Cəhənnəmdən keçmiş mələk (88)
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Yuxudan duran kimi Zöhrə xala lal Kərimin gəlinini çəpərin başına çağırıb alımını verdi:
– Mənim evimin sözünü niyə aparıb xalxın (Səməndəri deyirdi) ovcuna qoymusan?
Abrını ətəyinə bükəndən sonra yazıq gəlini atdı evdəki iki əzazil qaynananın ağzına (lal Kərimin uşağı olmadığına görə ərindən boşanmış bir baldızı da gəlib onlarda qalırdı, o da bir cür hökmranlıq eləyirdi gəlinin üstündə), bununla da ürəyi soyumadı, kənd məktəbində müəllim işləyən, bir yığın şagirdə dərs deyən, bu illər ərzində Maraldan sonra mənim tək sirdaşım, dərddaşım, canıyananım olmuş ipək kimi gəlini ərinə döydürdü.
Xəcalətimdən yerə girdim, bilmədim qaçım başımı harda gizlədim. O gün ilk dəfə adətimə xilaf çıxıb qaynanama nə səhər, nə də günorta süfrə açmadım. Qapının su tutmayan yerində əkdiyim gülləri arxdan su daşıyıb suladım, Zöhrə xalanın tüklərini yuyub sərdiyim yastığının içini yığdım, kəfini, üzünü salıb əlimdə tikdim. İpdən aldığım təmiz paltarları ütüləyib yerinə qoydum. Bu işləri gördükcə arvad bərəlmiş gözləriylə məni izləyir, içində sevinsə də məndən nəsə soruşmağa ürək eləmirdi. Yəqin düşünürdü ki, mən yenə gedəsi olmadım, burda qalası oldum.
Cavidi Maralgildən gəlməyə qoymurdum, qorxurdum evin ortasında tayaladığım cehizlərimi görüb kürlük eləyə. Buna görə də qalmışdım iki evin arasında. Uşağı günorta yuxusu tutanda həyətdəki güllərdən bir dəstə yığıb torbaya qoydum, günün şaxıyanında üz tutdum qəbiristanlığa.
Ara yolu keçib qəbiristanlıq cığırına düşəndə gördüm qaynım uşaqlarının dördü də döşənib dalımca.
– Gəlməyin, – dedim, – tək getmək istəyirəm. Günün də qızmar çağıdı, ilan-çayan olar.
Bəhruz çalası suyla dolmuş iri gözlərini üzümə dikib yalvardı:
– Bibi, nolar dəymə bizə, qoy biz də gələk.
Mənim razılığımı gözləmədən irəli durub torbanı əlimdən aldı, azca əzilib soluxmuş gülləri torbadan çıxarıb, qardaşlarının götürdüyü saplağı gödək kəsilmiş güllərə qatdı, sonra yenə özünü sağ böyrümə yamadı.
Yol boyu heç birimiz dillənmədik. Qəbiristanlığın doqqazına çatanda onları dayandırıb dedim:
– Uşaqlar, siz bu kölgədə gözləyin, mən gülləri babanızın, əminizin qəbri üstünə qoyub qayıdıram.
Söz ağzımdan çıxan kimi uşaqların üçü yanını qoydu qarağacın dibindəki tozlu daşın üstünə. Bəhruz yenə qarşıma keçdi:
– Yox, mən də sənlə gedirəm.
Ondan balacası məndən qabaq dilə gəldi:
– Ay itin balası, getmə də, bəlkə bibimin bir sözü var?
Bəhruz da eyni hikkəylə qardaşına cocudu:
– Səy-səy danışma, qəbirə söz deyirlər, qəbirin qulağı var?
Qardaşı Bəhruzun əlini əlimdən qopardı:
– Hə, var, mən kinoda görmüşəm ki, adam qəbirlə danışır.
Bəhruzun baxışları məni yumşaltdı:
– Uşaqlar, onda siz burda dayanın, biz gəlirik.
Əlimi Bəhruzun biləyinə dolayıb mamırlı, tozlu, parlaq köhnə-təzə qəbirlərin arasından keçib öz məzarlarımıza yaxınlaşdım. Mahmud əminin başdaşıyla üzbəüz durub səslə ağladım. Eminə tərəf baxmamağa çalışırdım. Bəhruz balaca əlləriylə tikanlı güllərin hamısını əmisinin qəbri üstünə düzdü, bircə dənə saplaqsız gülü də Mahmud əminin sinə daşına qoyub:
– Babam qocadı, neyləyir gülü, – dedi, – qoy hamısı əmimin olsun.
Sonra məni ehmalca, ustufca Eminin məzarına sarı itələməyə başladı. Bir əlimi Mahmud əminin, birini də Eminin çiyninə qoyub aralarındakı ensiz boşluğa baxa-baxa dilləndim:
– Mahmud əmi, biz gedirik buralardan, hara getdiyimizi də bilmirəm, amma gedirik. Bir də nə vaxt gələcəyik bilmirəm, bəlkə də heç gəlmədik. Mən səni içimə, ürəyimə yığıb gedirəm. Yerin behişt olsun! Cənnət varsa yəqin indi sən ordasan. Bil ki, sən gedən gündən cəhənnəmin qır qazanında yanıram mən. Ordan çıxa biləcəmmi, bunu da bilmirəm.
Qollarımı qara mərmərin üstündən boylanan Mahmud əminin boynuna doladım. Çəkilib aralıdan ata-bala hər ikisinə bir də baxdım. Bəhruzun toppuş biləyindən tutub:
– Di gəl gedək, – dedim.
Bəhruz əlimdən sallaşıb məni Eminin qəbrinə tərəf dartdı:
– Bibi, nolar əmimi də öp, yazıqdı, axı həmişəlik gedirsiz.
Bəhruz əlimi buraxıb körpə canıyla əmisinin başdaşına sarıldı, gözünün yaşı gözəl yanaqlarından sel kimi süzüləndə uşaq sakitləşsin deyə mən də Eminin daşını qucaqladım. Bəhruz üzümə razılıqla baxıb gülümsəyəndə daşı buraxıb uşağı qamarladım, özümü kölgəlikdə bizi gözləyən balacalara çatdırdım. Onları da dimdiyimə vurub tozlu yolla geri qayıtdım.
***
Gedəcəyimizi bilən qonum-qonşu axşamüstü hərə əlində bir sovqatla qapımıza gəldi – kimi bir torba fındıq, kimi meyvə qurusu, kimi çolpa gətirmişdi. Mən hamını bir-bir qucaqlayıb üzündən öpür, gətirdiklərini bir bəhanəylə özlərinə qaytarıb yola salırdım. Bütün bunlara məzlum-məzlum tamaşa eləyən qaynım balaları bir-birinə qısılıb ağladıqca ürəyimin qabığı soyulurdu.
Gedirdim deyə Maral da mənlə bir az acı davranırdı. Uşaqlara yenə bir yalançı evcik qurdum, yaxın gəlib oynamadılar. İşi belə görəndə onları qarşıma düzüb dedim:
– Uşaqlar, məndən olsaydı sizi qoyub getməzdim, həmişə yanınızda qalardım. Tez-tez sizi görməyə gələcəm, ağlamayın, kömək eləyin burdakı ayın-oyunumu yığım. Sizdən bircə istəyim var, ağlamayın! Cavidin bütün oyuncaqlarını sizə verib gedəcəm. Özüm də sizi heç vədə unutmayacam. Söz verirəm!
Uşaqlar üzlərini qoluma-qıçıma sürtüb ağlayırdılar, ağız-burunlarının seliyi üst-başıma yaxıldıqca mən də özümü saxlayammırdım. Handan-hana Maral məni tifillərin əlindən aldı:
– Durun hamınız itilin, gedin üzünüzü yuyun! Bir az meyvə yığın qoyaq soyuducuya, axşam qonağımız olacaq. Bibiniz uzağa getmir ha, hara getsələr biz də dallarınca gələcəyik…
***
Hava qaralanda düşündüm daha bizimkilər gələsi olmadılar. Yuvası dağılmış quş kimi qalmışdım ortalıqda vurnuxa-vurnuxa. Axşam yeməyini də Maralın süfrəsində səssizcə yedik. Cavidin heç nədən xəbəri yoxuydu. Tez-tez yola boylanan uşaqlar arxamızca gələn olmadığını gördükcə umudlanırdılar, məni zorla yatağa salıb yatırtmaq istəyirdilər.
Kamilin maşını darvazaya dirənəndə onların üzünə çıxan kədəri heç unuda bilmirəm. Maral işarəylə uşaqlara “kiriyin” deyib qapıya çıxdı. Qayıdanda əlində xırda bir dərman məni yanlayıb pıçıldadı:
– Uşaqlar gəliblər, küçənin ayağında Cavidin yatmağını gözləyirlər. Səməndər dedi bu dərmanı suda əridib versin ki, uşaq tez yatsın.
Əlim-qolum yanıma düşmüşdü, keyimişdim, bir işə əl ata bilmirdim. Maral mənim quruyub qaldığımı görəndə özü dərmanı suda həll eləyib Cavidə içirdi, sonra da uşaqları aparıb yerlərinə saldı. Balalarını öyrətmişdi ki, Cavid yatandan sonra bir-bir durub bayıra çıxsınlar.
Pilləkənin başında oturulu qalmışdım. Maral məni elə oturduğum yerdəcə qoyub gedib darvazanı açdı, qardaşlarımı, Musa əmimin uşaqlarını qapıya gətirdi. Qardaşlarım həyətdə pıçıltıyla danışa-danışa Cavidin yuxuya getməyini gözlədilər. Qaynım balaları Cavidin yanından bir-bir sıyrılıb eşiyə çıxanda əmim oğlu Mahir “Kamaz”ını bizim pilləkənin ayağına verdi. Doğmalarım maşına sarı gələndə Elgiz ayaqqabısının dabanını basdalaya-basdalaya doqqazdan çıxdı.
Atam hamının eşidəcəyi səslə mənə dedi:
– Sənin olmayan bir çöpə əl uzatsan, əllərini kəsərəm!
Qardaşlarım yenə Zöhrə xalanı qucaqlayıb öpdülər. Musa əmimin uşaqları Maraldan başqa heç kimlə görüşmədilər. Bir az ötkəm, bir az da baməzə Mahir qaynanama üzünü tutub:
– Hanı buraların kişisi, – dedi, – gəlsin icazə versin yükümüzü yığaq.
Pələsəng olmuş Zöhrə xala da cavabında:
– Bala, fələk məndə kişimi qoydu qala, – dedi, – gəlin işinizi görün.
Mahir qıyıq yaşıl gözlərini bir az da qıydı:
– O təzə gəlinini deyirəm ey, indi sözü ötgün odu axı bu evdə…
Əmim oğlunun atmacasını eşidən gəlin evin dərinliyinə çəkildi. Mən qapıları taybatay açıb cehizim yığılan otağı qardaşlarıma, əmim oğlanlarına tuşutdum.
***
Ağırlığın yarısı maşına yüklənəndə Misir əmi əlində sərin suyla dolu bir saxsı bardaq gəlib qovağın altında – atamla Səməndərin yanında oturdu. Ağır cərrahi əməliyyatlardan keçmiş Səməndər daxili orqanlarının ikisini birdən itirmişdi deyə atam onu yük qaldırmağa qoymurdu.
Aparılası ayın-oyunu qabağa itələdikcə qaynımın balaları az qalırdılar ayağımın altına yıxılsınlar. Qardaşlarım nə qədər buyursalar da uşaqlar mənim yükümdən bir şeyə əl vurmurdular. Arabir onlara sarı çönüb:
– Bax danışmışıq haa, – deyirdim, – ağlamaq yoxdu, hər şey var bu oyunda ağlamaqdan savayı.
Yadımdan çıxan əşyaları uşaqlar gözləriylə mənə isnad verirdilər, bəzən də o əşyaya əllərini vururdular. Mətbəxə keçib su içməyə dolça götürəndə Bəhruz gözünü cehizlik qazanıma zilləyib məni dümsüklədi. Qazanın qapağını götürdüm – gəlin içində lobya qovurmuşdu.
– Qadan alım, qazanda yemək var, – dedim, – ayıbdı, yerə tökəsi deyiləm ha, qoy qalsın.
Mən dolçanı Səməndərə verib pilləkəni dırmananda Bəhruz dizlərimi qucaqlayıb var səsiylə qışqırdı:
– Kim nə deyir desin, mən ağlayacam!
Uşağın fəryadı qapıyla bir olub çəpərləri aşdı. Səməndər yüyürüb Bəhruzu bağrına basdı:
– Ağla, qadan alım, ağla, bax mən də ağlayıram, – deyib uşaq qucağında pilləkənə çökdü. – Əə, sənin kişi başına dönüm, biz həm də kirvəyik axı.
Bunu görən o biri uşaqlar da qol-qıçıma sarılıb zar-zar ağlamağa başladılar. Pilləkənin başındakı kürsüdə oturub bu vay-şivəni izləyən Zöhrə xala yerə-göyə nifrin yağdırdı:
– Fələyin gözü tökülsün, mənim dernəyimi dağıtdı, yurdumu-yuvamı xaraba qoydu! İndi də bunlar bir buğarsağı yedəyimə verib gedirlər.
Nərgizə məndən bir çöp də qalmasın deyə Maral hər dəlmə-deşiyi bulğanır, hər dəfə də nəsə tapıb gətirirdi. Mənə aid nə varsa yüklənib qurtaranda Maral pilləkənin başında Zöhrə xalanı xırxaladı:
– İndi özün düş zirzəmiyə, bu gəlinin becərib ora yığdıqlarından bunun balasına da pay qoy.
Zöhrə xala ona bozardı:
– Hara düşüm, nə qoyum?
Maral arvadın yaxasını buraxmadı:
– Motalın birini qoy, bir kisə fındıq qoy, mürəbbələri yarı böl, pomidor bankalarından qoy, saxladığı çolpalardan tutdur cələklət. Onu bir balası yedəyində sürgünə göndəririk, çox da atası-qardaşı var. Gəlinin öz qazancından heç özünə də yox, yetiminə pay ayır.
Eltim qaynanamı dalana dirəmişdi, arvad bacarsaydı onun dodaqlarını qoparardı. Atam işin yoğunladığını görəndə irəli durub Zöhrə xalanı Maralın caynağından aldı:
– Lazım deyil, halal xoşları olsun. Bizim varımızı erməni dağıdıb düzlərə, qazancımızı toxdaq yeyə bilmirik, bunları hara aparaq?
Qarışıqlıqdan istifadə eləyib özümü verdim zirzəmiyə. Bir balon qoz mürəbbəsi, bir balon gül mürəbbəsi, cehizim olan şirli balonla bir yağ götürüb pilləkənə düzdüm. Atam üstümə şığıdı:
– Qaytar hamısını yerinə qoy!
Maral döşlüyünü yaxasından açıb balonları cəld bükdü:
– Rəhim əmi, sən Allah dəymə, o qozu bişirib hala gətirənə qədər əhəng bu qızın əllərini açıb yara eləmişdi. Düz min dənə qoz bişirib, həmişə qozun çağalasını yığanda sayırdım. Bunlara da qalıb, dəymə, qoy bunu da Bircə aparsın. Qaldı yağa, gir bax, su bidonları yağla doludu. Onları da Bircə özü becərib.
***
Otağım çılpaq qalmışdı. Kişilər həyətə düşüb əl-üzlərini yuyanda mən süpürgə-xəkəndaz götürüb boş otağa qayıtdım, dolabın, divanın altında, künc-bucaqda qalmış zir-zibili süpürüb yığdım. Yaş əsgini taxtaya dolayıb otağı tərtəmiz yudum, ayaqqabıların iz saldığı hər yerin tozunu aldım. Həyətdən dərdiyim tər güllər pəncərənin ağzındakı iri güldanda qalmışdı. Gülləri bankaya qoyub güldan qoltuğumda bayıra çıxanda Zöhrə xala bilmədim məni təriflədi, ya məzəmmət elədi:
– Yaxşı bizi söyüb gedirsən. Otağı da yuyub sildin ki, dalınca danışmayaq, eləmi?
Kişilər yuyunub sərinlənincə Maral qovağın altındakı masanın üstünə bir xeyli yemək-içmək daşıyıb yığmışdı – çolpa qovurması, sərin ayran, sərin kompot, mer-meyvə… Atamgil nə qədər “yemirik” dedilərsə də Maral əl çəkmədi, elə ayaqüstü hərəsinə bir tikə verdi:
– Siz bir də bizə qonaq olan deyilsiz, nolar bu tikəmizi ürəkli yeyin, – dedi.
Getmək məqamı gələndə uşaqlar məni bağın qaranlığına çəkdilər, yenə əlimə-ayağıma sarılıb ağlaşdılar. Qardaşlarım qaynanamı yenə qucaqladılar, ondan halallıq istədilər. Səməndər hamını eşikdə qoyub elə ayağı qablı-qablı yenicə təmizlədiyim evə girdi, gəlinin otağına sarı səsləndi:
– Ay qızım, biz gedirik, sağlıqla qal. Allah səni dar köynəkdən rahat qurtarsın, bu ev də halal xoşun olsun.
Mən tez qardaşımı dartıb bayıra çıxardım, bilmədim gəlin o sözləri eşitdimi. Atam Misir əmiylə, Maralla qucaqlaşıb sağollaşdı, Zöhrə xalaya aşağıdan-yuxarı əl yellədi. Qardaşlarım Maralın mələşən balalarını duz kimi yaladılar. Mahir əmoğlu ətəyimdən sallaşan uşaqları məndən qoparıb məni Kamilin maşınına doğru itələdi:
– Siz gedin, mən də arxanızca gəlirəm.
Kamil maşını yerindən tərpədəndə Maral bir qıyya çəkdi. Qardaşım əyləci necə basdısa elə bildim kimsə təkər altında qaldı. “Bismillah” deyib qapını açanda Maralla göz-gözə gəldim:
– Səni yetim qalasan, üstündə cəhənnəmi görüb gəldiyin uşağını qoyub gedirsən? Cavid hanı?
Hamı donub qalmışdı – hər şeyi qabğarıb yığmışdıq, qaynım evində yuxuya qalmış körpəmi unutmuşdum. Atamla Səməndər Maralgilə getdilər, Kamil maşını onların pilləkəninə söykədi, mən maşından düşmədim. Səməndər dünyadan xəbərsiz Cavidi yorğanın arasında mənim qucağıma verib qapını örtdü.
Hamıya əl elədim. Maşın darvazadan çıxanda kəndin işıqları söndü. Cavid qucağımda çevrilib maşının arxa şüşəsindən qaranlıqda xarabalığa bənzəyən qapı-bacaya baxdım. Bəhruz dalımızca qaçmağa başlayanda Kamil sürəti artırıb döngəni buruldu.
Qaranlıqda bütün kənd bizim köçümüzü gözüylə ötürürdü. Ömrün hansı fəslinə, hansı duralğasına köçdüyümü heç özüm də bilmirdim…
…Cəhənnəmdən çıxmağına çıxmışdım, Dostum, ancaq məni irəlidə cəhənnəmin daha bir qatı gözləyirdi. Kənddən kəndə şütüyən bu maşın da bilmirdim məni Sənə doğru aparır, yoxsa Səndən aparır…
İkinci bölümün sonu