Firuzə Davudqızı
Bir gün atamın nağıl etdiyi belə bir əhvalatın dinləyicisi oldum və duyduqlarımın insanların mənəvi aləminə təsir edəcəyini, tərbiyəvi əhəmiyyətini nəzərə alaraq bu ibrətamiz hadisəni olduğu kimi qələmə aldım.
“Həqiqətən insanların sizə olan ehtiyacları Allah tərəfindən sizə olan bir nemətdir”. İmam Əli (ə).
“…Universitetin ilahiyyat fakültəsində təhsil alırdım.
Bir gün dostlarımdan biri bizi bir tanışının verəcəyi ehsana dəvət etdi.
Axşamüstü bizi aparmağa gələn avtomobilin dəbdəbəsindən məclis sahibinin imkanlı adam olduğunu asanlıqla təyin etmək olurdu.
Nəhayət, şəhərin yaxınlığında bir həyətə daxil olduq. Bizi xidmətçilər qarşıladı. İçəri dəvət edildik.
Gözlərim dörd olmuşdu. Həyatımda ilk dəfə idi belə saraya bənzər bir evə addım atırdım. Yoldaşlarım da mənimlə eyni təəssüratı yaşayırdılar. Üzlərinin ifadəsi bunu deyirdi.
Bir-birindən geniş, çıraqban otaqlar öz gözəlliyi, təmtərağı ilə insanı heyran qoyur, ruhunu oxşayırdı.
Çox keçmədən əfsunlu bir duanın təsirindən qurtular təki özümüzə gəlməyə, həqiqətin əslini dərk etməyə başlayanda bizi ani bir hisslə özünə çəkən “bihuş edici” bu ilğımvari gözəlliyin ötüb keçici olduğunu dərk edəcəkdik. Çünki bu “cənnət-məkanda” viranə bir səssizlik hökm sürürdü. Bu zərli divarlar əslində kasıb, möhtac bir canlı kimi sanki dilə gəlib, kimsənin duymadığı bir səslə inləyir, az qala min rəngdə bərq vuran, göz qamaşdıran büllur çılçıraqlar elə bil lənətli cəhənnəm atəşindən qopmuş qığılcımlar kimi ətrafına zillət saçırdı. Qısası: bu cah-calalın, bu sərvətin arxasından keçmişin zülmətə bürünmüş günahları boylanırdı…
Deməli, hələ heç nə göründüyü kimi deyildi…
…Bizə göstərilən guşədə keçib əyləşdik. Bu zaman zala qaməti əyilmiş, gözləri çuxura düşmüş, xəstə olduğu aydın sezilən solğun simalı bir kişi daxil oldu. Bizimlə ədəblə görüşüb “Xoş gəldin” etdi. Rəftarından başa düşdük ki, bu adam ev sahibidir.
Hələ ilk baxışdan təxmin etmək olurdu ki, o, nə vaxtsa ucaboy, sağlam, gümrah bir adam olub.
Bir qədər sonra hissiyyatımızın bizi yanıltmadığına hamılıqla şahid olacaqdıq…
Ev sahibi onun üçün ayrılmış xüsusi yerdə əyləşdi.
Məclis başlandı. Qurandan ayələr oxundu, dualar edildi. Və biz bir ilahiyyatçı kimi öhdəmizə düşəni edib, öz işimizi tamamladıq.
Dünyanın bir çox naz-neməti süfrəyə düzülmüşdü. Bir quş südü əskik idi. Ev sahibi “Bismillah” dedi.
Mən hiss edirdim ki, ev sahibinin süfrədə olan təamlardan yeməyə meyli yoxdur. Yaxud da yemək iqtidarında deyil. Çünki ona xüsusi olaraq toyuğun sadə hazırlanmış suyunu gətirdilər. Hiss olunurdu ki, o, mədəniyyət xatirinə qarşısına qoyulan təamdan qurtum-qurtum dadır ki, biz nuş edək. Hətta bəzən özünü yemək yeyirmiş kimi göstərirdi. Mənə elə gəlirdi ki, bu nüans yoldaşlarımın da nəzərindən yayınmayıb. Amma heç birimiz ədəb-ərkan xatirinə səbəbini soruşmurduq.
Deyəsən ev sahibi də bunu sezmişdi. Məclis sona çatanda o, bizim narahatlığımızı sanki duyaraq məsələyə aydınlıq gətirməyə çalışdı:
– Bilirəm, – dedi. – Mənim bu təamlardan dadmamağım sizi düşündürür, bu qəribə əhvalımın səbəbi sizi maraqlandırır.
Etiraf etdik ki, həqiqətən bizim üçün səbəbini bilmək maraqlıdır. Sanki illərdən bəri gizli qalmış önəmli nə isə kəşf edəcəkdik. Sən demə, bu həqiqətən belə imiş…
Məclisə dəvət olunan hər kəs – hamılıqla ona diqqət kəsildik.
Ev sahibi sanki keçmişin qaranlıq səhifələrinin ağır yükünü qaldırır, yenidən o illərə qayıdırmış kimi dərindən köks ötürüb söhbətə başladı.
O, sözlərinə ara verə-verə, nəfəsini dərərək ağır-ağır danışırdı. Bu zaman onun gözlərində müqəssirlik, suçluluq daha qabarıq nəzərə çarpırdı.
– …Mən illər əvvəl böyük bir şirkətin rəhbəri idim. Yüzlərlə işçim, şəxsi sürücüm, əmrimə müntəzir qulluqçularım var idi.
Elə sanırdım ki, bütün müşküllərin həlli mənim öz ixtiyarımdadır. Dünya mənə məxsusdur. Problemim yox, kefim saz!
Malım, pulum, imkanım, bir kəlməmlə dünya ayaqlarımın altında!
Nə ölüdən xəbərim var idi, nə diridən. Səhər iş idi, axşam ziyafət, əyləncə, kef məclisləri!
Başım var-dövlətə, öz dünyama o qədər qarışmışdı ki, ətrafda baş verənlərə əhəmiyyət vermək marağında deyildim. Sanki qəlbim pisliklə möhürlənmişdi. Bu qəlbdə Allah sevgisi deyil, şeytan yuva salmışdı. Çünki dünya malı gözlərimi boyamış, məni kor etmişdi.
Allaha gedən yolu çoxdan azmışdım. Əlbəttə, ruhu çirkabda olanın, mənəviyyatı mikroba yoluxmuş bir insanın düşüncələri də, əməlləri də özü kimi xəstə və günahla dolu olar. Mən də belələrindən idim. Bəsirətim bağlanmışdı. Kasıb ailədə doğulduğum, ata-anam, qohumlarım çoxdan yadımdan çıxmışdı. Düşdüyüm mühit məni özgə bir “Mən” etmişdi. Küçədə ayağı yalın, möhtac, dilənən və ya şikəst birini görəndə ixtiyarsız gərilirdim. Bu məni heç qane etmirdi. Belə mənzərədən qanım qaralır, əhvalım korlanırdı. Məndə həddən artıq təkəbbür yaranmışdı. Yoxsul insanlara yuxarıdan aşağı baxmağa başlamışdım. Halbuki bir zamanlar mən də onlardan biri idim. Kasıb mühitdə həyat sürüb, kasıb insanlarla bir yerdə işləmiş, yoldaşlıq etmiş, duz-çörək kəsmişdim.
İndi isə bu təkəbbür o həddə çatmışdı ki, özümü hər kəsdən üstün sayırdım. Hətta insanların məndən asılı olmaları, mənə “sitayiş” etmələri arzusu baş qaldırmışdı məndə. Bu istək, bu niyyət günü-gündən şiddətlənirdi. Və elə zənn edirdim ki, vəzifə, var-dövlət həyatda hər şey deməkdir. Amma yanılmışdım.
Günlər bu axarla ötürdü.
Günlərin bir günü axşam evə qayıdanda həyat yoldaşım mənim yadıma saldı ki, tezliklə Qurban bayramı yaxınlaşır. Və hər il olduğu kimi bu dəfə də məndən xahiş etdi ki, qurbanlıq üçün kəsiləcək qoyunların sayını artırım. Hər il sükutla qarşıladığım və laqeyd yanaşdığım xahişin, nəhayət, bu il səbəbini öyrənmək ehtiyacı baş qaldırdı məndə.
Soruşdum:
– Nə üçün?
O mənim sualımdan şəkk-şübhə duymadan izah etdi:
– Şükür Allaha ki, imkanımız var. Heç nədən korluq çəkmirik. Əl tutmaq Əlidən qalıb. Ehtiyacı olanlara bu müqəddəs gündə yardım etmək Allaha da xoş gedər. Övladlarımız xaricdə təhsil alır. Onların adından kəsib Allah rizası üçün imkansızlara paylayarıq. Savabdır.
İradla onu süzdüm:
– İmkansızların dərdinə şərik olmaq bir tək mənə qalıb də, hə? Kasıb, fəqir təkcə mənim boynuma ölçülüb! Mən öz qazancımı, var-dövlətimi hər yoldan ötənə niyə verməliyəm axı? Bir vaxtlar mən yoxsul ikən, yataqxana künclərində yaşayarkən bir kimsə məgər mənə əl tutdu? Sual verirəm sənə! Bəlkə mən aclıq çəkəndə, yoxsulluq içində sürünəndə kimsə bir parça çörək uzatdı ki, buyur gəl, qarnını doyur?! Xeyr! Heç kim bunu etmədi! Yanlarından qovurdular onda bu səfili! Bəli! Bu gün o ixtiyar mənim əlimdədir, imkanım var, amma etmirəm! Nəyimə gərək, əşi! Söz tapmırsan danışmağa?
Mənim bu düşüncədə olmağım, Tanrıdan uzaqlaşmağım xanımımı olduqca məyus etdi. Amma bununla belə o məni sakitləşdirərək islah etməyə çalışdı.
– Sən yaxşı əməllərinlə Allahın yanında əziz ol. Çünki o hər şeyi görür. Edilən yaxşılıqları və edilən pislikləri. Sən pisliklərə belə yaxşılıqla cavab ver. Bax, o çətin günlərinin əvəzində səni bu günün rahatlığı, firavanlığı ilə mükafatlandıran Allaha xatir bunu elə! Allah verib bizə bu ruzini. Bir nəfərə yardım etməklə varımız əksilməyəcək. Ailə var ki, həftələrlə xörək qazanı görmür. Allaha şükür, nədən ehtiyacımız var ki? Uşaqlar da qərib yerdədir. Allaha xatir, deyirəm! – O, bir də and verdi.
Mən isə söhbəti burada bağlayıb, öz otağıma keçdim.
Səhər işə çıxanda xanım axşamkı söhbəti mənə bir daha xatırlatdı. Və yenə də Allaha and verərək unutmamağı məndən xahiş etdi.
Heç bir söz demədən maşına əyləşdim. İşdə başım elə qarışdı ki, onun dediklərini tamam unutdum. İş vaxtının bitməsinə az qalmış yadıma düşdü ki, bəs mən sürücüyə bu barədə tapşırıq verməli idim.
Dərhal sürücünü yanıma çağırtdırıb ona bu axşam fermadan bir neçə qoyun götürüb bizim həyətə aparmasını tapşırdım. Dedim qoyunların biri yağlı, qalanı isə nisbətən yüngül çəkidə olsun.
Axşam evdə xanımıma bildirdim ki, sabah sürücü qoyunları gətirəcək. Özü xidmətçilərlə kəsib yerbəyer edər.
Ertəsi gün adəti üzrə işə getdim. Günorta idi, nahar vaxtına az qalmışdı. Katibə evdən zəng vurulduğunu bildirdi. Telefonun dəstəyini götürər-götürməz xanımımın xəttin o üzündən eşidilən narazı səsi bu günə kimi qulaqlarımda səslənir.
– Mən sənə demişdim axı qurbanlıq üçün layiqli qoyun al. Mən bu arıq, əti heç nəyə yaramayan heyvanları kəsdirib kimə paylayım? Nə üzlə? Adama nə deyərlər? Qoyunları geri göndərdim. Bizim üçün ayırdığın qoyunu kəsdirib paylayacağam.
Mən daha heç nə demədim. O da bunu bilərək dəstəyi asdı…
Nəfəsimizi içərimizə çəkib bütün diqqətimizlə onu dinləyirdik. Süfrə başına yığılan qonaqların heç birinin səs-səmiri çıxmırdı. Hamı sonsuz maraq içində əhvalatın sonunu gözləyirdi.
Ev sahibi bir qədər susub, özünü topladıqdan sonra söhbətə qaldığı yerdən davam elədi:
– Aradan xeyli müddət ötdü. Bu mövzu evdə bir də açılmadı. Olsun ki, xanım da bu əhvalatı unutmuşdu. Ya da bu mənə belə gəlirdi. Bir gün işdə ikən səhhətimdə qəflətən narahatlıq hiss etdim. Mədəmdə baş qaldıran kəskin ağrılar, tutma şəklində sancı məni bıçaq kimi kəsirdi. Dözülməz idi.
Güman edirdim ki, düzgün qidalanmamaqdan yaranmış ağrılardır, ya da soyuqlamışam. Ağrıkəsici qəbul etdikdən sonra ötüb keçər, sandım. Odur ki, ciddi qəbul etmədim. Lakin bir qədər sonra ağrılar elə şiddətləndi ki, məcbur olub evə qayıtdım. Gecə yarısı vəziyyətimin pisləşməsi ilə əlaqədar təcili tibbi yardım çağırıldı. Bu minvalla 10 gün xəstəxanada yatmalı oldum. Vəziyyətim günü-gündən ağırlaşırdı. Həkimlər heç bir diaqnoz qoya bilmirdilər. Müalicəm bir nəticə vermirdi.
Sonda mənə məsləhət gördülər ki, müayinə üçün xaricə gedim.
Moskvaya getdim. Bir müddət orada ən yaxşı xəstəxanalardan birində müalicə aldım. Bir faydası olmadı.
Artıq işə çıxa bilmirdim. Bu səbəbdən məzuniyyət götürdüm. Belə davam edə bilməyəcəyini görüb, həkimlərin məsləhəti ilə bu dəfə Türkiyəyə yollandım. Orada həkimlər belə qənaətə gəldilər ki, məndə elə ciddi bir xəstəlik yoxdur. Əslində, sözün açığı, dərdimə əlac tapa bilmədilər. Və mən təkrar vətənə qayıtmalı oldum.
Bir müddət sonra yenə də müalicə üçün İrana, daha sonra isə İsrailə yollandım. Məsləhət görülən bütün yolları sınadım.
Bir sözlə, o gün-bu gündür qida qəbul edərkən çətinliklə üzləşirəm. Meylim çəkən hər hansı bir neməti yemək iqtidarında deyiləm. Çünki dərhal qaytarıram. Elə o vaxtdan həkimlərin məsləhəti ilə mənim yeyə biləcəyim təkcə toyuq suyudur. O da ki, belə. Gördüyünüz kimi, qurtum-qurtum.
Bilirsiniz, bəndələrin ən bədbəxti odur ki, Allah-təala öz nəzərini onun üzərindən çəkib. Əfsus ki, gec başa düşmüşəm: Allah böyükdür! Verən də odur, alan da! Bu dünyada var olan hər şey, biz insanlar da daxil olmaqla, ona məxsusdur!
Çox səhvim olub. Sadalaya bilməyəcəyim qədər çox! Bu səbəbdən bəzən düşünürəm ki, həyatda buraxdığım səhvlərin bu gün cəzasını çəkirəm.
Görürsünüz, bütün imkanım, var-dövlətim olduğu halda mən bu vardan heç nə yeyə bilmirəm. Bir damla suyu udmaqda bəzən acizəm. Çünki Tanrını unutdum! Axirət gününü hesaba almadım, mahiyyətini dərk etmədim, əhəmiyyətsiz hesab etdim! Qəlb evinin Tanrıya açmalı olduğum qapılarına şəhvətlə iri qıfıl vurdum.
Allah-təala öz bəndələrini doğru yola yönəltmək üçün hər cür imtahan edir. Bu imtahandan imanlı bir bəndə olaraq üzü ağ, ruhu paklanmış, günahlardan arınmış, tövbə etmiş sifətlə çıxa bilmək nə böyük şərəfdir!
Bu gün bu əzablarıma rəğmən Rəbbim hələ də yaşamağımı istəyir, ona görə ki, başqaları mənə baxıb ibrət götürsün!
Dərdini danışıb kişi sanki bir az yüngülləşdi. Yenə qısa bir sükut və o, qonaqlarının bu anlar üzündə donub qalmış məyus ifadəni izləyə-izləyə sözünə qaldığı yerdən davam elədi:
– Ehsan verirəm, kimsəsizlərə əl tuturam. Əl açıb Allaha yalvarıram ki, bəlkə mənim günahlarımı bağışlaya, keçmişdəki səhvlərimi əfv edə. Hər gün dua edirəm. Təkcə özüm üçün deyil, bütün yolunu azmış bəndələr üçün. Dua edirəm ki, ona sevgidə, ona ibadətdə Tanrıdan uzaqlaşıb şeytana qucaq açmayaq! Ruhumuzu və qəlbimizi Tanrıya təslim etməli olduğumuz halda şeytana uymayaq. Tanrının öz bəndələrinə bəxş etdiyi nemətləri möhtaclardan əsirgəməyək! “Axirət ruzisi”ni bu dünyada savab əməllərimizlə yığaq!
Həmin axşam mən o məclisdən ayrılarkən bunu bir daha tam təfərrüatı ilə anladım: İlahi qüvvədən daha yüksəyi, daha şərafətlisi yoxdur!”
“Və onlar yeməklərini özləri (nin ehtiyacı olub çox) istədikləri halda, Allaha olan məhəbbəti üzündən yoxsula, yetimə və əsirə verərlər. Onlar həm dildə, həm də qəlblərində deyərlər: “Biz sizə Allah rizası üçün yemək verdik. Biz sizdən hər hansı bir mükafat və təşəkkür istəmirik”. Qurani-Kərim, İnsan surəsi, 8-9-cu ayələr.
Müəllifin başqa yazıları:
Həsrətindəyəm
Qürur qaynağımız