Firuzə DAVUDQIZI
***
Bir qədər sonra Elşad sakitləşdirici həb qəbul etmişdi. Eyvanda ikimiz idik.
Əlinin qanını təmizləyə-təmizləyə dinməzcə gözümün yaşını axıdırdım.
Mən hələ də Tanrının ilahi bir qüdrətlə vaxtı-zamanı necə hesablamasına mat qalmışdım. Haqq-ədalət, bax, bu demək idi. Zeynal özü-özünü ifşa etmişdi.
Başımı qaldırıb Elşadın üzünə baxmağa heç cür ürək etmirdim. Çünki çəkdiyi əzab hissi, keçirdiyi gərginlik bu anlar simasında donub qalmışdı. Gərginliklə nəfəs alıb verirdi. Baxışlarında canıma vəlvələ salan yenə o zəhm vardı.
Əlinin üstü bir neçə yerdən kəsilmişdi. Qanını kəsə bilmirdim. Amma buna baxmayaraq cəhd edirdim. Onun əlindən axan qan mənim ürəyimə axırdı sanki. Ürəyim qan ağlayırdı.
İşimi hələ sona çatdırmamışdım ki, o, əlini geri çəkib:
– Yaxşıdır, bəs edər, – dedi. Və ayağa qalxdı. Həmişəki kimi hirsini yatırtmaq üçün siqaretə sarıldı.
Çox keçmədi ki, dedi:
– Sənə bu həyatda rəva gördüklərim, təəssüf ki, çox ağır oldu. Bunun da cəzasını çəkməkdəyəm.
Onun siqaretdən dərin-dərin sümürüb mənə eşitdirdiyi bu sözlərə gözlərim yenidən doldu.
“İlahi, biz nə vaxt sakit həyat sürəcəyik? Nədir bu çəkdiklərimiz?” – Daxili bir harayla Allahı köməyimizə çağırdım.
Ertəsi gün Zeynalı daha bu evdə görmədik. O, gecə ilə yığışıb, Bakıya yola düşmüşdü.
Zeynalın getməsi evdəki gərginliyi bir qədər aradan qaldırsa da heç nə gözlədiyimiz kimi getmirdi.
Elşad xəstə düşəndən sonra daha evlə də maraqlanmırdıq. İndi vacib məsələ onun səhhəti idi.
Günlər bir-birini qovur, hər şey ard-arda gəlirdi.
Qayınatam evə qayıdandan bir müddət sonra qayınanamın səhhətində qəfləti problem yarandı. Günlərin bir günü onu ağır vəziyyətdə xəstəxanaya çatdırdılar. Təcili əməliyyat olunmalı idi.
Hər gün xəstəxanaya qayınanama baş çəkməyə gedirdim. Məni İlkin aparıb-gətirirdi.
Növbəti dəfə xəstəxanaya gedəndə heç ağlıma gəlməyən bir hadisəyə şahid oldum. Biz İlkinlə xəstəxananın cərrahiyyə şöbəsinə qalxmaq istəyəndə dəhlizdə həyəcanlı vəziyyət yarandı. Tibb işçiləri qaçaraq addımlarla xərəkdə üst-başı, sifəti qan içində bir yaralı apardılar. Qarşılarına çıxan hər kəsə:
– Yol verin! Yol verin! – deyərək yaralını cərrahiyyə şöbəsinə çatdırmağa can atırdılar.
Onların ardınca yüyürən adamı görəndə şoka düşdüm. Bu, Rüfətin böyük qardaşı Hikmət idi. Hönkür-hönkür ağlayırdı. İlkin onu görən kimi mənə:
– Gəlinbacı, sən burda gözlə, – deyib həyəcanla Hikmətə yaxınlaşdı.
Hikmətin ona dediklərini eşidəndə qulaqlarıma inanmadım. Rüfət sərxoş halda maşını yüksək sürətlə idarə edib, qəzaya düşmüşdü.
– Öz əli ilə yıxdı evini! Göz görə-görə məhv elədi özünü! Bu iki ildə bir gün olmazdı ki, içib sərxoş olmasın! Söz kar eləmədi! Axırı da bu! – Hikmət yanıqlı-yanıqlı hönkürdü. İlkin tutqun əhvalla onu sakitləşdirməyə çalışdı:
– Darıxdırma özünü! Yaxşı olar, inşallah! Allahdan ümid kəsilməz! Rəhm edər!
Mən üzümü çevirib, bir qədər onlardan aralı dayandım. İstəmirdim Hikmət məni görsün, tanısın.
Bütün bədənim yarpaq kimi əsirdi. Deməli, Rüfət onu sonuncu dəfə gördüyüm vaxtdan içkiyə qurşanıb. Həyatını alt-üst edib. Onun elə bu xəstəxanada mənə dediyi sözlər qulaqlarımda səsləndi: “Hər şeyi pul həll eləmir! Həyatda elə şeylər var ki, milyonlar xərcləsən belə əldə edə bilməzssən!”
Nədənsə onu ilk dəfə gördüyüm günün xatirəsi canlandı gözlərim önündə. Dostuna məni göstərib, həyəcanla: “Bilmirsən kimdir o qız?!” – deməsi.
Acıdım ona. Mümkünsüz olan bir yolu seçdi və məğlubiyyətini qəbul etməyə gücü çatmadı. Bu an nə qədər xoşbəxt bir bəndə olduğumu bir daha tam mənası ilə dərk etdim. Və özümə söz verdim ki, mənə aid olanların qədrini bilməliyəm.
Bir qədər sonra mən palatada, qayınanamın yanında ikən İlkin üzü buludlanmış halda palataya keçdi.
Gözləri qızarmışdı. Rəngi pörtmüşdü. Başını əllərinin arasına alıb xeyli dinməz dayandı.
Qayınanam marağını boğa bilməyib, İlkindən durğun əhvalının səbəbini soruşdu.
İlkin handan-hana onu boğan qəhərdən güclə cavab verdi:
– Dostum qəzaya düşmüşdü. İndi xəbər verdilər ki, rəhmətə getdi!
– Boyy, nə pis oldu, ay bala. Allah rəhmət eləsin!
Varlığımdan dəhşətli bir gizilti keçib getdi. Mən sarsıldığımı onlara bəlli etməmək üçün yerimdən qalxıb, pəncərənin önünə keçdim. Bu anlar bədənim uçunub gedirdi. Rüfətə qarşı artıq heç nə hiss etməsəm də, bir insan olaraq onun cavan yaşında, özü də belə faciəli şəkildə dünyasını dəyişməsi mənə təsir etməyə bilmədi.
Həmin günü bu xəbərin təsiri ilə başa vurdum. Ertəsi gün Elşad gəlib çıxdı. Elə bildim dünyanı mənə bağışladılar. Körpə uşaq atasının üstünə qaçan təki Elşadın qabağına yüyürdüm.
Qayınanam xəstəxanadan çıxandan sonra ona mən qulluq edirdim. İynə-dərman edir, yeməyini öz əlimlə yedirdir, çimdirirdim. Vəziyyəti bir bardaq suyu götürüb içməyə də imkan vermirdi.
Bir gün su düzəldib, qoluna girib, onu hamama yuyundurmağa aparmışdım. Yarası hələ sağalmamışdı deyə ehtiyatla davranırdım. Suyun necə olduğunu, onu yandırıb-yandırmadığını soruşanda arvad günlərdən bəri onu sıxan, ona əzab verən vicdanının sükutunu pozdu. Heç gözləmədiyim bir şəkildə hönkür-hönkür ağlamağa başladı.
Heç nə başa düşməyib donub qaldım.
– Nə oldu? Yaran incitdi?
O, başını bulayıb için-için aqlamağa davam elədi.
Dayanıb onun sakitləşməsini gözlədim. Ürəyi necə dolub qabarmışdısa xeyli toxtamadı.
– Bəlkə su çox isti oldu? Bax gör necədir?
Mənə sağalmaz dil yaraları vuran, cəhənnəmi bu dünyada yaşadaraq odlayıb yandıran bu qadının canını yandırmaq istəmədim. Çünki Allahın başımın üstündə varlığını unutmaq mənə yaraşmazdı. Nə edirdimsə də Allaha xatir edirdim. Pislik gördüyüm bir insana pisliklə cavab vermək mənə xas cəhət deyildi. İstəsəm də bunu bacarmazdım. Onsuz da hər kəs bir gün Allahın qarşısında əməllərinin cavabını verəcək. Mühakimə etmək mənə düşməz.
Qayınanam ona ünvanladığım bu sualla bir daha alt-üst oldu.
– Mən bundan qaynarına layiqəm! Yandıran onsuz da bir gün yandıracaq!
Özümü eşitməzliyə vurub işimə davam etdim.
O isə biləyimdən tutub əlimi havada saxladı. Minnətdarlıq yağan baxışlarla gözlərini üzümdən çəkməyərək:
– Allah üzünü hər iki dünyada ağ eləsin! Yaxşı ki, Elşad səni bu evə gətiribmiş, – dedi.
Əlimdən öpmək istədi, buna razı olmayan bir tövrlə əllərindən tutdum. Gözləri doldu. Əzab dolu bir ifadə ilə köks ötürdü.
Qayınanamdakı bu müdhiş dəyişikliyə artıq təəccüblənmirdim. O, əməliyyata gedərkən mənə vəsiyyət edib: “Oğlanlarım sənə əmanət! Mənə bir şey olsa, bu evdə ana əvəzisən onlara, yadından çıxartma!” demişdi.
Əməliyyatdan sağ çıxacağına gümanı yox idi. Ölümünə imza ataraq əməliyyat masasına yatmışdı.
Ertəsi gün tibb bacısı qayınanamın narkozdan ayılarkən adımı sayıqladığını mənə xəbər verəndə bir neçə qohum və İlkinlə Elşad da yanımda idilər.
Hüseynin doğum günü yaxınlaşırdı. Elşad həmin ərəfədə bir neçə günlük məzuniyyət götürməyi qərara almışdı. İndi Elşadın rütbəsi böyümüşdü. Tezliklə bir başqa hərbi hissəyə təyin olunacaqdı.
Həmin gecə evdə hamı yatmışdı, mənim isə gözümə yuxu getmədi. Elşad gəlməli idi. Amma hələ gəlib çıxmamışdı.
Həftəni güc-bəla ilə yola verib, indi də saatları ötürmək məcburiyyətində qalmışdım. Sıxıntıdan özümə yer tapa bilməyib eyvana çıxdım. Gözümü darvazaya dikib, onun gəlib çıxmasını gözləyirdim. Heç bu qədər gecikdiyi olmamışdı.
Nə qədər keçdi bilmədim. Bu anda darvazanın önündə dayanan maşın səsi məni sevindirdi. Həyəcanla qapıya baxdım. Elşad həyətə keçəndə məni eyvanda görüb, təəccübləndi. Mənsə pilləkəni uça-uça endim. Yüyürüb, boynuna sarıldım.
Elşad belimi qucub, məni bir az da özünə sıxdı. Və hər zaman etdiyi kimi alnımdan öpüb, o məğrur baxışları ilə gözlərimin içinə baxdı:
– Necəsən?
– Çox pis!
– Niyə? Nə olub?
– Gəlib çıxmadın, narahat oldum.
– Hərbi hissədən gec çıxdım. Gec düşdüm yola. Bu vaxtı, bu soyuqda burada niyə dayanmısan?
– Yata bilmədim.
Bunu deyib Elşadın qoluna girdim. Onunla birlikdə evə doğru getdik. Elşad Hüseyni xəbər aldı:
– Admiral neyləyir? Yatmış olar!
– Hə, çoxdan.
Evdəkiləri oyatmadan səssizcə öz otağımıza keçdik.
Elşad şirin yuxuda olan Hüseyni məhəbbətlə süzüb, ona tərəf əyildi. Üzündən öpüb, ətrini, qoxusunu ciyərlərinə çəkdi.
– Nəfəsim!
Sonra qaşının birini adəti üzrə alnına qaldırıb gözucu məni süzdü. Buşlatını ləng bir hərəkətlə soyunub, mənə uzatdı. Almaq istəyəndə biləyimdən yapışıb qəfildən özünə çəkdi.
– Biz neyləyək? – Baxışları bədənimdə gəzdi.
– Birbaşa hamama! – Tərs-tərs onu süzdüm. – Başdan-ayağa siqaret qoxuyursan!
– Vəssalam da. – Elşad üz-gözünü turşutdu.
– Bu kökdə yatağa girməyinə icazə verə bilmərəm.
Elşad bu sözümə bənd imiş kimi dərhal şərt qoydu önümə:
– Onda zəhmət çək, gəl, özün yuyundur məni! Yoldan gəlmişəm!
Çox keçmədən Elşadın ardınca hamama getdim. Mən içəri girəndə o, əlini ürəyinin üstə qoyub, halsız halda dayanmışdı. Arabir üz-gözünü turşudub ufuldayırdı. Onu belə görəndə heyrətdən gözlərim iriləndi.
– Elşad! Nə oldu?
Yaxşı görünmürdü. Dillənməyə qüvvəsi çatmadı. Əlinin işarəsi ilə məni yanına çağırdı. Çaşıb qaldım. Həyəcanla tez ona yaxınlaşdım:
– Yaxşısan?
“Yox” mənasında dilini nırçıldatdı. Bir az da ikiqat əyilib fısıldadı. Canımı qorxu bürüdü. Özümü daha da itirdim. Onu dikəltməyə çalışaraq:
– Ağrın var? Qurban olum, məni qorxutma!
– Boğuluram. Havam çatmır. – Elşad dişlərini bir-birinə sıxaraq güclə dilləndi.
– Gəl, çıxaq bayıra! Dərman gətirim, iç!
– Yox.
Mən bir az da təlaşlandım:
– Necə yox? Görürəm axı, yaxşı deyilsən. Gəl! – Qoluna girib onu tələsdirdim. Sözüm ağzımda qaldı. Bu anda duş açıldı və su şırnağı təpəmdən aşağı axıb məni büsbütün islatdı.
Mən diksinib, suyun altından geri çəkilərək çaşqın baxışlarla Elşada baxanda o, cəld belimdən yapışıb, məni özüylə bərabər təkrar suyun altına saldı. Bir həmlədə özünə doğru çəkib, dəli bir ehtirasla yanıqlı-yanıqlı öpməyə başladı.
Sən demə, mənə kələk gəlirmiş. Mən narahat halda onunla maraqlandığım vaxtda onun bir əli duşun düyməsində imiş.
Bir yandan onun nəfəs kəsən öpüşü, bir yandan da üzümə vuran su şırnağı məni az qala boğurdu. Hiddətlə sinəsindən vurub itələyərək əlindən çıxdım.
– Çox pis oğlansan, Elşad! Bax da, gör nə etdin! – Məni saran hirslə su süzülən geyimimi göstərdim. – Off!
Elşad gülə-gülə barmağını dodaqlarına apardı.
– Sus. Səs yayılır, milləti oyadacaqsan. Belə götürsək, heç sən də yaxşı qız sayılmazsan.
Onun gülməyi məni cin atına mindirdi:
– Sənə bir də ürəyim yansa!
– Mənə nə vaxt ürəyin yanıb ki, sənin! – Elşad yolumu kəsib, hamamdan çıxmağımı əngəlləyərək cəld qapını içəridən bağladı. – Ürəyin yansa, bir günlük evə gəlirəm, məndən uzaq gəzmərsən.
Futbolkasını əynindən çıxardı. Güləş bir ifadə ilə mənə doğru gəldiyini görüb, Hüseyni ona xatırlatmaq istədim:
– Uşaq.
Elşad məni dinləmədi. İrəli yeriyib, məni tutdu:
– Əşi, uşağın ən körpəsi burdadır, yanında. Diqqət bu dəqiqə mənə lazımdır. Oğlum atasını başa düşər.
Zorla dodaqlarımdan öpərək məni təkrar suyun altına saldı. Və qınaqla dedi:
– Qardaşım mənimlə quda olmaq istəyir. Sən hələ nə fikirləşirsən? Üzüqara qalım qardaş yanında?
Sözlərinə məni gülmək tutdu.
O isə islanıb üzümə yapışmış saçlarımı əliylə arxaya doğru hamarladı. Gözlərini gözlərimə dikib, uzun, dərin bir baxışla mənə baxdı. Bədənimdə gəzən əlləri belimi sıxdı. Su süzülən dodaqları atəşli-atəşli boynumu, boğazımı öpdü.
(Ardı var)