Azər Qaraçənli
Ağdərədə toy çalınır. Elkin Xəlilovun toyudu. Əmisi Yalçın İmanov deyib ki, gəlini uzaqdan – siz olan yerlərdən gətiririk, ona görə toy karvanına qayıdanbaş qoşularsız, atamı da öz maşınınıza oturdarsız.
Dediyi kimi eləmişik.
Cəmil dayı qabaqda oturub. Babək Bəkirlə mən arxada oturmuşuq. Maşını Babəkin qardaşı Qafur sürür.
Toy karvanı Tərtəri də keçib Ağdərəyə yön alır.
Maşınlar Ağdərə dağlarına qalxanda Babək üzünü yana tutub ah çəkir: “Nə gözəl dağlardı”.
Mən də avtomobilin şüşəsindən baxıram: “Hə, – deyirəm, – dağların nə günahı”.
Mən bilirəm Babək nə deyir. Hamı bilir Babək nə deyir. Müharibə illərində bu dağlarda qan su yerinə axıb. Neçə-neçə ananın, qız-gəlinin sinəsinə dağ çəkib bu yerlərdə gedən döyüşlər. Nə oğullarımızı əlimizdən alıb dönə-dönə əldən-ələ keçmiş bu dağlar, dərələr, bu meşələr, çəmənlər, indi içindən, böyründən keçib getdiyimiz kəndlər…
“Nə gözəl dağlardı” deyir Babək. “Hə, – deyirəm, – dağların nə günahı”. Hamı bilir mən nə deyirəm.
Qarabağın işğaldan təzəcə azad olunan vaxtlarıdı. İşğaldan azad olunmuş yerlərdə toylar da başlanıb. Mətbuatdan oxuduğumuza görə, Cəbrayılda, Zəngilanda, Şuşada, Kəlbəcərdə toylar olub. Laçındakı toyların birində mən də iştirak eləmişəm. Deyəsən, başqa yerlərdə də toy olub, dəqiq bilmirəm. Elkinin toyu Ağdərə işğaldan azad olunandan neçənci toydu, onu da bilmirəm. Bəlkə də birinci toydu.
Jurnalistlər belə toylardan məxsusi reportajlar hazırlayırlar. Tək jurnalistlər deyil, elə başqaları da bu toylardan foto, video çəkib internetdə yayırlar – ən çox da cavanlar. “Cəbrayılda toy”, “Zəngilanda toy”, “Şuşada toy”, “Kəlbəcərdə toy”, “Laçında toy” – foto, video reportajların başlıqları bir-birinə bənzəyir, istər jurnalistlər yaysın, istərsə də başqaları.
Elkin jurnalist olduğuna görə, çox güman, bu toyu internetdə, xəbər saytlarında, qəzetlərdə təkcə “Ağdərədə toy” başlığıyla yox, “Elkin Xəlilovun Ağdərədə toyu”, “Elkin Xəlilov Ağdərədə toy elədi” başlıqlarıyla da məşhurlaşdıracaqlar.
Hökumət adamları belə toylara dəvətsiz gəlirlər. Zarafat deyil, neçə illik işğaldan sonra el-oba yurd-yuvasına qayıdıb, illər uzunu həsrət qaldığımız yerlərdə xeyir işlər başlanıb. Toy eləyənlərə dövlətin adından hədiyyələr göndərilir, hökumət adamları gəlib toylarda çıxış eləyir, tək bəy-gəlini, onların yaxınlarını deyil, bütün xalqı təbrik eləyir, bir də heç vaxt torpaqlarımızın işğal olunmayacağını bəyan eləyib camaata ürək-dirək verirlər.
Toy karvanı üzü Ağdərə şəhərinə gedir. Yalçıngil Sırxavənd kəndindən olsalar da, toyu Ağdərə şəhərinə salıblar. Sırxavəndlə Ağdərənin arası 30 kilometr olar.
Biz bir vaxt nər oğullarımızı əlimizdən almış, ana-bacılarımızı, qız-gəlinlərimizi gözüyaşlı qoymuş, dağ vüqarlı kişilərin qəddini əymiş dağlardan, dərələrdən, kəndlərdən keçirik.
“Nə gözəl dağlardı” deyir Babək. “Hə, – deyirəm, – dağların nə günahı”. Sonra… sonra maşında sükutdu. Qafur musiqinin səsini alır. Şəhidlərimizi, itkinlərimizi, gözüyaşlı ana-bacılarımızı, qız-gəlinlərimizi anmaq anıdı. Belə anlar təkcə təntənəli mərasimlərdə, müharibə qurbanlarının, işğal illərinin xatirəsini andığımız tədbirlərdə olmur. Belə anlar qəfil də olur. İndiki kimi.
Narın yağış başlayır. Bu yağış nər oğullarımızın qanı yaxılan yerlərə, itkinlərimizin üstüaçıq məzarlarına da yağır. “Yağır…” – Cəmil dayı pıçıldayır. Heç kim dillənmir. Hamı bilir Cəmil dayı nə deyir.
Qafur yolu yaxşı görmək üçün şüşəni yox, gözlərini silir.
Yağışın nə günahı, yağışın nə günahı…
Başqa yazılar:
Ağdama şükür
Köçəryanın məhkəməsi
Hikmət Sabiroğlunun Şuşaya qayıdışı
Can Laçın
Zəngilanda dərs günü
Ölümsüz Xocalı
Kəlbəcərə gələn adam