(Fəxri Uğurlunun 50 yaşına yaddaş gəzişməsi)
Əziz Fəxri,
bu yazdığımı on il əvvəl 50 yaşıma sözardı havasında qələmə aldığın məktuba cavab kimi qəbul eləmə (hərçənd bu cür başa düşsən belə, necə deyərlər, mətləbə dəxli yoxdu), sadəcə ovqatımın bu məqamında gəlib yetirən 50 yaşınla (indi də sənin) bağlı düşüncələrimi ifadə eləmək üçün ağlıma başqa məqbul forma gəlmədi.
Əslində, bu qaçılmaz fakt yaddaşımın bir küncündə çoxdan özünə yer tapmışdı, hərdən heç gözləmədiyim yerlərdə və məqamlarda üzə çıxır, məni heyrətləndirirdi. Sonra öz heyrətimə təəccüblənirdim ki, özün 60-a gəlib yetişdinsə, Fəxri də, təbii ki, 50-yə çatacaq, sənin zaman qavrayışın bu məsələdə işə yaramır, onsuz da qoca dünya bildiyini eləyəcək. Amma yenə də hissiyyatımla gerçəklik arasında qalır, ancaq yaşadığımız ömrü əriş-arğac eləməklə təskinlik tapırdım.
Mən səni tanıyanda 90-cı illərin əvvəlləri, məmləkətin boğanaq vaxtıydı; sözün düzü, işsizlik ucbatından Bakıya üz tutub ancaq sağ qalmaq üçün çarpışmalı olduğum vaxtda ədəbiyyat-filanla, ümumiyyətlə yaradıcılıqla məşğul olmaq fanatikvarı fədakarlıqdan başqa bir şey deyildi. Mən də canımı dişimə tutub yaşayırdım, nəsr yazdığımı nəinki başqalarından, hətta az qala özümdən belə gizlədə-gizlədə publisistikaya və tərcüməyə güc vermişdim. Amma məndən on yaş kiçik olan sən – Fəxri Uğurlu – Ağa Laçınlı kimi tanıdığım və hörmət bəslədiyim bir söz adamının ailəsində böyümüşdün, bitirdiyim universitetin sonuncu kurs tələbəsiydin, ilk hekayə topluların (“Tək ağac”, 1991; “Diləklərin azması”, 1992) çap olunmuşdu, professor Kamil Vəli Nərimanoğluyla “Oğuznamələr”i çapa hazırlayırdın (bunlar da o vaxt hələ iyirmi beş yaşına çatmamış qələm əhli üçün ağlagəlməz uğur idi), bir sözlə, böyük Ədəbiyyat Yoluna inamla qədəm qoymuşdun, üstəlik, o illərdə “nəfəslik” olan Ədəbi Əlaqələr və Bədii Tərcümə Mərkəzinin “Yol” qəzetində işləyirdin.
O ilk görüşümüzdə (aradan düz 25 il ötüb, necə deyərlər, bir igidin ömrüdü) yanında ilk yazılarını oxuduğum həmyaşıdın Qurban Yaquboğlu vardı. Düzü, onda yazılarını oxuduğum iki istedadlı gənclə tanışlığa sevinəndə ikili hiss keçirmişdim: əvvəla, içimdən mənsub olduğum ədəbi nəslin taleyilə bağlı ağrıya oxşar hiss ötmüşdü, 80-ci illərdə meydan sulayan yaşıdlarımın talesizliyinə kədərlənmişdim, əksəriyyəti həmin illərdə həyatla əlbəyaxaydı, yaradıcılıq bir yana, heç dünyaya əməlli-başlı baxmaq iqtidarında deyildilər; ikincisi, o nəsil hələ öz sözünü tam deməyə, öz potensialını gerçəkləşdirməyə macal tapmamış yeni, daha iddialı nəsil (sizinlə yanaşı Rafiq Hümmət, Xaqani Qayıblı, Etimad Başkeçid, Salam Sarvan…) ortaya çıxırdı, onların da bizim çəkdiyimiz ağrıları çəkməsini istəmirdim.
Amma qismət beləymiş, o qarğaşalı dövr ömrümüzün az qala on ilini kəsib heçliyə atdı. Onda boğulmamaq üçün saman çöpündən yapışdıq, cismən də, mənən də sağ qalmaq üçün olmazın ağrılardan keçdik. Bəlkə bu da Allahın təqdiriymiş, içində yaradıcılıq siqləti olanlar vaxtından əvvəl yetkinləşdilər, bu da gec-tez özünü onların yazılarında büruzə verdi.
***
Sonra o “nəfəslik” – “Yol” da, “Xəzər” də – nəşrini dayandırdı, araya beş il sürən “səssizlik” çökdü. O “səssizlik” illərində, “525-ci qəzet”də işlədiyin vaxtlardakı görüşlərimiz, imkan olanda düzəltdiyimiz “xudmani məclislər” səni mənə tanıtdı, əslində, yazdıqlarının yox, yazmaq istədiklərinin nə qədər sanballı olduğunu fərq elədim. Başa düşdüm ki, bütün bunların başlanğıcında yaxşı və sistemli mütaliən, oxuduğunu öz içindən keçirmək, hər bir fikrə öz düşüncələrini qatmaq qabiliyyətin durur. Bilmirəm həmin illərdə qələmə aldığın “Üç kəndin bir dərdi” (1995) kitabını yaradıcılıq bioqrafiyana daxil eləmisən, ya yox, amma o nəşr məndən ötrü havasını, suyunu, torpağını, adamlarını (yoxsa beş-altı il sonra “Vətənim adamlar” kimi bənzərsiz yazın ortaya çıxmazdı: “…vətən təkcə doğma üzlər, doğma səslər demək deyil. Vətən insandan başlayır, ancaq insanda qurtarmır. O insanın keçmişi, taleyi, yaddaşıyla bağlı nə varsa, hamısını toplayanda cəmi VƏTƏN eləyir. Vətənim adamın mindiyi at da vətəndi, o atın gəzdiyi dağlar da vətəndi, o dağlara yağan yağış, o yağışı gətirən bulud, o buludu saxlayan göy, o göydə süzən quş, o quşun qonduğu budaq da vətəndi. Əgər bu halqalardan biri qırılıb düşübsə, deməli, vətən zədəlidi, yarımçıqdı, şikəstdi…) unuda bilmədiyin Ağdam itkisini, Laçın itkisini ovutmaq cəhdindi.
O “səssizliyin” sonunda Ağa müəllimin səhhətiylə bağlı çəkdiyin ağlagəlməz mənəvi işgəncələr də yadımdadı; yenə Allah üzünə baxdı, qarşınıza xeyirxah adamlar çıxdı, onların sayəsində müalicəylə bağlı məsələləri vaxtında yoluna qoya, ustadın ömrünü az qala on il uzada bildiniz. Üstəlik, yaşam elə problemlərdən ibarət deyildi, həmin vaxt gənclər üçün birillik Prezident təqaüdünə layiq görülməyin və o layihə çərçivəsində “Uşaqların mahnısı” (1999) kitabının işıq üzü görməsi də səni “öz yolundan” azdırmadı: artıq Böyük Ədəbiyyatın əslində nə olduğunu dərk eləyən azsaylı qələm adamlarından biriydin, hədəfinə doğru səbirlə, təmkinlə, amma düz saydığın yolla irəliləyirdin.
Növbəti beş ilsə, əksinə, qaynar keçdi, “Rezonans”, ardınca da “İntibah” və “Avropa” qəzetlərində baş redaktorluğun qəzetçilik tariximizdə qısamüddətli də olsa, ləyaqətli fəaliyyət nümunəsidi. Bəlkə də “Rezonans”ı və “İntibah”ı arzuladığın səviyyəyə qaldırmağa yetərincə vaxtın və imkanın olmadı, amma “Avropa” təpədən-dırnağacan sənin siman, sənin “yaradıcılığın” idi: o müəllifləri, o köşə yazarlarını, o reportyorları, o respondentləri necə seçmişdinsə ilk səhifəsindən son səhifəsinəcən oxunurdu, üstəlik, oxuyandan sonra da adam o nömrələri saxlamaq istəyirdi ki, hərdənbir yenə göz gəzdirsin. İndi baxıram, “Avropa”dakı yazılarım – köşələrim, portret yazılarım, tərcümələrim – yaradıcılıq bioqrafiyamın yaddaqalan səhifələridi.
Sənin redaktor kimi bir üstünlüyün də var: birgə işlədiyin adamlara təkcə öz işini görən fərdlər kimi baxmırsan, hamısını vahid ailənin üzvü kimi qəbul eləyirsən, sevincinə də, kədərinə də şərik olursan. İnsanın könlünü sevindirmək, dərdini yüngülləşdirmək, həyat sevgisini artırmaq üçün “bəhanələr” tapmaqda ustasan. Bu səbəbdəndi ki, “cəbhə yoldaşların” aradan on beş-iyirmi il ötəndən sonra belə, birgə işlədikləri məqamları xoş ovqatla xatırlayırlar.
O illərdə “Əxlaq” silsiləsindən qələmə aldığın ədəbi-fəlsəfi esselərin yaxşı yadımdadı. Səhv eləmirəmsə, “Mövlana Cəlaləddin Rumi və onun “Məsnəvi”si” kitabını da elə o vaxtlarda araya-ərsəyə gətirmişdin. Onda səni yarızarafat, yarıciddi “Mirzə Fətəli Axundovdan sonra ikinci filosof-yazıçımız” adlandırırdım, bununla yanaşı, həmin silsilənin nə vaxtsa yazılacaq bədii əsərlər üçün özül olacağına da zərrə qədər şübhə eləmirdim. “Dünyanın ən əxlaqlı adamı – ən azad adamdı” qənaətinə illərin mütaliəsindən, müşahidəsindən və düşüncəsindən sonra gəlib çıxmışdın, o özülün üzərində, necə deyərlər, könlün istəyən evi ucaltmaya bilməzdin.
***
Sonrakı beş ilin (deyəsən, sənin ömrünü sovet dövrünün planlı təsərrüfatı kimi beşilliklərə böldüm) sonunda (2006-2007-ci illərdə) tamam başqa təhkiyə, başqa duyum, başqa havayla qələmə aldığın “Tanrı dağları” silsilə hekayələrinin ortaya çıxması, hər halda, gümanıma haqq qazandırdı. Bu silsilə sənin ədəbi siqlətini, dilə bələdliyini, yaradıcılıq hədəfini ortaya qoydu. “Dərviş”, “Şeyx Sənan”, “Leylinin məcnunluğu”, “İsgəndərin qanunu”, “Peyğəmbər”, “Fərhadın Xosrovu öldürməsi”, “Atillanın qəbri” tarixin və mifin özünəməxsus qavramıdı (Kamal Abdullanın yaradıcılığında ədəbi mətnə oxşar münasibətin nümunələriylə rastlaşırıq); “Məryəmin oğlu”, “Dul”, “Ana, sənin ərin kimdi?”, “Oğlum sonuncu dayanacaqda düşəcək”, “Ehsan” hekayələrində insan qəlbinin gizlinlərinə baş vurursan (bu yönümdə yaradıcılığına rəğbətlə yanaşdığın Afaq Məsud və Saday Budaqlının cığırdaşısan). “Tanrı dağları” yaxşı qarşılandı, 2010-cu ildə Milli Kitab Mükafatının (təəssüf ki, o müsabiqə müəyyən ədəbi “simalar” üzündən sənət yarışından çox ədəbi şarlatanlığa çevrildi) qalibləri sırasında oldun.
Amma ömrünün sıxıntılı çağında qələmə aldığın o silsilənin güzəran qayğıları üzündən hələ tamamlanmadığını dəfələrlə dilinə gətirmisən, müsahibələrinin birində də demisən: “Tanrı dağları” silsiləsinin özü də yarımçıqdır. O silsilədən daha çox yazılar yazmağı planlamışdım. Amma hamısı ala-yarımçıqdır. El dili ilə desək, böyrü üstədir”. Əlbəttə, qələm adamının yaradıcılıq planı ancaq özüylə İlahi arasındakı gizli mətləbdi, ona kimsə qarışa bilməz. Sən “Tanrı dağları”nı yarımçıq saymağında ol, əksinə, o silsiləni mükəmməl hesab eləyənlər də var. Biri elə yaradıcılığına böyük dəyər verən Qismət Rüstəmov; yazır ki, “12 rəqəminin bu silsilədə təsadüfi olduğuna inanmıram. Çünki 12 rəqəmi də dünyanın genetik fondunda müəyyən harmoniyanı, sistemləşməni, strukturu ifadə eləyir. Fəxri Uğurlu bu harmoniyanı mənə görə Azərbaycanda dərinliyinə qədər duyan tək-tük adamlardandı. İlin 12 ayı, 12 bürc, 12 həvari, 12 imam və 12 hekayə”. Di buna nə sözün var? Azər Qaraçənli də fikrini daha qəti ifadə eləyib, deyir: “Fəxrinin “Tanrı dağları” silsiləsindən olan hekayələri yaradıcılığında yeni mərhələdir. Özünün dediyi kimi, bu silsilədə Fəxri Tanrı olmağa, azadlıq, allahlıq məqamına yetişməyə can atan ruhun yer üzündəki macəralarını qələmə alıb. Ədəbiyyatın bundan böyük missiyası yoxdur. Fəxri yazıçının görməli olduğu ən əsas işlə məşğuldur… Fəxrinin “Tanrı dağları” silsiləsi Tanrının türkcəsindədir. Fəxri Tanrının türkcəsini tapıb. Fəxri Uğurlu Tanrının türkcəsində yazır. O, Tanrını türkcə danışdırır. “Tanrı dağları” Tanrısını tapmış, həm Tanrıyla dil tapmış, həm də Tanrının dilini tapmış adamın hekayələridir”.
Dil məsələsində Azərlə tam razıyam, sən “öz dilini”, üstəlik, üslubunu səbirlə cilalamısan, öz “ədəbi nəfəsini” yaratmısan, onu kiminləsə səhv salmaq çətindi. (“Qara xəbər qara yel kimi kəndin bu başından o başına əsdi, çəpərləri aşıb qapıların arasından evlərə axdı, pəncərələrə çırpılıb şüşələri çiliklədi, damların örtüyünü atdı. O yelin qabağına düşüb diyirlənə-diyirlənə özünü kəndin ayağındakı evinə yetirən kişi yaylı taxta doqqazı əlindən necə buraxdısa, qapı çərçivəni yarıb çöl üzə açıldı…” – “Məryəmin oğlu”). Elə bilirəm ki, bu cür rəylərin müqabilində sənin bircə çıxış yolun qalır: gündəlik qayğılardan macal tapıb silsiləni tamamlamağa, İlahiylə öz arandakı məqama bir daha qayıtmağa can atmaq. Əminəm ki, bu da gec-tez baş verəcək…
***
Sən həyatın gerçəkliklərini qəbul eləyəcək qədər yetkin adamsan, bu səbəbdən də insanlara qarşı yaradıcılıqda olduğu qədər tələbkar, maksimalist deyilsən; bilirsən ki, olanla kifayətlənməkdən, adamların yaxşılığa doğru dəyişmələrinə cəhd göstərməkdən başqa çıxış yolu yoxdu. Elə ziyalının başlıca missiyasını da bunda görürsən: “Gərək hər bir yaradıcı şəxs, filosof, psixoloq, alim gördüyü qüsurları aradan qaldırsın, dünyanın ruhuna yeni bir zənginlik, ixtiralar əlavə eləsin, – deyirsən. – Bununla da dünyanın ruhunu bir az da zənginləşdirsin. Əlinə qələm alan hər kəs dünyanın ruhuna öz ruhu ilə toxunmaq arzusu ilə yazıb-yaradır. Hər bir yaradıcı adama bunu arzulayıram…”.
Sən yaradıcılığın mahiyyətcə nə olduğunu yaxşı bilirsən, bu səbəbdən yazmaqla əsl niyyətini gizlətmək fikrindən də uzaqsan. “Məndən ötrü qələm hakimiyyət alətidi, – deyirsən. – Hər bir qələm adamı mütləq hakimiyyətə yiyələnmək, dünyanı, insanları idarə eləmək istəyir. Kainatda ən böyük hakimiyyət Allaha aid olunur. Demək, hər bir qələm adamı Allah olmaq istəyir. Burada heç bir küfr, təkəbbür yoxdu. Allah inanclı-inancsız bütün bəşərin idealıdı, demək, hər kəs öz idealına oxşamaq istəyir…”
Sən əslində yaradıcılığın dünyanı öz içinə sığdırmaq cəhdi olduğunu yaxşı bilirsən; üstəlik, bu qədər nəhəng mütaliəylə, yetkin təfəkkürlə, yaradıcılıq potensialıyla dünyanın Azərbaycan adlı məkanından kənara çıxa bilməməyin də ağrılarını yaşayırsan.
Sən həm də həyatı necə gəldi yox, öz prinsiplərin əsasında yaşayan kəslərdənsən. Bəzən o prinsiplərə sadiqlik səni çox şeylərdən geri qoyur, mənəvi işgəncələrlə üzləşdirir, maddi çətinliklərlə sınağa çəkir, amma həqiqət saydığından geri çəkilmirsən. Əllidən sonra yaşam tərzini dəyişəcəyinə kim inansa da, mən inanmıram.
Sən “Dərviş”dəki kimi yolayrıcında deyilsən, Yol səni seçməyib, sən Yolu seçmisən, o Yol da səni aparıb hədəfinə çıxaracaq…
Bu yazını başlayanda elə bilirdim səninlə bağlı fikirlərimin hamısını ifadə eləyə biləcəm. Amma gördüm ki, yox, məktub da köməyimə çatmadı…
50 yaş insanın özü və Tanrı qarşısında hesabat məqamıdı. Sən ki Tanrıyla dil tapmış adamsan, istərdim ki, o məqamda yanılmayasan.
Qalanı 60, 70 yaşına qalsın.
Təki sağlıq olsun.
Nəriman Əbdülrəhmanlı
03.09.2018