İlham İSMAYIL
1994-cü ildə Qarabağ cəbhəsində döyüşlər əsasən Tərtər istiqamətində gedirdi. Ağdərəni geri alan düşmənin planında Dağlıq Qarabağ ətrafındakı bütün rayonların, o cümlədən Tərtərin işğal edilməsi vardı. Tərtərin başını alan təhlükəni ən birinci duyan, bilən, dərk edən elə tərtərlilər idi.
Vaxtilə Ağdama getdiyim kimi hər həftə Tərtərə gedirdim. Kəndimizi, qəbiristanlığı, atamın, anamın qəbrini ziyarət edir, fikirləşirdim ki, bu yerlər işğal olunsa həyatda yaşamağın mənası qalacaqmı?
Bir dəfə də icra başçısı Sərdar Həmidovun yanına gəldim. Kabinetində bir neçə nəfər hərbiçi vardı. Yaxın qohumumuz Validə xala rəhmətə getmişdi. Yasa bir yerdə getdik. Vəziyyəti soruşdum. Sərdar Həmidovun cavabı konkret oldu: “İndiki başbilənlərə qalsa, Tərtər getməlidir. Hər şey camaatın qeyrətinə qalıb. Yaxşı ki, hələ o vaxtlar İsgəndər (qardaşı İsgəndər Həmidovu deyirdi) bura xeyli silah-sursat yığıb. O silahların hesabına hələ dayanmışıq. Tərtərlilərin vuruşmaq problemi yoxdur, itirəcək heç nələri qalmayıb, ona görə hələ vuruşurlar. Amma bu gedişlə, bizə olan bu ögey münasibətlə Tərtər də gedə bilər”.
Sərdar Həmidov bütün ziddiyyətli xarakteri ilə düz danışırdı. Sonralar Heydər Əliyev Bakıda respublika müşavirəsi çağıranda Göyçayın nümayəndəsi kimi mən də iştirak edirdim. Heydər Əliyev Sərdar Həmidovu həmin iclasda vəzifədən azad etdi. Prezident Aparatındakı iclas bitəndə Sərdar Həmidova liftin qarşısında yaxınlaşıb təsəlli verdim, Tərtərin müdafiəsinə görə tərtərlilərin minnətdarlığının hər vəzifədən üstün olduğunu nəzərinə çatdırdım.
Həmin müşavirədə Nəcməddin Sadıqovla da qarşılaşdım. Harada olduğumla, rütbəmlə maraqlandı. Cavabımı eşidəndə “Bıstro rastyoş” dedi, amma özü artıq general idi, baxmayaraq ki, 1989-cu ildə ikimiz də mayor rütbəsində idik.
1994-cü il mayın 12-də Azərbaycanla Ermənistan arasında atəşkəs sazişi imzalandı. Ermənistan öz ərazisinin yarısı qədər torpaq işğal etdi.
Vətənim hələ də işğaldadır. Atəşkəs imzalananda zənn edirdim ki, tezliklə ən azı Dağlıq Qarabağ ətrafındakı rayonlarımız geri alınacaq, sonra Dağlıq Qarabağın özünü azad edəcəyik. 1994-cü ildən iki onillik keçib, bir qarış torpaq geri alınmayıb. Bu gedişlə bir neçə onillik də keçə bilər. Millət olaraq vətənimizi azad etmək üçün nə yuxarıdan, nə aşağıdan uğurlu sonuc verən addımı ata bildik. Nə aşağıdan qətiyyətli tələb var, nə yuxarıdan milləti səfərbər edib qələbəyə aparan. Qarabağla bağlı nəsil itir, bir on ildən sonra yurd yeri həsrəti çəkən qarabağlı qalmayacaq və indi ara-sıra Qarabağdan danışan da tapılmayacaq. Zəngəzur kimi, Göyçə kimi…
20 ildən çox vaxt keçib. Qarabağ şüardadır, Qarabağ xatirədədir. Neft pullarının eyforiyası kosmopolit bir cəmiyyət formalaşdırıb. Hamı varlanmaq, pullanmaq həvəsi ilə yaşayır. Cəmiyyətin cavanı da, yaşlısı da dövlətçilikdən, vətən hissindən, vətəndaşın şərəfi sayılan Qarabağdan çox-çox uzaq olan məqsədlər uğrunda gecə-gündüz baş sındırır. Boğazdan yuxarı Qarabağ deyirlər, o da o zaman ki, oradan da bir maddi xeyir tapacaqlar.
Bəs vuruşanlar? Qarabağda şəhid olanlar, yaralananlar, bu gün hələ ki, sağ qalanlar? Onlar nə etsinlər? 1994-cü ildən sonra bir xeyli Qarabağ döyüşçüsü də imkansızlıqdan, xəstəlikdən, yaralarından, dərddən dünyasını dəyişib. Həyatın amansızlığına, onlara qarşı haqsızlığa dözməyib intihar edənlər də, özünə od vurub yandıranlar da oldu.
Ordumuzun tanıdığım zabitləri ilə hərdən söhbətlərim olur. Yüksək hazırlıq və əhval-ruhiyyə hiss olunur, amma hələ ki, bu gücü Qarabağ cəbhəsində reallaşdırmaq üçün tarixi şəraitin yetişmədiyini deyirlər. Rusiyanın imkan vermədiyini, daim təzyiq edildiyini təəssüflə vurğulayırlar. Bu nə vaxta qədər davam edəcək?
Siyasi iradə və qətiyyət xalqı da, ordumuzu da səfərbər edə bilər. Diplomatiyamızın kəsəri artmalıdır. Ölkə dünya qarşısında imicini yaxşılaşdırmaq üçün bütün beynəlxalq təşkilatların hesabatlarında sonuncu yerdə olmanın səbəblərini aradan qaldırmalı, siyasi, iqtisadi islahatlara başlamalıdır. Bu sonuncu yerlərdə bərqərar olmağımız düşmənə fürsət verir ki, bizi təcrid dövlətinə çevirib sanksiyalar tətbiq etdirsin, birgə yaşamın qeyri-mümkünlüyünü göstərsin. Onsuz da özünü əzabkeş obrazında təqdim edən düşmənə əlavə imkan vermək olmaz. Erməni liderlərin siyasəti budur: Azərbaycan elə tanıdılmalıdır ki, dünya Dağlıq Qarabağın bizimlə bir dövlətdə yaşamamıza etiraz etsin.
***
Göyçayda isti yay günlərinin birində Şəmkirdən tanıdığım və yaxşı münasibətdə olduğum Şahbaz Süleymanov (hamı onu Saşa kimi tanıyırdı) yanıma gəldi. Bakıdan gəldiyini, yolüstü görüşmək istədiyini dedi. Söhbət zamanı MTN rəhbəri İmranovla görüşdüyünü, söhbət etdiyini, məndən də danışdığını söylədi.
Nazir Aslan Aslanovun məndən Ramiz Mehdiyevə, Heydər Əliyevə şikayət etdiyini deyib. Aslanov Heydər Əliyevin qəbuluna qədər gedib, məhz məndən şikayət edib, mənim guya cəbhəçi olduğumu, işdən çıxarılmağımın vacibliyini Heydər Əliyevə çatdırıb.
Heydər Əliyev nazirə mənim barəmdə Aslanovun söylədiklərini deyəndə İmranov cavab verib ki, Göyçayın rəisi 12 ildən çoxdur orqandadır, necə cəbhəçi ola bilər? Heydər Əliyev deyib ki, Aslanov deyir, özünüz aydınlaşdırın.
İmranov Aslanova zəng edib, nədən onun özünə deməmiş işçisindən prezidentə şikayət etdiyini, onu pis vəziyyətdə qoyduğunu soruşub. Aslanov dediklərini dananda İmranov ona telefonda gözləməyi tapşırıb, başqa telefonla Əliyevlə danışıb, mənim cəbhəçi olmadığımı, Aslanovun da belə bir söz demədiyini söyləyib. Heydər Əliyev acıqlanıb, “Mənim vaxtımı boş işlərinizlə almayın, öz işinizi özünüz araşdırın” deyərək telefonu qapadıb.
Şahbaz Süleymanov məni xəbərdar etməyi özünə borc bildiyini deyir, Aslanovun məkrli olduğunu bildirir, ehtiyatlı olmağımı xahiş edirdi.
İllər keçəndən sonra Aslan Aslanovun oğlunu qətlə yetirdilər, qətli törədənlər mətbuata açıqlamalarında bildirirdilər ki, Aslanov məcbur edirmiş qətli Şahbaz Süleymanovun sifarişi ilə törətdiklərini istintaqa bildirsinlər.
Bu, Aslan Aslanovun mənə qarşı olan əməllərinin sonu deyildi. Bu barədə sonra…
Nəhayət, Göyçaya icra başçısı təyin edildi. Başçını Abbas Abbasov təqdim etdi. Abbas müəllimdən soruşdum ki, Zərdaba nə vaxt başçı təyin olunacaq? Gülüb “Mən təqdim edənəm, təyin edənləri nə vaxt kimsə qane edəndə gətirəcəm” dedi.
Mən Göyçaydan nazirliyə işə getdim, Zərdaba hələ də başçı qoyulmamışdı.
(Ardı var)