Seymur Kazımov
2010-cu ilin oktyabrında İsveçə işgüzar səfər zamanı bəzi media quruluşlarında olduq. İki görüş mənim yaddaşımda xüsusilə qaldı. Belə ki, bu sətirlərin müəllifinin “Fokus” jurnalının şef-redaktoruna verdiyi “Finlandiya ilə İsveç arasında Aland adaları ətrafındakı konflikt yerli mediada necə işıqlandırılırdı” sualına eşitdiyi cavab sadəcə şok effekti yaratdı: “Hansı konflikt, məgər belə bir şey olub? Olubsa da, görünür, o qədər də ciddi məsələ olmayıb”. Dünya siyasətçilərinin “münaqişənin həllində Aland variantı” kimi mexanizmin üzərində işlədiyi vaxt isveçli jurnalistin cavabına şərh vermək sadəcə mümkün deyil.
İkinci görüş həmin ölkənin məşhur “Aftonbladet” qəzetində oldu. Jurnalistlərdən biri seçki qanunvericiliyi ilə bağlı sual verdi. İsveçli həmkarımız bizə qəribə baxdı, sonra fikrə getdi… bütün qanunvericiliyi ələk-vələk elədi, suala cavab tapa bilmədi. Axırda dedi ki, “elə məsələlər var ki, bizim auditoriyaya maraqlı olmadığına görə onun üzərində dayanmırıq”.
Bu misallardan çox çəkmək mümkündür. Məsələn, ABŞ-ın elə ştatları var ki, orada icma qəzetləri var və insanlara yalnız yaşadıqları ərazidə baş verənlər maraqlıdır.
Azərbaycan media mühitini qısaca belə xarakterizə etmək olar:
Birincisi, ixtisaslaşma yoxdur. Daha doğrusu var, amma “magistratura” pilləsində. Nəzərə alsaq ki, bütün “bakalavrlar” magistr təhsili almır və ixtisaslaşma keçmir, deməli, ilk problem buradan qaynaqlanır.
İkincisi, Azərbaycan əhalisinə təqdim edilən xəbərlərin natamam və birtərəfli olmasıdır, yəni ölkədə baş verən hadisələr səthi, üstüörtülü, ütülənmiş formada təqdim olunur. Bunun əvəzində xarici ölkədə baş verən hadisələr – sel, daşqın, zəlzələ, yanğın, etiraz aksiyaları barədə xəbər blokları təqdim edilir. Bu hadisələr Azərbaycanda baş verəndə ya sadəcə informasiya verilir, ya da heç nə verilmir. Hadisənin analizi, müzakirəsi, debatlar yoxdur.
Üçüncüsü, Azərbaycanın media menecerləri bazarın öyrənilməsi, auditoriyanın maraqları, efirə gedən verilişlərin rentabelliyi kimi məsələlərlə məşğul olmur. Dəfələrlə yazmışıq, bir də təkrar qeyd etmək faydalı olar, çünki rəqabət yoxdur, media bazar iqtisadiyyatı qaydaları ilə deyil, inzibati amirlik sistemi ilə idarə olunur.
Dördüncü səbəb elə üçüncüdən doğur. Orta statistik isveçli ilə eyni göstəriciyə mənsub olan azərbaycanlının ictimai, siyasi, iqtisadi, sosial, mədəni mühiti də kəskin fərqlənir. Elə azərbaycanlı media menecerləri də əsasən orta statistik həmvətənləri kimi düşünür. Bəziləri “insan və toplum fokuslu” yox, “qazanclı və çıxarlı” fəaliyyətlə məşğul olur. Təsəvvür edin, vəziyyət o qədər qəlizdir ki, jurnalistlər onlardan xəbər gözləyən auditoriyasına “diqqətli olun, hər oxuduğunuza inanmayın” kimi ismarıclar göndərir.
Nəticə: Azərbaycanda jurnalistlər hər şeydən və hər yerdən yazırlar, elə əhali də hər yerdən məlumat alır, Azərbaycandan başqa…
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı?
Məsuliyyətsiz jurnalistika
Vətəndaşın “informasiya aclığı” problemi
KİV-lə işin düzgün qurulması təlimatı
Azərbaycan əhalisinin “media savadlılığı” göstəriciləri