Ay Laçın…
- 18 May 2018
- comments
- Novator.az
- Posted in ManşetTribunaYazarlar
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Soruşanda “dünyanın qurtaracağında yaşayırıq” deyərdilər. And içəndə yüz iyirmi dörd min peyğəmbərə and içərdilər, uşaqlar da gözlərini döyə-döyə böyüklərə baxıb huşa gedərdi və Həsənağa meşəsindən moruq yığmaqdan dönəndə yüz iyirmi dörd min peyğəmbərin goruna and içib söyləyərdilər ki, meşədə canavar görüblər.
Böyüklər uşaqlara inanardı, çünki sözün düzünü uşaqlardan eşitməyə vərdiş eləmişdilər. Burda həmişə uşaqlara maraqla qulaq asardılar, hər kəs özünə lazım olan sözü uşaqlardan alardı, qonşu qonşunun uşağını danışdıra-danışdıra söz çəkərdi və dünən qab-qacağı divara vurub sındıranın kim olduğunu öyrənərdi. Ona görə də hamı hər gün öz uşağına öyüd-nəsihət verərdi ki, adam evdə eşitdiyini çöldə-bayırda danışmaz, çöldə-bayırda eşitdiyini evdə danışar. Sonra sandıqda qorunan qənddandan bir tikə qənd götürüb gizlicə uşağın ovcuna qoyardılar və elə o axşam qonşunun arvadı ərinə deyərdi ki, filankəsin gədəsi yaman bicləşib, bir qırıq boyuyla yerin altını da bilir, üstünü də.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı, hər beş addımda yerin altından bir bulaq qaynayardı, bulaqlar dərə aşağı süzülüb çay qovşağına qovuşardı, dumduru Həkəri çayı axa-axa Araza tökülərdi, Araz Kürə qarışardı, Xəzərə tökülərdi, Xəzərdə şəhərin müsəlman kişiləri, xristian xanımları çimərdi, bu müsəlman kişilər, xristian xanımlar çimərlikdən qayıdıb metroya minəndə yayın cırhacırında altdan-üstdən qıfıllanmış, başına papaq, əyninə pencək geyinmiş iki nəfərin qışqıra-qışqıra nəsə danışdığını görərdilər, əvvəlcə narazı-narazı başlarını bulayardılar, sonra da bir-birilərinə baxıb gülərdilər. Elə bu vaxt Azərbaycanın qərb sərhədlərinin qurtaracağındakı rayonun mərkəzindən gündə bir dəfə kəndlərə çıxan avtobus dağların enişiylə uça-uça, yoxuşuyla zarıya-zarıya yol gedərdi, benzin iyi götürməyən arvad-uşağın ürəyi bulanardı, tez-tez maşını saxlayıb havalarını dəyişərdilər, bumbuz bulaqda əl-üzlərini yuyub özlərinə gələrdilər və tikanlı qollarını qayadan uzatmış ağacdan alça dərib dillərinin altına qoyardılar ki, ürəkləri toxtaq olsun.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Burda ancaq avtobusda arvadlar susardı, kişilər danışardı, özü də elə bərkdən danışardılar ki, elə bil bir dağdan o biri dağa hay salıb “Qoyma, mal biçənəyi tapdadı” deyirlər. Kişilərin səsi arvadların başına düşərdi, başqa vaxtsa kişilər arvadların səsindən baş götürüb qaçardılar. Həyətlərin birində dama vurulacağı günü gözləyən tirlərin üstündə oturub “Prima”nı tüstülədə-tüstülədə siyasətdən, Stalindən, Mir Cəfər Bağırovdan dəm vurardılar, həftələrlə gecikən qəzetlərdən son xəbərləri oxuyub dünyadan halı olardılar və robotla şahmat oynayan yaponların qüdrətinə məəttəl qalanlara buğda dənəsini qucaqlayıb yuvasına çəkən qarışqanı göstərib başa salardılar ki, Allahdan böyük kişi yoxdu, yaponların qeyrəti çatırsa o robota belə qeyrət, can versinlər.
Allaha, “Quran”-peyğəmbərə şəkk eləyəndən gen gəzərdilər, amma mollayla da yaxınlıq eləməzdilər. Məscid tikməzdilər, heç məscidin nə olduğunu bilməzdilər də, öz evlərini Allah evi sayardılar və elə Tanrıya da öz kasıb komalarından tapınardılar. Ölülərin ruhu yuxularına girəndə mollaya “Yasin” oxutdurardılar, dua, cadu yazdırardılar, amma yenə də mollaya inanmazdılar. Toyda mollanı araq içməyə dəvət eləyərdilər, yasda mollanın sözünü kəsib yanlışını tutardılar. Yazıq molla da hər gün namaz qılanda alnını bərk-bərk möhürə basardı, ancaq yenə də camaat söylənərdi ki, namaz qılan rəhmətlik Məşədi İlyas kimi olar, alnında möhürün izi yüz addımlıqdan gözə dəyirdi…
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Camaatı ən çox seldən, ildırımdan, quraqlıqdan, bir də pis gözdən qorxardı. Ən varlı adamı da dolanışıqdan gileylənərdi, ən sağlamı da canındakı ağrılardan söz açardı və bütün bunları naşükürlükdən yox, bəd nəzərdən qorunmaq üçün eləyərdilər. Evləri də çöldən ona görə bəzəməzdilər, çəpərlərə də mal kəlləsinin sümüyünü pis gözü sancmaq üçün sancardılar.
Təkcə bostanların çəpəri olardı. Evlərə hasar çəkməzdilər, qapıları gecə-gündüz açıq qoyardılar və təkcə qorxmazlıqdan deyildi bu, həm də mərdlikdən idi.
Ancaq şər qarışanda mal-heyvanı pəyəyə qatıb ağzını qıfıllayardılar ki, oğru aparmasın. Bununla belə, həftə səkkiz-mən doqquz bir oğurluq olardı. Səhərisi mal-heyvanın rəddinə düşüb gedərdilər, kimdənsə şübhələnərdilər. Sonra da ağsaqqallardan biri “Quran”a əl basıb and içərdi ki, onun oğlunun bundan xəbəri də yoxdu. Hələm-hələm mal yiyəsi hər ağsaqqalın da “Quran”a əl basmasına razı olmazdı, çünki belədə o, məğlub sayılardı, yersiz şübhəsinə görə gözdən düşə bilərdi və öz halal malını tələb eləmək haqqı bir yana, oğrunun qarasınca deyinmək haqqını da itirərdi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Həyat qışda qurtarardı, yayda başlayardı. Adamları yaşamaqdan, arıları bal yığmaqdan, çiçəkləri rəng alıb rəng verməkdən doymazdı. Yas düşməsə yay uzunu şənlik olardı, şenlik olardı. Toyda nəlbəkiləri maşının təkərinə çırpıb sındırardılar, gəlini ata mindirib tərkinə də bir oğlan uşağı oturdardılar, maqnitofonu qoşub oynayardılar, saz çalıb oxuyardılar, cıdıra çıxıb at çapardılar. Birinci yerə çıxan atın boynuna qırmızı şal bağlayardılar, yiyəsinin cibinə pul basardılar. Birisi də ata qiymət kəsərdi, əlini kəhərin yalmanına çəkib “Denən Allah xeyir versin” deyərdi. Ancaq elə o gün yüz-yüz vuran və aldığı nəməri dominoda tay-tuşlarına uduzan at yiyəsi ayağa durmaq istəyəndə yol ayağının altından qaçardı, birdən yadına düşərdi ki, günortaüstü də gözü beləcə ayağının altını görmürdü, bircə onu görürdü ki, ondan irəlidə bir kənd var və kəhər madyan bir atı da o kəndə gedən yolda özündən irəli buraxmayıb. Kövrələrdi, bu dünyada kəhər madyan ona hər şeydən əziz gələrdi, özünü qınayardı ki, gör necə axmaq olmuşam, kəhəri itin-qurdun əlinə verməyə razılaşmışam. Hirs vurardı başına, hay salıb uşaqlardan birini çağırardı, tapşırardı ki, gedin filankəsə deyin, heç dədəm də gəlsə kəhəri satmaram, bir torba qızıla da dəyişmərəm kəhəri. Onu sakitləşdirmək istəyərdilər, soyuq suyu başından əndərərdilər, osa ayağını yerə çırpa-çırpa “Kopoyoğluyam kəhəri satsam, at kişinin qeyrətidi” bağırıb hıçqırardı.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Kişiləri bir gün ot çalardı, iki gün mütəkkəyə dirsəklənib qulunclarının ağrısını çıxarardı. Arvadlar səhər ot yığardı, günorta evə qaçıb odun doğrayardı, çörək bişirərdi, axşam inəkləri sağardı, sonra da uşaqlarının üstünə çığırardı ki, dinməz durun, dədəniz yorğundu, qoyun dincəlsin…
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Kişiləri bir-biriylə dalaşan kimi söz-söhbət yayılardı ki, bunları arvadlar öyrədib. Vay o günə ki, arvadlardan biri yad qızı olaydı, yad qızı deyəndə ki, ərinə əmiqızı, xalaqızı, dayıqızı kimi yox, bir başqa cür qohumluğu çataydı. O dəqiqə qayınanası gedib oturardı qonşuda ki, bəs sümüyümü it sümüyünə calayıblar, ay el-oba!.. Qonşular da “can-can” deyə-deyə ona bir stəkan su içizdirərdilər, bununla da odun üstünə benzin töküb geri yollayardılar.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Orda gəlinlərlə qayınanalar səhər-axşam bir-birini qırardılar. Evdə subay oğlan olanda qayınananın gəlinlə düşmənçiliyi lap artardı. Çünki hər qayınanaya elə gələrdi ki, gəlini onun subay oğluna öz qohumlarından birini almaq istəyir.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı. Orda subay oğlan olmaqdan gözəl heç nə yox idi. Hansı qapıya gedərdin, altına döşək sərərdilər. Hansı ananın halını soruşardın, o dəqiqə nə dərdi-səri vardısa açıb tökərdi. Özü də elə pıçapıçla danışardı ki, elə bil bu dünyada ona səndən yaxın, səndən doğma adam yoxdu.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağındakı rayonda subay olmaqdan gözəl heç nə yox idi. Ot yığmağa gedən qızların maşınların kuzovunda yanından ötüb-keçməsi gözəl idi. Səhəngini götürüb bulaq başına yığışan qızların səni görəndə kiriməsi gözəl idi. Kəndin bütün evlərindən görünən Qara ağac düzündə at çapmaq, hər bazar günü hind kinosu gələndə məktəbin artırmasında yer tutmaq uğrunda çarpışmaq… Gözəl idi. Ay nədi ki, ayın batması da gözəl idi, gün nədi ki, günün çıxması da gözəl idi. Çünki bu, eləcə ayın batması, günün çıxması deyildi. Bu, həyat idi və bu həyatda yaşamağın gözəlliyi idi.
Azərbaycanın qərb sərhədlərinin qurtaracağında bir rayon vardı… O rayon indi yoxdu. İşğal da elə budu.
Azər Qaraçənli
“Yeni Müsavat” qəzeti,
18 may 1999-cu il, № 112 (754)