Cəhənnəmdən keçmiş mələk (87)
Avtobioqrafik roman
İkinci bölüm
Müəllif: BİRCƏ
Səməndərin qəribə yerişi vardı – barmaqlarının ucunda tələsə-tələsə yeriyirdi. Mən ha eləyib üzümü ona sarı döndərəndə qardaşım bizə yetişməkdəydi. Maral mənim ağladığımı görcək böyrümə bir dürtmə vurdu:
– Ulama, kişi bu istidə yol gəlib. Arvada baxma, kişi ürəyi sərçə ürəyi kimidi, yararsan qardaşının ürəyini.
Qorxudan gözümün yaşını içimə axıtdım. Maral Səməndəri kölgəyə çəkib oturtdu, əlinə sərin su tökdü, yenə zarafatından qalmadı:
– Kişidən pul oğurlayıb dondurma almışıq, sən Allah birini də sən ye.
Səməndər elə bil onu eşitmədi, üzümə baxıb soruşdu:
– Nolub, niyə səni ağladırmışlar, hamı qapınıza yığılıbmış dünən?
Maral aralığa söz salıb olanları ört-basdır eləməyə çalışsa da Səməndər yumşalmadı. Nə baş vermişdisə hamısını qardaşıma yerli-yataqlı nağıl elədim. Sonda özümü saxlaya bilməyib ağladım:
– Təcili məni burdan aparın, – deyəndə qardaşım da mənə qoşulub ağlamağa başladı.
Səməndər Cavidlə məni sinəsinə sıxıb hönkürəndə mənim havam alındı. Qardaşım dincəlməyə vaxt itirmədən ayağa durub yola düzəldi, getməmişdən bizi Marala bərk-bərk tapşırıb dedi:
– Bax elə burdaca qalın, heç yuxarı çıxmayın, onlar olan səmtə üzükməyin. Burdan birbaşa kəndə gedirəm, atamla Kamil ordadı. Gedim onlara da genəşim, bəlkə elə bu gecə sizi burdan götürdük.
Doqqazdan çıxıb yolu burulanacan üç dəfə geri qanrıldı:
– Bax, Maralın yanından aralanma haa, uşağını da gözündən qoyma, – deyib gün başına döyə-döyə gəldiyi yolla da geri qayıtdı.
Deməyəsən qonşumuz lal Kərimin gəlini həmin gün rayon bazarında Səməndərlə qarşılaşıbmış, qardaşım ondan mənim əhvalımı soruşanda gəlin dünən qapımızda qopmuş vay-nöysəni ona danışıbmış…
Yuxarı çıxmadığımı görən Zöhrə xala ağaca söykənə-söykənə həyətə düşdü:
– O gələn Səməndər deyildi, niyə mənlə görüşməmiş getdi?
Maral ağzımı açmağa macal vermədi:
– Ta görüş gözləmə, getdi böyüklərini gətirə, uşaqlarını aparalar. İndən belə bu xaraba məhlədə bir səy Fərmanın qızı olsun, bir sən ol, bir də qızın.
– Qızımın daşı düşsün təpənizə, iki elti zəhmət çəkib yola getsinlər. Qızımın qeybətini o qədər eləmisən ki, qardaşı üzünə də baxmır, balalarının ovcuna dolu-bostan evindən bir turş alça da qoymur.
Zöhrə xala məni gözündən qırağa atıb başladı Maralla öcəşməyə, ağzının odunu onun üstünə töküb ağacına söykənə-söykənə evə tərəf gedəndə Maral arvadın yarasına duz basdı:
– Mən sənin xarabana gələndə qızın o şüllütbaşa getdiyinə görə, xoryatların küsülüydülər. Get oğru qızını şəllə dalına, qoy xalxın gül kimi balasına damğa vurmasın. Bax sənin tayın elə ocağındakı gəlinindi ki, Allah sənə ürcah elədi.
Zöhrə xala gördü Marala dil çatdıra bilməyəcək, ağacı özünə dirək verib ağlaya-ağlaya asi düşdü, yerə-göyə nifrinlər yağdırdı.
***
Toran çalanda atam, Musa əmim, Səməndər, bir də Kamil qapımızda maşından düşdülər. Nərgiz qaçıb özünü içəri təpdi, Zöhrə xala bizimkiləri görəndə dibindən çalxanan dərya kimi oldu. Qardaşlarım irəli durub arvadın üzündən öpdülər, Musa əmi yəqin qaynanamla görüşməmək üçün özünü bağın qalınlığına verdi. Atam uca səslə qardaşlarıma dedi:
– Səməndər, sən ara yolla keç Sahibi çağır, Kamil, sən də Misirin dalınca get.
Zöhrə xala etiraz elədi:
– Bu evin böyüyü mənəm, onları neylirsiz?
Atam qayınanama sarı çönüb:
– Zöhrə bacı, o kişilər mənim qapıma minnətə, elçiliyə gəliblər, – dedi. – Mənim uşağım oğurluq dana deyil ki, qulaqlayım aparım. Qoy onlar da gəlsinlər, razılıqla, halallıqla qohum olduğumuz kimi indi də halallaşıb ayrılaq.
Zöhrə xala pərtliyini gizlətmək üçün üzünü mənə çevirdi:
– Sən niyə keçib yuxarı başda oturmusan, dur samovara köz sal, cücələrdən tut kəs.
Atam biləyimdən yapışdı:
– Otur oturduğun yerdə, biz çay-zad içəsi deyilik.
Misir əmi tez gəldi, Sahib əmini xeyli gözləyəsi olduq. Handan-hana o da gəlib sərv kimi qamətiylə atama, əmimə sarıldı, sonra da qovağın dibindən pilləkənin başında dayanmış Zöhrə xalaya səsləndi:
– Sən də yaxşı olarsan, ay fironun bacısı qızı, – deyib kətili altına çəkdi.
Atam son sözünü bəri başdan söylədi:
– Uşaqları aparmağa gəlmişəm.
Sahib əmi də atam qədər kəskin, ötkəm bir tərzdə:
– Nə yaxşı sənin evində bunlara (əlini mənə uzatdı) bir tikə çörək tapıldı, – dedi. – Mən sənə Eminin qırxı çıxan gün uşaqlarını burda qoyma demədimmi?
Sonra biləyimdən tutub əlini hirslə qovzaya-qovzaya, qolumu məngənə kimi sıxa-sıxa:
– Bax bunun üzünə, – dedi, – gör keçəl Ağanın qızıyla səy Fərmanın qızı sənin qızını nə günə salıblar. Neçə ki gec deyil apar uşağını, qoy ailə qursun. Körpəsinə də fikir verməyin, bir az ağlayıb kiriyəcək. Bu arvad yiyəsini yıxmış atdı, Misirin arvadının paltarlarını doğradı, mənim arvadıma şər atdı. Mahmud ikimizə də birdən ev tikdirirdi, bax bu arvad (barmağını tapança kimi Zöhrə xalaya tuşutdu) aman vermədi ki, bircə otağımızın üstünü örtək, sonra bu evdən çıxaq. Qardaşımızı nə təhər doldurdusa ev başa gələnəcən ikimiz də gedib çadırda yaşadıq.
Qaynanam da dilini dinc qoymadı, pilləkənin başından gül ağzını açdı:
– Burnunuzdan gəlsin sizə verdiyim çörək! Xalx uşağını aparır, məni niyə ortaya qoyursuz?
Sahib əmi bir az da qızışdı:
– Sən Ziba xalanın canı dilini kəs! Sən bu evin çörəyini ancaq öz qardaşlarına yedirtmisən…
Kişinin nəyə eyham vurduğunu bilən hər kəsin üzünə zəhərli bir təbəssüm qondu. Köhnənin əhvalatı olsa da, kənddə heç kəsin yadından çıxmamışdı: demək, qayınanamın xalası Ziba ərindən boşanandan sonra özündən xeyli kiçik bir oğlana qoşulub qaçar; yaşı kəbinə düşməyən oğlanın atası Zibanın əməlindən hökumətə şikayət eləyər; azyaşlını yoldan çıxardığına görə Zibaya iki il iş verərlər; iki ili günə-gün yatıb türmədən çıxan Ziba kəndə qoltuğunda bir qarmonla qayıdar; səhər-axşam o qarmonu cüyüldədərmiş ki, bəs dustaq olduğum vaxt mənə vergi verilib.
Mən o kənddən çıxanda Ziba hələ sağıydı. Maral həmişə xalasının işdəyini Zöhrə xalanın başına vururdu…
***
O axşam uzun çək-çevirdən, söz-söhbətdən sonra belə qərara gəlindi ki, sabah Cavidlə məni burdan aparacaqlar. Durub sağollaşıb ayrılanda Sahib əmi yenə məni yanına çağırdı, arıq qollarıyla qurumuş canımı sinəsinə sıxdı:
– Get, Allah yolunu açıq eləsin! Ağıllı ol, bu dəfə heç kimin sözünə məhəl qoyma! Ailə qur, ömrünü bada vermə, uşağına atan, qardaşların baxarlar. Sənin yaşın hələ otuza çatmayıb, ən yaxşı günlərin irəlidədir. Burda Emindən sonra keçirdiyin iki il də itaparan olsun. Eşit gör nə deyirəm: sən ailə quran kimi hamıdan qabaq mən səni qonaq çağırıb ayağının altında qurban kəsəcəm!
Söz Sahib əminin ağzından çıxar-çıxmaz Zöhrə xalanın naləsi ərşə dirəndi:
– Sənin də oğlun ölsün, gəlinin başsız qalsın! Sənin də gəlininə gözün baxa-baxa elçi düşsünlər! Mənim ayrı düşmənim olmayıb, mənim düşmənim elə həmişə siz olmusuz!
Bayaqdan qovağın daldasında dayanıb yaxına gəlməyən Yunus pilləkəni çıxıb anasını sürüyə-sürüyə içəri saldı.
Son tapşırıqlarını verib Kamilin maşınına oturandan sonra Musa əmi maşının pəncərəsindən Marala bir torba uzatdı:
– Qardaşqızı, al bu şirniləri ver balalarına, Allah səni min budaq eləsin.
Bir bükülü də çıxarıb Yunusun qucağına atdı:
– Bunu da ver səy Fərmanın qızına, qoy dədəsinə papaq tikdirsin.
Maşın darvazadan çıxan kimi Maral cumub Yunusun qucağındakı bükülü torbanı yırtdı – torbadan yasəmən rəngli, yaşıl yelənli qəşəng bir parça çıxdı. Maral tez parçanı sinəsinə sıxdı:
– Heç kimə verən deyiləm, özümə don tikdirəcəm. Bir də niyə verim axı, bəyəm biz parça oğurlamışdıq?..
***
Gecə Zöhrə xala qovağın dibində yenə səsini başına atdı. Qayınlarına nəpək-nəpək qarğışlar tökdü, fələyi, Mahmud əmini bir-bir sapa düzəndən sonra sapandının dilçəyinə ifçinlədiyi qoma-qoma latayırları mənə tuşqulladı:
– Həə, sənə ağsaqqallıq eləyirlər, yol göstərirlər, səni ərə verirlər, hə? Get, səni heç ağ gün görməyəsən, heç oxxay deyib sevinməyəsən! Səni ev üzünə, ailə üzünə həsrət qalasan, boş yüyrük yelləyəsən! Kim səni qapısına qoyacaq, orda-burda sülənib yenə mənim üstümə qayıdacaqsan. Sən mənim evimdə padşah kimi yaşamısan.
Çəpərlərin dibinə yığılan qonşuları, əlini belinə vurub pilləkənin başından üzümə qalib ədasıyla baxan eltimi gördükcə sevinirdim ki, nə yaxşı Cavid indi yanımda deyil. Səməndərin qapıdan çıxmamış mənə tapşırdıqları qulağımda səslənirdi: “Bu axşam, tək bu gecə döz, sabah dalınca gələcəyik”.
Gözləyirdim Zöhrə xala sözünü bitirsin, mən də onu yandıracaq nəsə deyim, sonra gedim Maralın yanına. Arada gəlin aşağı düşüb Zöhrə xalaya bir istəkan suyla dərman verdi – adətiydi, arvad mənlə ləc düşəndə başlayırdı ona quyruq bulamağa. Qaynanam ağzının qaytanını bağlamadıqca mən ona yox, başımı qaldırıb göy üzünə baxırdım, səbrimi, sayıqlığımı itirməyim deyə göydə ulduzları sanayırdım.
Handan-hana gözümü endirəndə baxışlarım Misir əminin əlacsız baxışlarıyla toqquşdu. Kişi kimsəyə sezdirmədən başala barmağını dodağına aparıb mənə susmaq işarəsi verdi. Ağzı qızışmış qaynanam yeddi dərənin suyunu bir-birinə qatdı, qayınlarını bir ağız da qarğıyanda qəfil Misir əmini qarşısında gördü. Kişinin arvadı da yanındaydı. Misir əmi əlini çənəsinə dayaq verib dedi:
– Bircə, hələ sən bunun əziz-xələf oğlunun arvadısan sənlə belə davranır, indi gör bizə, bizim arvadlarımıza nə ot yoldurub! Atanın çörəyi halal olsun sənə, çevril bax, hər çəpərin dibində bir sürü qulaq marığa yatıb bu qapını dinşəyir. Sağ ol ki, sən buna ağız vermədin.
Elə özüm də ürəyimdə özümü alqışlayırdım. Sevinirdim ki, nə yaxşı səbrimi basa bildim, şeytanımı qucağıma almadım, dodaqlarımı kilidlədim.
– Get Cavidi də götür gəl, bu gecə bizdə qalın. Elə biz də gəlmişdik görək neyləyirsən, nə iş görürsən.
Misir əmini qucaqlayıb hönkürdüm, onun qoxusu mənə Mahmud əmini xatırlatdı:
– Yox, siz gedin, mən cehizlərimdən gücüm çatanı qabğaracam.
Bu dəm Maral böyürdən çıxıb məni Misir əminin əlindən aldı:
– Əmi, narahat olmayın, Bircə bu gecə bizim qonağımızdı. Uşaqlar süfrə açdırıblar. Bu gecə yatdı yoxdu, istəyirsiz siz də gəlin.
Misir əmi qollarını Maralın boynuna dolayıb onun zil qara saçlarından öpdü:
– Üzün ağ olsun, ay Maral, nə yaxşı sən bizim ocağımıza düşdün.
Kişi məni Marala təhvil verəndən sonra arvadını da qoltuğuna vurub ara yolla evinə döndü.
Cavid yatana qədər Maralgildə daldalandım. Uşaqlar yenə döşəkləri döşəməyə düzüb özlərinə yer saldılar, Cavidi də aralarına alıb şirin-şirin yatışdılar. Maral məni pilləkənə qədər ötürüb geri qayıtdı. Altı il dörd ay on gün bundan irəli ağ gəlinlikdə, dualar, alqışlar, gəlin havasının sədası altında təmtəraqla çıxdığım bu pillələri ağıların, qarğışların müşayiətiylə qaradaban, bəduğur bir ifritə kimi düşüb getməyimə lap az qalmışdı. Bu evdə keçirdiyim sonuncu gecə zəncirin son halqası kimi hərlənib fırlanıb gəlib birinci gecəyə calandı. Qaranlıq dairə qapandı!
***
Dan yeri ağarana qədər evdəki olan-olmazımı bir yerə topladım. Bahalı qab-qacağımdan çox kitablarımı qorğanırdım, kitab yığdığım qutuların üstünə ayrı bir yük qoymurdum, elə bilirdim ağırlıqdan kitablarım əzilib cırılacaq.
Bir əlim cer-cehizimi qabğarırdı, bir əlim boşaldırdı…
(Ardı var)
Mənbə: Kulis.az