UEFA Avropa Liqasında Azərbaycanı təmsil edən Ağdamın “Qarabağ” komandası E qrupunda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq”, Ukraynanın “Vorskla” klubları ilə mübarizə aparacaq.
Novator.az bildirir ki, 1886-cı ildə yaradılan London klubu “Arsenal” 13 dəfə İngiltərə çempionu olub, 13 dəfə İngiltərə kubokunu, 2 dəfə Liqa kubokunu qazanıb, 15 dəfə İngiltərə superkubokunu başı üzərinə qaldırıb.
Beynəlxalq arenaya gəlincə, “Arsenal” 1970-ci ildə Yarmarkalar kubokuna, 1994-cü ildə Kuboklar kubokuna sahib çıxıb.
1906-cı ildə qurulan Lissabon komandası “Sportinq” 18 dəfə ölkə çempionu olub, 16 dəfə Portuqaliya kubokunu, 8 dəfə superkuboku əldə edib.
Komandanın aktivində 1 beynəlxalq titul var: 1964-cü ildə “Sportinq” Kuboklar kubokunu qazanıb.
1955-ci ildə yaradılan Poltava klubu “Vorskla” 1 dəfə Ukrayna kubokunun sahibi olub.
“Qarabağ” komandasının əsası 1951-ci ildə qoyulub. 1977-ci ilədək “Məhsul”, 1982-ci ilədək “Şəfəq”, 1988-ci ilədək “Kooperator” adı daşıyıb.
1992-ci ildən bəri “Qarabağ” 6 dəfə Azərbaycan çempionu olub, 6 dəfə Azərbaycan kubokunu qazanıb.
Komanda 2014-2015, 2015-2016 və 2016-2017 mövsümlərində Avropa Liqasının qrup mərhələsində, 2017-2018 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində oynayıb.
1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra komanda köçkün klub kimi fəaliyyət göstərir, hazırda Bakıda məskunlaşıb.
E qrupunun təqvimi:
20 sentyabr
“Sportinq” – “Qarabağ”
“Arsenal” – “Vorskla”
4 oktyabr
“Vorskla” – “Sportinq”
“Qarabağ” – “Arsenal”
25 oktyabr
“Qarabağ” – “Vorskla”
“Sportinq” – “Arsenal”
8 noyabr
“Vorskla” – “Qarabağ”
“Arsenal” – “Sportinq”
29 noyabr
“Qarabağ” – “Sportinq”
“Vorskla” – “Arsenal”
13 dekabr
“Sportinq” – “Vorskla”
“Arsenal” – “Qarabağ”.
Qrupda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.