Mətanət Natiq
Atılmış
Bir insanı atmaq olarmı? Dünyaya yeni göz açmış, günahsız və məsum bir insanı. Televiziyada yeni doğulmuş bir körpənin küçənin ortasına atıldığını dedilər. Hətta soyundurulmuş halda atıblar. Körpə, təbii ki, ölüb. Onu atana nə ana, nə qadın, nə də insan demək olar. Mən ona məxluq deyirəm. Çünki insan olan kəs, vicdanı olan kəs belə etməz. Başlamadan birinin həyatına son qoymaz!
Ana gözə görünən yeganə mələkdir. Mələk bu hərəkəti edərmi? Axı bu körpə onun bədəninin bir parçasıdır. Axı o, uca yaradanın yanında nə cavab verəcək? Bəs vicdan? Vicdanı onu rahat buraxacaqmı? Bu adamı heyvanlara belə bərabər tutmuram. Çünki heyvanlarda da mərhəmət hissi var.
Bunu eşidəndə üşüyən əllərimi soyuq qış günündə nəfəsiylə isidən, özü köhnə ayaqqabıyla keçinən, bizə təzə ayaqqabı geyindirən anam düşür yadıma. Analar müqəddəsdir. Özü yeməz, yedirər, özü geyinməz, geyindirər. Başlayan həyatın davamı budur! Mən deyirəm ki, o körpənin atıldığı yer insanlığın öldüyü yerdir!
Dilənçi və rəssam
Hər səhər bir cavan oğlan avtobusa minib dilənir. Onu lap kiçik yaşlarından dilənən görmüşəm. Qışın soyuğuna, yayın istisinə baxmayaraq daim ayaqyalın gəzir. Bilmirəm niyə, hər halda bununla pərdələnir məncə.
Yenə avtobusa minmişdi. Anasıyla oturmuş bir uşaq anasından soruşurdu: “Ana, o niyə ayaqyalındır? Ayaqqabısı yoxdur? Ona soyuq deyil?..” Anası cavab vermədi. Məncə, nə cavab verəcəyini bilmədi. Hava çox soyuq idi. Uşağı təəcübləndirən də bu idi – niyə ayaqyalındır?
Bir gün uşaqlarla bir rəssamın emalatxanasına getmişdik. Çox gözəl rəsmlər çəkmişdi rəssam. Həmin rəssam da ayaqyalın idi. Onu hamı tanıyır – Əli Şəmsi. Yay-qış ayaqyalın gəzir. Adamlar maraqlanıb soruşanda deyir: “Mən Yerdən enerji alıram”.
İki insan: biri dilənçi, biri rəssam. Bir-birinə tamam zidd insanlar. Amma onları birləşdirən xüsusiyyət var: ayaqyalın gəzmək. Biri enerji alır, o biri isə pərdələnir. Mənsə deyirəm ki, qoy rəssamlarımız çox olsun, dilənçilərimiz az olsun!
Sözlər
İçindən gələn sözləri yazan adamı qınamayın, çünki onun içindən gedən birisi var. Bəzən bir sözdən inciyə də bilərik, qəzəblənə də, sevinə də bilərik. Sözlər var ki, insana sevinc bəxş edər. Uçmaq üçün quş olmaq gərək deyil, kiçik sevinclər olsa yetər. Sözlər var ki, insanı əzabdan qurtarar və insan düşündüyü sözləri yazınca rahatlanar. Mənim kimi. Hələ bir də verdiyin sözə əməl edincə mərtəbəyə qalxarsan. Elə mərtəbəyə ki, hamı “Halal olsun!” deyər. Ona görə sözlərimizə diqqət etməliyik ki, heç kimi qırmayaq, incitməyək, küsdürməyək!
(Ardı var)
“Düşüncələr” silsiləsinin əvvəli:
Ümidlə yolçuluq
Səssizlik
Vətənim