50 yaşı tamam olan yazıçı-publisist, “Multikultiralizm” jurnalının baş redaktoru Fəxri Uğurlu Teleqraf.com-un suallarını cavablandırıb.
– Fəxri müəllim, yubiley yaşınızı təbrik edirik! Ad günlərinə münasibətiniz necədir?
– Ad gününə adi gün kimi yanaşıram. Onu daha çox doğmalarım, dostlarım urvata, hörmətə mindirirlər, məndən olsa adi günlərdən biridir. Amma ailəmin, dostlarımın həmişə diqqətində olub deyə mənim də yadıma düşüb.
– Budəfəki sıradan deyil, 50-dir, yubileydir…
– 50 deyəndə qorxuram… Çox görünür. Elə bilirəm, hələ cavanam. Açığı, yaş hissiyyatı məndə çox zəifdir.
– Belə görünür, ruhən cavansınız, özünüzü neçə yaşında hiss edirsiniz?
– Vallah, onu deyə bilmərəm, ruhən elə sanıram ki, həmişə 18 yaşım var…
– Qurban Yaquboğlunun qəti tələbi var ki, yazasınız…
– Qurban mənim gənclik dostumdur, bir-birimizi az qala 30 ilə yaxındır tanıyırıq, bir-birimizin cikinə-bikinə bələdik. Yəqin fikirləşir ki, yazılmamış yazılarım, potensialım var, ona görə xeyirxah niyyətlə deyir, sağ olsun.
Qurban bu yaxınlarda 50 yaşında bir kitab qoydu ortalığa. Bizi çox sevindirdi, hamımız oxuduq, bəyəndik, təhlil elədik.
– Bəs siz yubiley üçün nə hazırlamısınız?
– Heç nə hazırlamamışam. Dediyim kimi, mənim üçün yaş, ad günü şərti anlam daşıyır. Yaxşı yazı hər yaşda yazıla bilər. Tarixdə cavan ikən də, yaşlı vaxtda da yazılan yaxşı əsərlərə rast gəlmişik. Hərədə bir cürdür. Potensial və imkan varsa, inşallah, davam edəcəyik.
– Hansısa yazı üzərində işləyirsinizmi?
– Yalnız jurnal və müəyyən redaktə işləri ilə məşğulam. Yaradıcılıq işləri ilə aktiv şəkildə məşğul olmuram. Düşünməyinə həmişə düşünürəm, amma onu realizə etmək üçün vaxt və şərait lazımdır. Mənim yazmamağımla Azərbaycan ədəbiyyatı bir şey itirməz, amma özüm üçün itki olar.
– Toxunmadığınız hansısa mövzu varmı ki, onu indi qələmə almaq istərdiniz?
– Cavan vaxtından üzü bu yana, həmişə bir mövzum olub, bilmirəm o mövzunun adını necə ifadə etmək olar… Demək istəyirəm, həmişə bir mövzunu yazmağa çalışmışam. İndən sonra yazası olsam, yenə o mövzuda yazaram, başqa mövzum yoxdur.
– Deyəsən, gənclikdə özünüzü şeirdə də sınamışınız…
– Lap uşaqkən, qanmayan vaxtlarımda ola bilər. Özümü dərk edəndən sonra yazmadım, erkən başa düşdüm ki, şeir mənlik deyil.
– Gənclərdən kimi bəyənirsiniz, üslubunuzda yazan gənc varmı?
– Yox, üslubumda yazan yoxdur, amma bəyəndiyim gənclər var. Bu torpaq elədir ki, potensialı tükənən deyil, dəyərli gənclərimiz var, inşallah, gələcəkdə də olacaq. Yaxşı bir şey görəndə sevə-sevə qarşılayırıq, oxuyuruq, dəyərləndiririk.
– Qardaşınız Azər Qaraçənli son vaxtlar itirilmiş torpaqlarımızla bağlı “Ağdərədə toy”, “Zəngilanda dərs günü” və başqa adda maraqlı yazılar yazıb. Sizin bu cür fərqli yanaşmaya münasibətiniz necədir? Özünüzü bu tərzdə sınamaq istərdinizmi?
– O, Azərin beyninin, qəlbinin məhsuludur, mənim üçün də çox maraqlı yanaşmadır. Qardaş olmaq o demək deyil ki, onların təfəkkür tərzi, həyata baxışları da eynidir. Mənim və qardaşlarımın həyatda bir dəyişməz, ümumi prinsipimiz var ki, o da dürüst və halal yaşamaqdır. Bunu hərə bildiyi yolla realizə edir.
Böyük yazıçı Markesin gözəl sözü var, deyir, yazıçının inqilabi borcu yaxşı yazmaqdır. Əgər sən Vətənini sevirsənsə, gecə-gündüz Vətəni tərifləmək lazım deyil, sən o millətin dilində yaxşı yaz, ona hansısa həqiqətləri sirayət elətdir, saxtakarlıqdan uzaq ol və sair.
Milləti yaşadan bir nömrəli şey dildir. Sən dili yaşadırsansa, dilin üstündə əsirsənsə, onu qoruyursansa, bu, elə millətə, Vətənə ən böyük xidmətdir.
– Bir çoxları təqvimdə təvəllüdünün üstünə yeni yaş gələndə özü üçün hesabat verir. Sizdə necədir?
– Mən hələ hesabat verməyə tələsmirəm, nə iş görmüşəm ki?! Müəyyən işlər var, onları görsək, hesabat verərik. Hesabatımız yazdığımız yazılardır…
Nərgiz