Azər Qaraçənli
Adamları yara-yara Bakı-Xankəndi qatarına sarı yüyürəndə qatar çıxaranı da, vağzal çıxaranı da söymək istədi, sonra elə yüyürə-yüyürə öz-özünə dedi bu günə söymək günahdı, illər uzunu bu gündən ötrü sinəsi yanan olub, ölən olub, itən olub… Elə yüyürə-yüyürə də öz-özünə “Əstəğfürullah!” dedi.
Qaranəfəs özünü qatara yetirdi, istədi elə bəri başdakı vaqonun birinə atılsın, içəridən adlaya-adlaya öz vaqonuna keçsin, eləmədi, bilet aldığı vaqonacan yüyürdü, çatan kimi bileti vaqonun ağzında bələdçiyə uzatdı, bələdçi bileti yoxlamamış: “Qalx, – dedi, – qatar tərpənir”.
Qatar tısıldadı, ləngərlədi, uğuldadı, qulunclarını şaraqqaşaraq qırıb yerindən tərpəndi. Bələdçi onun ardınca vaqona qalxdı, bileti işığa tutub: “Hara gedirsən?” soruşdu. “Ağdama” dedi. “Amma biletin axıracandı”. “Hə, – dedi, – Xankəndində düşəcəm”.
“Ağdama gedirsən, amma Xankəndində düşəcəksən?” – bələdçi qaşlarını qaldırdı. “Hə” dedi.
Deyəsən, bələdçi istədi nəsə acı söz desin, amma dilini şirin elədi: “Nolar, başına dönüm, nolar, lap yaxşı eləyəssən, – dedi. – Xankəndi Ağdama Bakıdan yaxındı, orda düşməyin məsləhətdi”.
Sonra əlini vaqonun dar dəhlizinə uzadıb: “Odey, kupen o başdadı, yerin də yuxarı başda” dedi. İstədi bələdçiyə cavab versin, dinmədi. Öz-özünə dedi buna acıq yox, şükür düşür, onun bu qaranəfəsliyinə də, bələdçinin bu atmacasına da şükür düşür.
Qatar Ağdamda dayananda qonşu kupenin dəhlizdə onunla söhbətdaş olmuş bir dilli-dilavər sərnişini burnunu onun kupesinə soxdu: “Xaloğlu, tərpən görək” dedi. “Mən Xankəndində düşəcəm” – cavab verdi. “Bə sən Ağdama getmirdin?” “Hə, – dedi, – amma Xankəndində düşəcəm”.
Sərnişin bir irəli-bir geri baxdı, gözlərini yarı bərəltdi, yarı işıldatdı, çantasını sürüdü, gedən ayaqda guya pıçıldadığı “Bıy, başına xeyir!” sözlərini kupenin açıq qapısından ona eşitdirməyə də macal tapdı. İstədi içəridən çığırsın: “Xeyirdən əskik olmayasan!” Amma dinmədi. Fikirləşdi buna şükür! Ona Ağdamda deyilən “Başına xeyir!” sözünə şükür.
Xankəndi vağzalında qatardan enəndə gözlədi bələdçi yenə nəsə bir atmaca atsın. Amma bələdçi heç nə demədi, eləcə onun “Sağ ol”una “Allah amanında” cavabını verdi, sonra baxışlarını harasa uzağa dikdi. Bələdçi fikirli göründü. O, bir neçə addım atıb qanrıldı, Bakı-Xankəndi qatarının böyründə, “Bakı-Xankəndi-Bakı” sözlərinin tuşunda durub fikirli-fikirli harasa uzaqlara baxan, vaqondan düşüb gedənlərə dilucu “Sağ ol”, “Yaxşı yol”, “Allah amanında” deyən bələdçini aralıdan süzdü, “İlahi, bu nə dəhşətli mənzərədi, bu nə gözəl gündü, – düşündü. – Bələdçiyə şükür!”.
Taksi sürücüləri çığırışa-çığırışa, “Şuşa! Şuşaya bir nəfər!”, “Şuşaya iki nəfər!”, “Şuşaya gedən – bu dəqiqə çıxıram!”, “Şuşa – rahat maşın, otur, gedək” deyə-deyə onun üstünə tökülüşəndə qabaqca burnunu qırışdırdı, sonra qırışığı açıldı, bu vurhavurda, bu qıyyada “Şükür! – dedi. – Şükür! Buna şükür düşür!”.
“Qaqa, Şuşanın harasına?” – sürücü taksiyə oturtduğu o biri sərnişinləri harda düşürəcəyini bilirdi, bircə o qalmışdı. “Avtovağzala yaxın bir yerdə düşərəm” dedi. “Yolun hayanadı?” “Ağdama gedirəm”. “Ağdama?” – taksidəkilərin hamısı bir ağızdan dilləndi. “Ağdam geridə qaldı ey, əmi” cavan uşaq başıyla gerini göstərdi.
“Qaqa, bə sən qatardan düşdün axı” – sürücü diqqətlə güzgüdən ona baxdı. “Hə, qatardan düşdüm”.
İstədi desin nəyinizə lazım harda düşdüm, harda düşəcəm. Demədi. Fikirləşdi, şükür, məndən Şuşanın harasına gedəcəyimi soruşurlar, bu günə şükür! “Ağdama gedirəm, – dedi. – Laçına da dəyəcəm”.
“Hə, belə de də. Dedim bəs nabələdsən”. Sürücü bunu deyib taksidəki o biri sərnişinlərə boylandı. Elə bil istəyirdi bilsin düzmü başa düşüb, yoxsa burda başa düşüləsi heç nə yoxdu.
Laçında poçtun qabağında cib telefonuna zəng gəldi. Zəng eləyən eşitdiyi cavabdan sonra karıxdı, bir az susdu, sonra: “Harda? Laçında? – soruşdu. – Bəs sən Ağdama getmirdin?” “Hə, – dedi, – Ağdama gedirəm”.
Gəldi, atasının adı verilmiş küçənin başında dayandı. Burda üç laçınlı şairin – Hüseyn Kürdoğlunun, Ağa Laçınlının, Malik Fərruxun adı qoyulmuş üç küçəni bir dairəvi yolda kəsişdirmişdilər. Dairənin də ortasında üç şairin birgə abidəsini qoymuşdular. Durdu, baxdı, baxdı, “Yox, Ağdama gedirəm” dedi təzədən ona gələn telefon zənginə. “Yox, hələ Kəlbəcərə gedəcəm, Ağdərəyə, Əsgərana, Xocalıya gedəcəm. Xocavəndə, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya gedəcəm. Qubadlıdan təzədən gələcəm Laçına, Laçından Şuşaya, Şuşadan Xankəndinə, Xankəndindən Xocalıya, Xocalıdan Əsgərana. Sonra gələcəm Ağdama”.
“Sən yaxşısan?” soruşdular. “Mən lap yaxşıyam” dedi. “Bəs niyə belə gedirsən?” soruşdular. İstədi desin: “Elə-belə”, demədi. “Acığa! – dedi. – Acığa belə gedirəm!”
Ey xaraba Ağdam! Ey gözəl Qarabağ! İşğaldan sonra hər şəhərinə işğal altında olmuş bütün şəhərlərini dolanıb gələcəklər. “Acıq” deməyimə baxma, şükür marşrutudu bu. Ağdamdan başlayır bu marşrut! Ağdama şükür!
Başqa yazılar:
Köçəryanın məhkəməsi
Hikmət Sabiroğlunun Şuşaya qayıdışı
Ağdərədə toy
Can Laçın
Zəngilanda dərs günü
Ölümsüz Xocalı
Kəlbəcərə gələn adam