Cəhənnəmdən keçmiş mələk (89)
Avtobioqrafik roman
Müəllif: BİRCƏ
Üçüncü bölüm
Cəhənnəmdən cəhənnəmə
Yükün ağır yeri yenə böyük qardaşımın çiyninə düşdü. Səməndər məktəbli qızlarının geniş otağını boşaldıb cer-cehizimi, barxanamı ora yığdırdı, evimi evinə daşıdı, evimi evinə sığdırdı. Cavidlə mənə rahat, xudmani bir otaq düzəltdi, bir növ evində bizə muxtariyyət verdi…
Sənə deyim Caviddən. Oyanıb seyvanda qalaqlanmış köçə, Səməndərin qızlarına, əmim oğlanlarına mat-mat baxandan sonra işin nə yerdə olduğunu anlayıb üstümə atıldı, balaca yumruqlarıyla harama gəldi döşədi. Onu sinəmə sıxıb kiritmək istəyəndə saçımın bir tağı əlinə keçdi:
– Həə, nənəmi, uşaqları atıb bura gəldin?! Bundan ötrü yatırtmışdın məni?!
Tərpənmirdim, istəyirdim məni vursun, qışqırsın, bağırsın, bəlkə bundan sonra hikkəsi soyuya. Son neçə ayda uşaq Zöhrə xalanın tökdüklərini bircə-bircə dənliyinə yığmışdı. Mənim yaralı çiban kimi baxdığım göylər qaynanamın gözünə yeddibaşlı əjdaha donunda görükürdü, arvad gündə neçə yol Allahı nişan alıb göyə güllə atırdı. İndi Cavid də eynən nənəsi sayaq üzünü göyə tutub nalə çəkdi:
– Allah, səni öləsən, səni yanasan, mənim iftağımı (nənəsi kimi tifağımı demək istəyirdi) sən dağıtdın! Allah, mənə kömək elə, mən burda nənəmsiz qala bilmərəm!
Cavid haray çəkib ağladıqca Səməndərlə Kamil də ona qoşulurdular. Onlardan fərqli olaraq əmim oğlu Mahir çox möhkəm, hətta deyərdim qəddar bir oğlan idi. O, qardaşlarımın uşağın əlində aciz qaldığını görəndə:
– Yooox, belə olmayacaq, – dedi, – bunun qabağından qaçsanız uşaq da məhv olacaq, siz özünüz də.
Mahir irəli durub məni Cavidin caynağından qopardı, uşağı qucağına alıb eşiyə çıxdı, həyətdəki bulağın suyundan ovuclayıb onun üz-gözünü yudu. Əmim oğlu hərəkətlərinə bir az da Cavidin heç kimdən görmədiyi kobudluq, qabalıq qatmışdı.
Sonra Mahir bizə sarı səsləndi:
– Bunun əl-ayağını yığın, elə bu dəqiqə aparıram verəm nənəsinə.
Mahir əlinə bir zənbil alıb gözünə görükəndən basdı zənbilin içinə. Cavid yenə ayaqqabılarını tərsinə geyindi, özünün qabğardığı balaca torbanı qucağına alıb düşdü Mahirin qabağına. Neçə ildən bəri orta məktəbdə dərs deyən Kamil uşaq psixologiyasına yaxşı bələdiydi – o da tezcənə qalxıb Səməndərin qızlarının bişirdiyi şirniyyatdan süfrəyə düzdü, böyük qardaşımızın əvvəlcədən alıb saxladığı dondurmaları soyuducudan çıxarıb gözgörən yerə qoydu.
Mahir Cavidin biləyini iri əlinə yığıb hikkəylə pilləkənə sarı yönələndə uşaq geri qanrıldı:
– Bircə, sən gəlmirsən?
Mənim yerimə əmim oğlu dilləndi:
– Yox, Bircə ta o evə getməyəcək.
Əlacsız qalan uşaq bəzəkli süfrəyə baxa-baxa yalvardı:
– Heç olmasa onlardan ver uşaqlara aparım.
Özümü yazıqlığa vurdum:
– Onlar mənimki deyil, mən almamışam, mən bişirməmişəm, verə bilmərəm.
Cavid gözlərini qardaşlarıma zilləyib:
– Cəhənnəmə ver, – dedi, – otur ye, qoy nənəmin ilanı səni çalsın.
Sonra balaca əlini yenidən Mahirin ovcuna dürtdü:
– Di gəl, gəl apar məni nənəmin yanına.
Hamımız çaş-baş qalmışdıq, elə bilirdik şirniyyatı, dondurmanı görəndə nənə-filan Cavidin yadından çıxacaq. Mahir onun əlindən tutub pilləkəni düşürəndə Səməndərlə Kamil xorla yerlərindən dik qalxdılar. Qardaşlarım Mahirin üzünə təəccüblə baxanda əmim oğlu him-cimlə onları yerlərinə oturtdu.
Mahir Cavidi darvazadan çölə çıxarıb “KAMAZ”a mindirdi, ardınca özü də sükan arxasına keçəndə ürəyim üzüldü, elə bildim dəli-dolu əmim oğlu uşağı gerçəkdən əlimizdən alıb aparır. Səməndər həyəcanla dikəldiyimi görəndə çiyinlərimdən basıb məni stula oturtdu:
– Qoy görək bu Göygöz (Mahirin gözləri atasınınkı kimi gömgöy olduğundan uşaqlıqdan hamı onu belə çağırırdı) nə oyun qurub.
Əmim oğlu qapıları örtüb ağır maşını bir az yerində guruldatdı, sonra başını pəncərədən çıxarıb bizə çəmkirdi:
– Nə durmusuz, gəlin maşını itələyin! Uşaq tələsir, aparım verim nənəsinə.
Səməndərlə Kamil tez yüyürüb dağ boyda maşına yalandan güc verdilər, maşının həndəvərində yüz hoqqadan çıxdılar. Handan-hana Mahir əllərini sükana çırpıb maşının təkərinə söydü:
– Görüm heç tərpənən günün olmasın! – Sonra Cavidə sarı çöndü: – Gördün, qaqa, maşın xarab olub. Düş gedək olandan-olmazdan yeyək, axşam üstü aparım maşını ustaya göstərim, sonra səni nənəngilə yola salaram.
Cavid torbasını bərk-bərk qucaqlayıb heyvərə maşından könülsüz-könülsüz endi, kirimişcə gəlib süfrənin qırağında oturdu. Mahir daldaya salıb qardaşlarımı tənbehlədi:
– Bunun nazıyla çox oynamayın, lap bir az da kobud-köntöy davranın. Hər şeyi açıq deyin, başa salın, qoyun düşdüyü yeri tanısın, qaynasın-qarışsın.
Elə buradaca deyim ki, nə o gün, nə də ondan sonra qardaşlarım heç vaxt Mahirin, Musa əmimin xoşməramlı təhriklərinə uyub Cavidə güldən ağır söz demədilər, ona əl qaldırmadılar, üz turşutmadılar, canlarını, mallarını ondan əsirgəmədilər. Beş qardaşımın heç biri! Atam da qardaşlarım kimi. Günü bu gün də onlar mənim balama göydən zənbillə endirilmiş tutiya kimi baxırlar…
***
Üç gündən sonra biz o kəndə yenə qayıdası olduq – orda satılmamış xeyli subay mal-qaramız qalmışdı. Qardaşlarım Sevilin əriylə danışmışdılar, qalan heyvanları onların rayonuna göndərəcəkdilər, havalar sərinləyəndə yeznə o malları ətlik kimi qəssablara satacaqdı.
İri bir tort bişirdim, səhər obaşdan Səməndər, Mahir, bir də mən Kamilin maşınıyla yol aldıq üç gün əvvəl çıxdığımız kəndə. Yolboyu Maralı, uşaqları tezliklə görəcəyimi düşündükcə həyəcandan əsirdim.
Mal-qara örüşə açılmamış maşın qapıya dirəndi. Tort əlimdə pilləkəni çıxanda Maral ağlaya-ağlaya üstümə yüyürdü:
– Sən gələn yollara, sürgün canına qurban olum! Külək iyini burnuma gətirmişdi.
Sonra da pıçıltıya keçdi:
– Sən Allah səsini çıxarma, balalarım səni görsələr ipə-sapa yatmayacaqlar. Siz gedəndən mələşirlər.
Elə pilləkəndəncə qayıdıb mallarımız bağlanan ağulu, ağuldakı bizə aid heyvanları qardaşlarıma nişan verdim. Mal-qaranı əvvəlcədən danışıldığı kimi bizim arxamızca gəlmiş xalam oğlunun iri yük maşınına yığanda Elgiz də böyürdən çıxdı. Heyvanları mindirdik maşının banına, xaloğlu sürüb getdi bacımgilin rayonuna.
Səməndərlə Kamil pilləkənin başından prosesi əvvəldən axıracan izləyən Zöhrə xalaya sarı gedəndə mən də Marala yalvardım:
– Nolar, qoy elə qapının ağzından da olsa uşaqlara baxım qayıdım.
Maral məni başdan-ayağa süzüb gileyli-gileyli dedi:
– Nəyimizə baxacaqsan ey, xaraba qoydunuz buraları! Balalarım tarsız toyuq kimi qalıblar, sizi qapıda-bacada tapmadıqca qudurub bir-birilərini didirlər.
Maralın danışığına məhəl qoymadım, pilləkənləri cüt-cüt çıxıb özümü uşaqların otağına təpdim. Həmişəki kimi döşəkləri yerdən yan-yana düzüb döşənmişdilər üstünə. Cavidin oyuncaqlarını burdan çıxdığımız gecə qaynım balalarına vermişdim, indi yatağın yan-yörəsinə atılmış tapançaları, maşınları görəndə içim dolu nehrə kimi çalxandı. Özümü saxlaya bilmədim, üzü üstə uzandım uşaqların arasına, əllərini, ayaqlarını öpə-öpə gözümün yaşını içimə axıtdım. Başımın üstünü kəsdirmiş Maralın qorxusundan cınqırımı çıxarammırdım, hərəkətlərimə altdan-altdan sərtlik qatırdım ki, uşaqlar oyansın.
Maral ürəyimdən keçəni sezdiyindən əyilib məni dartışdırmağa başladı:
– Dur, dur, gün qızır, qardaşların qapıda qalıblar. Yazıqdı balalarım, qoy barı sizi unutsunlar, sən Allah özünü göstərmə onlara.
Qalxıb qapıya sarı getdim, kandarda çevrilib uşaqlara yenə tamarzı-tamarzı baxdım, yenə baxmaqdan doymadım. Özümü pilləkənin ayağına güclə çatdırdım, Maralın boynundan asılıb hönkürdüm. Başımı onun qoynundan çıxaranda gördüm Nərgiz Zöhrə xalanın qoluna girib arvadı qovağa sarı gətirir. Bir az da ləngisəydim onlarla burun-buruna gələsiydim. Maralın yanaqlarından öpüb özümü ondan qopardım:
– Salamat qal. Uşaqlara denən onları görməyə gələcəm.
Qaçıb özümü Kamilin maşınına saldım:
– Sür gedək, onlarla görüşmək istəmirəm.
Söz ağzımdan çıxmamış Kamil ayağını qaza basdı. Səməndər əlini Kamilin əlinin üstünə qoyub onu saxladı:
– Dayan, qoy Zöhrə xala Bircəni görsün.
Mən özümdən aşağı-yuxarı on yaş böyük qardaşlarıma çəmkirdim:
– Sür deyirəm, onların sifətini görmək istəmirəm! Məni qovub çöllərə salan adamlarla nə deyib görüşəcəm?
Qaynanamla gəlini bizim iki addımlığımıza çatanda Kamil başını pəncərədən çıxarıb:
– Zöhrə xala, sən Allah bağışla, Bircə sizlə görüşmək istəmir, – dedi, sonra da maşını yerindən tərpətdi.
Ancaq arvadın dalımızca dediklərini hamımız eşitdik:
– Cəhənnəmə görüşsün! Sülənib-fırlanıb qapıma gələndə, ayaqlarıma düşəndə görüşəcəyik.
Yolu küsülü kimi getdik. Səməndərin qapısında bizi gözləyən atama qardaşlarım hər şeyi olduğu kimi danışdılar, sonra da Zöhrə xalayla görüşmədiyimə görə məni qınamağa başlayanda atamdan heç gözləmədiyim cavabı eşitdim:
– Lap yaxşı eləyib görüşməyib, niyə də görüşməliydi!
Qardaşlarım susub bir atama, bir də mənə xəcalətli baxdılar.
***
Səməndər nazımızla nə qədər oynasa da, Cavid kimi mən də o xarabadan ötrü darıxırdım. Gəldiyimiz gündən qardaşımın evində hər şey bizim istəyimizə uyğun qurulmuşdu, hamı addımını bizə baxıb atırdı, biz ana-balanın fikri öyrənilməmiş evdə qazan asılmırdı.
Ancaq Cavid bir əlçim od olub yeri-göyü yandırırdı, Səməndərə gün-dirrik vermirdi. Yazıq qardaşım gah onun əlindən tutub çaya balıq tutmağa aparırdı, gah da yanına salıb dükan-bazarı gəzdirirdi. Di gəl, neyləsə də uşağın üzü gülmürdü, qırışığı açılmırdı. Ayaqqabısını düz geyməyi Cavidə hələ də öyrədəmmirdik, o qədər tərsinə geyinmişdi ki, ayaqqabı formasını itirmişdi. Səməndər onu özüylə bir yerə aparanda dilə tutub ayaqqabılarını düzünə geyindirirdi, qayıdanda soyunub yenə özü bildiyi kimi geyinir, evə o görkəmdə gəlirdi.
Bir gün də dayı-bala şəhəri gəzəndə bazarda Yunusla qarşılaşmışdılar, Səməndər qucağındakı Cavidi ona tərəf uzadıb: “Əmisi, gör bu kimdi”, – demişdi. Yunus Cavidə sarı baxmadan bazar aşağı təzərəklənib özünü tünlüyə vurmuşdu. Cavid Səməndərin əlindən çıxıb Yunusun dalınca qaçmışdısa da adamların arasında özünü azdıran əmisini tapammamışdı. Kor-peşman evə qayıdanda yolda dayısına belə demişdi:
– Əmim bizi tanımadı.
Mən Yunusun niyə belə davrandığını bilirdim. Atamgilin bizi aparmağa gəldiyi günə keçən gecə qaynım məni çox dilə tutdu:
– Getmə, qal yanımızda, – dedi, – atan da kömək eləsin evini tikək, balalarımı sənə qulluqçu verəcəm, – dedi, – məni bu elin içində sındırıb getmə.
O gecə Yunus mənə çox yalvardı, məni yumşaldıb yolumdan döndərməyə çox çalışdı. Düzü, bir az yumşalmışdım da. Ocaq daşı sacayağına küsənən kimi mən də özümünkülərə küsənib qalmaq istəyirdim. Bu vaxt Maral yenə sıyrılıb meydana girdi:
– Aaz, sən nə mağmın adamsan, Zöhrənin törəməsinə arxayın olub atanı, qardaşlarını nəh eləmək istəyirsən?! Su axarında salınan ev barlı-bəhərli olar, bu kişi heç kor quyu da deyil. Bu kişi közsüz yulğundu, barsız söyüddü, səni verəcək bu qanıqmışların dimdiyinə. İki ildə hansı şələnə əl atıb? İnanma bunun sözünə!
Onda Yunus Marala qanlı-qanlı baxıb həmişəki kimi havaya tüpürdü:
– Tfu üzünə, it qızı it! – deyib pilləkənləri düşüb getdi.
Bizim köçümüz yığılan gecəsi Yunus hikkəsindən evə üzükmədi. Şəhərdə üz-üzə gələndə Cavidi dindirməməyi də o hikkədən idi. Nə yaxşı da dindirməmişdi – onun bu soyuqluğu Cavidin hovunu xeyli almışdı. Uşaq əmisinin onu tanıdığını gözəl bilirdi, eləcə özünü də, bizi də aldatmağa çalışırdı. Bu işdə biz ona mane olmurduq.
***
Arabir atama, Kamilə qoşulub mən də kəndimizə gedirdim. İki gün erməni əlində qalmış ata evimizə düşmən toy tutmuşdu – zəncirdən açılmamış Basar itimizi güllələmişdilər, evin üst qatına qalxıb otaqları xarabaya çevirmişdilər, divarlardan asılmış şəkilləri, saatları avtomatın döşünə vermişdilər. Kamilin qonşuluqdakı evini də viran qoymuşdular – arvadının cehizlik mebellərini üzü üstə döşəməyə aşırıb güzgü-şüşələrini, içindəki bahalı qabları qırıq-qırıq eləmişdilər.
Kəndin, demək olar, bütün evlərində bizim hərbçilər yerləşmişdi. Erməninin əlindən salamat qurtarmış gözədəyərləri də özümüzünkülər daşıyıb aparırdılar. Vəziyyət hər gün bir az da ağırlaşırdı. Atam dişiylə-dırnağıyla qurduğu yuvanın gözgörəti xarabaya çevrilməyinə dözə bilmirdi. Bu üzdən qardaşlarım onu kənddən uzaqlaşdırmağa çalışırdılar.
Handan-hana Hakimə ismarış göndərdilər, atamı şəhərə aparmaq üçün paytaxtdan kəndə maşın sürdü. Atam könülsüz-könülsüz yola düşəndə Cavidlə məni də özünə qoşmaq istədi:
– Gəl sən də gedək, – dedi, – suyumuz suatdan bulanıb, nə vaxt durulacağını da bilmirik.
Səməndər razılaşmadı:
– Sən get, qoy Bircə hələ qalsın. Cavid də yavaş-yavaş isinişir buralara. Ordu kənddən çıxmasa bunları da göndərəcəm…
(Ardı var)