Maldiv – Yer üzünün cənnəti
- 09 Mart 2018
- comments
- Novator.az
- Posted in AktualTribunaYazarlar
Vahid QAZİ
Qışın oğlan çağı Maldiv adalarına səfər hazırlığı günlərində ağlımda tək olan şey isti Hind okeanı sularında üzüb ”sümük qızdıran” qumluqda özümü günə vermək idi, ayrı heç nə.
Bilirəm, soyuq havada elə hamının könlündən isti yer keçir. Dini kitabların yazdığı cənnət də elə adamların kölnündən keçən yerlərin təsviridi, başqa bir şey deyil. Günü günəş altında ötən insanlar sərin bulaqlı meşə-çəmən arzuladığı kimi soyuq yerin adamı da isti qumu, palması olan dəniz sahilini cənnət hesab edir.
“Ölkələr və şəhərlər” silsiləsindən olan əvvəlki səyahət yazılarımı oxuyanlar görmədiyim yerlərə getmək həvəsimin səbəbini anlamış olarlar. Olmadığı yeri olduğu yerlərdən daha gəzməli-görməli zənn edənlərdənəm. İnsan belədi, elə bilir ağacda qalan alma dərdiyindən dadlıdı.
Elə o görmək, gəzmək həvəsiylə yolumu bu dəfə Maldiv adalarından saldım. Stokholmda yaşayan dostlarla birlikdə “düşdük yolların ağına”.
Stokholmdan Dohaya 6, Dohadan Maleyə 5 saatlıq uçuşa yaşadığım şəhərdən İsveç paytaxtına 500 kilometrlik məsafə qət etməyim də əlavə olunsa “sümük qızdırmaq” bəhanəsiylə dünyanın o başına getməyin macəradan başqa bir şey olmadığını siz də deyərsiniz. Sizi bilmirəm, mənim xoşuma gəlir macəralı səfərlər. İllah da əvvəl görmədiyim cazibədar yer ola.
Bəri başdan onu deyim ki, işdi-şayəd, Maldivə səfər eləmək istəsəniz elə qış aylarını seçin.
Üfüqün itdiyi an
Maldivdə bizim kimi mövsüm bölgüsü yoxdu, yerli əhali üçün yaz, yay, payız, qış fərq eləməz. Onlar ili yağışlı, bir də yağışsız mövsümə bölürlər. Bizim səfər etdiyimiz yanvar ayı ilin yağışsız dövrünə təsadüf eləsə də bir-iki dəfə ürəyim istəyən yağışa düşdüm.
İsti dənizə yağan ilıq leysan altında çimməkdən ötrü sino gedirəm. Bir kərə belə yağışa Karib dənizində düşmüşəm, Kubada, Varadero çimərliyində. Bir dəfə də cənubi Afrika sahilində, Durban şəhərində keçirilən konfransda girəvələyib özümü vermişdim yağışlı Hind okeanına.
Bu səfər isə isti leysanın birinə – Ukulhas adasında – çatdıra bildim özümü. Bunun keyfini necə təsvir edim ki, siz də hiss edəsiniz?!
Təsəvvür eləyin, bir yanda okeanla göyün sərhədi itib: yaşımtıl, göyümtül, bozumtul rənglərin tünd çalarları bir-birinə qarışıb – üfüq yoxdu! Ayvazovskinin rəsmləri təki. İlk baxışda qorxulu gəlir adama, amma elə deyil, nə qədər qəribə səslənsə də, xoş qılığı var bu “qorxulu” mənzərənin.
O biri yanda isə ağ qumlu sahil, palma meşəliyi yağış-tülün fonunda 3D illüziyası kimidi. Üzünə-gözünə sıçrayan duzlu okean suyunu başına-gözünə döyəcləyən şirin yağış damlaları yuyur. Dalğalar uşaqlıq dostların kimidilər, sənlə “Bənövşə, bəndə düşə” oyunu oynayırlar. Yüyürüb üstünə gəlirlər, tuta bilmirsən, yarıb keçirlər.
İkinci kərə çatdıra bilmədim, Hulhumale adasında yağış bizi sahildən xeyli aralı bir kafedə haqladı. Mən suya girəndə yağışın son damcıları idi, bulud tökdüyünü töküb gedirdi. Buranın yağışı uzun sürmür, bir də gördün qara-qura bulud yunan allahı Zevs kimi göy üzündə peyda oldu, ildırımın çaxdırdı, bir aşsüzən suyu ənrədib getdi.
On beş, iyirmi dəqiqə yağar-yağmaz, bitər.
“Şeyx Nəsrullah”ın Maldivi xilas etməkliyi
Şri-Lankadan, Hindistandan hələ 2 min il qabaq gələn dravid tayfaları bu günkü yerli əhalinin əcdadlarıdılar. Onlar 12-ci əsrə qədər buddizmə sitayiş ediblər. Deyilənə görə, 1153-cü ildə sahilə lövbər salan gəmidə Təbrizdən bir ruhani də varmış. Bax, o təbrizli şeyx, çox çəkməyib, bütün arxipelaq əhlini islama gətirib.
Rəvayətə görə, Maldivə bir cin dadanıbmış. Camaata qan uddururmuş. Hər gəlişində 7 seçmə qızı aparıb yeyirmiş. Bir gecə həmin o təbrizli xətib səhərəcən Quran oxuyur. Yalançı bunu nəql edən olsun, deyir elə o vaxtdan ta bir də cin oralara üzükməyib.
İstədim bu rəvayəti səfər yoldaşım təbrizli Məmməd Azər bəyə danışam, zarafata salıb deyəm ki, elə o da siz tərəfdən gəlib bizim “başımıza börk qoyan” Şeyx Nəsrullah, Dərviş Məstəli şah, Molla İbrahim-Xəlil Kimyagərin tayı imiş. Demədim, Məmməd Azər bəylə təzə tanış olduğumdan, düşündüm, zarafatımı tutmaz, birdən inciyər. Yumor duyğulu olmasını sonra bildim.
Rəvayət öz yerində, dəqiq olansa budu ki, 1558-ci ildə portuqaliyalılar Male adasını zəbt edib qala-istehkam tikiblər. Amma çox yox, cəmi 15 il qala biliblər. Yerli əhali qalanı dağıdıb gəlmələri qovub. Sonralar hollandlar gəlib bura, onların da qalışı uzun sürməyib.
Yalnız 1887-ci ildə Britaniya öz protektoratlığını qurmağı bacarıb. Elə Britaniyadan da 1965-ci ildə azad olub, müstəqilliyini elan edib Maldiv adaları. 3 il sonra keçirilən referendumla respublika elan olunub. Demokratiya uzun sürməyib, ölkə 1978-ci ildə hakimiyyətə yiyələnən Mamun Abdul Qəyyumun 30 illk diktatorluğunda yaşayıb.
Bizi aeroporta aparan sürücü hazırkı siyasi vəziyyətlə bağlı səfər yoldaşımız Siyavuş Yusiflinin suallarına həvəslə cavab verirdi. Onun dediklərindən belə anladıq ki, ölkənin əməlli-başlı siyasi həyatı varmış, müxalifəti, onu dəstəkləyən xeyli fəal sakini varmış.
Allah üzümüzə baxıb, biz qayıdandan 10 gün sonra xəbərlərdə oxudum ki, Maldiv adalarında siyasi böhran yaranıb, müxalifət tərəfdarları küçələrə axışıb, polislə qarşıdurmadan sonra fövqəladə vəziyyət elan edilib, turistlər həyəcan yaşayıblar.
“Tarixi-Maldiv”i ona görə belə uzun yazıram ki, bu cənnət adaların camaatını başıaşağı, üzüyola sanmayasınız. İlk baxışda onlar çox sakit, mülayimdilər, di gəl, siyasi ehtiraslar qızışanda üzlərini görmə.
Əlli illik müstəqillk dövründə nələr gəlməyib bu ölkənin başına! Baş nazirin uzaq adaya sürgün olunmasınımı deyəsən, ölkə xəzinəsini götürüb Sinqapura qaçan, sonra muzdlu Tamil döyüşçüləriylə çevrilişə cəhd edən bir başqa baş nazirdənmi danışasan!
Tranzit paytaxt
Turistlər adətən Maledə bir gecə qalır, səhəri gün adalara gedirlər. Paytaxt bir növ tranzit rolu oynayır.
Male evlərin sıx, küçələrin dar olduğu şəhərdi. Eyni adlı adada yerləşir. Mopedlərin əlindən tərpənə bilmirsən. Adama elə gəlir ki, burada moped adamdan çoxdu. Di gəl, Maldiv xalqının sürücülük mədəniyyətinə bax! Heyran qalırsan. Nə siqnal, nə “yol ver görüm”, “ə, qaç gəldim” nidaları eşidərsən.
Maleyə cümə günü günortaüstü çatdıq. Şəhərdə dükan-bazar, kafe-restoran bağlı idi. Camaat cümə namazındaydı. Burada məscidə hərə öz canamazı ilə gedir. Elə ki azan sədası ucaldı, hər kəs canamazını qoltuğuna vurub gəlir məscidə.
Qəribədi, məsciddən tək azançının azan çağırışı yox, moizəçinin günboyu aradabir təkbirini də eşidirsən. Hər belə səs gələndə özünü yas yerində hiss edirsən.
Sən demə, məscidin biri də hotelin yanında, düz qulağımızın dibindəymiş. Yol yorğunu otaq yoldaşım Əli Ağayev elə təzəcə mürgüləmişdi ki, qəfil uca səslə başlayan azana diksinib yerindən sıçradı: “Bismillah! O, nə idi?”
Ölkə əhalisinin 97 faizi müsəlmandı. Bura spirtli içki gətirmək olmaz. Sərhəddə yoxlayıb içki tapsalar alıb saxlayar, geri döndükdə qaytararlar. Bir şərtlə ki, verilən qəbzi itirməyəsən. Mən qəbzi etibarlı yerdə saxladım, qayıdanbaş viskimizi geri aldım. “Kola-kola” şüşəsində viskini rahatca keçirməyin yolunu sonra bir rusiyalı turist bizə başa salacaqdı.
Torpaq sahəsi az olduğundan Maledə evlər bahadı. Bir otaqlı evin aylıq kirayəsi 1000 dollardan çoxdu. Belə bahalığa rəğmən şəhərin sən deyən gəzməli-görməli yeri çox deyil. Bir günə gəzib görərsən.
Maraq doğuran yerlərindən biri İslam Mərkəzidi. 5 min adamın eyni zamanda ibadət edə bildiyi cümə məscidi də burada yerləşir. 2004-cü il sunami qurbanlarının xatirəsinə ucaldılmış “Sumani” monumenti, Milli muzey, prezident sarayı ilə üzbəüz Cümhuriyyət meydanı, balıq bazarı azsaylı diqqətəlayiq yerlərdəndi.
Şəhəri dolaşıb axşama doğru sahildə qayıq-taksilər olan yerə gəldik, qiymətlərlə maraqlandıq. Gedəcəyimiz Ukulhas adası Maledən 75 kilometr uzaqlıqdadı. Dəniz təyyarələri varlı turistlərə əl verir, odu ki, biz qayıqlara üz tutduq. Səhər bizi Ukulhas adasına adambaşına 25 dollara aparmağa bir qayıqçını razı saldıq.
Açığı, nə qədər macəra xoşlayan olsam da adrenalin keyfi axtaranlardan deyiləm. Belə birtəhər çıxmasın, sir-sifətdən peşəkar qayıqçıdan çox “uşaq-muşağa” oxşayanların sürdüyü qayıqda açıq okeana çıxmaq, özü də o boyda yol getmək ürəyimcə deyildi. Gedənbaş yolumuz xoş keçdi, qayıdanda isə küləyə düşdük, iri dalğalar qayığımızı top kimi atıb-tutduqca o dünyaya gedib gəldim. Adama deyərlər, axı, nə ölümün azıb okeanın ortasında!
Sürücü də, heyət də uşaq-muşaq deyilmiş, qayığı yüz yol fırtına görmüş əsl peşəkarlar kimi idarə etdilər. Təlaş özümüzə qaldı.
Heminqueysiz “qoca və dəniz”
Maldiv Respublikası 1200 mərcan adasından ibarətdi. Amma bunun cəmi 200-də adam yaşayır.
Onu deyim ki, özəl adalarda qalmaq istəyənlər bir günə 500-2000 ABŞ dollarından keçməlidi. Çox bahadı, amma baxır kimə. Pulun varsa, niyə okean suyu üstündə tikilmiş bunqaloda qalmayasan. Hər cür şəraiti olan bunqaloda bir neçə gün gecə-gündüz okeanla canlı təmasda olmayasan. Puluna minnət.
O cür bahalı istirahət bizim cibimizə görə olmadığından yerli əhalinin yaşadığı bir adada hotel otaqları kirayələdik. Beş gün dünyanın heç bir yerində bənzərinə rastlamayacağınız müsəlmanların qəsəbə-adasında yaşadıq.
Ukulhas adasının gülərüz adamları var. Nə Yaxın Şərqin, nə Mərkəzi Asiyanın müsəlmanlarına oxşayırlar. Çarşablı qadınlar heç bir kompleks yaşamadan çimərlik geyimli kişi xeylağı bir turistin salamını alar, mopedini əyləyib nəzakətlə onun suallarına cavab verər. Buna görə yerli kişiləri “qeyrət boğmaz”. Yəni dediyim odu ki, içi biz qarışıq, başqa müsəlman ölkələrindən fərqli bir yerdi bura.
Görüb eşitmişik ki, isti yerlərin adamları qanıqaynar, haylı-küylü olurlar. Maldiv camaatı isə sakit, mehribandı.
Balaca adada məktəb, xəstəxana, iki məscid, xeyli sayda dükan, hotel, restoran var. Burada nəinki məscidə, dükana da girəndə ayağındakı sürütməni, şəpşəpini çıxarırlar.
Başqa adalarda olduğu kimi Ukulhasda da elektrik generatorlarla verilir.
Adanın o başında su təmizləmə məntəqəsi var. Lövhəyə yazılandan aydın olur ki, Avropa Birliyinin maddi yardımı ilə qurulub. Ölkədə içməli su qaynağı olmadığından okean suyu xüsusi qurğu ilə təmizlənib istifadə olunur.
Adaya gəldiyimiz gün ehtiyatsızlıq edib günəş altında çox qaldım. Gün dərimi yandırıb qovurdu. İki gün tərpənə bilmədim, ağrıdan zülm çəkdim. İlan kimi qabıq çıxardım. Dükandakı gülərüz satıcı qız kokos yağı məsləhət gördü. Sağ olsun, sürtdüm, bir az səbbin aldı.
Ölkədə əhalinin aşağı həyat səviyyəsinə uyuşmaz dərəcədə bahalıqdı. Buna səbəb nəqliyyat xərclərinin yüksək olması, bir də əksər istehlak mallarının idxal edilməsidi. Maldivin əsas gəlir mənbəyi turizm və balıqçılıqdı. Adada hər kişinin bir peşəsi də balıq tutmaqdı. Onlar tutduqları balığı özəl adaların turist mərkəzlərinə, restoranlara satırlar.
Sahil qumluğunda uzanıb ada kişilərinin sürü halında üzən balıqlara tor qurmasına, axşamçağı okeandan qayıdan balıqçı qayıqlarına tamaşa edəndə Heminqueyin “Qoca və dəniz” povestində təsvir etdiyi qoca Santiyaqonu, kənd balıqçılarını xatırlayırsan. Maraqlıdı, qəhrəmanlarını göz önünə gətirsən də, o nəhəng yazıçını burada təsəvvür edə bilmirsən.
“Heç vaxt qəşəng qız öpüşünü və bir şüşə əla viskini sonraya saxlamayın!” deyən Heminquey içkinin qadağan olunduğu yerdə təsəvvürə gəlmir.
Yerli əhalinin yaşadığı adalarda spirtli içki satılmır, restoranlarda verilmir. İçkini yalnız özəl adalardakı hotel və restoran-barlarda əldə etmək olar. Odur ki, yeyib-içən turistlər özlərini belə yerlərə verirlər.
Dalğa tutmaq sevdası
Mərcan adalarının sahilində okean suyu şəffafdı, nəhəng üzgüçülük hovuzunda hiss edirsən özünü.
Sualtı həyatı görmək üçün heç akvalanq da lazım deyil, elə adi su eynəyi ilə də okeanın füsunkar sualtı gözəlliyini görərsən. Elə bilərsən iri akvariumdasan. Daha dərində delfinlər, köpək balıqları var. Dayazda dərisitikanlılar, dəniz tısbağaları, alabəzək balıqlar, onayaq xərçənglər, canım sənə desin, cürbəcür mərcanlar göz oxşayır.
Mərcan sualtı qaya üzərində hərəkətsiz yaşayan dəniz heyvanıdı. İlk baxışda deyirsən bəs daşdı, heyvanlarla bitkilərin qovuşuq yaşadığı suxurdu. Amma daş deyil, daşa yapışıb qalan canlıdı. Suxuru sudan çıxarıb diqqətlə baxsan mərcanların həyəcanlanıb tərpəşdiyini sezərsən.
Min illərdi beləcə, heyvan-bitkinin suxurlaşıb yaratdığı yerdi mərcan adaları.
Bu adalarda hər turist marağına uyğun məşğuliyyət tapır. Dayvinq həvəskarları, sualtı dünyayla canlı təması duymaq istəyənlər bu ələdüşməz fürsəti qaçırmırlar. Hüzur dalınca gələnlər üçünsə isti ağ quma uzanıb okeanı dinləməkdən, ya da bir maraqlı kitab oxumaqdan gözəl nə olar ki! Gün qızanda özünü palma kölgəsinə də verə bilərsən.
Maldivin rəngarəng mərcan riflərinin dünyayla bir adı var. Okean suyu riflərə qədər dupdurudu, səma maviliyində. Getdikcə yaşıla çalır, tündləşir. İri dalğalar riflərin o üzündədi. Qıraqdan baxmaqla olmur, dalğanı tutmaq, duymaq istəyirsən. Elə bu həvəs başıma müsibət açdı. Hulhumale adasında sahildən sıra riflərəcən 100 metr ola-olmaya, dərinlik də beldən aşağı. Di gəl, nə üzə, nə də mərcanların əlindən yeriyə bilirsən.
Bir anlıq da olsa özünü “Dalğa tutanlar” (“Chasing Mavericks”) filminin qəhrəmanı Ceyin yerinə qoyursan. İyirmi beş metrlik əfsanəvi “Maverik” dalğasını tutmaq istəyən Cey inadkar həvəslə usta sörfinq olur, həyatına məna verən arzusuna çatır – dalğaların ən irisini tutur.
Mənim elə inadkarlığım yoxdu, amma maraq güc gəldi deyə ayaqlarımı mərcan-daşlar kəsə-kəsə bir zülmlə dalğalar döyəcləyən riflərə yetişdim. Əvvəl-əvvəl dalğaları tuta bilmirdim. Mərcanların əlindən ayaq üstə durmaq olmurdu, dalğanın biri səni aşırıb yıxır, o biri qalxmağa qoymur, bir başqası batırırdı. Elə bil dalğayla mərcan-daşlar sözü bir yerə qoyub sənlə alay edirlər. Nəhayət, ayağım qum gördü, dizimin olub qalan gücüylə təkan verib özümü dalğaların qoynuna atdım. Bu, hələ minilməmiş gözəl atı ram eləməyə bənzəyirdi.
Kəsik-kəsik olmuş ayaqlarımın ağrısı neçə gün sürdü.
Amma öz aramızdı, o duyğunu yaşamağa dəyərdi…
Robinzonun bunqalosu
“Over Water Bungalows”, yəni su üstündə bunqalo bahalı kef çəkməyi xoşlayanların yeridi. Məsələn, “Anantara Veli”də bunqaloların günü 800-2000 dollardı. Bunqalolar okean suyu üzərində tikilib. Okean deyəndə ağlınıza dərin sular, böyük dalğalar gəlməsin. Burada suyun dərinliyi bir metr ola-olmaya. Adətən belə kurort-düşərgəni okeanın riflərlə əhatələnən dayaz laquna-göllərində salırlar.
Robunzon Kruzonun damı kokos palmasının budaqları ilə örtülmüş daxmasını xatırlayın!
Bunqalo, bax, o daxmanın müasir variantıdı. 28 il adada tənha yaşayan yazıq Robinin ağlına da gəlməzdi ki, vaxt olacaq, varlı-karlı kişilər sevgili xanımlarıyla bu daxma-bunqaloda bir romantik gecəyə bir ətək pul xərcləyəcəklər.
Yazının bu yerində Daniel Defonun “Robinzon Kruzo”sunu Ağdamda həyətimizdəki armud ağacının kölgəsində oxuduğum günlər yadıma düşür. Görəsən, bunqalonun açıq terrasındakı şezlonqa (günəşlənmək üçün stul-çarpayı) uzanıb o kitabı bir də oxusam, o zövqü alarammı?!
“Bounty”nin məşhur reklamında göstərilən palma altında huri-mələkli cənnət belə yurd həsrətini ovutmaz! Yazıq Robi, nələr çəkibmişsən!
***
Arada girəvəyə salıb Şri-Lankaya da beşgünlük səfər elədik. Məşhur Seylon çayı, fillər və pələnglər ölkəsindən ayrıca yazı-reportaj qaraladım bəlkə. Sağlıq olsun!
Yanvar-mart, 2018
Ukulhas adası, Maldiv – Trossö adası, İsveç
Vahid Qazinin başqa yazıları:
“İslamda tolerantlıq varmı?” sualı İsveçdə
Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı
“İztirab — vətəndə qərib olmaqdır”
Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)
Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)
Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)
Varşava – azadlıq və sevgi şəhəri
Çəmənzəminlinin ”Studentlər”i haqda
Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)
Qış günəşi parlaqdır, amma isitmir
“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı
Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)
Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)
Rusiya sindromu və Yalama döyüşü
Ozon adam (Elçin Şıxlının 60 yaşına)
Qarabağ adam (İlham İsmayılın 60 yaşına)
Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj
Etiraz – ləyaqətin bir başqa adı