Romanın əvvəli: 1 2 3 4 5 6 7 8 9 10 11
Firuzə DAVUDQIZI
5-ci bölüm
…Elşad necə yorğun idisə bir də günorta yuxudan oyandı. Yuyunub birbaşa mətbəxə gəldi. Ona baxmadan öz işimlə məşğul olduğumu görəndə gərnəşib işarəylə məni çağırdı:
– Pişşt…
Ona tərəf çevrilsəm də üzünə baxmadım.
– Canavar kimi acmışam! Nə var yeməyə? – Həmişə bu ifadəni işlədirdi.
– İndi hazır olar.
Sözüm ağzımda qaldı. Ayaqlarım yerdən üzüldü. Elşad:
– Oppa! – deyə məni qucağına götürüb qollarının üstə saxladı. Onun bu qəfil hərəkətinə diksinib, qeyri-ixtiyari çığırdım.
– Burax! – deyə çapaladım, yerə enmək istədim, amma o məni eyni vəziyyətdə qollarının üstündə saxlamağa davam etdi.
– Dəlisən? – Narazılıqla pıçıldadım. – Anan salondadır, görür!
– Görsün! – O, yenə özünə arxayın bir əda ilə dilləndi. – Hələ sevinsinlər ki, başqa işlər görmürəm! Başıxarab adamam, nə desən gözləmək olar! – Sonra güləş ifadə ilə sözünə davam etdi. – Ay qız, sənin heç pişik qədər də canın yoxmuş ki… Vay dədə, vay! Sərçəsən, sərçə!
– Yemək yandı! – Mən inadla düşməyə can atdım. O isə məni qollarının üstə fırladaraq, birdən gözləmədiyim bir şəkildə, bəxtiyarlıqla səsini ucaltdı:
– Sevirəm də mən bu qızı! SEVİRƏMM! Neyniyim? Günahdır?! İlk dəfə görəndə dedim, Elşad, bu qız sənin olmalıdır, vəssalam! Mənim pişiyim bir az inadkardır. Forsludur. Hirsləndirəndə cırmaqlayır, amma qəbulumdur!
Mən təbəssümümü güclə boğaraq, nəhayət, onu inadından döndərib yerə enməyi bacardım.
Çox keçməmiş Elşad üçün yemək çəkib onun önünə qoyanda qayınanam üzündən zəhrimar yağan bir ifadə ilə mətbəxə girdi. Üzünə baxan kimi bəlli olurdu ki, Elşadın bir az əvvəlki sözlərini eşidib. Mən onun gəldiyini görüb getmək istəyəndə Elşad biləyimdən yapışıb məni aşağı çəkdi. Yanındakı stulda oturtdu. Və tərs-tərs üzümə baxdı:
– Hara?!
Dinməyib baxışlarımı yerə dikdim. Araya sıxıcı bir sükut çökdü. Qayınanam burada bir işi olmasa da yalandan qurdalanırdı. Guya nə isə axtarır, amma tapa bilmir. O belə etdikcə Elşadın rəngi-ruhu dəyişir, baxışlarını qaldırıb arabir narazılıqla anasının davranışlarını süzürdü.
Sükutu bir gözü anasında yemək yeyən Elşad özü pozdu:
– Yeməyi kim bişirib? Sən?
Başımı yüngülcə tərpətdim.
– Hmm… Bunu bizim evdə hər kəs bilir də… Mən ağzımın dadını bilən adamam! Qabağıma qoyulan hər tikəni yemirəm! Gərək meylim çəkən olsun!
Elşadın kökündə eyham yatan bu sözlərindən sonra qayınanam hirsindən fısıldadı. Qab-qaşığı bir-birinə vurmağa başladı. Dava-dalaş düşəcək deyə ürəyim əsməyə başladı. Bir-birinə dəyən qab-qaşığın cingiltisi məni diksindirirdi. Bu anlar heç ağlımıza belə gəlməzdi ki, qayınanam yaxın vaxtlarda bu sözlərin heyfini bizdən çox ağır bir şəkildə çıxacaq.
– Sən niyə yemirsən? – Elşad anasının davranışlarına əhəmiyyət belə vermədən tamam sakit halda məndən soruşdu.
– Ürəyim istəmir, – deyib onun əlini yüngülcə sıxdım ki, çox irəli getməsin. Elşad gözucu məni süzdü. Üzümdəki ifadədən nə demək istədiyimi başa düşdü, amma başqa söz dedi:
– Vaxtlı-vaxtında yeməyini ye. – Və qabından götürdüyü öz tikəsini mənim ağzıma qoydu.
– İstəmirəm, – deyib, əlini geri çevirmək istədim, amma o, yeməyi məcburi ağzıma dürtdü. İradla üz-gözünü turşutdu.
– Sənin bu kəlmən olmaya da… – Məni yamsıladı. – İstəmirəm…
Qayınanam bunu mətbəx şkafının şüşəsinin əksində görmüşdü. Oğlunun ünvanına kinayə ilə dedi:
– Bu gün-sabah ev-eşik də təmizləyərsən, uşaq da saxlayarsan! Halal olsun!
Daha heç çeynəmədiyim tikəni birnəfəsə udub heyrətdən böyümüş gözümlə Elşadın üzünə baxdım.
Elşad bir söz demədən yeməyini yeməyə davam etdi. Üzündəki ifadədə acı istehza ilə dolu bir təbəssüm dolanırdı.
Mən daha burda dayana bilmədim, qalxıb mətbəxi tərk etdim.
Ertəsi gün səhər yeməyindən sonra onu bağda gəzən gördüm. Məni görən kimi əlinin işarəsi ilə yanına çağırdı. Getdim. Əlimdən tutub məni bütün bağ boyu gəzdirdi. Söhbət etdik. O özü barədə danışdıqca mən onu kəşf etməyə başlayırdım. Oxşar cəhətlərimiz çox idi. O da mənim kimi inadkardı. Danışığından belə başa düşürdüm ki, qürurludur. Və qürurunu kiməsə əydirib, özünü sındırmağı sevmir. Əsəbi və sərt görünsə də əslində ürəyi mum təki yumşaqdır. Sadəcə, özü demiş, damarını tutmaq lazımdır.
Elşad bağdakı ağaclardan birinin altında otun üstünə uzanıb, sonra özünə xas məzəli bir əda ilə:
– Ya Allah! – deyərək qəfildən əlimdən tutub məni də öz yanına çəkdi. Sıxıla-sıxıla dizi üstə yanında oturdum.
Elşad qollarını başının altında çarpazlayıb başımızın üstündə qollu-budaqlı ağacın mənzərəsinə baxa-baxa fikrə getmişdi. Gözlərini yumub, bir xeyli bağda səs-səsə verən quşların civiltisini dinlədi. Mənim onu necə süzdüyümdən xəbəri olmadan öz-özünə xəfifcə gülümsədi.
– Cənnət, bax, mən buna deyirəm. Təbiətin qoynu… Quşların nəğməsi. Yanımda da bir huri-mələk!
Səsimin çıxmadığını görən Elşad gözünü açıb qıyqacı məni süzdü. Baxışları yenə məni çaşdırdı. Özümü itirdim. Məni həyəcan basdı. Daha da sıxılıb, baxışlarımı ondan qaçırdım. Bütün diqqətinin hələ də məndə olduğunu hiss edərək narazılıqla bir anlıq üzünə baxdım:
– Niyə elə baxırsan?
– Necə baxıram? – Maraqla üzümə baxdı. Şeytani bir təbəssüm dolandı simasında.
Mən cavab verməyib gözlərimi ondan qaçırdım. Narahat halda köks ötürdüm. Elşad sualına cavab alıbmış kimi izaha başladı:
– Gedib də əlimdən ixtiyarım! Ondandır. Bu gözləri görən gündən evim yıxılıb.
Gözünü hələ də məndən çəkmədiyini görüb, baxışlarımı ətrafda dolandırdım.
Elşad yerində dirsəklənib oturdu. Əlləri saçlarımda gəzə-gəzə bu günədək mənə demək istədiklərini indi dilinə gətirdi:
– …Mən də istəməzdim belə olsun. Hər şey el adəti ilə olsaydı daha yaxşı olardı. Amma neyləyim, belə alındı. Qismətimiz belə imiş. Elə baxma üzümə! Sən mənə bir balaca şans ver, gör, mən sənin üçün nələr edirəm. Həyatda yaxşı nə varsa çalışacağam sənin üçün edim, hər şey istədiyin kimi olsun. Nə qədər ki, bu nəfəsim gedib-gəlir, bacardığım qədər səni xoşbəxt etməyə çalışacağam. Amma səni qaçırdığımı gedib-gəlib üzümə vurma! Məni öldürürsən onda! Əzab verirsən! Mən də insanam. Mənim də ürəyim var. Səni hər vuranda it kimi peşman olmuşam. Özümü o ki var söymüşəm. Günlərlə özümə gələ bilməmişəm. Amma sən də boynuna al ki, vadar edirsən.
Dillənmədim. Elşad qısa bir sükutdan sonra sözünə davam etdi:
– Məni sevməyini tələb etmirəm səndən. Amma düşmən kimi davranma. Mən heç bir qadının qarşısında qürurumu sındırmamışam. Sənin qarşında isə baş əydi qürurum! Sən mənim üçün yanımda olanda belə həsrətini çəkdiyim ilk və son qadınsan! Son nəfəsimədək həsrətindəyəm, bil!
…Axşam tərəfi evdə qayınanamla məndən başqa heç kim yox idi.
Mən mətbəxdə bütün əşyaların yerini dəyişib, mətbəx mebelini öz istədiyim kimi sahmana salmışdım.
Qayınanam gəlib bunu görəndə hiddətləndi. Mən onun razı qalacağını düşündüyüm halda yanıldım.
– Nə ixtiyarla, özbaşına iş görürsən! Mənim xəbərim olmadan nəyinsə yerini dəyişirsən! Bu evdə arvad olmaq xülyasına düşmüsən? Mən hələ ölməmişəm, sən bu evə sahiblənəsən! Geci-tezi, gəldiyin kimi də gedəcəksən! Çox həvəslənmə!
– Mən eləcə istədim dəyişiklik olsun, – deyib, çaşbaş halda, qorxa-qorxa onun üzünə baxdım.
– Səhv eləmisən! – Qayınanam sözümü ağzımda qoyub, qəzəblə üstümə çəmkirdi. – Dəyişikliyi gedib atanın xarabasında edərsən! Mənim evimdə bir çöp də yerindən tərpənə bilməz! İndi zəhmət çək, əvvəlki qaydasına sal!
O, necə hiddətlənmişdisə, qanımı içməyə hazır idi. Bu dərəcədə mənə nifrət edirdi. Görməyə gözü yox idi.
Mənim yerimdən tərpənmədən hələ də çaşqın nəzərlərlə ona baxdığımı görən qayınanam bir az da coşdu:
– Nə gözünü döyürsən?! Eşitmədin nə dedim?!
Əlacsız qalıb, dediyini etməyə başladım. Nəyi haradan götürmüşdümsə, qaytarıb öz yerinə qoydum. Amma qayınanam sakit olmadı. Mən işimi görməkdə ikən o:
– Hanı nimçələr? Hanı qab-qacaq? – deyə mətbəx şkafının qapılarını bir-bir açıb-qapadı. Deyinməyə başladı. – Əcəb işə düşdüm də! Öz evimdə mənə nə lazım olsa, yerini səndən soruşaram! Ölən günümdür!
Mən tutqun ifadə ilə rəflərdən birindən götürdüyüm bir neçə nimçəni ona göstərdim:
– Bunları deyirsiz?
O heç gözləmədiyim bir şəkildə əlimin üstündən vurub:
– Başına dəysin sənin yaratdığın səliqə-sahman! – deyib səsini qaldırdı. – Toxunma mənim evimdə heç nəyə!
Nimçələr əlimdən yerə düşüb çilikləndi. Mən heyrət içində bir addım geri çəkildim.
Elə bu dəmdə Elşadın səsinə ikimiz də geri çevrildik. O, tutqun halda hər ikimizi və döşəmədə çiliklənmiş qab qırıqlarını süzərək soruşdu:
– Nə olub?
Heç birimiz dinmədik. Qayınanam hiddətlə üzünü çevirib mətbəx şkafının qapılarını yenə bir-bir açıb çırparaq nə isə axtarırmış kimi davrandı. Elşad mənim ağarmış bənizimə və hələ də əsməkdə olan əllərimə gözucu nəzər salıb, yenidən anasına səsləndi:
– Bu gün cavab verən olacaq mənim sualıma? – Səsi tarıma çəkildi. – Söz soruşuram! Nə olub? Niyə gəlir səsiniz?
Qayınanam özünü eşitməzliyə vurdu. Belə olan halda mən dillənməyə məcbur oldum:
– Bilmədən əlimdən salıb sındırdım nimçələri. Başqa heç nə.
Elşad gözünü anasından çəkmədən:
– Sınıb, sınıb da… – dedi. – Dünya ki dağılmayıb!
Bir söz demədən dərhal ətrafa səpələnmiş nimçə qırıqlarını bir-bir toplayıb, süpürüb-təmizləməyə başladım. Bu müddət ərzində Elşad mətbəxi tərk etmədi. Əllərini qoltuğuna vurub, arxasındakı divara söykənərək dayanıb gözlədi. Anası onun getmədiyini görüb, eyhamla soruşdu:
– Nədir, keşik çəkirsən? Nə sallanıb durmusan burda?
Elşad özünü eşitməzliyə vurub, dillənmədi. Mən işimi qurtarıb, dərhal mətbəxdən çıxdım. Salona keçəndə Elşadın anasına müraciətlə gərilmiş səsi duyuldu:
– Lazım gəlsə, bəli, keşiyini də çəkərəm! Başqa sözün var?
– Bəlkə bir mühafizəçi də tutasan, qorusun gülməşəkər arvadını!
– Ölməmişəm hələ! Gücüm var qorumağa! – Elşad səsini bozartdı. – Danışdığın sözlərə fikir ver! Bil, nə danışırsan! İstəmirəm çox irəli gedim! Özünə hörmət qoy, mənim səbrimi daşırma! Mən nə kor deyiləm, nə də kar! Elədiyin hərəkəti də gördüm, dediyin sözləri də eşitdim!
– Eşidib! Gözüm aydın! Bəlkə evimdə danışanda icazə almalıyam səndən?
– Ona mən bağırıb səsimi qaldıra bilərəm! – Elşad gərgin tonda səsini yüksəltdi. – Heç kimin ixtiyarı yoxdur ona gözün üstə qaşın var desin! Nədir, yiyəsiz görmüsüz?
– Bağırma mənim üstümə. Ananam mən sənin, uşağın deyiləm! Bəlkə yad qızına görə əl də qaldırasan mənə? Səni belə görürəm, sən bunu da edərsən! Bu qədər ağlın başından çıxıb! Kimdir ki, şah qızıdır?!
– Hər kimdir! Sənin gəlinindir!
– Mən gəlin gətirməmişəm bu evə, gəlinim də ola!
– Eybi yox, sən deyən olsun! Amma sözünü sakit de. Başa düşməsə, başa sal. Daha şəbeh çıxarma bu evdə! Bir də deyirəm, sakit ol!
– Mən hələ ölməmişəm kiminsə qızı gəlib mənim evimdə özündən icad çıxarsın! Səliqə yaradıb mənim üçün! Aləmi vurub bir-birinə!
Elşad səbri tükənmiş halda bağırdı:
– Əşi, tüpürüm sənin səliqə-sahmanına! İndi qalan qab-qacaqı da mən vurub qıracam! Bəsdir, məni özümdən çıxarma! Bəsdir! Səbrimi basıram, başa düşmək istəmirsiz! Özünüzü böyük kimi aparın ki, kiçik də üzünüzə qayıtmaq məcburiyyətində qalmasın! Nə etmək istəyirsən axı sən? Fikrin nədir?! Bəsdir də!
Qayınanamın səsi Elşadın səsini üstələdi:
– Bilirsən nə var? Götür arvadını da rədd ol burdan! Gözüm görməsin sizi!
– Bura mənim atamın evidir! Nəslin gəlib ev tikməyib, məni qovasan burdan! Getmək lazım gələndə gedəcəm, heç üzünüzü də görməyəcəm!
Mən həyətə enib, çardağın altında, skamyada oturmuşdum. Onların səsi buradan belə duyulurdu. Bir yandan ağlasam da, bir yandan da qorxudan tir-tir əsirdim.
Qayınanam bilərəkdən məsələni bu qədər qəlizləşdirirdi. Ürəyini boşaltmaq üçün bu ona bir bəhanə olmuşdu və fürsəti əldən verməyib bacardıqca irəli gedir, Elşadı cırnadırdı.
Elə bu vaxt evin qapısı möhkəm çırpıldı və Elşadı iti addımlarla pilləkəni enən gördüm. Rəngi pörtmüşdü. Əsəbi üzündəki ifadəyə yansımışdı. Mənə doğru gəldiyini görüb, dərhal gözümün yaşını sildim, özümü toplamağa çalışdım. Gəlib mənimlə yanaşı oturdu. Gərginliklə fısıldadı. Bir xeyli sakitləşmədi. Handan-hana:
– Hmm… Belə-belə işlər… – dedi. – Görəcək günlərimiz varmış…
Siqaret qutusunu çıxarıb, birini götürdü. Damağına qoydu. Yandırmaq istəyirdi ki, birdən məni xatırlayıb vaz keçdi. Barmağını sıxdığı çaxmağın üstündən çəkib, alışqanın alovunu söndürdü. Barmaqlarının arasında alışqanı o yan-bu yana fırladaraq oynatmağa başladı. Hirsini bu yolla yatırtmağa çalışdı. Bir qədər keçəndən sonra özünü toplayıb, məni süzdü. Demək istədiklərini dilinə gətirdi. Əslində xəbərdarlıq etdi:
– Sən çalış, bircə ona cavab qaytarma. Nə desə də çalış, dinmə. Qısası, kəsmə də mənim dilimi onun yanında, başa düşdün? Bilirəm, sənə burda çətindir. Ona görə qalmışam bu yollarda. Bilsinlər ki, hələ sağam! Bir günlük gəlirəm, tab gətirə bilmirəm. O ki qaldı… Səndən artıq dərəcədə xahiş edirəm, elə et ki, onun əlinə əsas verməyəsən. Oldu?
Sakitcə başımı tərpətdim.
(Ardı var)