Şair Ramiz Rövşən bu yazını 10 il qabaq qələmə alıb. Onda şair, tərcüməçi Mahir N. Qarayevin 50 yaşı vardı. İndi Mahir N. Qarayevin 60 yaşı tamam olur. Bu münasibətlə “Gözlənilməz kitab”ı bir daha oxucuların yadına salırıq.
Bu il, iyul ayının 17-də şair dostum Mahir Qarayevin 50 yaşı tamam oldu. Təkcə Mahirin özü və ailəsi üçün yox, bütövlükdə ədəbiyyatımız üçün hadisə sayılmağa layiq olan bu ad günü çox sakit və səssiz keçdi. Hər halda, oxuduğum qəzetlərdə mən həmin gün Mahirlə bağlı bir quruca təbrikə, xırdaca xəbərə də rast gəlmədim.
Bunun bir günahı onun özündədisə (qəzetlərdə bu qədər dost-tanışı ola-ola, yəqin heç kəsə xəbər verməyib), bir günahı da, iqtidarlı-müxalifətli, qəzetlərimizin indiki vəziyyətindədi. Bu gün qəzetləri maraqlandıran ciddi ədəbiyyat və mədəniyyət hadisələri yox, tumanı səsindən yuxarı qalxan bəzi müğənni xanımların dedi-qodusu, dava-dalaşıdı.
Bəli, şair dostum Mahir Qarayevin əlli illik yubileyini mən ədəbiyyatımız üçün hadisə sayıram. Amma yubileyindən bircə gün qabaq onun haqqında bu sözü belə ürəkdən deməyə bəlkə də cəsarət eləməzdim.
Çünki az qala 20 illik dostluğumuz ərzində mən Mahirin heç iyirmi şeirini də oxumamışdım. Doğrudu, çap olunmağa mən özüm də xəsisəm, amma Mahir bu məsələdə təkcə məni yox, Hacı Qaranı da kölgədə qoyar. Bir peşəkar tərcüməçi kimi dünya ədəbiyyatından bir çox gözəl şeirləri, hekayələri ustalıqla dilimizə çevirib gen-bol çap elətdirən Mahirin öz yaradıcılığına qarşı bu cürə xəsisliyi bir məşhur tapmacanı xatırladır: “Aləmi bəzər, özü lüt gəzər” (iynə).
Amma bu tapmacadan sonra bir atalar sözünü də yada salmaq indi lap yerinə düşər: “Gec olsun, güc olsun”…
Adətən, yubilyarlara nəsə bağışlayırlar. Amma yubileyindən bir gün qabaq, iyulun 16-da, axşamüstü Mahir öz yeni kitabını mənə bağışladı. Yeni deyəndə ki, Mahirin köhnə kitabı yoxdu və ‘Tənhalıq” adlı 360 səhifəlik bu bircildlik, hələ ki, onun yeganə kitabıdı.
Üstünə “birinci və sonuncu kitab” yazılmış bu bircildlikdə Mahirin öz şeir və poemalarıyla yanaşı dünya şairlərindən etdiyi tərcümələr də toplanıb.
Bir maraqlı cəhət də kitabdakı dörd bölmənin (“Sevgi məktubu”, “İt ömrü”, “Qaralama”, “Quş südü”) hər birinə Mahirin ön söz yazması, bəzi misralara, ifadələrə izahatlar verməsi, bəzi məqamları oxucu üçün aydınlaşdırmasıdı. Yəni, Mahir bu kitabdakı yazıların təkcə müəllifi kimi yox, həm də redaktoru, bəzən hətta tənqidçisi kimi də çıxış eləyir. Və qəribə burasıdı ki, Mahirin öz yazılarına münasibəti çox sakit və soyuqqanlıdı.
Amma xoşbəxtlikdən, bu yazıları sakit və soyuqqanlı oxumaq mümkün deyil.
Bəri başdan deyim ki, Mahirin bu kitabı məndən ötrü gözlənilməz oldu. Bir dost kimi onun kitabını görməyi çoxdan arzulasam da, bu cürə qəfildən ortalığa belə bir kitab çıxaracağını gözləmirdim. Yəqin ki, heç kəs gözləmirdi. Onu sevənlər də, sevməyənlər də.
Niyə?
Kitabın “Qaralama” bölməsinə yazdığı ön sözdə Mahir hələ cavanlıqda bəzi qələm sahiblərindən aldığı dərsdən danışır; ən azı on il yazmaq və çap olunmamaq dərsi. “…Yazmağı tam öyrənincəyə qədər yazmaq, yazmaq. Sonra da, aylarca yazdıqlarını cırıb atmaq…”
Ona bu dərsi verənlərin arasında Mahir mənim də adımı çəkir.
Doğrudan da, şairin çap olunmağa tələsmədən, yaza-yaza, gözdən-qulaqdan uzaqda, öz içində böyüməsini mən vacib sayıram. Qırx il əvvəl bir nəğməmdə dediyim kimi: “Susuram, sözüm böyüyür”.
Bu sadə misra əslində ikimənalıdı. Birincisi, susuram və içimdə haçansa deyəcəyim söz böyüyür. İkincisi, susuram və ətrafımda mənim susmağımla bağlı söz-söhbət böyüyür, haçan dinəcəyimi və nə deyəcəyimi gözləyənlərin marağı artır.
Bu marağın və gözləntinin olması üçünsə, şair susmamışdan əvvəl öz şeirləriylə oxucuları mütləq səksəndirməlidi.
Mahir oxucuları səksəndirmədən susmuşdu.
Yox, Mahirin bir vaxt, yetmişinci illərin axırı, səksəninci illərin əvvəlində “Azərbaycan” və “Ulduz” jurnallarında çap etdirdiyi tək-tük şeirlər qətiyyən zəif deyildi. Amma həmin şeirlərin, o illərdə özünün parlaq, iddialı və bir az da yekəxana dövrünü yaşayan gənc poeziyamızın fonunda nəzərə çarpması, oxucuları “səksəndirməsi” çətin məsələydi. Həmin şeirləri indi Mahirin kitabında oxuyanda o uzaq illərin havası məni vurdu. Bəli, Nazim Hikmət demişkən, o vaxt söz bizi sərxoş eləyə bilirdi. Özümüzünkü də, özgəninki də.
“Sözün sərxoşluğu” Mahirin bu kitabdakı şeirlərində də hiss olunur. O cümlədən, rəhmətlik Yusif Səmədoğlunun azı iyirmi il qabaq üstünə “əla” yazdığı “Qaraçı qız” şeirində də.
Əslində, bu şeir kəndin böyründən keçib gedən qaraçı köçünə baxan bir kəndçi balasının duyğularıdı:
– Çocuq körpə, nənəm qarı,
yenə hara?! – Qışlamağa.
…Qaçır kəndin uşaqları
itlərini daşlamağa.
– Bu atımız, arabamız
qoşulmağa, çatılmağa;
Olmadı bir xarabamız
qaxılmağa, oturmağa…
…Daş yolları, toz yolları
Atlar, itlər ötüb-gedər…
Aman tanrı! Aman tanrı!
Ürəyimdə bu nə kədər?!
Bu nə kədər ürəyimdə?!
Nə vurğunluq qaraçıya?!
Hərdən gəlir gülməyim də
Bu ağrıya, bu acıya…
O nə baxış, qaraçı qız?!
O nə şirin bir inləyiş?!
Qıçın sınsın sənin, payız!
Bu nə gəliş?! Bu nə gediş?!
Bu kiçik şeirdə həm o yersiz-yurdsuz, evsiz-eşiksiz qaraçılara rəhm hissi, həm də o azad insanlara qoşularaq bu kənddən baş götürüb getmək, öz bəxtini o qaraçı köçündə tapmaq həvəsi var.
Kitabdakı başqa şeirlərdə də (“At sevgisi”, “Son nöqtə” və s.) Mahirin poetik istedadı açıq-aydın görünür. Amma bu kitabı ədəbiyyatımız üçün hadisəyə çevirən Mahirin şeirləri yox, poemalarıdı.
Mahir özü nədənsə (bəlkə də, təvazökarlıqdan), bu poemaları “poetik silsilələr” adlandırıb. Amma necə adlanmağından asılı olmayaraq, bu əsərlər Müşfiqdən üzübəri ana dilimizdə yazılmış ən gözəl lirik poemalarla bir sırada durmağa layiqdi. Bu poemalarda insan ürəyinin ən gizli məhrəm duyğularından tutmuş (“Vəsiyyət məqamları”, “İt ömrü”) ən böyük milli dərdlərimizə, bəlalarımızacan (“Əcəl zəngləri – Oğuz boyları”, “Anlamaq dərdi”, “Dəmir qapı Dərbənd”) hər şey öz əksini tapıb:
Bir dənəm! Bircə dənəm! Gecə gündüz andığım,
Yüz illər yalqız gəzib… gəzib tapmadığım – sən!
Tellərinin ucundan asıldığım, qaldığım,
Əllərinin ucundan bir yol öpmədiyim – sən!
Yüz qadının gözündə gözlərini güdürdüm,
Sonda göz yaşlarımı silmək qalırdı yalnız.
Mən gəmidən düşəndə sən qatarda gedirdin,
Mənə qatar dalınca hürmək qalırdı yalnız.
(“İt ömrü”)
Biz ağac əkməyən, ot göyərtməyən –
yaralı budağı əyənlərik biz;
Biz bizə verilmiş ada dəyməyən –
adı qulağına dəyənlərik biz.
Biz bığdan aşağı burun bəsləyən,
Saqqaldan yuxarı söz deyənlərik;
Boğazdan aşağı qarın bəsləyən,
Boğazdan yuxarı tost deyənlərik…
Xərabat əhliyik, tinimiz əyri –
badələr nuş edib xaşlayanıq biz;
Xurafat əhliyik, cinimiz ayrı –
şeytan daşlamağı xoşlayanıq biz.
Bizim Quranımız İncildən keçib –
çarmıxdan sıyrılıb mıxa keçmişik.
Bizimki qılıncdan-xəncərdən keçib,
ney kimi naləyə, aha keçmişik.
Tütəyi – qamışdan, qavalı – daşdan,
ağla, neyim ağla, tütəyim ağla;
Balı əlcə-əlcə, pətəyi şan-şan –
arım-balım ağla, pətəyim ağla!..
(“Əcəl zəngləri – Oğuz boyları”)
Sözün düzü, mən çoxdandı ki, poeziyamızda bu cürə nəfəs genişliyilə yazılmış əsərlərə rast gəlməmişdim.
Təkcə nəfəs yox, həm də ürək genişliyilə.
Mahir öz kitabını ‘Tənhalıq” adlandırsa da, məndən ötrü bu adı əsaslandıran yeganə səbəb burdakı yazıların illər uzunu oxucu üzünə həsrət qalmasıdı. Yəni bu, əslində, şairin içindən yox, çölündən gələn tənhalıqdı; oxucusuzluğun tənhalığı. Mahirin özüsə bu kitabın bircə səhifəsində, bircə sətrində belə tənha deyil. Bütün sevdikləri həmişə onunladı. O cümlədən, sevdiyi şairlər də.
Bunu deyəndə, mən təkcə Mahirin bu kitabdakı tərcümələrini (Rilke, Pasternak, Mandelştam, Axmatova, Yesenin və s.) nəzərdə tutmuram. Heç bu tərcümələr olmasaydı da, yenə o şairlərin ruhu bu kitabda gəzib dolaşacaqdı. Müasir poeziyamızda Mahir qədər başqa şairlərdən (həm özümüzünkülərdən, həm də özgələrdən) sitat gətirməyi sevən ikinci bir şair tapmaq çətindi. Bu sitatlar bəzən tam dəqiq olur. Bəzən Mahir hansısa sözü, ifadəni dəyişib sitata yeni, hətta əks məna qazandırır. Eyni münasibət xalq mahnılarına, el havalarına yanaşmada da özünü göstərir. Mahirin poemalarındakı bu məşhur sitatlar əslində oxucunun üzünə tanış qapıları açmaqdı. Amma o tanış qapılardan hər dəfə oxucunun tanımadığı yeni bir şair – Mahirin özü çıxır.
Ümumiyyətlə, Mahirdəki bu keyfiyyət, yəni, dünyanın bir çox şairləriylə mənəvi qohumluq hissi daha çox rus poeziyasının gümüş dövr şairlərinə xas olan keyfiyyətdi. Və görünür, bu da təbiidi. Çünki Mahir özü də bizim poeziyamızın “gümüş dövrü”nün sonuncu şairlərindəndi. Bundan sonra poeziyamızın hansı dövrü gələcək? Bunu bir Allah bilir.
Amma hər halda ümid eləyək ki, bu, hansısa “maye” dövrü olmayacaq…
Qəribədi, mən bu günəcən Mahirin necə şeir dediyini eşitməmişəm (təbii ki, söhbət onun öz şeirlərindən gedir). Və kitabını mənə bağışladığı gün, elə onun yanındaca kitabı varaqlayıb ordan-burdan bəzi misraları, bəndləri əvvəl ürəyimdə, sonra ucadan oxumağa başlayanda Mahirin əvvəlcə necə gərildiyini, sonrasa yavaş-yavaş sakitləşib sevinc və təəccüb dolu bir təbəssümlə mənə necə diqqətlə qulaq asdığını gördüm. Elə bil mənim dilimdən eşitdikcə, özünün yazdığı o misraların poetik gücünü, qiymətini Mahir daha aydın hiss eləməyə başlayırdı. O misralar doğrudan da güclü və qiymətliydi. O misraları haçansa, sevimli şairlərimizdən biri, tutalım Məmməd Araz və ya Musa Yaqub yazsaydı, yəqin ki, dillər əzbəri olardı. Bəs görəsən bu gün, səs və söz qarışıq hər şeyin alınıb-satıldığı, unutmaq istədiyimiz acı həqiqətləri yada salan əsil şeirin və şairin çoxlarını darıxdırdığı bir vaxtda, sıraları gündən-günə seyrələn oxuculara Mahirin gecikmiş imzasını tanıdıb sevdirməyə bu gözəl misraların gücü çatacaqmı? Hər halda, mən buna inanmaq istəyirəm!..
…Sonda bunu da deyim ki, dostum Mahirin yayda, öz ad günü ərəfəsində mənə bağışladığı bu kitabı haqqında ürək sözlərimi mən də ona qışda, öz ad günüm ərəfəsində bağışlamaq qərarına gəldim. Və bağışladım.
Ramiz Rövşən
“525-ci qəzet”,
12.XII.2008
“Təsəvvür eləyə bilməzsən, bu dəqiqə necə rahatam”