Cəhənnəmdən keçmiş mələk (90)
Avtobioqrafik roman
Üçüncü bölüm
Müəllif: BİRCƏ
Ev işlərinin çoxunu Səməndərin son dərəcə mehriban, qabiliyyətli, bizə hədsiz sayğı göstərən arvadı Aybəniz özü görürdü. Yemək-içməyi çox vaxt qardaşımın böyük qızları hazırlayırdı. Mənimsə bekarçılıqdan bağrım çatlayırdı. Kitab da oxuya bilmirdim – əlimə aldığım hər kitabın arasından Zöhrə xala, Nərgiz, Maral, qaynımın balaları baş-başa verib mənə sarı boylanırdılar.
Nənəm deyərdi: “Naxırçı qızının könlü naxır əppəyi istəyər”. İndi mənim də bu dinclik, rahatlıq qarnıma təpirdi. Üzüm bərkimişdi, o davalı-şavalı, səhərdən-axşama nökərçilik elədiyim həyatdan ötrü abırsızcasına darıxırdım.
Arabir Səməndərə qoşulub bazara gedirdim. Alış-verişə başım qarışanda fikrim dağılırdı, özümü kiməsə gərəkli, bir işə yarıyan sanırdım. Həm də kiçik əyalət şəhərində evdən çıxıb getməyə, havanı dəyişməyə başqa hara vardı ki?..
Bir gün yenə Səməndərin yanına düşüb bazarı hərlənirdim. Qarayanız dolu bir arvad aralıdan qardaşımı səslədi:
– Salam, ay Səməndər müəllim! Özümə söz vermişdim sizi danışdırmayım, ürəyimlə bacarmadım. Nə var, nə yox, nə təhərsiz?
Səməndər qadına könülsüz, ağızucu cavab verdi. Arvad yenə əl çəkmədi:
– Vallah heç sizə yaraşdırmadım, qızımı qapımın ağzında döydürdünüz.
Qardaşım biləyimdən tutub məni özündən qabağa buraxdı, sonra çönüb arvada acıqlı-acıqlı:
– Qızın başından yekə qələt eləməyəydi, – dedi.
Heç nə başa düşmədim. Evə qayıdıb süfrə başında oturanda Səməndərin dili açıldı:
– Bilirsən o arvad kimiydi?
– Yox, nə tanıyıram, – dedim, – belə başa düşdüm ki, dərs dediyin qızlardan birinin valideynidi.
Səməndər ağzındakı tikəni tələsik çeynəyib:
– O gördüyün arvad Əlinin qaynanasıydı, – deyəndə göbəyimdən sancı tutdu.
– Yadındamı qızı zəng eləyib səni söymüşdü? Bax, arvad ona işarə vururdu…
Sənə burasını deməyi unutmuşam, Dostum. Əlinin anasının inək almaq bəhanəsiylə bizə gəlib-getdiyi vaxtlar idi. Arxa otaqda Cavidi yatızdırırdım, telefonun zəngi sakitliyi pozdu. Dəstəyi Zöhrə xala qaldırdı, az sonra qapını aralayıb:
– Səni telefonda bir qız soruşur, – deyib özü harasa yox oldu.
Bir az ləng, bir az da təəccüblə telefona sarı gedib dəstəyi götürəndə cingiltili bir səs qulağımı daladı:
– Bircədi danışan?
– Hə, mənəm.
Elə bunu dediyimi gördüm, xəttin o başındakı gözünü yumub ağzını açdı, nə açdı:
– Aaazz, qəhbə, ərini öldürdün, indi də mənim evimi dağıdırsan, mənim balalarımı yetim qoyursan?
Başa düşmürdüm, elə bilirdim kimdisə nömrəni səhv yığıb, məni özgəsiylə qarışıq salıb. Axıb qulağıma dolan həyasız sözlər beynimi qaza-qaza keçib ürəyimin başında bardaş qururdu. Heysiyyətim, ləyaqətim bir anda od tutub yanmağa başlamışdı. Eminin başdaşını həm də bu sözləri eşitdiyimə görə daşqalaq eləmişdim.
– Balalarını qapılara salıb, anasını, qardaşını da sənə elçi göndərir?
Hə, bunu deyəndə məsələni anladım. Ailəsini dağıtdığına görə Əliyə nifrətim birə-beş artmışdı: deməli, o namərdlə ailə qurmuş olsaydım, nə vaxtsa məni də yarı yolda qoyub qaçacaqdı.
Özümü toplayıb gəlinin yumulmayan ağzına uzaqdan-uzağa şirin bir güllə atdım:
– Daş düşsün sənin ərinin başına! Sümsük küllük itini get başqa yerdə axtar.
Deyib dəstəyi yerə atdım. Dalınca nə qədər zəng çaldısa da telefonu qaldırmadım. Əslində mən onu müjdələmişdim, sevinməliydi.
Bu söhbət məni içimdən gəmirməyə başladı. Neçə dəfə özümü topladım ki, məsələni Marala açım, cəsarətim çatmadı. Birtəhər dözüb gözlədim, Səməndər bizə gələndə hamısını qoydum onun ovcuna. Demə qardaşım o gəlinin anasını çoxdan tanıyırmış: onun dərs dediyi məktəbdə əvvəl süpürgəçi, sonra bufetçi işləyən qadın əlinə bir az pul düşən kimi başlayıb sələmçilik eləməyə, bu işinə görə rayonda tezliklə məşhurlaşıb.
Mən məsələni qardaşıma açıb danışandan sonra Səməndər gedər o arvadın yanına, qızının elədiklərini, dediklərini bircə-bircə ona danışar. Arvad kürəyini yerə verməz, başlayar qızının əl-üzünü yumağa:
– Mənim qızım ali təhsilli müəllimdi, elə iş tutmaz.
Sonra da qayıdar ki:
– Qızımda nə günah var, yəqin bacın onun ərinə bir əl yeri qoyub, o da qızımı salıb qapılara.
Qanı beyninə vuran Səməndər arvaddan aralanıb birbaşa gedər Əlinin üstünə. Eşitdiklərinə mat qalan, ayağı yerə yapışan Əli Səməndəri də götürüb yeriyər qaynanasının qapısına, arvadını doqqaza çağırıb qardaşım eşidə-eşidə ondan soruşar:
– Sən Bircəyə zəng vurub onu söymüsən?
Gəlin heç kimi vecinə qoymadan qızıl-qırmızı boynuna alar:
– Bəli, eləmişəm! Özümün başına dönüm, yaxşı da eləmişəm, payını da nə təhər lazımdı vermişəm. Hə, nə tez qoydu ovcuna? Gördün, sənə sübut elədimmi ki, onunla görüşüb danışırsan?!
Əli qolunu açıb gəlinin ağzına yağlı bir yumruq ilişdirəndə Səməndər üzünü çevirib gedər evinə. Arvad da bazarda buna işarə vururmuş…
***
Günlər keçdikcə Cavidin hovu alınırdı. Səməndər tez-tez qonşuların o yaşda uşaqlarını haylayıb yığırdı öz həyətinə, kölgəlikdə onlara yelləncək asırdı. Küçənin ayağında balaca ərzaq köşkü vardı – hər gün Cavid o köşkdən bir torba şirniyyat alıb özü də yeyirdi, küçənin uşaqlarına da paylayırdı.
Səməndər məni də darıxmağa qoymurdu. Özüylə bir məktəbdə işləyən, xətrini istədiyi qadın müəllimləri tez-tez evinə qonaq çağırırdı, təmtəraqlı süfrə açıb onları mənlə tanış eləyirdi. Bu yandan da Aqil gündə bir yol Səməndərgilə zəng vurub bizim davamızı döyürdü, böyük qardaşımıza gücü çatmayanda məni danlayırdı:
– Niyə oturmusan orda, uşağını da götür gəl Bakıya.
Mən də hər dəfəsində:
– Səməndər buraxmır, həm də bura rahatdı, qoy hələlik burda qalaq, – deyib Aqili yola verirdim.
Ana-bala ikimiz də gecələri ağır keçirirdik. Cavid yatana qədər əmisi uşaqlarından, nənəsindən danışırdı, məni dilə tuturdu ki, geri qayıdaq. O yatandan sonra da mən sərgərdan qalırdım. Bu vaxtlar istəkli qovağımın altında durub ulduzları güdməkdən, kənd itlərinin hürüşməyinə, lal Kərimin hovuzundakı qurbağaların qurultusuna, cırcıramaların cırıltısına, İsaq-Musaq quşlarının bir-birini haraylamasına qulaq asmaqdan ötrü burnumun ucu göynəyirdi. Heç kim inanmaz ki, hətta Zöhrə xaladan ötrü də darıxırdım.
Bir müddət Səməndərin qapısından axan bulağın şırıltısı da məni yatmağa qoymadı. Qardaşım buna da bir əncam çəkdi – axşamlar kranın altına iri bir su bidonu qoyurdular, su daşandan sonra bidonun qıraqlarından səssizcə axıb gedirdi. Gecələr səmtimi itirib neçə dəfə başımı divara vurmuşdum – evimizdəki qapıyla burdakı qapının yerini qarışıq salmışdım…
***
Havaların şaxı sınandan sonra bir gün işdən evə qayıdan Səməndər dedi:
– Sabah bir yaxşı süfrə açın, Cavidə sürprizim olacaq.
Qızları yaxasından nə qədər asıldılarsa Səməndər sirrini onlara vermədi. Tarixçı kimi getdiyi ölkələrin mətbəxindən bizim mühitə uyğun olan nələrisə yadında saxlayır, kefinin xoş saatında hərdən özü də nəsə hazırlamaqdan zövq alırdı. Həmin gün bazardan aldığı xırda şamamaların başını deşib çəyirdəklərini çıxardı, içinə dondurma yığıb qoydu soyuducuya – bunu da getdiyi hansısa ölkədə görmüşdü. Sonra bizi hazır süfrənin qırağında qoyub harasa getdi.
Biz gələnin kimliyi üstündə baş sındırmaqdaykən çöl qapısı açıldı, Maralın balaları dəstəylə həyətə girdilər. Uşaqların hərəsinin əlində bir torba vardı. Onları görəndə canıma titrətmə düşdü, ayaqlarım tutuldu, pilləkənə çöküb qollarımı açdım. Dörd uşağın dördü də özünü sinəmə pərçimlədi. Cavid sevindiyindən yerində fırfıra kimi fırlanırdı. Maral balalarını çimizdirib, tərtəmiz geyindirib Səməndərə qoşmuşdu.
Bizi uşaqlarla baş-başa buraxıb hərə bir tərəfə çəkiləndə uşaqlar gətirdikləri torbaları qabağıma qoydular. Maral evdə, həyətdə gözünə görünəndən bizə əməllicə pay tutmuşdu – yolunub təmizlənmiş çolpalar, cürbəcür payızlıq meyvələr, bir torba fındıq, ərik çəyirdəyi, Mahmud əminin əkib böyütdüyü İstanbul alçasının barından ayrıca bir yeşik…
Uşaqların dəli Kazım dedikləri lap balacanın torbasından çıxana hamımız ürəkdən güldük – mənim saç sancağım, bir də Mahmud əminin mənə bağışladığı üstü muncuq işləməli qədimi ev çarığım. Bu iki əşyanı uşaqlar Nərgizin otağından çırpışdırıb gətirmişdilər, köçhaköçdə gözümdən yayınıb orda qalıbmış.
Maralın balaları iki gün qonağımız oldular. Gecələr yenə yataqlarımızı yerdən döşədik. Növbəylə hərəsi bir az Cavidlə yatdı.
Birinci axşam uşaqlar yuxuya gedəndə Bəhruz məni yanladı:
– Bibi, sən evdən çıxandan sonra nənəm ağlaya-ağlaya xamır yoğururdu. O vaxtdan paltarlarını da özü yuyur. Bütün günü pilləkəndə oturub Cavidi, səni çağırıb ağlayır.
Bunları eşidəndə çox sevindim, eşitdiklərimi tezcənə Səməndərlə bölüşməyə tələsdim. Ancaq qardaşım sevincimi qursağımda boğdu:
– Gör sən nəyə sevinirsən, heç sənə yaraşdırmadım. Xanımlığı tarac olmuş, dağ boyda əri, oğlu ölmüş, tifağı dağılmış, balasının balası barxanası qoltuğunda çöllərə düşmüş bir ananın xamır yoğurmağına gülmək ayıbdı. Biz hələ bilmirik başımıza nə gələcək. Bu fəlakət sənin atana-anana üz versə necə olarsan?
Səməndər dərsimi verəndən sonra bir müddət xəcalətli dolandım. İçimdəki pislikdən arınıb qəlbimi durultmağa çalışdım, amma niyə yalan deyim – bacarmadım. Məndən sonra qaynımın inək sağmağı, Zöhrə xalanın əlində çəlik təndir odlamağı, oturduğu yerdəcə özünə yemək bişirməyi, paltar yuyanda arxasındakı ocaqdan donunun od alıb alışmağı, qonşuların itinin-pişiyinin qapıdakı toyuq-cücəni daşıyıb aparması, bir sözlə, abad evin xarabalığa çevrilməsi gözümdə canlandıqca içimə dolan şeytani sevinc məni əməlli-başlı məst eləyirdi.
Balaca qonaqlarımız gedəndən sonra Cavid yenə bir torba gürşad olub başımıza çınqı ələdi…
***
Sentyabrın ortalarında Aqil Səməndərin dirəşməsinə baxmadan Hakimi arxamızca göndərib bizi Bakıya apartdı. Düzü, heç mən də getmək istəmirdim, Səməndərin yanında özümü rahat, sərbəst hiss eləyirdim, Cavid də yavaş-yavaş qardaşımın balalarına isinişirdi. Üstəlik, ürəyimin gözişləməz dərinliyində bir gözləntim də vardı, elə bilirdim Zöhrə xala bizsiz dayanmayacaq, günün birində arxamızca gələcək. Belə xəyallara umsunmağım heç də əsassız deyildi: Emin öləndən az sonra Səməndərlə Aqil qaynanama minnətçi düşmüşdülər, demişdilər gəl səni bunlarla birgə aparaq Bakıya, sizə ev alaq, sən Cavidin keşiyini çək, Bircə də işləsin. Zöhrə xala əvvəl-əvvəl razılaşmışdı, di gəl, sonra nə oldusa sözünə yiyə durmadı.
Paytaxta çatar-çatmaz Aqil mənim, Hakim də Cavidin əyin-başını təzələdi. Qardaşlarım arayıb-axtarıb mənə dəbli geyimlər, çantalar, bahalı ətirlər aldılar. Kamilin arvadı üç uşağıyla Aqilgildə qalası oldu, mən, Cavid, atam-anam Hakimin evində yerləşdik. Keçən müddətdə Aqil özünə ayrıca ev alıb köçmüşdü, ata evimizdə Hakim qalırdı. Üçotaqlı evin yığcam həyəti ata-anamın, Cavidin səbbini az da olsa alırdı.
Mən böyük şəhərə ayaq basandan dayımın ağsaqqallığı, anamın ağbirçəkliyi tutmuşdu. Məni qarşılarına qoyub saatlarla öyüd-nəsihət verməkdən usanmırdılar. Ata evimizin qonşuluğunda yaşayan kiçik dayımın qəribə xasiyyəti vardı (əvvəllər onun barəsində az da olsa danışmışam). Evinin pasağını yumayan, soyuducuda təpə kimi buz bağlamış ətdən bir şey bişirib ortaya çıxarmayan, bütün günü qəsəbədəki bekar bacılıqlarla çənə döyən arvadına bir söz deyə bilmirdi, amma mənim dəstələyib təpəmə qovzadığım saçıma da mız qoyurdu. Dayım zəhmətkeş, qoçaq, çörəyini halallıqla qazanan adamıydı. Atam şəhərdəki evimizi onun məsləhəti, bələdçiliyilə almışdı. Bir az gec evlənmişdi, uşaqları da gec olmuşdu. Hamıyla ötkəm davranan dayım bəlkə də buna görə arvada aciz idi. O, səhər evdən çıxıb işinə-gücünə yollanan kimi arvadı məktəbə gedən uşağını məktəbə, bağçaya gedəni bağçaya ötürüb düşürdü qəsəbənin canına. Dayım qayıdana yaxın buzlaqdakı ətin bir topasını çıxarıb dururdu yanında, evə yığışan külfətə:
– Donu açılmadı bir şey bişirəm, – deyib boynunu bükürdü.
Sonra da əlüstü nəsə ütələyib əri-uşağı alaqarın eləyir, əti yenə qaytarırdı soyuducuya. Gəlin o qədər tənbəliydi ki, uşaqlarının geyim-kecimi kirli paltarların basmasında çürüyürdü. Hərəyə bir şınqırıq qoşan bu qadının ev süpürdüyünü, paltar yuduğunu, fərli-başlı qazan asdığını gördüm deyən tapılmazdı. İşlədiyi müəssisədən dayıma şəhərin yaxşı yerində dördotaqlı ev vermişdilər. Arvadı tənbəlliyindən o evə köçüb getmirdi…
(Ardı var)