Firuzə DAVUDQIZI
4-cü bölüm
GÜNLƏR SONRA…
Cümə günü, axşamçağı idi.
Darıxırdım.
Həyətə enib skamyada əyləşmişdim. Bir qədər keçmişdi ki, darvazanın önündə maşın dayandığını hiss etdim. Açılan qapı səsinə başımı qaldırdım.
Gələn Elşad idi. Yenə hərbi geyimdə.
Onu görəndə sevincək nə vaxt ayağa qalxdığımı belə bilmədim. Ürəyim həyəcandan yerindən çıxacaq sandım. Öz hərəkətimə Elşad bir yana, özümdən də utandım. O da mənim necə həyəcanlandığımı görmüşdü. Dodağı özünəməxsus bir ədayla qaçdı. Axrıncı dəfə aramızda olanlardan sonra ona dediklərimçün yəqin bu həftə gəlməz sanırdım. Amma o, gəlmişdi və həyətə girsə də, yerindən tərpənmədən həmişəki məğrur baxışıyla mənə baxırdı. Nəhayət, hansısa bir qüvvə onun donunu açdı. Ağır addımlarla mənə doğru gəldi.
Əlimin-ayağımın titrəməsini saxlaya bilmirdim.
Gəlib düz qarşımda dayandı. Zəndlə gözümün içinə baxıb:
– Salam, gözəl qız! – dedi.
Mən həmişəki kimi onun nüfuzedici baxışları qarşısında yenə dillənə bilmədim, başımı yüngülcə tərpədib salam verdim. Elşad əlində tutduğu hərbi papağı başıma qoydu. Ardınca da yəqin ki, bir qədər əvvəl soyunub çiyninə atmış olduğu kiteli mənim çiynimə saldı. Sonra bir anlıq məni başdan-ayağa süzüb, fərəh hissi ilə dedi:
– Əcəb yaraşdı. İndi oldun əsl hərbiçi qadını! Gərək bir dəstini də səninçün alım. Hərbi nizamnaməni də öyrədərəm sənə. Birlikdə qulluq edərik! – deyib, alnımdan öpdü.
Mən onun geyiminin içində bir az da sıxılıb büzüşdüm. Əynimdən çıxarıb asılqandan asdım.
O isə suyu açıb əl-üzünü, boyun-boğazını yumağa başladı. Eyni zamanda da mənə eşitdirdi:
– Yaman istidir. Rayon od tutub yanır. O zərif əllərinlə bir sərin su gətir içək, gözəl qız. Yandı ciyərimiz! Ürək heç! Ürək onsuz da həsrətindən odlanıb, cananım!
Mən onun bu şairanə danışığına üzümdə yaranmış təbəssümü güclə boğaraq dərhal eyvana qalxıb, qrafin dolu soyuq suyu bardaqla birlikdə götürüb geri qayıtdım. Elşad əl-üzünü silmək üçün dəsmalı məndən alanda barmaqlarının ucundan süzülən su damlalarını özünəməxsus bir ədayla üzümə sıçratdı. Və mənim gözlərimi qırpıb, tərs-tərs baxmağım ona ləzzət elədi. Mən bardağı suyla doldurub ona uzatdım.
Elşad dəsmalı asılqandan asaraq:
– Ay sağ ol! – deyib, suyu içməyə başladı.
Baxışlarımı qaldırıb diqqətlə onu izləyirdim. Sanki gözlərimin önündəki pərdə yavaş-yavaş qalxmaqda idi və mən aylardan bəri ərdə olduğum bu oğlanı indi kəşf etməyə başlayırdım. O, mənim ona zillənmiş baxışlarımı tutubmuş, bardağı qaytaranda qıyqacı məni süzüb, soruşdu:
– Nə isə demək istəyirdin? Sözlü adama oxşayırsan…
Mən fikirdən ayrılıb:
– Nə? – deyə karıxmış halda ona baxdım. O, gülümsündü. Qolumdan tutub məni yanına çəkdi:
– Nə isə son vaxtlar havam yenə çatmır. Nəfəs ver görüm! – deyib, çənəmdən yapışdı. Həmin o nəfəskəsən öpüşüylə bərk-bərk öpdü. Bu dəqiqə anası görəcək deyə canımı qorxu aldı. Amma onun heç nə vecinə deyildi. Onu zorla özümdən uzaqlaşdıranda məni qıcıqlandıra-qıcıqlandıra:
– Hə, indi özümə gəldim! – dedi. Sonra baxışlarıyla evi göstərib anasını işarə etdi. – Məndən sonra atəşkəs pozulmayıb? Necə keçib günün? Məruzə elə görüm necəsən? Şəxsi vəziyyətin…
– Atıb getdiyin kimi! – eyham vurdum.
Təəssüf hissi ilə məni süzüb:
– Mən səni heç vaxt atmaram! Nahaq söz danışma! – dedi. – Gündə bəlkə yüz dəfə xəbər alıram səni İlkindən. Sən qədirbilməzi!
Bu vaxt telefonuna zəng gəldi. Elşad telefona baxanda zəngin kimdən gəldiyini görüb üz-gözünü turşutdu. Hətta bir qədər gərgin göründü. Cavab vermədən zəngi rədd etdi. Birdən gözü mənə sataşdı. Mənim telefona necə tutqun ifadə ilə baxdığımı gördü. Araya söz saldı:
– Sabah dostumun toyudur. Duşa girim, hazırlanım. Bir azdan uşaqlarla onlara gedəsiyik.
Məsələ mənə indi aydın oldu. Deməli, buna görə bir gün əvvəl gəlib.
Telefona yenə zəng gəldi. Uzun-uzadı çalsa da Elşad cavab vermədi.
Mən nə qədər üzə vurmaq istəməsəm də bacarmadım. Hiddətlə üzümü çevirib pilləkənlə yuxarı qalxdım. Zəng hələ də çalırdı. Elşadın isə gözü məndə qalmışdı. O, nə fikirləşdisə yerindən tərpənib evdən bir qədər aralandı. Zəngə cavab verdi. Gərgin səsini eşitdim.
– Nədiii?! Nolub?! Nə zəhləmi tökürsən iki dəqiqədən bir! Söz başa düşmürsən?! – Qısa bir sükutdan sonra: – İndi çatmışam hələ rayona! Sənə nə, nə vaxt qayıdıram! İzahat verməliyəm?! – Elşad əsəbi bir ahənglə səsini qaldırdı. Xəttin o üzündən nə eşitdisə bir az da gərildi. – Ay sənin südüvə lənət! Nə qanmaz adamsan az, sən! Niyə başa düşmürsən, qurtardı dedim! Neçə dəfə təkrar etməliyəm?! Qurtardı! Bəli, mən belə istəyirəm! Kefimin bəyisən?! Əşi, nə istəyirsən elə, mənə maraqlı deyil! Öz işindir!
Elşad söhbəti yarıda kəsib telefonu söndürmüşdü. Hirsini qovub yatızdırmaq üçün həyətdə ləngiyir, özünə gəlməyə çalışırdı.
Bir qədər sonra duşdan çıxıb, geyinib-kecinib getdi. Nə o mənim gözümə göründü, nə də mən onun.
Özümü pərt hiss edirdim. Ürəyim məni ona doğru itələyib, addım atmaq istərkən yanılmışdım.
Gecə nə vaxt qayıtdığını bilmədim. Ertəsi gün o, toya getməyə hazırlaşanda mən qapını açıb otağa keçmək istədim. Onu görüb, yerimdə quruyub qaldım. Kostyumda etiraf edim ki, çox xarizmatik görünürdü. Bir anlıq dərin nəzərlərlə ondan xəbərsiz ona baxdım. Lakin özümü ələ verməmək üçün tez də gözlərimi qaçırdım. Əslində o, əvvəldən belə cəlbedici idi, amma mən onu indi görməyə başlayırdım.
Qapıdan çıxanda Elşad alnımdan öpüb, həyətdə saxladığı maşınına əyləşdi. Və sürüb getdi.
***
…Toy məclisi şur keçirdi. Elşadın bütün dostları onun öz toyunda olduğu kimi burada idi. Bir masada əyləşmişdilər. Deyib-gülür, zarafatlaşır, arada qalxıb, bəyi də öz aralarına alıb rəqs edirdilər. Bir-iki qədəhdən sonra Elşadın əhval-ruhiyyəsi yüksəlmişdi. Dostları onu rəqsə dəvət edəndə daha sıxılmırdı. Amma ağlına belə gəlmirdi ki, masalardan birində toya dəvət olunan bir nəfər bütün nifrəti və kini ilə qaşlarını düyünləyib məclis boyu onu izləyir. Onun necə kefi kök deyib gülməsini, rəqsini…
Bir qədər sonra Elşad dostu Natiqlə foyedə dayanmışdı. Bu vaxt onlara yaxınlaşan başqa bir tanışı Elşada:
– Qardaş, Allah səni xoşbəxt eləsin! Bağışla da, üzüqarayam sənin yanında. Toyuna gələ bilmədim. Burda deyildim. – deyə üzrxahlıq etdi.
Elşadın yerinə Natiq dilləndi:
– Eybi yox, Allah qardaşıma bir oğul payı versin! İnşallah, onun kiçik toyuna gələrsən. Daha böyük toyuna kimi səni gözləyən deyilik. Bu yolla xəcalətindən çıxarsan.
– Amin! İnşallah! Sözssüz!
Gülüşdülər. Tanışı marağını boğa bilməyib Elşada:
– Qaqa, pis başa düşmə, sən Allah… Sadəcə maraqlı gəldi mənə… Həmin qızdı evləndiyin? – deyə sual verdi.
Elşad başını tərpətdi. Tanışı həmin dəqiqə əlini-əlinə vurub:
– Halaldır sənə! – Üzünü Natiqə tutdu. – Ayə, dəli idi də bu o qızın dərdindən… Görəndə ağlı başından çıxırdı! Gözümün önündədir e, hamısı… Allah xoşbəxt eləsin! Allah ayırmasın, qaqa!
Elşad razılıq etdi. Bu dəm Natiq Elşaddan soruşdu:
– Sabah da burdasan?
– Yox, sabah qayıdıram.
– Nə pis oldu. Deyirdim sabah hamımız yığışaq. Köhnə günlərdəki kimi. Bir gün problemlərdən uzaq olaq.
– Qala bilmərəm, Natiq, incimə…
– Fikrim vardı, təzə bəyi də özümüzlə götürək. Qaqamın sabah danışmalı sözü çox olacaq də… Bir az danışdırım, mırt tutaq. Ürəyim partlayar yoxsa. Səhərə qədər gözümə yuxu getməyəcək, özüm ölüm… – deyib, Elşada göz vurdu.
Elşadı gülmək tutdu:
– Gərək yengə sən olardın…
Natiq gülə-gülə təsdiqlədi:
– Demə, qardaş… Yaman səhv elədim…
Elşad dostunun ciddi dediyi bu sözə ürəkdən gülüb, yumruğunu onun qoluna vurdu. Sonra da əlavə etdi:
– Təzə bəylə hələ işiniz olmasın. O, ən azı 6 ay heç kimi tanımayacaq. Başı qarışıq olacaq. Sonra yavaş-yavaş tanış gələcəksiz…
– Aha! Təcrübə öz sözünü deyir! – Natiq baş barmağıyla Elşadı tanışına göstərib güldü. Onlar söhbətin təsiri ilə hələ də gülməkdə ikən bu vaxt bir nəfər çiyniylə Elşada toxunub keçdi.
Üzünü çevirib tərs-tərs baxan Elşad onu tanıdı. Bu, Rüfət idi.
O, yoluna davam etsə də çevrilib qanlı-qanlı Elşada baxırdı. Sanki baxışlarıyla hesab sorur, hədələyirdi. Bu baxışlar əslində məclis başlayandan Elşadı izləmişdi, amma Elşad bunun fərqində olmamışdı.
Onu görəndə, onunla baxışları toqquşanda Elşadın başından aşağı qaynar su ələdilər sanki. Dostlarına tərəf çevrilsə də üzü tutqun bir ifadə aldı. Yumruğunu Rüfətə olan qəzəbi ilə düyünlədi. Natiq onun bir anda dəyişən əhval-ruhiyyəsinə diqqət edib, soruşdu:
– Noldu?
– Heç! – desə də, Elşad artıq özündə deyildi. Bütün fikri Rüfətin yanında ilişib qalmış, dişini-dodağını bir-birinə sıxıb durmuşdu. Natiq dostunun cavabına inanmasa da, daha üstünü vurmadı.
Toydan çıxandan sonra da Elşad sükan arxasında hələ də Rüfət barədə düşünürdü. Onun hərəkətini, baxışlarını gözünün önünə gətirdikcə barmaqları gərginliklə rulu sıxırdı. Sürəti artırıb, musiqiyə səs verdi. Artıq heç kim barədə düşünmək istəmirdi. Bircə Mələyin yanında olmasını istəyirdi. Odur ki, evə can atırdı.
Doğulub-böyüdüyü rayonun işıqlara qərq olmuş mərkəzi küçəsiylə tam sürətlə yoluna davam etməkdə idi.
Evə gəlib çatanda Mələk çoxdan yuxuya getmişdi. Oyatmağa qıymadı. Yatağa uzanıb bir xeyli ona baxdı. Sonra nə vaxt yuxuya getdiyini özü də bilmədi.
(Ardı var)