Seymur Kazımov
Gürcüstan İctimai İşlər İnstitutunda (GIPA) diplom müdafiəm üçün seçdiyim mövzu Azərbaycan və Gürcüstan arasında mübahisəli ərazi kompleksi ilə bağlı idi. Mövzuya yanaşma ənənəvi diplom işi yox, jurnalist araşdırması tələb edirdi və mütləq hər iki ölkənin rəsmi şəxslərinin də rəyləri alınmalıydı.
Mübahisə predmeti iki ölkənin sərhəd kəsişməsində Gürcüstan tərəfinin daha çox David Qareçi monastr kompleksi, Azərbaycanın isə Keşiş dağı, Keşikçi dağı kimi tanıdığı tarixi abidədir. Ümumiyyətlə, sözügedən monastr kompleksi müasir Azərbaycan və Gürcüstan sərhədinin 25 kilometrini əhatə edən 20-dən çox məbəd və çoxsaylı mağaralardan ibarətdir.
2009-cu ildə Gürcüstan Xarici İşlər Nazirliyində məhz bu məsələnin həlli ilə bağlı komissiyada çalışan məsul şəxslərdən biri problemin bugünədək həll olunmamasının əsas səbəbkarı kimi medianı göstərdi.
“Jurnalislər həmişə sensasiya axtardıqlarına görə bəzən media mənsublarının “əlindən almaq”, “kiməsə vermək” kimi fikirləri cəmiyyətdə ajiotaj yaradır. Jurnalistlər artıq söz deyəndə bu, danışıqlar prosesinə təsir edir. Ona görə də iki tərəf arasındakı razılığa görə danışıqlar prosesi ictimaiyyətə çatdırılmır”.
Analoji məsələni Bakıda da eşitdim. Gürcü rəsmisinin dediyi kimi, ictimaiyyətə məlumat verməmək hər iki tərəfin razılığı idi…
Doğrudur, həmin rəsmi şəxsin bu sözlərinə qatılmırdım, amma işimi yekunlaşdırmaq üçün onun fikirlərini almalıydım. Həm də araşdırmamı obyektiv və balanslı təqdim etmək üçün şəxsi hisslərimi basdırmağım şərt idi. Amma jurnalistlərin bu cür mübahisəli məsələlərdə hakimiyyətlə daha çox əməkdaşlığının tərəfdarıyam. Dəfələrlə şahidi olmuşuq, hansısa nazirlik məsələyə ya gec reaksiya verəndə, ya da heç münasibət bildirməyəndə dezinformasiyalar havada uçuşur və sonra günahkar media olur. Jurnalistlər ictimaiyyəti maraqlandıran bütün proseslərin gedişindən məlumatlı olmalıdırlar. Cəmiyyətdə ajiotajın yaranması dövlət strukturlarının bu və ya digər hadisəyə münasibət bildirməməsi ilə əlaqədardır. Ümumiyyətlə, ictimai xarakter daşıyan bütün hallar ictimai müzakirəyə çıxarılmalıdır. Bunun əksi olduqda məlumatsızlıq təxribata da gətirib çıxara bilər. Düzgün informasiya olmayan yerdə söz sahibləri “şayiələr” olur.
Başqa bir problem isə medianın qarşısına çıxan rəsmi tərəfin olmamasıdır. Jurnalistlər və cəmiyyət çox vaxt rəsmi şəxsləri də görmək istəyir. İlk mənbədən alınan informasiya daha etibarlı, daha təsirli olur. Rəsmilər həm də rəsmi qurumların simaları olur. Onlar mütəmadi görünürsə, sualları cavablandırırsa o zaman saxta və yalan xəbərlərin yayılma arealı həmin xəbərləri istehsal edən redaksiyalardan kənara çıxa bilmir.
Jurnalisti qınamaq və yaxud jurnalistikanı “zərərli” peşə hesab etmək məsuliyyətdən qaçmağa əsas vermir. Jurnalist sizinlə cəmiyyətin arasında həm də informasiya daşıyıcısıdır. Sadəcə, onun vəzifəsi “daşıyıcı” olmaqla kifayətlənmir, çünki onun işi nəyin bahasına olursa-olsun kiminsə mövqeyini sübut və yaxud inkar etməkdən ibarət deyil. Doğru informasiya verin ki, jurnalist onun mötəbərliyinə şübhə ilə yanaşmasın, bunun əksi sizin işgüzar nüfuzunuza ağır zərbə ilə nəticələnə bilər – əsasən ictimaiyyət qarşısında. Buna görə də əsasən mübahisəli hallarda təşəbbüs mediadan deyil, dövlət qurumundan gəlməlidir. Məlumat çatışmazlığı məsul orqanın müsbət fəaliyyətini də kölgələyir.
Jurnalistlə işgüzar münasibətin iki qaydası var: münasibətlərin qurulması və inkişaf etdirilməsi. Zira, bu münasibətlərə jurnalisti nahara dəvət etmək, bayramlarda redaksiyaya tort göndərmək, yaxud xarici ölkələrdən birinə istirahətə yollamaq daxil deyil. Jurnalistə informasiya verin, o bu informasiyanı satıb, pul qazanacaq.
Diplom mövzusu ətrafında araşdırmamı 2009-cu ildə tamamladım və əla qiymət aldım. O vaxtdan indiyədək Azərbaycan mətbuatında həmin məsələ ilə bağlı tək-tük yazı dərc olunub. Amma problem də həllini tapmayıb. Deməli, günahkarı başqa yerdə axtarmaq lazımdır.