Müstəqil dövlət – müstəqil fəaliyyət (5)
İlham İSMAYIL
Əbülfəz Elçibəyə etimadsızlıq referendumuna hazırlıq gedirdi. Bakıdan Müslüm İmanov da Şəmkirə təhkim olunmuşdu. Zəyəm kəndində referendumun gedişinə mən nəzarət edirdim.
Referendumdan əvvəl Surət Hüseynov ümumrespublika müşavirəsi təyin etdi. Ağdamın işğalı təzə bitmişdi, Dağlıq Qarabağ ətrafındakı başqa rayonların da üstünü təhlükə almışdı. Avqustun ortaları idi. Surət Hüseynov bütün rayonların icra başçılarını, hüquq mühafizə orqanlarının rəhbərlərini, Milli Ordunun rəhbər heyətini Gəncəyə topladı. Gecə saatlarında “Bakı” kinoteatrının binasında respublika müşavirəsi keçirildi. Surət Hüseynov bu toplantı ilə güc nümayiş etdirirdi. Ölkəyə, onun rəhbərinə açıq demək istəyirdi ki, istədiyi vaxt hamını istədiyi yerə yığa bilər.
Müşavirədə əsasən hərbiçilər – Səfər Əbiyev, indi xatırlamadığım hərbi hissə komandiri, hərbi prokuror Rövşən Əliyev çıxışlar etdi. Məlum oldu ki, Cəbrayıl, Füzuli rayonları da düşmən əlinə keçmək üzrədir. Rövşən Əliyev Səfər Əbiyevlə dartışmağa, mübahisə etməyə başladı. Bu, Surət Hüseynova xoş gəlmədi və əsəbi şəkildə Rövşən Əliyevə yerinə oturmağı əmr etdi.
Müşavirə gedən zaman hamının təəccübünə səbəb olan hadisə baş verdi. Kinoteatrın səhnəsinə, birbaşa Surət Hüseynovun yanına Ələkrəm Hümbətov daxil oldu. Ələkrəm Hümbətov artıq “Talış Muğan Respublikası”nı elan etmişdi. Bura necə gəlib çıxıb, kim dəvət edib onu bura? Cavab məlum idi, bizi kim dəvət etmişdisə, o.
Müşavirədə pıçıltılar uğultuya keçirdi. İlk ayağa durub etiraz edən Goranboyun icra başçısı əvəzi Ağa Əkbərov oldu. Yerlərdən onu dəstəkləyən səslər eşidiləndə Surət Hüseynov vəziyyətin gərginləşdiyini hiss edib müşavirəni bitirdi. Səhərisi gün Heydər Əliyev Ağa Əkbərovu Goranboy rayonuna başçı təyin etdi. Hər şey nəzarətdə idi…
***
Beləcə, ölkədə nüfuz savaşı böyüdükcə düşmən Qarabağ torpaqlarını dayanmadan işğal edirdi. Füzuli, Cəbrayıl bir-birinin ardınca işğal olundu. Ağdamın işğalından sonra bu rayonların da işğal olunacağı gözlənən idi. Ölkədə hakimiyyət davası gedirdi. Elçibəyə inamsızlıq referendumundan sonra prezident seçkisi təyin olundu. Seçkilərə hazırlıq dövründə Qubadlı da işğal olundu. Zəngilan bir ada kimi qalsa da, onun da taleyi həll olunmuş görünürdü.
Bu arada dövlət katibi Lalə Şövkət Hacıyeva Şəmkirə gəldi. Helikopterlə gələn Lalə xanımı qarşılamağa yenə məni dəvət etmədilər. Lalə xanımın ayaqları altında qurban kəsən Aslan Aslanov məndən dövlət katibinə şikayət edir ki, o, cəbhəçidir, cəbhənin kadrıdır, Sizi qarşılamağa belə gəlməyib.
Xəbər mənə elə həmin gün çatdı.
Başçı ilə münasibətlər hər gün gərginləşirdi. Bu arada Aslanov rayon bankını yoxlatdırmaq göstərişi vermişdi. Bankın müdiri yanıma gəlib başçının banka təsadüfi bir adamı – rayon istehlak cəmiyyətinin mühasibini göndərdiyini dedi. Bu, qanun pozuntusu idi. MTN-dən xüsusi icazəsi olmayan şəxsin bankı yoxlamaq ixtiyarı yox idi. Bank işçilərinin əksəriyyəti MTN-in yoxlamasından keçəndən sonra orada fəaliyyət göstərməyə buraxılırdılar. Bir də bankın rayon şöbəsini Mərkəzi Bankın işçiləri yoxlaya bilərdilər. Mərkəzi Bankın nümayəndəsi ilə bankın müdiri iki dəfə yanımda olandan sonra mən xəbərdar etdim ki, “xüsusi icazəsi” olmayan şəxsin bank sənədləri ilə tanış olması mümkün deyil.
Həftənin birinci günü idi, səhər əməkdaşlarla əməliyyat müşavirəsi keçirirdim. Başçının telefonu zəng çaldı. Salamsız-kəlamsız:
– Sən dur gəl yanıma, mənə izahat ver görüm, mənim komissiyamı niyə banka buraxmırsan?
– Hara zəng vurmusan?
Bir az duruxub:
– Bura KQB deyil?
Səsimi ucaltdım:
– Bəli, bura KQB-dir, biz hərbi təşkilatıq və yadında saxla ki, mən nazirimdən başqa heç kimə izahat vermirəm. Sənin Miti kişinin də (rayon istehlak cəmiyyətinin mühasibinin adı Miti idi) bankı yoxlamağa ixtiyarı yoxdur. Qanun yol vermir.
Aslanov da səsini ucaltdı:
– Yox, sən gəlib mənə izahat verəcəksən ki…
Sözünü yarımçıq kəsib:
– Səni qandırmaq çətindir (bir az da sərt demişdim), hünərindir bir də bura zəng edəsən, – deyib dəstəyi asdım.
Əməkdaşımızın biri:
– Ay müəllim, niyə elə sərt cavab verdiniz, axı bir yerdə işləyəcəksiniz.
– Tapdıq, bu gün mənim üstümə qışqıran sabah bu təşkilatı, sizi tapdalamaq həvəsinə düşəcək. Bunu yerində oturtmasaq, işimiz çətin olacaq. Mən tezliklə gedəcəm, amma Siz qalacaqsınız. O ən azı təşkilata hörmət etməyə məcbur olacaq.
Oktyabrda məzuniyyətə çıxdım. Nazirliyə gəlib Kadrlar İdarəsinin rəisi Xaliq İsgəndərovla görüşəndə İsgəndərov nazirin mənim haqqımda sərt danışdığını söyləyib məzuniyyətin sonunda gəlməyimi tapşırdı.
İki həftədən sonra Kadrlar İdarəsinə gələndə sərəncama götürüldüyümü dedilər. Halımı da pozmadım.
İki gündən sonra çağırdılar. İki rayondan birini seçməyimi istədilər – ya Qəbələ, ya Göyçay. Göyçaya razılıq verdim. Həmin gün əmrlə MTN-in Göyçay rayon bölməsinə rəis vəzifəsinə təyin olundum. Şəmkirə qayıdıb sənədləri, xidməti avtomobili təhvil verdim.
Nəriman İmranovun Şəmkirə gələcəyi, yeni rəisi təqdim edəcəyi məlum oldu. Əslən ermənistanlı olan yeni rəisin təqaüdə çıxmasına az qalmışdı və heç bir perspektivi gözlənmirdi. Bu adam məndən sonra Xanlar rayonuna kurator təyin olunmuşdu. Hərdən xanlarlılarla görüşəndə mənə şikayət edirdilər, xüsusilə də orqan işçiləri:
– İlham müəllim, Sizdə olan səmimiyyət, camaata münasibət, rayonun işinə can yandırmaq sizi əvəz edəndə yoxdur.
Bir dəfə isə mənim cəlb etdiyim agent Şəmkirə yanıma gəlib ondan şikayət etdi:
– İlham müəllim, bu adama deyin mənimlə küçənin ortasında görüşməsin, məni tez-tez iş yerimdən zəng vurub soruşmasın. Məndən şübhələnirlər.
Konspirasiya bizim işin əlifbasıdır, buna əməl etmək şərtdir.
Şəmkirdə rəis olduğu müddətdə Aslanov onu lağ yeri, şit zarafat obyektinə çevirmişdi. Rayonun yeni prokuroru mənimlə yaxın idi. Bir dəfə Gəncədə görüşəndə dedi ki, rəis bir qalın qovluq gətirdi Aslanın kabinetinə, üstünə “Liternoe delo” yazılmışdı, oradan sənin rayon haqqında, konkret Aslan Aslanov haqqında yazdıqlarını Aslana oxuyurdu, biz polis rəisi ilə məəttəl qalmışdıq, MTN-də belə etmək olmaz axı.
Kənar adamlar məxfi sənədlərin hansısa icra başçısına yaltaqlanmaq adı altında açıqlanmasının mümkünsüzlüyünü başa düşürdülər, MTN-in bölmə rəisinin isə “anlamaq problemi” varmış.
Nəriman İmranovu Şəmkirlə Gəncənin sərhədində qarşıladım. Aslan Aslanov da bir kənarda gözləyirdi. İmranovu qarşılayıb Şəmkirə gəldik. Aslanovla nazir icra hakimiyyətinə qalxdılar. Nazir mənə bölməyə getməyi, orada gözləməyi tapşırdı.
İmranov bölməyə Aslanovla bərabər gəldi. Aslanovun üzündə bir qalib ifadəsi vardı. Nazir kollektivə yeni rəisi təqdim edəndən sonra mənim Göyçay rayon bölməsinə rəis təyin edildiyimi deyəndə Aslanovu sanki elektrik vurdu. Özünü saxlaya bilməyib:
– İlham müəllimi uje rəis qoymusunuz, Nəriman müəllim?
Nazir başı ilə təsdiqləyəndən sonra Aslanov ayağa qalxıb əlini mənə uzatdı:
– Təbrik edirəm, İlham müəllim. Göyçay da yaxşı rayondur, mən, brosdu (prosto demək istəyən bu adam sonralar televiziyada çıxış edəndə də “brosdu” deyirdi), bilmirdim, bir də təbrik edirəm.
Bu, saxta bir təbrik idi, Aslanov pərt olmuşdu.