Mətanət Natiq
Ana, sənin üçün darıxıram. Səsin üçün, o saçlarımı oxşayan əllərin üçün darıxıram. Kaş sənli günlərimə qayıda biləydim.
Bizi çox əziyyətlə böyütdün. Başımıza pərvanə kimi dolandın. Ən əziz tikəni bizə yedirtdin. Hələ də sənin barmaqlarını saçlarımda hiss edirəm. Səhərlər bizi məktəbə yola salmaq üçün səsləməzdən əvvəl çarpayının yanına gələr, barmaqlarınla saçlarıma toxunub tumarlayar və yavaşca: “Dur, məktəbə gecikərsən” deyərdin.
Sən bizim çox savadlı olmağımızı istəyirdin. Məktəbdə valideyn iclasından həmişə razı qayıdırdın. Bizim yaxşı oxumağımızla fəxr edirdin, ana. Yadımdadır, bacım instituta daxil olanda çox sevinmişdin, nəzir də vermişdin. Kaş uğurlarımızı da görəydin. Əminəm ki, gözlərin sevinc yaşlarıyla dolardı. Amma bunların heç biri olmayacaq. Sən bizə acımadan tərk edib getdin. O nakam getmiş balanın yanına. Sən hər gün nakam getmiş balanın qəbrinə gedər, saatlarla o qəbrin yanında oturardın. Elə bil NATİQ təzədən gələcəkdi. Bilirsən, ana, indi də qəbrin ətrafında öz əllərinlə əkdiyin o nərgiz gülləri açır. Həmin nərgiz gülləri indi çoxalıb, sənin də qəbrinin yanında çıxır. Bircə sən yoxsan, ana…
Şəkər xəstəsi ola-ola dərman içmədin, yemək yemədin, öz qəsdinə durdun. Bizim sənə ehtiyacımız olduğu halda elə sakitcə köçüb getdin həyatdan. Hələ zavallı atamı demirəm. Sən dünyanı dəyişəndə atamın bir qırağa çəkilb hönkür-hönkür ağladığını gördüm. Mən elə bilirdim kişilər heç ağlamırlar. Səndən sonra atam qocaldı, beli büküldü, sonra o da köçüb getdi. Sən ona həyat yoldaşı olmaqla bərabər həm də arxa-dayaq idin. Onun dayağı uçmuşdu.
Çox sənsizəm, ana, ürəyimdə o qədər sözüm var ki, sənə. Yadıma bağa köçdüyümüz günlər düşür. Hər axşam bizi məhəllə uşaqlarıyla birlikdə o Ləhəc bağlarının qayalıqlarına aparardın. Qayanın üstündə oturub dənizdə günəşin batmasına baxardıq. O vaxt heç ağlıma gəlməzdi ki, sən bir vaxt yanımda olmayacaqsan. Onda çox xoşbəxt idim. Çünki sən vardın, atam vardı, qardaşlarım vardı. İndi isə ancaq şirin və kədərli xatirələr qalıb sizdən. Şirin və kədərli xatirələr…
Televiziyada Zeynəb Xanlarovanı, Məmmədbağır Bağırzadəni göstərəndə sən düşürsən yadıma. Çünki sən onların ifasını çox sevərdin. Zeynəb Xanlarovaya saatlarla qulaq asardın. Zeyəb xanım indi də oxuyur. Yalnız sən yoxsan, ana…
Qəbrini ziyarət etmək belə məni sakitləşdirmir. Mən qəbristanlıqdan həmişə qorxardım. Ən sevdiklərimi itirəndən sonra öyrəndim qəbristanlıqdan qorxmamağı.
Eh, bir də o illərə dönə bilsəm…
Müəllifin başqa yazıları:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim
Atılmış
Göz yaşı və biganəlik
Örnək adamlar