Firuzə DAVUDQIZI
***
GÜNLƏR ÖTDÜ.
Aradan keçən bu müddətdə mən cəmi bir dəfə atama baş çəkməyə getmişdim. O, xəstəxanadan çıxsa da həkim nəzarətində idi.
Artıq bir müddət idi ki, Elşad da müalicəsini evdə davam etdirirdi. Yeriyə bilmədiyi üçün qoltuq ağacının köməyilə addım atırdı.
Bəzən otağa keçəndə onun yuxuya getdiyini görür, dayanıb bir xeyli ona baxırdım. Möcüzənin həqiqətən olduğuna bu anlarda bir daha inanırdım. Çünki gözlərim məni daha aldatmırdı. Bu Elşad idi və qayıtmışdı, bizimlə idi. Ayrı vaxt canımdan çox sevdiyim bu insanın ayağına daş toxunsa, barmağına tikan batsa qəlbim inciyərdi, ürəyim sızlayardı, amma onun yoxluğu o bir neçə gündə gözümü necə qorxutdusa yaralı qayıtmağına da sevindim. Nəfəsi gəlir deyib, Allahıma şükür etdim. Mərminin parçaladıqı, qanı süzülən vücudunun tapılmasına qurbanlar kəsildi. Həyatın gərdişinə, təzadına bax!
Evdəki ab-hava ağlagəlməz sürətlə dəyişmişdi.
Elşad evə qayıdandan bəri qayınatam mənə “Balam” deyə müraciət edir, nə lazım olsa məndən istəyirdi.
Qayınanam da bizə münasibətdə xeyli dəyişmişdi. Mənimlə inanılmaz dərəcədə mülayim davranır, acılamırdı. Hətta oğlunun vəziyyətini tez-tez məndən xəbər alırdı. Ağrıyıb-ağrımadığını, yatıb-yatmadığını soruşa-soruşa mənimlə ünsiyyət qurmağa çalışırdı.
Bilmirdim bu vəziyyət nə qədər davam edəcək, amma oğlunun başına gələnlər sanki bir dərs olmuşdu.
Elşadın hələ də anasıyla kəlmə kəsməməsi, gözünün ucuyla belə onun üzünə baxmaması qadını talan edirdisə də, o buna qatlanırdı. Çünki öz günahını bilirdi. Və oğlu ilə aralarındakı buzu əritmək, Elşadın qəlbini yenidən qazanmaq üçün o, bütün səyi ilə mübarizə aparırdı.
Elşad yuxuya gedən kimi yaxınlaşıb ehmalca onun saçlarını sığallayır, üzündən öpürdü.
Beləcə günlər bir-birini qovurdu.
Bir gün evdə üçümüz idik. Elşad, Hüseyn və mən.
Elşad məni çağırdı. Səsini duyub yanına getdim:
– Kömək elə çıxım təmiz havaya. Səbrim tamam tükəndi.
Xəstə yatağında yatmaqdan bezib usanmışdı. Ona ayağa qalxmağa, evdən çıxmağa kömək etdim. Qoltuq ağacına dirsəklənib addımlamağa çalışanda, pilləkəni enəndə o biri qolunun altına girib belindən yapışdım.
Öz vəziyyətindən cana doymuş Elşad şikayətlənməyə başladı:
– Vay dədə, vay! Nə vaxt normal həyata qayıdacam mən? Evdə oturmaqdan ürəyim partladı.
– İnşallah, az qalıb. Bir az da səbir et. Nələrə dözmüsən, buna tab gətirə bilmirsən? Şükür bu günə.
O, ağırlığını mən tərəfə salmamağa çalışırdı. Üz-gözünü turşutdu:
– Özümü bu vəziyyətdə təsəvvür edə bilmirəm. Bu da məni sıxır. Bircə onu bilirəm ki, bu dəfə dəqiq bezdim canımdan. Bu kişi işi deyil.
– Belə sözlər demə. Başa düşürəm səni, amma bu səndən asılı olan bir iş deyil. Niyə özünü qınayırsan?
Biz həyətə enəndə Zeynalı gördük. Nə vaxt gəldiyini bilməmişdik. Elşad qardaşını görən kimi qolunu dərhal çiynimdən götürüb, baxışları ilə onu buraxmağımı işarə etdi.
– Özüm gedərəm, – dedi.
Mən əlimdə tutduğum o biri qoltuq ağacını da Elşada verdim.
Zeynal qardaşının necə əziyyətlə addımladığını görsə də ona kömək etmək üçün yerindən qımıldanmadı. Bu insan sinəsinin altında sanki ürək yerinə soyuq, qara bir daş gəzdirirdi.
Mənim Zeynalı görər-görməz dəyişən ifadəm, çatılan qaşlarım, tutqun baxışlarım Elşadın yenə diqqətindən yayınmadı.
Bu vəziyyətlə o, xəstəxanadan çıxıb evə gələndən tez-tez rastlaşırdı deyə səbəb onu düşündürürdü, amma hələ ki, bu mövzuda sual vermirdi.
Mən Zeynalı görən kimi bir bəhanə ilə məkanı tərk edir, onun gözü önündə dolanmır, o oturan masanın arxasına keçib əyləşmirdim.
Elşad çardağın altındakı skamyada yenicə oturub özünə gəlməyə çalışırdı ki, bu vaxt İlkin həyətə girdi. Üzündə gərgin bir ifadə var idi. İti addımlarla birbaşa Zeynalın üstünə yeridi. Və heç kimin gözləmədiyi bir şəkildə ona yumruq ilişdirdi. Zeynal bu qəfil həmlədən altındakı stulla birlikdə aşdı. Çaşıb qaldıq. Heyrət və təlaşla əlimlə ağzımı tutdum.
– Alçaq! Şərəfsiz! Kim sayırsan sən özünü! – İlkin gərgin tonda ona bağırdı.
– İlkin! – Elşad üzündə sərt ifadə, qardaşına səsini qaldırdı. Və eyni zamanda mənə: – Sən evə keç, – dedi.
Mən belə bir məqamda Elşadı burada atıb getməyə ürək etmirdim, o isə burada istər-istəməz işlənə biləcək hər hansı bir söyüşü, təhqiramiz ifadəni mənim eşitməyimi istəmirdi. Xüsusilə də qardaşlarının dilindən.
İlkin necə qəzəblənib özündən çıxmışdısa Elşadı dinləmədi. Əsib coşa-coşa ağzından çıxanı Zeynala deməyə başladı.
Sakit və mülayim təbiətli İlkini birinci dəfə idi belə əsəbi və gərgin görürdüm.
Zeynal yerdən qalxıb əliylə çənəsini ovuşdura-ovuşdura:
– Böyümüsən? – deyə kinayə ilə qardaşına sual verdi.
Elə bildim onu vuracaq, amma vurmadı.
İlkin ona baxa-baxa hirsindən dilini-dodağını gəmirdiyi halda Zeynal bunu görmürmüş kimi öz sualını özü də cavablandırdı.
– Maşallah, böyümüsən! Görürəm, artıq əl-qolla danışırsan mənimlə!
Elşad tərs-tərs İlkini süzdü:
– Bu nə hərəkətdir? Heç utanırsan?
– Bəli utanıram! – İlkin hiddətlə səsini qaldırdı. – Belə qardaşım olduğu üçün utanıram! Bu insan deyil! Başının gülləsi əskikdir! Kişi bunu eləməzdi!
– Kəs səsini! Qoduq! Cükküldəmə!
Zeynal bunu deyəndə İlkin özünə hakim ola bilmədi. İrəli cumub ona bir yumruq da ilişdirdi.
Elşad bunu görəndə bir anlıq nə vəziyyətdə olduğunu unutdu. İlkinə mane olmaq üçün qeyri-ixtiyari yerindən qalxıb yaxasından yapışaraq bir həmlədə onu hirslə kənara itələdi.
– Çaşmısan, sən?! – deyə ona bağırdı. – Özünə gəl!
Lakin ayaq üstə sərbəst dayanmağa çox davam gətirə bilmədi. Dəhşətli bir ağrı qopub bütün vücuduna yayılanda:
– Axxx!.. – deyib, əzab içində arxasındakı skamyaya çökdü. Əliylə yarasının üstünü tutdu. Dişlərini bir-birinə sıxıb tab gətirməyə çalışdı. Lakin sakitləşə bilmədi.
– Elşad! – deyib, yarı yoldan qayıtdım, həyəcanla tez yanına yüyürdüm.
İlkin də duruxdu. Amma Elşadı belə görəndə Zeynala olan qəzəbi bir az da qaynayıb coşdu.
– Ölməli adamsan sən! Haram olsun sənə olan yaxşılıqlar! Əvəzini belə ödədin? Necə baxa bilirsən qardaşın gözünün içinə?!
– Nə eləmisiniz, ayə, mənə? – Zeynal qardaşının üzünə durdu. – Nə minnət qoyursan mənim boynuma?
– Bəlkə öz şotuna fırlanırdın içəridə? Bəlkə öz gücünə salamat qalmısan? Atamla Elşad olmasaydı, səni içəridə bir günün içində əzərdilər, alçaq! Sinəni qabağa verib, genələ-genələ “Mən yaxşı oğlanam” deməklə deyil!
– Arvad kimi qaxınc qaxma mənə, get işinlə məşğul ol! Ana uşağı! Kişi olub mənimçün! Sən nə vaxt böyüdün ki, indi məni divara dirəyirsən?!
İlkin ağzını doldurub nəsə demək istəyirdi ki, Elşad ağrıdan qıvrıla-qıvrıla qardaşlarına səsləndi:
– Bəsdirin! Yığışdırın özünüzü! İlkin, sus! Sakit ol!
– Elşad, ürəyim partlayır! Sən bu alçağı yaxşı tanımırsan!
– Sus dedim! Həddini aşma!
– Sənin bu əclafın elədiyi qələtdən xəbərin yoxdur! Deyə bilmirəm! Adını kişi qoyub, kişilikdən bixəbər! – İlkin üsyan etdi.
– Qoduq! Nə çərənləyirsən? – Zeynal İlkinin üstünə yeridi. – İş verməyə gəlmisən? – Və mənim burada olduğumu nəzərə belə almadan təhqiramiz söz işlətdi.
– Bəsdir! Ağzınıza gələni danışmayın! – Hövsələsi daralmış halda qardaşlarına səsini qaldıran Elşad canının ağrısını qovmaq üçün əliylə üz-gözünü ovuşdurdu. Sonra mənə çəmkirdi. – Sənə evə keç dedim!
Elşadın iradından sonra İlkinin gözü yalnız indi mənə sataşdı. Baxışlarımız onunla toqquşanda həmin gecə Zeynalın etdiklərini Elşada açıb deməsin deyə az qala imdad diləyirmiş kimi baxışlarımla ona yalvardım.
İlkin od tutub yanırdı. Rəngi pörtmüşdü. Mən də bunu ondan istəyəndə o, nə məndən keçə bildi, nə də haqsızlığı qəbul etməyə gücü çatdı. Çıxılmaz vəziyyətdə qaldığı üçün hirsindən yanındakı stullardan birinə təpik atdı. Hiddətlə üzünü çevirib getdi.
– İlkin! – Elşad bir neçə dəfə arxasınca ona səslənsə də o, dinləmədi. Küçəyə çıxanda darvazanın qapısını zərblə çırpdı.
– Quzu kəsim qeyrətinə! – Zeynal istehza ilə onun arxasınca dilləndi. – Böyük şəhər bizim bu südəmərin gözünü əməlli-başlı açıb! Kişi qırığı!
Elşad tərs-tərs Zeynalı süzüb, əlini şalvarının cibinə atdı. Əli boşa çıxınca dərhal məni səslədi:
– Ay qız! Siqareti gətir!
Siqaret qutusunu gətirib Elşada uzatdım.
O, qanıqara halda siqaret dənəsini çəkib götürdü, damağına qoyub yandıra-yandıra deyindi:
– Əcəb, yaxşı hava aldım!
Bu vaxt Zeynal heç nə olmamış kimi başımın üstündən əlini uzadıb skamyanın üstündəki siqaret qutusunu götürdü. Və birini damağına, o birini qulağının arxasına keçirdi.
Altdan-altdan onun davranışlarını izləyən Elşad qardaşının dünya-aləmi vecinə almayan, yalnız özünü düşünən bu xarakterinə narazılıqla ağır-ağır başını buladı. Sanki bu qədər sözün heç biri ona deyilməmişdi.
Zeynaldan xəbərsiz gözucu nifrətlə onu süzüb, durmayıb Elşadın yanından ayrıldım.
Mən bu insanı görməyə, onunla hər gün üz-üzə gəlməyə, səsini duymağa tab gətirə bilmirdim. Özümü cəhənnəmdə hiss edirdim.
İlkin evə bir də axşamüstü qayıtdı. Elşad tapşırmışdı o, evə gələndə xəbər edim və bir neçə dəfə də gəlib-gəlmədiyini soruşmuşdu. Bilirdim bu məsələnin yerinə çatmayınca rahat olan deyil. Mən isə yeni bir qalmaqalın düşəcəyindən ehtiyatlanıb Elşadın bundan xəbər tutmasını istəmirdim.
Bu məsələni yalnız üç nəfər bilirdi. Nazilə və Etibar heç vaxt belə iş tutmazdılar. Bunu ancaq bir nəfər xəbər vermiş olardı, o da Elşadın xalası idi. Həmin gecə Zeynalın tutduğu işə şahid olmuşdu. Və bir neçə saat bundan əvvəl İlkin anasını həmin bacısının evinə aparmışdı. Bu məsələni də orada öyrənmişdi.
Məni düşündüyü üçün, mənə ürəyi yandığı üçün deyil, yenə də aləmi bir-birinə vurmaq üçün bunu İlkinə demişdi. Çünki hamısı Elşadın təbiətinə bələd idi. Bəlkə də iki qardaş arasında təsəvvür etmək istəmədiym bir vəziyyət yaşana bilərdi və nəticədə yenə də səbəbkar mən olacaqdım. Günahım olmadığı halda təkrar günahkar vəziyyətə düşəcəkdim.
Amma məcburən İlkinin gəldiyini Elşada xəbər verməli oldum.
Bir qədər sonra Elşad qardaşının otağına keçib qapını arxasınca örtəndə ürəyim əsə-əsə qapıya yaxınlaşdım. Həyatda qəbul edə bilmədiyim bir şey vardısa, o da iki nəfərin söhbətini xəlvətcə dinləmək idi. Amma indi o vəziyyətdə idim ki, özüm belə bir iş tuturdum, çünki bu söhbətin bir ucu mənə bağlı idi.
Qapının arxasından Elşadın səsini duydum:
– Nədir dərdiniz? Nəyi bölə bilmirsiniz? Ayıb deyil? Yaraşır sənə bu hərəkət? Özündən böyüyə hücum edirsən! Bu qədər çaşmısınız ki, evdə qadın var, ayıbdır, day bunu da nəzərə almırsınız?
İlkindən səs çıxmadı. Mən isə İlkin həqiqəti gizlətsin deyə ürəyimdə Allahı köməyə çağırmağa başladım. Elşadın səsinə diksindim:
– Söz soruşuram səndən! Bəlkə dillənib bir kəlmə cavab verəsən?
– Sən fikir vermə.
– Necə fikir vermə, a kişi. – Elşad istər-istəməz özündən çıxdı. Səsini qaldırdı. – Boş yerə idi çıxartdığınız şəbeh? O söhbətdə mənim də adım hallanırdı. Əlbət, var da bir səbəbi. Nə olub, nə baş verib?
İlkin dillənmədi.
– Bu nə məsələdirsə, axır bir gün yerinə çatacam, özün də bunu gözəl bilirsən. Yaxşısı budur bəri başdan özün de.
Ürəyim bir az da əsməyə başladı. Artıq Elşadın məni necə sorğu-suala tutacağını gözüyumulu bilirdim. Şəkk-şübhəsiz.
Bir qədər sükutdan sonra İlkinin qanıqara halda Elşada verdiyi cavabı duydum:
– Sənin-mənim adımdan gedib borc istəyib, pul alıb camaatdan. Onlar da gəlib üstümə ki, pulumuzu verin.
İlkinin uydurduğu yalan çiyinlərimdən ağır bir yük qaldırdı sanki.
– Buna görə hirs vurdu başıma. Sən narahat olma, mən həll edəcəm, – dedi İlkin.
– Kimdən? Nə qədər? – Elşad şübhəli-şübhəli soruşdu.
– Fərqi yoxdur nə qədər. Sən tanımayacaqsan, tanışımdır. Bizim adımızdan danışdığı üçün beynim çöndü birdən. Biabır edib də bizi millətə! Bir də belə qələt eləsə…
– Neyləyək, ataq çölə? Pis də olsa bizimdir, yaxşı da olsa.
– O, atar! – İlkin Elşadın sözünü ağzında qoyub çəmkirdi. Atıb sözünü dilinə gətirə bilmədiyi üçün bir az da gərildi. – O insan heç kimi, heç nəyi nəzərə almaz, bunu edər. Bu qədər saf, ürəyi yumşaq olma!
– O özündən başqa heç kimə pislik eləmir, nə edirsə özünə edir.
İlkin Elşadın sözünü kəsib, qəti səslə dedi:
– Bilirsən nə var? Sağal, qalx ayağa, bir balaca özünə gəl, nə qədər ki, əlin-ayağın iş tutur, gələcəyini düşün. Özünə bir gün ağla. Atamın sözünü nahaq yerə salırsan. Kişi əlbət ki, nə dediyini bilir. İrəlini düşünür. Baxır bu əclafa, qorxduğundan qorxur. Ailəni-uşağını götür, vaxt ikən çıx burdan. Öz həyatını yaşa, baş-qulağın dinc!
Elşadın səsi çıxmadı.
(Ardı var)