2018-ci ildə ABŞ-ın “Hyuton Mifflin Harkort” nəşrlər evi Ceyn Yolenin tərtibçiliyi ilə uşaqlar üçün “Çətinliyə düşməyən qadınlar – Dünya folklorundan qəhrəman qızlar” adlı kitabı ikinci dəfə nəşr edib. Kitabın ilk nəşri 2000-ci ildə olub. Uşaqlar üçün yüzlərlə kitabın müəllifi, uşaq ədəbiyyatı sahəsində ən yüksək mükafatlara layiq görülmüş Ceyn Yoleni hətta Amerikanın Hans Kristian Anderseni adlandırırlar.
“Çətinliyə düşməyən qadınlar” kitabında Yunanıstan, Niger, Almaniya, Argentina, Çin, ABŞ, Şotlandiya, Rumıniya, Polşa, Yaponiya, Fransa, İngiltərə, İndoneziya və… Azərbaycandan qəhrəman, çətinliklərdən qorxmayan, igid qızlar haqqında nağıllar toplanıb.
Kitabın ön sözündə Ceyn Yolen qızına və qız nəvələrinə açıq məktubla müraciət edərək öz dövründə belə kitabların olmadığını, qəhrəman qızların müasir dövrün kinofilm və cizgi filmlərində nümayiş etdirilənlərdən çox və daha öncədən mövcud olduqlarını çatdımaq üçün yazdığını bildirir.
Kitabda keçmiş sovet respublikalarından yalnız Azərbaycan təmsil olunub, həm də son illərdə televiziyalarda nümayiş olunan çox populyar “Maşa və Ayı” adlı nağılla. Lakin nağılın cizgi filmindən tamamən fərqli süjeti var. Kitabın sonunda isə toplanmış nağıllar haqqında qeydlər verilib. “Maşa və Ayı” haqqında tərtibçi-müəllif aşağıdakı qeydi yazıb: “Bu nağıla mən Russian-crafts.com saytında rast gəlmişəm. Nağılın əsas məzmununu dəyişməz saxlayaraq onu öz səsimlə çatdırmışam.
Azərbaycanın tarixi isə mürəkkəbdir. Rusiya çarı 1917-ci ildə taxtdan salınanda Rusiyanın bir çox əyaləti ya öz müstəqilliyini elan etdi, ya da SSRİ-yə – Sovet Sosialist Respublikaları İttifaqına qoşuldu. Əvvəlcə Azərbaycan öz müstəqilliyini elan etdi. Lakin 1920-ci ildə sovet sosialist respublikasına cevrildi, sonra SSRİ-yə daxil oldu (ya da bəlkə bura daxil edildi). 70 ildən və bir çox diktatordan sonra SSRİ dağılmağa başladı. 1991-ci ildə SSRİ-nin tam süqutundan 4 ay öncə müasir Azərbaycan Respublikası öz müstəqilliyini bir daha elan etdi.
Hətta indi kiçik müstəqil keçmiş sovet respublikalarının çoxu onları geriyə, öz təsir dairəsinə qaytarmağa çalışan böyük Rusiyaya qarşı mübarizə aparırlar. Rusiya ədəbiyyatda və illüstrasiyalarda çox vaxt ayı kimi təsvir edildiyi üçün mənə belə gəlir ki, “Maşa və Ayı” nağılı çox siyasi nağıldır”.
Aysel YAQUBOVA,
Vaşinqton