Mətanət Natiq
Müharibə və Şuşa
Nə qədər ki, insan övladında tamah, hirs güclüdür, müharibələr olacaq. Bu tamahı, qəzəbi yox etmək üçün isə içimizdəki şərə qalib gəlməliyik. Allah bundan ötrü insana lazım olan beyni, idrak və əxlaq qüvvəsini verib.
Müharibələrin çoxu dövlətin ərazisini böyütmək üçün başlayır. İnsan torpaqları xarabalığa çevirir. Halbuki onu bir başqa yerdə cənnətə çevirən də insandır. Hər şey insanın öz əlindədir.
Aydındır ki, müharibədən daha çox dinc insanlar əziyyət çəkir, uşaqlar qorxu içərisində yaşayırlar. Bir suriyalı uşağın ürək ağrıdan sözləri düşür yadıma: “Ana, mən ölmək istəyirəm. Çünki cənnətdə çörək var!” Bu, müharibə dəhşətinin uşaq düşüncəsində əksini tapmış bir ifadəsidir.
Bir səhər işə gedəndə küçədə göyərçinlərin uçduğunu gördüm. Ürəyimdən o göyərçinləri Şuşada göyə buraxmaq keçdi. Niyə məhz Şuşada? Yox, mən şuşalı deyiləm, heç Şuşanı görməmişəm də. Televiziyada Şuşanı göstərirdilər. O başı dumanlı dağlar, əsrarəngiz meşələr məni valeh etdi. İlahi, nə gözəl yerlərdir. 25 ildən çoxdur düşmən bizim gözəl Şuşamızı işğal edib. İnşallah, gün gələcək, sülh göyərçinləri o gözəl Şuşada uçacaq. Buna əminəm!
Vətən
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Vətən deyəndə Abbas Səhhətin “Vətən” şeiri düşür yadıma. Orta məktəbdə oxuyanda şeir müsabiqəsi keçirilirdi. Mən də bu müsabiqədə “Vətən” şeirini deyirdim:
Saxlaram gözlərim üstə onu mən,
Ölərəm, əldən əgər getsə vətən!
Bu misraları deyəndə məni ağlamaq tutdu, şeirin ardını söyləyə bilmədim.
Vətən mənim ürəyim, canım, damarımda axan qanımdır. Vətəni sevmək, onu qorumaq gərəkdir. Uşaqlarımıza da bunu aşılamalıyıq. Vətəni, bayrağı sevdirməliyik. Çox təəssüf ki, vətənimizin bir hissəsi işğal altındadır. Ümid edirəm ki, qəhrəman oğullarımız o torpaqları azad edəcək. Bu mütləq olacaq!
Kitablar
Bizi cəhalətdən qurtarsa, ancaq kitablar qurtara bilər. Peyğəmbərimiz belə deyib: “Oxuyun və bildiklərinizi başqalarına da öyrədin”.
Elmli adam həmişə düzgün qərarlar verə bilir.
İndiki vaxtda kitab oxuyan varmı? Demək olar hər gün ictimai nəqliyyatdan – metrodan və avtobusdan istifadə edirəm. Çox üzücü haldır ki, qəzet-jurnal, kitab oxuyan yox səviyyəsindədir. Səbəb nədir? Xaricdə belə deyil. İstanbulda olanda küçə süpürən bir adamın işini bitirəndən sonra dayanıb qəzet oxuduğunu gördüm. Moskvada da ictimai nəqliyyatda çoxlarının qəzet-jurnal, kitab oxuduğunu görmək mümkündür.
Bəs biz niyə kitablardan uzaq düşmüşük? İnsanların zövqü dəyişib? Ya məişət qayğıları bizi kitabdan uzaqlaşdırıb?
Televiziya kanallarında küçədə çəkiliş aparan jurnalistlərin suallarına verilən cavablara baxın. Adamlar jurnalistin adi bir sualına da cavab verməyə çətinlik çəkirlər. Söz tapa bilmirlər, fikirlərini aydın, məntiqli, savadlı ifadə edə bilmirlər. Hələ uşaqları demirəm.
Daima oxumaq lazımdır, qurtuluş yolu budur. Uşaqlara kitabları indidən sevdirməliyik.
Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının qəhrəmanı Kvazimodo fiziki cəhətdən olduqca qüsurlu adamdır. Amma o, bütün elmlərdən xəbərdardır, neçə dil bilir. Bizim isə hər üzvümüz yerində ola-ola oxumağa meyl etmirik. Kvazimododa olan bilik, bacarıq, o hünər bir az bizdə olsaydı…
İnsan öz üzərində çalışmalıdır. Bakıxanov deyir: “Fəzilətlərin başlıcası və tükənməz dövlət olan elm də iş vasitəsilə əldə edilir və işə yarayır”. Öz üzərimizdə işləməliyik. Biliyimiz, uğurlarımız yalnız bu yolla arta bilər.
Şükür
Biz Allaha şükür edirikmi? Həyatda yaşadığımıza görə, ruziyə görə, işimizə görə, işimizdəki uğurlara görə…
Mən hər dəfə işə gələndə “Şükür” sözünü eşidirəm. İş yoldaşım olan xanım hər dəfə “Necəsiz?” sualıma “Şükür, yaxşıyıq!” cavbını verir. Bu o demək deyil ki, hər şey qaydasındadır, problem yoxdur. Problem var, ancaq buna rəğmən insan şükür etməlidir. Hər günümüzə, Allahın bizə verdiyi nemətlərə görə, səhərin açılmağına görə, işimizə görə şükür etməliyik. Gəlin hər günümüzə şükür edək!
(Ardı var)
“Düşüncələr” silsiləsinin əvvəli:
Ümidlə yolçuluq
Səssizlik