Mətanət Natiq
Çıxılmazlıq
Çıxılmazlıq labirint kimidir. İçində fırlanırsan, yol axtarırsan, amma tapa bilməzsən. Onda yenə imdadına Tanrı gələr!
Tənhalıq
Tənha qalınca sanki bir boşluğa düşürsən. Səni o boşluqdan yalnız sevdiyin insan çıxara bilər.
İnsan tənha qalanda səhvlərini anlayır.
Mənim tənhalığım kədərimdir. Kədərsə ürəkdə dərin yaralar, izlər buraxır. İnsanı ən çox yaralayan şey ürəyində daşıdığı insandan görmədiyi vəfadır.
Vicdan
Vicdan nə qədər gözəl hiss olsa da, onu təmiz saxlamaq və vicdanlı olmaq çox çətin məsələdir.
Vicdan gedincə iman da gedir. İnsanı insan edən ən vacib hiss vicdandır.
Günlər qatar kimi gəlib keçir, nə əvvəlini görə bilirik, nə axırını: gəlin vicdanlı olaq.
Sevgi
Sevgi insan ruhunu oxşayan, bürüyən bir hissdir. Sevgisiz həyat yoxdur. Sevgi insana stimul verir, onun həyata baxışlarını dəyişir, onu yaşamağa həvəsləndirir.
Heyvanlarda belə bu hiss güclüdür. Deyirlər qurd sevdiyi öləndə xiffətdən ölürmüş. Həyat sevdikcə gözəldir!
Xoşbəxtlik
Xoşbəxtlik Tanrının verdiyi bir qismətdir. Kimin nə dərəcədə xoşbəxt olduğunu və ya xoşbəxt olacağını isə Allah bilir.
“Xoşbəxtsənmi?” sualına cavab vermək çox çətindir.
Əslində insanı ən çox incidən şey xəyallarının puç olması deyil, yaşanması mümkünkən yaşamadığı xoşbəxtlikdir, – bunu Dostoyevski deyib.
Ən xoşbəxt günlərimiz uşaqlıq illərimizdədir. Onda sevdiklərimizlə birlikdə idik.
Ürək
Ürək bir sözdən, bir hərəkətdən yaralana bilər. Heç nə ürək qədər həssas deyil.
Ürək hisslərimizə bağlıdır. Həm şadlanır, həm kədərlənir. Kədərsiz, sıxıntısız həyat yoxdur. Hər kəsin bir sıxıntısı var. Ürək sözlərlə, yanlış hərəkətlərlə qırıla bilər. İnsan ölə də bilər, ömür boyu əzab da çəkə bilər. Dahi Dostoyevski deyib: “Biz hər gün öldürürük, əziz dostum. Kimini güllələrlə, kimini sözlərlə, kimini etdiklərimizlə, kimini etmədiklərimizlə”. Çox doğrudur. Amma insanın sevdiyi gedincə içi elə yanar, ürəyi elə ağrıyar ki, onu heç kəs görməz. “Çəkən bilir” sözlərindəki acını görməyən ürəkdəki sevgini görməz.
Sonsuzluq
İnsan ölüncə əbədi sonsuzluğa qovuşur. Öz yaxşı və pis əməlləriylə əbədi sonsuzluqda olur. Ancaq başqa sonsuzluq da var. İnsan sonsuzluğu. Bax, bu, faciədir mənim nəzərimdə. Övladın olanda bilirsən ki, heç olmasa sənin davamçın var. Övladı olmayana isə sonsuz deyirlər. Nə qədər qəddarcasına səslənir, amma məntiqcə doğrudur. Övladı olmayanın sonu yoxdur. Sonsuzsansa, demək, ölmüş kimisən.
Bizim cəmiyyətdə sonsuz adam bir heçdir. Nəsə bir yanlış hərəkətə yol versə, deyəcəklər: “Sonsuzdur da, edər”. Hətta toya belə çağırmırlar ki, uşağı yoxdur, toya gəlməyəcək. Demək, insana qiyməti övlada görə verirlər. Amma o insanın ürəyindən xəbərləri yoxdur ki, o nə çəkir. Çox vaxt da qadınlar qınaq mərkəzində olur. Ən dəhşətlisi odur ki, bu dərdi çəkə-çəkə hər kəsin üzünə gülümsəyirsən. Onda deyirlər ki, nə arsızdır, elə gülür üzü. Amma səbir etmək gərəkdir. Bütün yaxşı şeylər səbirdən sonra gəlir. Mən buna əminəm.
Bir tanışımdan soruşdum: “Sonsuz nə deməkdir?” Dedi: “Allah!” Çox gözəl cavabdır. Əgər Allah sonsuzdursa, bəs sonsuz adam kimdir?
Allah sonsuz olsa da, mən heç bir insanın sonsuz olmasını istəmirəm!
Sıfır
Sıfır başlanğıcdır. Kaş insan hər şeyi sıfırdan başlaya biləydi. Etdiyi səhvləri təkrarlamazdı. Hər şey başqa cür olardı. Sıfırdan başlasan ehtiyatlı olarsan, diqqətli olarsan. Həyatda uğurların, nailiyyətlərin çox olar. “Nə etməli?” sualı qarşısında aciz qalmazsan.
Əlimizdən nə gələr ki? Sıfır sıfır olaraq qalır… Gedən günləri, illəri geri qaytarmaq mümkün deyil. Bu, həyatın dəyişməyən qanunudur. İnsan həyata bir dəfə gəlir. Cavab budur! Sıfır həm də heç nədir. Demək, hər şeyi heç nədən başlamalısan. Kaş ki, hər şeyi heç nədən başlaya bilsəm…
Unudulmaq
İçimdə unudulmaq qorxusu var. Heç istəməzdim sevdiyim, dəyər verdiyim insanlar məni unutsunlar. Bu mənim üçün dözülməz ağrı olar, faciə olar.
Bəlkə də unudulmaqdan dəhşətli şey yoxdur insan üçün. Sanki bir boşluğa düşürsən və bu boşluqdan heç cür çıxa bilmirsən. Mütləq birinin əl uzadıb səni bu boşluqdan çıxarması lazımdır. Yoxsa faciə baş verə bilər. Bizi unudulmaqdan Allah qorusun!
Səssizlik
Bu səssizliyi bir qadının hıçqırıqları pozur. O qadın torpaq kimi səssiz qalsa, onun ürəyində guruldayan şimşəkləri heç kim bilməyəcək. Bəli, torpaq kimi səssiz qalsa. Bu səssizlik insanı çəkdiyi əzablardan xilas edərmi? Məncə, yox! Axı onun içindən hayqırmaq gəlir, necə səssiz qala bilər? Onu ağladan onun tənhalığıdır.
Həyat
İçimdə bir qorxu hissi var. Biz həyatdan qorxuruqmu? Bayırda yağış yağır. Deyirlər su həyatdır. Tez çətiri başımıza tuturuq ki, yağış bizi islatmasın. Çətiri başımıza tutmasaq yağış bizi islatsa?.. Əgər su həyatdırsa, islanmağın nə qorxusu? Həyat mübarizədir. Həyat gözəldir! Həyat qəribədir.
(Ardı var)
“Düşüncələr” silsiləsinin əvvəli: Ümidlə yolçuluq