Seymur Kazımov
2013-cü ildə Tbilisidə bir media tədbirində jurnalistin vətəndaş mövqeyi ilə bağlı müzakirə keçirilirdi. Paneldə Azərbaycan, Belarus və Gürcüstandan media menecerləri təmsil olunurdu. Gürcünü çıxmaq şərtilə, digər ikisi jurnalisti siyasətçi kimi avtoritarizmlə mübarizəyə səsləyirdi. Bu iki nəfərə həmin tədbirdə olan başqa bir həmyerlimiz dəstək oldu. Müzakirələr zamanı jurnalistin siyasi proseslərin iştirakçısına çevrilməsinin yolverilməz olduğunu dedim, çünki jurnalist öz işini peşəkarcasına görməli və media etikasına əməl etməlidir.
Bu mövzu günümüzdə də aktualdır və hələ də müzakirə olunur. Bəzi həmkarlarımız avtoritarizmlə mübarizədə adına demokratik düşərgə dedikləri təbəqənin nöqsanlarına göz yummağı da jurnalistlərdən tələb edirlər.
Jurnalistdən vətəndaşlıq mövqeyi tələb edən digər qrupun isə gözləntiləri tam fərqlidir: milli maraqları, milli təhlükəsizliyi, milli dəyərləri, azərbaycançılıq məfkurəsini qorumaq, ölkə haqqında neqativ danışmamaq, “xarici dəyirmanlara su tökməmək”.
Buna görə də əksər hallarda bəzi peşəkar və tərəfsiz jurnalistlərin vətəndaş mövqeyi hay-küyün içərisində itib-batır.
Jurnalistin vətəndaş mövqeyi olmalıdırmı? Suala qısa, eyni zamanda uzun cavab vermək mümkündür. Amma “vətəndaş mövqeyi” deyilən anlayış da iki yerə bölünür.
Birincisi, jurnalist yaşadığı ölkənin vətəndaşı olduğu üçün onun mövqeyinin olması təbiidir. O, seçkilərdə iştirak edir, vergi ödəyicisidir, həqiqi hərbi xidmət keçir, dövlət qurumlarına sorğular göndərir və s.
İkincisi, bilavasitə siyasi məsələlərlə bağlıdır. Siyasi proseslərə cəlb olunmuş şəxslərin jurnalistlərdən fövqəladə gözləntiləri var. Bunu da onunla əlaqələndirirlər ki, yaşadığmız ölkədəki vəziyyət bunu tələb edir… və gözləntilər reallaşmayanda media nümayəndəsi barədə neqativ fikir formalaşdırılır.
Jurnalist bu zaman nə etməlidir? Jurnalistin ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalması mümkün deyil. Ancaq bu məqamda jurnalistin sərgiləyəcəyi vətəndaş mövqeyi siyasi fəallarla sinxron təşkil etməli deyil. Vətəndaş mövqeyi deyildikdə jurnalistin işinə vicdanlı yanaşması nəzərdə tutulur – yalan yazma, yalan danışma, faktları təhrif etmə, obyektiv ol, bütün tərəflərə bərabər imkanlar yarat və s.
Həkim müalicə etdiyi xəstəyə, müəllim dərs dediyi şagirdə potensial pul mənbəyi kimi baxmırsa, bina, körpü tikən mühəndis işinə vicdanla yanaşırsa, qum, çınqıl və yaxud sementdən oğurluq etmirsə, polis günahkarı qoyub günahsızı cəzalandırmırsa, məhkəmə ədalətli hökm çıxarırsa… deməli, öz vətəndaşlıq mövqeyini yerinə yetirmiş olur. Eləcə də jurnalist.
Jurnalistin nümayiş etdirəcəyi mövqe onun karyerasına mənfi təsir göstərməməlidir. O, maksimum dərəcədə neytrallığını qoruyub saxlamalıdır. Çünki jurnalist işıqlandırdığı subyektlərdən asılı olmadığı kimi, hadisələrin də təsiri altına düşməməlidir.
Demokratik prinsiplərin geniş yayıldığı bir ölkə təsəvvür edək: burada bütün peşələr kimi jurnalistika üçün də zəruri imkanlar var. Məsələn, söz və mətbuat azadlığı var, təzyiq, təqib yoxdur, kimsə hədələnmir, həbs olunmur, üstəlik, maaşlar yüksəkdir. Bir sözlə, orta statistik jurnalistin işləməsi üçün münbit şərait yaradılıb. Sizcə, bu cəmiyyətdə yaşayan insanlar həqiqət axtarışında deyillərmi, onlara informasiya lazım deyilmi? İstər dünyanın ən demokratik, istərsə də ən avtoritar ölkəsində olsun, jurnalistika hər zaman bir məqsədə xidmət edir – reallığı üzə çıxarmağa. Yəni jurnalistin işi vəziyyətə uyğun davranmaq deyil, həmin vəziyyəti olduğu kimi işıqlandırmaqdır, çünki jurnalist konkret şəxslərə, qruplara yox, bütöv cəmiyyətə xidmət edir. Ayrı-seçkilik etmədən.
ABŞ-da nəşr olunan “Daily Tribune” qəzetinin keçmiş baş redaktoru Maykl Hartner deyib: “Jurnalistlər dünyanı dəyişməyə can atmamalıdırlar. Dünyanı dəyişmək istəyirsinizsə, ana olun, müəllim, ya da siyasətçi olun, çünki jurnalistin işi araşdırmaq, açıqlamaq, dünyanı göstərməkdir”.
Müəllifin başqa yazıları:
Jurnalistika fakültəsi və “qabiliyyətli” tələbələr
Ədəbi dil normalarına əməl etməklə yalan danışmaq olarmı?
Jurnalist seçim qarşısında: vicdan, yoxsa pul?
Medianın yaratdığı “qəhrəman” və “düşmən” obrazlarının cəmiyyətə təsiri
Sosial medianın ənənəvi media üzərində qələbəsinin əsas səbəbləri
Azərbaycanda media niyə biznesə çevrilə bilmir?
“Ölü jurnalist material hazırlaya bilməz”
İtkin düşən alpinistlər, mübahisə edən nazirliklər, susqun media və bloqçular
Peşəkar jurnalist olmağın yükü… Azərbaycanda
Azərbaycan televiziyalarının seçki reallıqları
Medianın “həqiqəti üzə çıxarmaq” problemi
Gənc jurnalistləri kimlərdən qorumalı?
Mətbuat Şurasının qurultayı nə ilə yadda qaldı?
Keyfiyyətli jurnalistika tədrisinə necə nail olmalı?
Tənqidə dözümsüzlük problemi və onun fəsadları
Sosial medianın qanuni yollarla inhisara alınması
Təhlükəli tendensiya: jurnalistin siyasətə qarışması