşdüm. Həyətdəki üç gilənar ağacının, bir erkək çəkilin yarpaqlarını payız küləyi yolub töküb Bakının tozuna-qumuna bələmişdi. İndi mənim halım da o yarpaqların halından seçilmirdi: mən də o yarpaqlar kimi bu amansız şəhərin tozuna bələnib ayaq altında qalmışdım, gələn-gedən üstümdən keçib gedirdi.
Böyük bacısına qaytardığım cavabdan sonra Aqilin arvadı Fəridənin də məndən üzü döndü.
***
Adətən şənbə-bazar Laləgildə olurduq. Aqil kiçik bacımızı ixtisasına uyğun işə düzəltmişdi, o yazıq da maaşının yağlı yerini biz ana-balaya xərcləyirdi. Lalənin yanında keçirdiyimiz o iki günü adam balası kimi yaşayırdıq. Onlarda olanda Hakimin aldığı qəşəng parçalardan özümə paltar biçib əlimdə kökləyirdim, sonra da Lalənin qapı qonşusunun tikiş maşınında köklədiyim paltarlara can verirdim, bəzək vurub əynimə geyinirdim.
Çox keçmədən gəlinlərimiz Lalənin xətrini çox istəyən, bir qızıyla tək yaşayan bu gözəgəlimli rusdilli qadına da əxlaqsız damğası vurdular, mənim onunla münasibətimi şişirdib qardaşlarımın, dayımın ovcuna qoydular. Bundan sonra o qadınla görüşüb danışmaq mənə qadağan olundu.
Gəlinlər əməlli-başlı marığa yatmışdılar, üçü də iş-gücünü, problemlərini unudub fikir-zikrini mənə tuşqullamışdı. Üzdə hamısı guya məni qoruyub qollayırdı, gəncliyimi, şəhərdə yaşamaq təcrübəmin olmadığını əldə bayraq eləyib məni pis yollardan qorğanırdılar, amma davranışlarından belə oxunurdu ki, mənə ögey münasibətlərinə haqq qazandırmaq üçün ürəklərində mənim əyri yola düşüb pozulmağımı arzulayırlar. Mənsə onların bu arzusunun çin çıxmağına imkan vermirdim, ona görə mənə qəzəbliydilər.
Laləgildə çox qalanda da Aqilin acığı tuturdu:
– Sənin yerin bizim yanımızdı, yeznə qapısında nə var, – deyirdi. – Otur mənim böyrümdə, görək neyləyə billəm. Amma sən bir balaca səbirli, ağıllı ol. Heç kimlə dilləşmə, özündən böyüyə cavab qaytarma.
Şübhəsiz, qardaşım dayım arvadıyla dilləşməyimə işarə vururdu. Xəcalətdən burnumacan qızardım, Aqilin üzünə baxmadan:
– O özü məni alçaltdı, özü şeytanımı meydana çağırdı, – dedim.
– Səbirli olmalısan, qoy kim nə deyir desin. Axı o həm də mənim arvadımın böyük bacısıdı, bunu yadından çıxarma. Sən sus ki, mən də işimi görə bilim. Hər şeydən irəli sənin sağlamlığındı. Hakimə tapşırmışam, bir həkim var, səni aparacaq onun yanına, burnunun qanamağına bir çarə qılacaq. Sonra sənin ev məsələnin dalınca düşəcəyik. Gələn sentyabracan sənə ev alacam, sənədlərinizi qaydasına qoyacam, uşağını öz evindən dərsə yola salacaqsan.
Elə bil üstümə min günəş doğdu: bəs necə, mənim evim olacaqdı, yuvam olacaqdı! Balamı da götürüb o evə köçəcəkdim, bu şəhərin saysız işıqlarına mənim də evimin işığı qarışacaqdı! Hər tikəsi bir dərəyə dağılmış qırıqlarımı əlimlə yığıb toplayacaqdım!
İçimə dolan sevincin ağırlığından yeriyəmmirdim, qaçıb bu şad xəbəri bir küçəsi, bir qapısı belə mənim olmayan böyük şəhərdə mənə analıq eləyən beş yaş kiçik bacıma çatdırammırdım. Aqillə söhbətimizin gerisini baxışlarımızla danışırdıq, yeyib doyub yatmış mal gövşək gətirib dincəldiyi kimi mən də onun qulağıma pıçıldadıqlarını gövşəyimə gətirib xoşbəxt olurdum. O gecə bacı-qardaş baxışlarımızla mənim evimi qurduq, içini-çölünü bəzədik, çəkilib kənardan baxdıq, elə baxışlarımızla da bir-birimizə sarılıb yatdıq.
***
Səhəri Aqili al dillə razı salıb Cavidlə birgə yol aldım Lalənin birotaqlı iqamətgahına. Qardaşım da bilirdi ki, nəyə gedirəm, niyə gedirəm – bilirdi ki, ovuclayıb içimə atdığı günəşi Laləyə göstərməyə gedirəm. Dostum, elə buradaca deyim ki, Aqildən gördüyüm sevgini, səxavəti, qayğını, yanımcıllığı bəlkə heç atamdan da görməmişəm. O, bir ömür mənim çörək ağacım olub, onun barlı budaqlarından istədiyim neməti istədiyim vaxt dərmişəm…
Cavid yedəyimdə sapanddan çıxan daş kimi özümü metroya atdım. Qatar tərpəndi, balamı böyrümə sıxıb gözlərimi yumdum. Ürəyim sərçə ürəyi kimi çırpınırdı, mənzil başına tez yetişib sevincimi bacımla bölüşməyə tələsirdim.
Di gəl, həyəcandan lərzəyə gəlmiş bədənim bu dəfə də gərginliyə dözmədi, başıma sıçrayan qanım vurub damarlarımı partlatdı, fışqırıb burnumdan qucağımdakı çantanın üstünə şoralandı. Gözümü açıb qorxa-qorxa bir vaqon adama baxdım. Əlimdə, çantamda burnuma tutulası bir şey yoxuydu, təntidiyimdən qardaşım evindən hazırlıqsız çıxmışdım.
Üstü bulaşmasın deyə tez Cavidi özümdən araladım. Uşaq əlimi, yaxamı qanlı görüb qışqırmağa başladı. Mənlə bir cərgədə oturan qadınların heç biri yardıma gəlmədi, əksinə, bir az da uzağa daşındılar ki, əyin-başları qana bulanmasın.
Başımı qaldırıb tanımadığım adamların üzünə suçlu-suçlu göz hərlədim, qanlı əlimi yaşıl qoftamın qoluna sürtüb Caviddən bərk-bərk yapışdım:
– Qorxma, indi özümüzü xalana çatdıracağıq.
Gözümün qabağında halqalar oynaşırdı, aralıdakı adamlar elə bil üstümə gəlirdilər. Payız olsa da hava soyuq deyildi; ağlıma gəldi ki, Cavidin kurtkasını çıxarım, altındakı qoftanı əynindən sıyırıb burnuma tutum. Bacarmadım. Bircə kəlmə:
– Huşumu itirsəm əlimi buraxma haa, – deyə bildim, – azarsan buralarda.
Sözüm deyəsən Cavidi lap qorxutdu, uşaq bir az da zildən ağlamağa başladı. İçimdəki günəş hisli çıraq kimi sönürdü, yerinə özü boyda bir qaranlıq, soyuq zülmət axırdı. Közərən ağlımla düşünürdüm ki, elə burdaca öləcəm, uşağım qalacaq ortalıqda, qardaşlarımın zəhri yarılacaq. Qan çənəmdən sinəmə, qucağıma axdıqca özümü qarğıyırdım – axı niyə qardaşımın sözünə baxmadım, bir az dözüb bacımgilə onun maşınıyla getmədim?!..
Xəcalətimdən baş qaldırıb bir kimsənin üzünə baxammırdım, yerə dikili alacalanmış gözlərim çoxlu ayaq görürdü. Çənəmin üstünə yığılan qanı əlimlə sıyırıb ətəyimə silirdim. Birdən qaltanlı bir səs qulağımın dibində:
– Ayə, görmürsüz gəlin ölür burda, niyə biriniz yaxın durmursuz, – deyib tüklü əlləriylə Cavidi qamarladı.
Cavid əti kəsilmiş kimi çığırdı. Təmiz saxladığım əlimlə onun biləyini kişinin barmaqları arasından çıxarıb uşağı yenə özümə sıxdım:
– Dəyməyin, az qalıb, indi düşürük.
Kişi dedi:
– Ay bacı, heç bir dəsmalın-zadın yoxdu sənin?
Onun üzünə baxmağa utandığımdan eləcə başımı buladım. Onda kişi yanındaklı oğlana ərklə səsləndi:
– Köynəyini soyun bəri ver görüm.
Oğlan pencəyini çıxarıb kişiyə verdi, köynəyini əynindən sıyırıb dizimin üstünə tulladı, sonra da tərliyinin üstündən pencəyini əyninə taxdı. Kişi köynəyi qamarlayıb əlimin, ağız-burnumun qanını sildi:
– Al, ay bacı, bas burnuna görək qanı dayanarmı.
Tər qoxuyan köynəyi üzümə sıxdım. Bir vaqon adamın tənəli baxışı altında əriyib yox olmaq keçirdi ürəyimdən.
Yaxşı ki, Laləgilin evi metronun bir addımlığındaydı. Kişi bizi tək buraxmadı, bacımgilə qədər ötürdü. Qoluma girdi, yolu keçməyimə kömək elədi. Danışığından, görkəmindən kənd adamı olduğu bilinirdi. Lalə nə qədər dirəşdisə kişi evə keçib bircə istəkan çay içmədi. Demə yanındakı da oğluymuş, ata-bala xəstə yanına gedirmişlər.
Onda bacım ərinin köynəklərindən birini kişinin oğluna vermək istədi, kişi buna da razı olmadı:
– Yox, ay bacı, dükandan bir şey tapıb alacam, sən xəstənin qayğısına qal, – deyib sağollaşdı.
Məni öz qanımdan təmizləyəndən sonra Cavidi bağrına basıb xısın-xısın ağlayan Laləyə:
– Nə var, nə yas qurmusan, – dedim, – guya birinci dəfədi başıma belə iş gəlir? Dur mənə şokoladlı çay ver, sənə yaxşı xəbərim var.
Həmişə burnumun qanı dayanandan sonra canıma bir üşütmə, bir yanğı gəlirdi. Belə vaxtlarda ürəyim şirni istəyirdi. Lalə gözünün yaşını silib dedi:
– Çay-çörək çoxdan hazırdı. Yaxşı, de görüm o nə xəbərdi elə?
İçimdəki günəş yenidən közərib məni təpədən-dırnağa nur topasına döndərdi. Ayağa durdum, barmaqlarımla bərayi-ehtiyat burnumu sıxdım, pioner andı içirmiş kimi təntənəylə bəyan elədim:
– Aqil mənə tezliklə ev alacaq! Cavid dərsə gedənəcən bizi qeydiyyata saldıracaq! Balam məktəbə öz evimizdən gedəcək!
Mətbəxə keçmək üçün divandan qalxan Lalə bir də divana çökdü:
– Nə dedin?! Bir də başdan danış görüm…
Mən birəbitdən quşu kimi yenə hüdüləyib tökdüm. Handan-hana Lalənin donu açıldı, yerindən atılıb məni qucaqladı, Cavidi duz kimi yaladı, balaca evinin içində o baş-bu başa qaçdı:
– Yəni doğrudan sənin evin olacaq?!
Birdən qız otağın ortasında dayanıb diz çökdü, üzünü tavana tutub ağladıqca ağladı, Göy Tanrıya yalvaran ana canavar kimi uladı:
– Ay Allah, sənə qurban olum, nə yaxşı eşitdin mənim səsimi!
Sonra mənə sarı dönüb:
– Hər gün sizə gələcəm, – dedi, – otağın birini özüm istədiyim kimi bəzəyəcəm.
Axşamacan iki bacı xəyaldan yağlı-buğlu plov dəmlədik, o plovun böyür-başını yüz nemətlə bəzədik, özümüz özümüzə yaxşı bir ziyafət verdik. Axşam Lalənin qızdırması qalxdı, üç aylıq uşağı bətnindən düşdü. Beləcə, bizim dozanı aşan sevincimiz bacımın nə vaxtdan bəri yolunu gözlədiyi, həkimin-dərmanın gücünə işıqlı dünyaya pasport almaqda olan ilk övladının başını elə bətnindəcə yedi.
(Ardı var)