Aynur MƏSİMOVA (TƏMKİN)
Şahanə çilçıraqlı geniş zala girəndə qonaqları görüb tutuldu. Ancaq onlarla görüşməyə bilmədi. Zöhrə xalanın xətrini çox istəyir, ona hörmət bəsləyirdi. Onların gəlişi Şahanənin ürəyincə olmasa belə qonaqlara pis münasibət göstərmək istəmədi. Mahizər arvad könülsüz halda Şahanəylə görüşüb, başını aşağı salıb oturdu. “Haqqüçünə, qız dumduru su kimidir” deyə könlündən keçirdi. “Amma neyləyim, mən evimdə boşanmış birisini gəlin görmək istəmirəm. Hələ uşağı olanı heç istəmirəm”.
Zöhrə arvad Şahanəni öpüb oxşasa da Şahanə onun hərəkətlərində bir soyuqluq duydu. Lakin bunu büruzə vermədi. Onsuz da bu işin axırı olmayacaqdı. Nihal gələn qonaqların elçi olduğunu anlamışdı. Lakin Şahanə gələnə qədər elçilərin Səbinə üçün gəldiyini fərz etmişdi. Biləndə ki, qonaqlar Şahanə üçün gəliblər, hiss etdirmədisə də daxilən buna sevindi. Nihal çox şeyi qızına bildirməsə də dərdini içində çəkirdi: “Kişi də, mən də dünyanı tutub durmayacağıq ki. Biz nə qədər sağıq, elə sağlığımızdaykən uyğun biriylə ailə qursa, mən də gözü açıq getmərəm. Səbinə də bu gün-sabah köçüb gedəcək. Bu qız bir uşaqla təkbaşına neyləyəcək?”
Zöhrə xala çayından bir qurtum alıb könülsüz halda sözə başladı:
– Nihal müəllimə, gəlişimizin məqsədi…
Söz qadının dodaqlarından çıxar-çıxmaz Şahanə ehmalca əlini Zöhrə arvadın çiyninə qoydu:
– Zöhrə xala, gözümüz üstə yeriniz var. Qonaq kimi gəlin, xalam kimi gəlin. Amma bu gəldiyiniz niyyət üçün gəlməyin. Mənim yenidən ailə qurub ərə getmək niyyətim yoxdur. Olmayacaq da. Bu üzdən nə siz demiş olun, nə biz eşitmiş olaq.
Mahizər arvad Zöhrə xalayla, qızıyla baxışıb gözlərindəki təbəssümü gizlətməyə çalışdı. Qonaqlar daha heç bir şey söyləmədən çaylarını içib qalxdılar.
Raufun yorğun, heysiz halda pillələri qalxdığını görən kimi Kamilə eyvanın başına çıxdı. Qadın Raufun üzünə baxanda eşitdiklərinin doğru olduğunu o dəqiqə anladı. İstehza ilə onu süzüb gülməyə başladı. Rauf onun üzünə baxmadan zala keçdi. Kamilə əlinə düşən fürsətdən istifadə edərək Raufun arxasıyca yollanıb, oğlanın çənəsinin altına girdi:
– Hə, nə oldu, Rauf bəy, Şahanə xanımın ərə getməyi doğrumu? Yoxsa o elə şeylər etməz. Sənin Şahanən dünyanın ən təmiz, ən mələk qızıdır. Yox, yox, sən dünya dadlısı Şahanəni yaxşı tanıyırsan, ona güvənirsən. Hə, bax, hələ bir şey də söyləyim. Deyirlər ki, oğlan nə oğlan. Bir gözəllik, bir boy-buxun var, deyirlər iki göz istəyir tamaşasına dursun. Belə-belə işlər. Daha sən özünü yorma. Qızının da artıq sənə ehtiyacı qalmayacaq. Amma bir şeydən qorxuram. Deyirəm bu gözəl oğlan əvvəl Şahanəni alar, sonra da qızını. Bir sözlə, bir gülləylə iki quş…
Üzünə dəyən şillənin ağırlığından arxası üstə yerə yıxıldı. Dodağı partlayıb, dişi qırılmışdı. Qolu da bərk çaxılmışdı deyəsən.
– Əlin qurusun sənin, Rauf! Nə oldu, eşitdiyin sözlər ağır gəldi? Bəs nə oldu o çox güvəndiyin Şahanən gözəl, cavan, pullu birini görüb səni unutdu, eləmi? Ox, amma sənə nə oldu! Sənə hələ bu da azdır!
Raufun son damla səbri də tükənmişdi. Artıq eşitdiyi təhqirləri qaldırası güçü qalmamışdı. Kamilə həyatına girən gündən onun taleyi məhv olmuşdu. Kamilə susmaq bilmirdi. Dayanmadan ağlına gələni sayaqlayırdı. Rauf “Sus!” dedikcə qadın daha da coşur, sakitləşmək istəmirdi:
– Sənə sus deyirəm! – Rauf bağırdı. – Sus! Bax, son dəfə deyirəm, daha özümə cavabdeh deyiləm. Bir də ağzını açsan səni sürüyüb bu evdən atacam.
– Sən Allah! Niyə susum ki! Mən bura gələndən elə hey Şahanə deyib, Şahanə eşitdin. Otaqaları ayırdın, arvadım deyib arxamda durmadın. Elə bilirsən xəbərsizəm Şahanənin arxasında quyruq kimi bulanmağından? Amma sənə bu azdır. Görüm keçmiş arvadın başqasının qolları arasında kef edəndə neyləyəcəksən.
Yenidən üzünə dəyən qapaz onun hiddətini söndürməyə çatmadı. Rauf onu var qüvvəsiylə silkələyib ağzını tutmağa çalışdıqca o, daha da qızışır, dayanmaq bilmirdi:
– Bir gün anasıyla, sabahsı gün qızıyla. Dayan sən! Gör hələ nələr olacaq. Ay nə bilim Şahanə belə namusludur, belə kişi qeyrətlidir… Kiməsə baxmaz, kimləsə əylənməz… Namusluya bax! Onunla-bununla kefini çəkdi, əyləndi, indi də cavan birini tapıb, ərə gedir. Bax, Rauf bəy, sənin Şahanən qoqquş…
Aldığı növbəti zərbədən masanın üstünə aşdı. Yenidən nəsə demək istədikdə Rauf bir əliylə onun ağzını tutub sıxdı. Qadın nəfəs almağa çətinlik çəksə də durmaq bilmirdi. Səsə o biri otaqdan qaçıb gələn Gülpəri Kamiləni oğlunun əlindən almağa çalışır, lakin Raufun kəlbətin kimi möhkəm barmaqlarını onun boğazından qoparda bilmirdi:
– Burax məni, oğ… burax deyirəm sənə! İstəsən də susmayacam. Şahanən qə… biridir. Hər gün bir oğlan, bir kişi. Qızın da on beşinə çatsın, görəcəksən nə hoqqalar durğuzacaq.
Rauf Kamilənin başını divara sıxıb onu boğmağa başladı. Nə Gülpərinin zəif əlləri, nə Arazın zəhmli səsi Raufu Kamilədən ayırmağa qadir idi. Artıq Kamilə boğulub heydən düşürdü. Rauf qan çanağına dönmüş gözlərini qadından çəkmirdi. Qadının boğazını sıxdıqca sıxırdı. Qəfildən gözləri royalın üstündəki fotoya sataşdı. Sanki dəhşətli yuxudan ayıldı. Barmaqları yavaş-yavaş boşaldı. Kal, batmış səslə:
– Get yığış, rədd ol dədənin xarabasına! – dedi. – Artıq səni həyatımda bir saniyə də olsa görmək istəmirəm.
– Eləmi? Mən heç yana getməyəcəm. Səndən də boşanmayacam. Mən ölənə kimi boşanan deyiləm. Bunu elə belə də bil.
Rauf yumruğunu stola çırpıb dəhşət saçan baxışlarıyla qadını süzdü:
– Bəsdir deyirəm sənə. Yetər! Sən istəsən də, istəməsən də mən səni boşayacam. Yox, ölənə qədər boşanmayacam deyirsənsə, olsun. Mən səni öldürərəm, sənin də canın qutarar, mənim də. Əslində Şahanə olmayandan sonra mənim burada, ya zindanda olmağımın bir fərqi yoxdur. – Rauf asta-asta yaxınlaşıb yenidən Kamilənin boğazından yapışdı. – İndi rədd ol, dədənə zəng elə, gəlib səni bu evdən itirsin.
Kamilə gözləri bərəlmiş, saçları dağınıq halda otaqdan çıxdı. Əlləri əsə-əsə, bir gözü qapıda, anasına zəng vurdu.
– Atama de, gəlsin məni bu xaraba qalmış evdən aparsın!
Yarım saat keçməmiş Şaiq Camalla arvadı Əntiqə başılovlu ora gəldilər. Əsl mərəkə də bundan sonra başlandı. Arazla Şaiq balaca uşaq təki əlbəyaxa oldular. Söyüş, təhdid, təhqir… Hər iki tərəf bir-birini ittiham edirdi. Kamilə atasını görüb son cızığı aşmışdı. Raufun üstünə hücum edir, onun üst-başını yırtmağa çalışırdı. Qaynanasına ağzına gələni deyir, arvada dirsəyini göstərirdi. Əntiqə xəcalətindən başını bilmirdi hara gizlətsin. Qızına nə qədər söylənib, sakitləşdirməyə çalışsa da faydası olmurdu. Kamilə getdikcə azğınlaşırdı:
– Buna bax hələ. Q… Şahanə qədər dəyərimiz yoxdur. O əxlaqsızın adını çəkmədiyin gün yoxdur sənin. Amma mən bilirəm sizə neyləyəcəm. Bir az səbir edin. Səni də, bu dədəni də dizin-dizin süründürəcəm.
– Doğurdan? – Rauf istehzayla güldü. – Neyləyəcəksən ki?
– Sən mənim əlimdə olan sənədi nə tez unutdun, ay alçaq! Dərinizi boğazınızdan çıxartdıracam sizin! Görəcəksən! Bu ifritə, ləçər anan da sən dustağa yemək gətirəndə baxıb güləcəm. Az qalıb. Lap az!
Rauf anasının ünvanına söylənən sözə dözməyərək qarşısına keçib ona meydan sulayan Kamiləyə var qüvvəsiylə bir şillə çəkdi. Şaiq Çamal yüyürüb Raufun yaxasından yapışdı. Haray-həşirdən qulaq tutuldu. Bir yandan Gülpərinin fəryadı, o biri yandan Arazla Camalın qışqırığı ətrafı bürüdü. Səsi, harayı eşidən Arazın qardaşları tüstü kimi evə dolub, gördükləri mənzərənin qarşısında donub qaldılar. Şaiq Çamal yeznəsini hədələyir, ona hücum etməyə çalışdıqca Arazın müqavimətiylə üzləşirdi.
– Ay sənin nəcabətinin, əcdadının südünə nələt! Ə, sən kimsən ki, mənim qızımı boşayırsan? O, istəmədikcə boşanmaqdan söhbət gedə bilməz. Ə, küçük, sən bu qədər çaşmısan? Ağlın Elgizə getməsin e. Mənim qızıma nə sən, nə anan, nə dədən heç nə deyə bilməz. Sən heç deyə bilməzsən. Qoduq!
Araz nəslinin ən kiçiyi, “Cırtqoz” ləqəbi ilə tanınan Azər daha dözmədi. Cibində gəzdirdiyi silahı çıxardıb tavana atəş açdı. Araya dərin süküt çökdü. Azər silahı sağa-sola yelləyib səsi olduqca bağırdı:
– Ə, sən nə vaxtdan Məşədi Əliabbaslara iş öyrədən olmusan. Sizi tanımasaq qarşınızda baş əyərdik. Ay adam, bu kişi sənin qızını istəmir də. Zornandır? Bu uşaqdan nə istəyirsiniz? Nə zəli kimi yapışmısınız yaxamızdan? Qürurunuz olsun, rədd olun gedin. Bax deyirəm, bir də ağzınızdan artıq bir şey çıxsa, bu gülləni başınıza boşaldaram.
Rauf ehmalca əmisini kənara çəkdi:
– Dayan hələ, ay əmi. Bunlara görə əsəblərini pozma. Elə gedəcəklər ki, bir də bura dönməyəcəklər. Bir dəqiqə gözləyin. İndi gəlirəm.
Rauf otağına getdi. Bir dəqiqə keçməmiş əlində məhkəmə ekspertizasının cavabı geri qayıtdı, Kamilənin qarşısında durub kağızı ona tutdu:
– Kamilə xanım, bax, bu gördüyün kağız nədir, bilirsən? Sənin də, dədənin də azadlığı bu kağızdan asılıdır. Sən özünü çox ağıllı hesab etdin, eləmi? Sənin böyüyün, ağsaqqalın səni doğru yola çəkmək əvəzinə səninlə əl birliyi edib məni oyuna saldınız. Heç vicdanınız ağrımadan mənim günahlarımın oduna balamı yandırdınız. Amma oyun bitdi. Bura qədər.
Sonra Rauf üzünü qaynatasına tutdu:
– Bu kağız nəinki sizin, hətta dəstək verdiyiniz qızınızın da həyatını dəyişməyə yetər. Siz qızınızla əlbir-dilbir olub atamla mənim imzamı saxtalaşdırdınız.
Şaiq Camal heyrətindən donub qalmışdı. Kamilə də bunu gözləmədiyindən çaşmışdı. Artıq nə deyəcəyini, nə edəcəyini bilmirdi. Bir ara otağına keçib, sənədi olduğu yerdən götürmək istədi. Rauf onun nə üçün vurnuxduğunu anlayıb, saxta kağızı qadının burnunun ucuna tutdu:
– Bunu axtarmaq niyyətindəsən, eləmi? – Şaqqanaq çəkib güldü. – Oyunun da, sənin tarixin də bitdi. İndi cəhənnəm ol, şələ-şüləni yığışdır, get. Bu kağızın qarşılığı boşanmaqdır. Vəssalam. Daha səni nə evimdə, nə həyatımda istəmirəm. İstəmirəm! Gedib ərizəmə imzanı atmasan, and olsun qızımın əziz canına, atanı da, səni də bir dəqiqə tərəddüd etmədən tutduracam. Lənət olsun səni tanıdığım günə! Lənət! Sən mənim günahlarımsan. Cəzam ağır oldu. İndi itil get gözlərimin qabağından. Səni görəndə ürəyim bulanır.
Gecədən xeyli keçsə də o, hələ yatmamışdı. O, bu günü nə zamandan bəri gözləyirdi. Kamilənin həyatından bir ömürlük çıxıb gedəcəyi anı necə arzulamışdı, bir özü bilirdi, bir Allah. İndi artıq o, yoxdu. Lakin Rauf bu sevinci yaşamağa özündə güc tapmırdı. Kamilənin gedişi belə onun yaralı qəlbinə məlhəm olmağa yetmirdi. Rauf bu gün Şahanəni bir ömürlük itirmişdi. Qəlbi qovrulurdu. Sevgisi, qısqanclığı ruhunu bürümüşdü. Bu gün can düşmənindən nəhayət ki, xilas olmuşdu. Amma nə olsun? Qəlbi bərk yaralanmış Rauf nəyisə duymaq, nəyəsə sevinmək iqtidarında deyildi. İçi qan ağlayırdı. Var səsiylə bağırmaq, hönkür-hönkür ağlamaq istəyirdi. Bunu da bacarmırdı. Daxilindəki fırtına get-gedə böyüyürdü. Canı-cismi ruhu olmazın əzab çəkirdi. Bu gün o, sevdiyi qadını bir ömürlük itirmişdi. Hələ onda, Şahanə evi tərk edəndə içində bir ümid, bir qığılcım, yenidən qovuşmaq arzusu qalmışdı. İndi artıq o arzu da ölmüşdü. Şahanə bu gündən onun deyildi. Onun sevə-sevə qoxladığı, vurğunu olduğu saçları indi bir başqası qoxlayacaqdı. Bir zamanlar ona vurğunluqla baxan o atəşli gözlər indi başqasına baxacaqdı. O al yanaqları başqası oxşayacaqdı. İçi od tutmuşdu, yanırdı. Vücudu əzabından silkələnirdi. O bu dərdə necə dözəcəyini, necə sinə gərəcəyini bilmirdi. Rauf yalnız indi anlamışdı sevdiyi insanın bir başqasının olmasının necə əzablı, necə amansız bir hiss olduğunu. Bəlkə də ayrılandan sonra ilk dəfə idi ki, Rauf Şahənənin nələr yaşadığını daha yaxşı dərk edirdi.
Siqareti ard-ara sümürür, acısını belə çıxartmaq istəyirdi. Ayın evə düşən ziyası Raufun əzablı simasında bərq vururdu. Çöldə möhtəşəm bir gözəllik vardı. Gecənin əsrarəngizliyi insan övladının ruhunu sakitləşdirirdi. Tək Rauf bunları nə hiss edir, nə duyurdu. Bütün duyğuları kütləşmişdi. Artıq beyni düşünmək iqtidarında deyildi. Bunca vaxt Şahanəyə yenidən qovuşmaq arzusuyla yaşayan Rauf daha nəyə sarılacağını bilmirdi. Bütün baş verənlərdə yalnız təqsirkar özü olduğundan öz-özünü bağışlaya bilmirdi. Ona güvənib, ona etibar edən bir insanı yarı yolda o buraxmamışdımı? Söz verib, elə sözündən qaçan o olmamışdımı? Şahanəni qorumaq əvəzinə od-alov içində qoyub Kamilə kimi bir ilanın ağuşunda qızının anasını da unudan o deyildimi? Əzabı içini dağladıqca dağlayırdı. Sinəsi ağrıdan deşilirdi. Dili-dodağı cadar-cadar idi. Susuzluqdan ciyəri yanırdı. Amma bir udum su belə içmək iqtidarında deyildi. Özünü çəkdiyi sorğu-sual bitmək, tükənmək bilmirdi. Düşdüyü boşluqdan çıxmaq istəyirdi, amma bacarmırdı. Qolu-qanadı qırılmış, yolunu azmış qərib bir quş idi sanki.
(Ardı var)